• USD 1,8311 0,00% EUR 1,9483 0,00%
    • GBP 2,2482 0,00% RUB 0,0308 0,00%

Vergilər Nazirliyi AB ilə yeni layihəsini təqdim etdi

Vergilər Nazirliyi AB ilə yeni layihəsini təqdim etdi

Bu gün Bakıda Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsi təqdim olunması həsr edilən tədbir keçirilib.

Publika.az xəbər verir ki, Vergilər Naziri Fazil Məmmədov təqdimat mərasimini giriş sözü ilə açaraq, bildirib ki, bu gün Avropa İttifaqı ilə Azərbaycan Vergilər Nazirliyi arasında daha bir əməkdaşlıq layihəsinə - “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi” adlı Tvinninq Layihəsinə start verilir.

Xüsusilə vurğulamaq istərdim ki, belə layihələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən modernizasiya siyasətinin və Azərbaycanla Avropa İttifaqı arasında olan səmərəli əməkdaşlığın real nəticəsidir”.

Daha sonra vergilər nazirinin müavini Sahib Ələkbərov əlavə edib ki,Vergilər Nazirliyi milli vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsinə xüsusi önəm verir və daim bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübəni öyrənərək öz işini yüksək dünya və Avropa İttifaqı standartları səviyyəsində qurmağa çalışır. Son illər bu məqsədlə bir sıra iri layihələr, o cümlədən AVİS, elektron bəyannamələr, ƏDV depozit hesabı, elektron hesab fakturaları, elektron qeydiyyat, elektron audit və mobil imza kimi mütərəqqi layihələr həyata keçirilib.

S.Ələkbərov hesab edib ki, bu gün İspaniya və Fransa Vergi Administrasiyaları ilə birgə 2 il ərzində həyata keçirilməsi nəzərdə tutulan bu tvinninq layihəsinə start verməklə Vergilər Nazirliyi yuxarıda qeyd etdiyim strateji vəzifələrin yerinə yetirilməsinə nail olmaq niyyətindədir.

Tədbirdə Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Malena Mard vurğulayıb ki, bizim Azərbaycanla bir çox sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindəyik. Onun sözlərinə görə, biz çox şadıq ki, Vergilər Nazirliyi ilə Avropa İttifaqı ilə arasında əməkdaşlıq yüksək səviyyədə davam edir. Bu əməkdaşlıq Vergilər Nazirliyinin ən mütərəqqi təcrübəsinə yiyələnməsinə gətirib çıxaracaq.

Daha sonra Avropa İttifaqı tərəfindən layihə rəhbərləri - İspaniya Maliyyə Nazirliyinin Vergi araşdırmaları mərkəzinin rəhbəri cənab Qonzalo Qomez de Liano və Fransanın Maliyyə Nazirliyinin Şərq Regional Vergi idarəsinin rəhbəri cənab Noel Klaudon, layihənin rezident tvinnninq məsləhətçisi xanım Pilar de Enterria, Vergilər Nazirliyi tərəfindən layihənin rəhbəri, vergilər nazirinin müşaviri Asəf Əsədov çıxış ediblər.

Tvinninq layihəsinin 2014-cü ilin sentyabr ayının 1-dən başlayaraq İspaniya və Fransanın Vergi Administrasiyaları ilə birgə 2 il müddətində həyata keçirilməsi nəzərdə tutulur. Avropa Komissiyası ekspertlərinin rəylərinə əsasən, onun tətbiqi sayəsində üç əsas nəticə əldə olunacaq. Birincisi, İnsan resurslarının uzunmüddətli və çoxməqsədli İnkişaf Strategiyası və İnkişaf Planı hazırlanacaq. İkincisi, Vergilər Nazirliyinin insan resurslarının inkişafını və səmərəli idarəetməsinin təmin edilməsi üçün tənzimləyici rol oynayan ən müasir normativ qaydalar və metodoloji rəhbərliklər toplusu hazırlanacaq və tətbiq ediləcək. Üçüncüsü isə İnsan resurslarının uzunmüddətli İnkişaf Strategiyası və Tədbirlər Planına uyğun olaraq, işçi heyətinin peşəkarlıq səviyyəsinin daim artırılmasını təmin etmək üçün Avropa İttifaqının ən müasir təcrübəsinə uyğun və müasir informasiya texnologiyalarına əsaslanan dayanıqlı təhsil və çoxpilləli treninq sistemi tətbiq ediləcək.

Tədbirdə Avropa İttifaqının, BMT-nin, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı nümayəndələri, Milli Məclisin deputatları, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, ali təhsil müəssisələrinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Amid Əyyuboğlu

Xəbər lenti

DAHA ÇOX XƏBƏR