Əgər baş nazir olsaydım… – Milyarder Zor(lu)nun həyatı
Bizi izləyin

Ekopublika.az

Əgər baş nazir olsaydım… – Milyarder Zor(lu)nun həyatı

Türkiyənin varlı adamlarından biridir. “Tac”, “Vestel” kimi istehsal məhsulları ona məxsusdur. O nə Harvardda, nə də Oksfordda biznes təhsili alıb.

“Orta məktəb bitirən fabrik qura bilərmi? Amma mən qurdum” deyir.

Söhbət Ahmet Nazif Zorludan gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində Türkiyənin iş adamlar arasında ən maraqlı həyat hekayəsinə sahib Ahmet Nazif Zorlunun həyat tarixçəsini təqdim edir.

Parça satır

Ahmed Nazif Zorlu 1946-cü ilin fevralında Dənizlinin Babadağ bölgəsində dünyaya gəlib. Ailəsi Dənizli bölgəsinə xas xətli parça toxuyub dolanmaqla məşğulmuş. Deyilənlərə görə, gələcəyin iş adamının üzərinə düşən öhdəlik həmin parçaları bazarda satmaqmış: “Mən bir əl dəzgahı ilə parça toxuyan ailənin üç uşağından biriydim. Çevrəmizdəki bütün ailələrin çörəkpulu toxuma dəzgahlarından çıxırdı. Amma bununla bərabər, aktiv ticari həyat vardı. Hər toxunan mal həftəsonu bazara satışa çıxarılırdı. Türkiyənin hər yerindən ora alıcılar gəlirdi”.

İbtidai məktəbdən sonra təhsil almağı buraxan Ahmet Nazif həm evdəki toxuma dəzgahında, həm də atasının dükanında işləyir: “Əvvəllər evimizdə bir toxuma dəzgahı varıydı. 1950-ci ildə atam bir dəzgah da düzəltdi. Bu, həyatımızda böyük dəyişiklik idi. 14 yaşımda təkbaşına ticarətlə məşğul olmaq istəsəm də, atam bu fikrimi bölüşmədi”.

Ahmed Nazif Zorlunun həyatı Qaradəniz bazarını kəşfə çıxan əmisinin evə böyük sifarişlərlə geri qayıtmasından sonra dəyişir. Əmisiylə birgə 15 yaşında Bursa, Ankara və Samsunu əhatə edən iş səyahətinə çıxır. Trabzon son dayanacaqları olur. Yaşıdları küçədə oyun oynadığı halda Ahmet Nazif 1960-cı ildə ailəsinin Trabzonda açdığı dükanın başına keçib, parça və dəsmal satmağa başlayır: “Həmin il 700 min lirəlik satış reallaşdırdım. Lakin məni pis sürpriz gözləyirdi. Balansda 10 min lirə zərər vardı. O an ağlımdan sadəcə bu keçirdi - atama nə cavab verəcəm”.

İş adamının sözlərinə görə, bu acı həyat dərsi ona tədbirli olmağı və uğursuzluqlardan qorxmamağı öyrətdi: “Uğursuz damğasını üzərimə götürüb qəsəbəyə geri dönmək istəmirdim. O gündən sonra dükanda sata bilmədiyim malları bazar günləri şəhərin bazarında satmağa çalışdım”.

Naxışlı yataq dəstləri ilham qaynağım idi

1965-ci il hərbi xidmətə gedənə qədər Ahmet Çelik parça ticarəti ilə məşğul olur. Əsgərlikdən qayıtdıqdan sonra növbəti 3 il də Trabzonda işləyir: “Əsgərlikdən qayıtdıqdan sonra "ikinci məmləkətim" dediyim Trabzon mənə dar gəldi. İstanbul kimi böyük şəhərdə işləmək istəyirdim”.

İstanbulda Ahmet Nazif bazardakı boşluqlardan istifadə etməyi hədəfləyir: “Parça işini ən incə detalına qədər bilirdim. İtalyan jurnallarından birində gördüyüm naxışlı yataq dəstləri isə ilham qaynağım idi”.

1968-ci ildə xəyallarının arxasınca İstanbula gəlir və Sultanhamamda kiçik dükan açır. Özününü dediyinə görə, indi milyonlar qazansa da, o zaman Sultanhamamdakı kiçik dükanında 200 lirəlik alveri daha şirin gəlirdi.

Bazara “Tac” markasını gətirir

İş adamı 1971-ci ildə “Tac” markasından olan yataq dəstlərini bazara çıxarır. Yeri gəlmişkən, o dövrdə Türkiyədə yeganə yataq dəsti istehsal edən şirkət “Mensucat Santral” idi. Lakin onların dəstləri 1 metr 80 santimetr enində idi. Ahmet Nazif ilk dəfə 2 metr 20 santimetr enində dəst istehsal edir.

1975-ci ildə o, böyük qardaşı ilə birgə Bursada "Korteks" tekstil fabrikini qurur: “Bəzilərinin universiteti bitirdikləri yaşda mən fabrik qurdum. Məktəb bitirən fabrik qura bilərmi? Amma mən qurdum. Dizaynı 17-18 yaşlarında öyrəndim. İplikçidən ip alır, boyaxana ilə razılaşır, emal sənayesini təqib edirdim. 18 yaşında birinə bunu etdirə bilərsinizmi?!”

1980-ci ildə Almaniyadan gətirtdiyi tül pərdə maşınları ilə tül pərdə emalına start verir. Getdikcə “Korteks”in illik tül pərdə istehsalı 150 milyon metrə çatır. Fabrik istehsalının 40 faizinin ixracına başlayır. Dənizlinin Babadağ bölgəsində dünyaya gələn kasıb oğlanın istehsal etdiyi məhsul Almaniya və Amerika başda olmaqla, Cənubi Afrika, Yaponiya və Sinqapur kimi ölkələrə ixrac edilir: “1980-ci illərdə Türkiyədə normal tül pərdə yox idi. Bazarda olanlar da Avropadan idxal edilirdi. Almaniyadan 12 ədəd maşın sifariş verdik. Sayı eşidən alman hətta təəccübünü gizlətməyib “bu qədər çox maşınla nə edəcəksən, altı ədəd alsan, yetər” dedi. O sifarişdən sonra daha 8 tül maşını sifariş verdim. Bu arada rəqiblərimdə istehsal texnikası mexanika olduğu halda, bizdə 100 ədəd avtomat istehsal maşını vardı. Bu, xeyli iddialı bir rəqəm idi. Çünki o dövrdə Avropanın ən böyük fabrikində belə maksimum 20 maşın vardı”.

“Zorlu Holding”

Statistikaya nəzər saldıqda Zorluların “Zorlu Holding”i 1950-ci ildə qurduğu bəlli olur. Holdinq Ahmet Zorlunun atası Hacı Mehmet Zorlu tərəfindən yaradılıb. Şirkətlər qrupu əvvəlcə tekstil məhsullarının istehsalı, satışı ilə məşğul olsa da, sonradan sərmayələri genişləndirib.

Ahmet Nazif Zorlu 1994-cü ildə “ Vestel'i alaraq, elektrik məhsulları sektoruna daxil olub. 1996-cı ildə enerji sektoruna addım ataraq şirkətlərinin sayını artırıb.

1997-ci ildə özəlləşdirmə idarəsindən “DenizBank”ı satın alıb. Lakin 2012-ci ildə onu Rusiyanın ən böyük bankı olan “Sberbanka”satıb. 2004-cü ildə isə Fransada pərdə istehsal edən “Concord” şirkətini holdinqlərinin tərkibinə qatıb. 2006-cı ildə isə əmlak sektoruna daxil olub. Hazırda “Zorlu Holding” dörd sahədə fəaliyyət göstərməkdədir. Bura ev tekstili, polyester iplik, elektrik məhsulları, dayanıqlı istehlak malları, daşınmaz əmlak, enerji istehsalı daxildir. Holdinq 50-yə yaxın şirkəti – “Zorlu Tekstil Grubu”, ”Vestel Şirketler Grubu”, “ Zorlu Gayrimenkul Grubu”,”Zorlu Enerji Grubu”, “ Mehmet Zorlu Vakfı”, ”Zorlu Air”, “ Zorpet”, “Jules Verne”, “Zorlu Grand Hotel”, “Meta Nikel Kobalt Madencilik” və sair şirkəti özündə cəmləşdirir.

1998-ci ildə qrupun ixracatı 600 milyon, 1999-cu ildə 680 milyon, 2000-ci ildə 852 milyon dollara çatıb. “Zorlu Holding”in ixrac rəqəmləri Türkiyənin böhran yaşadığı illərdə də artıb. Konkret 2001-ci ildə 879 milyon dolları aşıb. 2002-ci ildə isə 1.3 milyard dollara çatan ixrac 2008-ci ildə 3.153 milyard dollar təşkil edib.

A.N.Zorlu özü bu haqda belə deyir: “1980-ci illərin əvvəlində verdiyimiz qərarların səmərəsini görürük. Bu gün qrupumuz 1 milyard dollarlıq ixrac reallaşdırır. Bu, kiçik rəqəm deyil. Bunun 250 milyon dollarını tekstildən, 700-750 milyon dollarını da elektrik və məişət texnikası satışından reallaşdırırıq. Biz “Vestel”i alanda orada böyük istehsal yox idi. İmici də pis idi. Hətta sektora daxil olanda bizə “televiziya firmalarının çoxu batır, nə işiniz var bu sektorda!” söyləyənlər vardı. Öz-özümə dedim ki, o halda Uzaq Şərq, ABŞ, Avropa bu işi nə deyib görür? Onlar edirlərsə, mən niyə etməməliyəm? “Vesteli” alandan iki həftə sonra Uzaq Şərqə getdim, orada elektrik sektorunu araşdırdım. Qayıdandan sonra bazarda nə qədər xarab, yarasız məhsul varsa, hamısını dəyişdirdim. Nəticədə bazardakı 5 min ədəd xarab “Vestel”i yığışdırdıq və onları yeniləri ilə əvəzlədik. Məhsullara 3 il zəmanəti də Türkiyəyə ilk dəfə biz gətirdik. Menecerlərim bunun əleyhinə çıxdılar, “batarıq” dedilər. Göründüyü kimi batmadıq, böyüdük, inkişaf etdik."

“İngilıis dilini bilsəm, məni aldatmazdılar”

Qeyd etdiyimiz kimi, iş adamı ibtidai məktəbi bitirdikdən sonra təhsilini davam etdirməyib. Özü təhsil almamasının ona vurduğu ziyanı belə nəql edir: “Başlanğıcda dil çətinliyim oldu, amma indi onu da aşmışam. Əgər ingiliscə bilsəm, işin başında bəzi ziyanları görməzdim. Yanımda apardığım tərcüməçilər belə, reallaşdırdığım işlərdən komissiya alırdılar. Bir dəfə İtaliyada səfərdəydik. Restorana getdik, menyuya baxdım, bir sey başa düşmədim. Acdım, amma donuz əti sifariş verərəm deyə qorxurdum. Artist Sarlo kimi ağsaçlı ofisant gəldi. Cibindən kağız çıxardı, balıq rəsmi çəkdi. “Hə, bundan istəyirik” dedik və həll etdik.

Mən həyat məktəbində oxudum. Başqa məktəbdə oxumadığıma da peşman deyiləm. Çünki həyat məktəbdə öyrədilənlərə bənzəmir. Əhəmiyyətli olan praktikadır. Ticarət həyatından çox şey öyrənmişəm. Bəzən “kaş təhsil alardım” deyirəm. Lakin oxusaydım, bu nöqtəyə on ilə gələrdim. 25 yaşında fabrik qura bilməzdim. Təhsil almadığıma peşman deyiləm. Amma bütün uşaqlarımı oxutmuşam.

Gənc yaşda iş dünyasında qorxu hiss etməyi öyrəndim. 24 saat işlədiyim günlər olub. Şənbə bazarları da işləyirdim. Bu qədər işgüzarlığıma rəğmən, ən böyük zövqüm idmandır. Xizək sürürəm, üzürəm. "6 ay dəniz kənarında qal" desələr, qalar və üzərəm”.

“Yüksəlmək üçün çox işlədim”

Ahmet Nazif Zorlu heç vaxt kiməsə badalaq gəlmədiyini deyir: “Döyüşə girirsənsə, sona qədər mübarizə aparmalısan. İki yumruq atıb qaçmaq nə insanlığa, nə də kişiliyə yaraşır. Bizdə insanlar kimsə yüksələndə “kimlərə badalaq gəldi, görəsən?" deyə düşünürlər. Yüksəlmək üçün çox işlədim. Əhəmiyyətli olan zirvəyə çıxmaq deyil, çıxılan zirvədən geri enməməkdir. Bunun üçün lazım olan fədəkarlığı göstərmək lazımdır.

Əsəbi bir müdirəm. Vasvasılıq bizim qanunumuzdur. İşçim bunu bilir və ona görə davranır. İşçilərimə daim dəstək oluram. Lakin bütün qərarları özüm verirəm. 1987-ci ildən ictimaiyyətə açıq elan edilsək də, sərmayə qərarlarını özüm verirəm”.

“Forbes”də

Ahmet Nazif Zorlu jurnalın siyahısında 1062-ci sırada yer alır. Onun sərvətinin həcmi 1,7 milyard dollardır. 2013-cü ildə varidatı 41,5 milyon dollar (2,5 faiz) artıb. Bu arada iş adamı ada sahibi olan biznesmenlərin arasında yer alır. Milyarder 2005-ci ildə Uzan ailəsinə aid olan və TMSF tərəfindən satışa çıxarılan Zeytun Adasını 15 milyon 250 min TLyə satın alıb.

Ailəsi

O, Zülal Zorlu ilə evlidir. Bu evlilikdən 3 uşaq atasıdır. Milyarder qızının ona oxşadığını bildirir: “Kızım Şula həm zəkasını həm də aqressivliyini məndən alıb. Uşaqlıqda dostlarım arasında ən çətin olanı edirdim. Məsələn, bağçada ərik agacına çıxırdıq. Mən ən uca budağa qalxırdım. Kimisi üzməkdən qorxurdu. 7 yaşında qorxmadan saatlarla üzürdum”.

Məlumat üçün bildirək ki, Ahmet Nazif 2009-cu ildə oğlunu evləndirən zaman Əmrənin nikah şahidi o dövrdə baş nazir olan Rəcəb Tayyib Ərdoğan olub.

Milyarderin şəxsiyyəti

Az əvvəl yazdığımız kimi Ahmet Nazif idmanı sevir. Bunu belə əsaslandırır: “Hər gün 2 saat idmanla məşğul oluram. İdmanı buraxmaram, kimsə də buna məni məcbur edə bilməz ”. İş və ailə tarazlığını necə qura bilməsinə gəlincə, “vallah, o, zaman-zaman axsayır. Bu, məndən asılı deyil. Evlə çox maraqlana bilmirəm. Buna misal mətbəxdə harada nəyin olduğunu bilməməyimdir”. “Fədakarlıq istəyir” sualına belə cavab verir: “Hardasa fədakarlıq etməlisən. Xaricdə iş adamları günlərlə evlərinə getmirlər. Uşaqlarım da bəzən şikayət edirlər. Onlara da deyirəm fədakarlıq etmədən müvəffəqiyyət əldə etmək olmur”. “Sizin üçün olmazsa olmaz nədir”- sualına Ahmet Nazif Zorlu “mənim üçün idman olmazsa olmazlardandir. Çünki məni rahatlaşdırır” - deyə bildirir.

-Yeməyinizə diqqət yetirirsiniz?

- Çox.Tezbazar yemirəm. Bir tərzim var, dəyişdirmirəm.

- İmtina edə bilmədiyiniz yemək nədir?

- Balığı sevirəm. Olsa, hər gün yeyərəm.

- Bazar günləri də işləyirsiniz?

- Bazar günləri işlədiyim zamanlar olub, amma 10 ildir işləmirəm.

- Səyahət tempinizi asanlaşdıracaq xüsusi düsturlarınız var?

- Elə bir şey varsa, dərhal satın alaram.

- Yaş irəlilədikcə insan daha az yuxu alır. Gündə neçə saat yatırsınız?

- Bu fikirlə razılaşmıram. 7 saatdan az yatmıram.

- Sizin üçün həyəcan nədir?

- Mənim üçün həyəcan yeni iş yeri qurmaqdır.

- Bürcünüz nədir?

- Nəyə bənzəyir?

- Su qrupumu?

- Aslan.

- Aslanlar daim “mən” deyirlər.

- Aslan aqressivdir.Amma eqoist deyillər.

- Heç günlük bürcünüzü oxuyursunuz?

- Yox, mən qəzeti çətin oxuyuram.

- Baş nazir olsaydınız, nə edərdiniz?

Sinqapurda siqareti yerə atmağın cəzası 250 avrodur. Belə qaydalar tətbiq edərdim. Bir az masanın altından çubuğu göstərmək lazımdır. Avropada siqaretin qabını çölə atmaq olar?! Bizdə çox böyük demokratiya var. Avropada insanlar istədiklərini rahat edə bilmirlər. Baş nazir olsaydım, gecəqondu deyə bir şey qalmazdı.

- Pensiya yaşınızı düşünürsünüz?

- Pensiyanı indi belə düsünürəm. Bəzən özümə deyirəm ki, “get, Adada yat'.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm