Borclu borclunun qazını istər – Həftənin iqtisadi yekunu
Bizi izləyin

Ekopublika.az

Borclu borclunun qazını istər – Həftənin iqtisadi yekunu

Ötən həftənin prioriteti biznes sektorunda baş verən proseslər oldu.

Bazara yeni smartfonlarını təqdim edən “Apple” ilk üç gündə 10 milyon ədəd “iPhone 6” və “iPhone 6 Plus” satdı. İtirdiyi bazar payını qaytarmaq istəyən “BlackBerry” pasport şəklindəki yeni telefonlarını təqdim etməklə son şansını sınadı. İtaliya rusiyalı milyarder Arkadi Rotenberqə məxsus 30 milyon dəyərində aktivi dondurdu, Moskva Məhkəməsi isə iş adamı Vladimir Yevtuşenkova məxsus AFK “Sistema” şirkətinin Başneftdəki hissələrini müsadirə etdi. Valyuta bazarında məzənnələr üzrə hökmranlığı ələ alan dollar da avro və qızılı vurdu.

Başlayaq həftənin önəmli hadisəsindən – dolların bazarda at oynatmasından. Son günlər möhkəmlənən ABŞ valyutası avro və qızılı dəyərsizləşdirdi. Konkret olaraq avro iki ilin ən aşağı səviyyəsinə düşdü, birjalarda dollar 27 sentdən satıldı. Halbuki may ayında bu rəqəm 38 sent səviyyəsində idi. Mütəxəssislərə görə, vəziyyətin başlıca səbəbi bölgədəki iqtisadi artımın zəif olmasıdır. Qızıla gəlincə, qiymətli metal da doqquz ayın ən aşağı səviyyəsinə enib. Bu fərqli gedişatda bir çox faktor rol oynayıb. Ən böyük səbəb kimi isə Amerika Mərkəzi Bankının (FED) borclanma xərclərinin artacağı istiqamətindəki proqnozları göstərilir. Belə ki, FED-in son komitə toplantısında bankın rəhbəri Janet Yellənil ABŞ-da faiz nisbətlərinin uzun müddət daha sıfıra yaxın qalacağını açıqlamışdı. Bu uzaqgörənlik dollara olan tələbi artırsa da, qızılın, yəni ənənəvi olaraq ən etibarlı bilinən sərmayə vasitəsinin cazibəsinin zəiflətdi. Analitiklər vəziyyəti belə izah edirlər: “Son dövrlərdəki dəyər itkisinin iki səbəbi var. Bunlardan birincisi – Rusiya və Ukrayna arasındakı sülh planıyla azalan gərginlikdir. Digər səbəb isə FED-in önümüzdəki il faiz nisbətlərinin yüksələcəyi istiqamətindəki proqnozlarından qaynaqlanan dolların dəyər qazanmasıdır. FED faiz nisbətlərini artırmağı təxirə salsa, qızıl yenidən canlana bilər. Yaxın zamanda qızılın qiymətinin 1.000 dollardan aşağı düşməsi gözlənilmir. Buna görə sərmayəçilər 2015-ci ildə təkrar qızıla geri dönə bilərlər".

Son dövrlər Hindistanın gəlhagəlidi. Ən bahalı futbolçuları satın alan ölkə xarici sərmayələri cəlb etmək üçün böyük kampaniyaya start verdi. Baş nazir Narendra Modinin rəhbərliyi ilə icra edilən "Make India" layihəsi xarici şirkətlərin qarşılaşdıqları bürokratiya və vergi maneələrinin yüngülləşdirilməsini nəzərdə tutur: “Bütün dünya bura gəlməyə hazırdır. Amma Asiyada hansı ölkəni seçəcəklərinə dair fikirləri yoxdur. Sərmayəçilər tələbin, demokratiyanın və demoqrafik xeyrin olduğu yerə getmək istəyirlər. Bu üç mövzunun bir yerdə olduğu tək ölkə isə Hindistandır".

May ayında vəzifəyə gələn Modinin seçki kampaniyasının əsas şüarı Hindistanın inkişafı idi. Bu hədəflə baş nazir keçən həftə Çinlə 20 milyard dollar həcmində ticarət razılaşması imzalayıb.

Ukraynaya hücum etməklə başına dərd açan Rusiya iqtisadiyyatından da xəbər var. Böyük qonşumuzun iqtisadiyyatını durğunluq gözləyir. Dünya Bankının xəbərdarlığına görə, geosiyasi risklərin qalacağı halda, Rusiya Federasiyasını uzun tənəzzül gözləyir. Bank həmçinin ölkənin ümumi daxili məhsulunun (ÜDM) artım proqnozunu 0,5 faizə endirib. Bəyan edilib ki, 2015-2016-cı illərdə Rusiya iqtisadiyyatında artımın sürəti zəif olacaq. Bu rəqəm 0,3-0,4 faiz təşkil edəcək. Bu da İqtisadi İnkişaf Nazirliyinin proqnozundan - 1,2% və müvafiq olaraq 2,3% -dən aşağı rəqəmdir.

DB-nın ekspertləri Rusiya üçün iki ssenari hazırlayıblar. Bunlardan birincisi siyasi gərginliyin davam edəcəyi və sanksiyaların sərtləşəcəyi təqdirdə, Rusiya iqtisadiyyatının çətinliklə üzləşəcəyidir. Bankın ekspertləri həmçinin alternativ optimist ssenari də hazırlayıblar. Bu ssenari özündə 2014-cü ilin sonuna qədər siyasi gərginliyin azalması, sanksiyaların qaldırılması nəticəsində iqtisadiyyatın bərpasını nəzərdə tutur. Bu halda ÜDM-in artım tempinin 2014-cü ildə 0,5 faiz, 2015-ci ildə 0,9, 2016-cı ildə 1,3 faizə yüksəlməsi proqnozlaşdırılır.

Rusiya demişkən, havaların soyuması “mehriban düşmənlərin” mavi qazın qiyməti ilə bağlı yarımçıq müzakirələrini də gündəmə gətirdi. Həftənin sonu Berlində Rusiya-Ukrayna-Avropa Birliyi üçtərəfli qaz danışıqları baş tutdu. Ukrayna oktyabrın sonunadək “Qazprom”a 2 milyard dollar ödəməyi təklif etdi.

Danışıqlarda iştirak edən Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Hünter Ettinger Ukraynanın bundan əlavə ilin sonunadək “Qazprom”un hesabına daha 1,1 millyard dollar ödəməyi üzərinə götürdüyünü bildirib: “Beləliklə, oktyabrda 2 milyard, ilin sonunadək daha 1,1 milyard dollar, yekunda isə “Qazprom”a 3,1 milyard dollar ödəniləcək”, - deyə H. Ettinqer dəqiqləşdirib. Onun sözlərinə görə, Berlindəki görüşdə “qış paketi”nin əsas bəndləri müzakirə edilib: “Güman edirik ki, ən yaxın qış və yaz ayları üçün real qərarlar olacaq”.

Cənub Avropa iqtisadiyyatları isə ödənə bilməyən kredit təhlükəsi ilə qarşı-qarşıyadır. Qlobal maliyyə böhranı səbəbindən işlərindən olan, ya da maaşları azaldılanlar ipoteka kreditlərini ödəyə bilmirlər. Ən pis vəziyyət də Yunanıstandadır. Konkret ölkədə borclar daha 3 ay gecikdirildiyi halda əmlaklar müsadirə edilə bilər.

Onu da bildirək ki, son 2 ildə ödənişi gecikmiş kreditlərin həcmi 77 milyard avroya çatıb. Amma bu rəqəmin daha da artacağı proqnozlaşdırılır.

İtaliyada da kredit borcları aşağı rəqəmlə ifadə edilmir. 2014-cü ildə geri ödənə bilməyən kreditlər 170 milyard avroya çatıb. Bir il əvvəl həmin rəqəm 140 milyard idi. İspaniyada 185 milyard avro olan bu rəqəm bütün kreditlərin 13 faizini meydana gətirir. Portuqaliyada isə problemli ipoteka kreditləri 18 milyard avro təşkil edir.

Nəzərə çatdıraq ki, Yunanıstan, Portuqaliya və İspaniya işsizlik problemini illərdir həll edə bilmirlər. Kasıblığın səviyyəsinin artması intiharların çoxalmasına səbəb olub. Xüsusilə İspaniyada ev kreditini ödəyə bilməyib, intihar edənlərin sayında sürətli artım müşahidə edilir.

İş dünyası

Avropa Mərkəz Bankı (ECB) yeni 10 avroluq banknotları təhvilə buraxdı. İlk baxışda köhnələrə çox bənzəyən yeni onluqların ağırlığı və ölçülər də dəyişməyib. Banknotun çapında saxtakarlığa qarşı hologram texnologiyası istifadə edilib. Bir başqa yenilik isə pulun üzərindəki ədədlərlə bağlıdır. Yeni banknotlarda bundan belə 10 rəqəmi görünüşünə görə yaşıl deyil, mavi olacaq.

Xatırladaq ki, ECB yanvar ayında 5 avrolara da dəyişiklik etmişdi.

Mixayil Xodorkovskinin azadlığa buraxan Putin yeni milyarder qurbanına qarşı addımlarını sərtləşdirməkdədir. Məhkəmə AFK ”Sistema” şirkətinin Başneftdəki hissələrini müsadirə edib. Məşhur rus milyarder Vladimir Yevtuşenkovun sahibi olduğu şirkətin 2009-cu ildən özəlləşdirmədə qanunsuzluqlara yol verdiyi iddia edilir.

Yevtuşenkov korrupsiyada günahlandırılaraq iki həftədir ev dustağıdır. Vəkilinin qərara etirazı isə məhkəmə tərəfindən rədd olunub. Yevtuşenkovun ev həbsi müddəti noyabrın 16-dək uzadılıb.

Məsələnin maraqlı tərəfi isə odur ki, Rusiyanın ən böyük enerji şirkətlərindən olan “Başneft”lə bağlı bu xəbərlər Moskva Birjası başda olmaqla rus iqtisadiyyatında zəlzələ təsiri yaratdı. Birjada “Başneft” və “Sistema” qrupu hissələri 50 faizə yaxın dəyər itkisi yaşadılar. Rus rublu da zəiflədi. Dollara nəzərən 38.97 səviyyəsinədək gerilədi.

Rus milyarderlərin qənimi təkcə Putin deyil. Avropa da rusiyalı milyarderlərin əmlakının ovuna başlayıb.

İtaliyanın maliyyə qurumları rusiyalı milyarder Arkadi Rotenberqə məxsus 30 milyon dəyərində aktivi dondurub. Xatırladaq ki, iş adamının adı ABŞ və Avropanın sanksiya siyahısına cari il iyulun 24-də daxil edilib. Milyarderin bir mənzilinə, üç villasına həbs qoyulub. İtaliya mətbuatının yazdığına görə, həmçinin Rotenberqin himayəsində olan “Aurora” şirkətinin aktivləri dondurulub. Söhbət paytaxt Romanın mərkəzindəki “Berg Luxury” otelindən gedir.

Bildirək ki, İtaliyada hansısa milyarderin əmlakına həbs qoyulması birinci haldır. Rotenberq Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınır. O, ölkəsinin ən varlı adamlarının siyahısında 27-ci sırada yer alır. Rotenberqin 4 milyard sərvəti var. Bir məqamı da vurğulayaq ki, son sanksiyalara əsasən, Rotenberqin Avropaya girişi də qadağan olunub.

Min yeyənin olsun bir deyənin olmasın. Üç gündə 10 milyon ədəd satılan “iPhone 6” çətin günlərini yaşayır. Qiyməti min dolları keçən telefon bazara təqdim edildikdən bir həftə sonra şikayət şikayətin arxasınca gəlir. İstifadəçilər ağıllı telefonun xüsusilə dayanıqsızlığından gileylənir: “Telefonlar böyük olduğundan arxa cibdə daşınır. Bu zaman isə telefon əyilir”.

Qonşudan geri qalma prinsipi ilə Kanadanın ağıllı telefon istehsalçısı “BlackBerry” də pasport şəklindəki yeni telefonunu təqdim etdi. Kvadrat/kadr ekrana sahib məhsula görünüşünə görə “‘Passport” adı verilib. Dubay, London və Torontoda təqdim olunan “Passport” Kanada şirkətinin itirdiyi bazar payını qazanmaq üçün son çarə kimi qiymətləndirilir. Sensor ekrana baxmayaraq, düyməli klaviaturadan imtina etməyən “Blackberry”nin yeni məhsulunun bazara təqdim olunan qiyməti 650 avrodur.

Kanadalı qrup ağıllı telefonlarındakı ünsiyyət və yazışma xüsusiyyəti sayəsində iş dünyasında lider mövqedədir. 2000-ci illərdə taxtından endirilən istehsalçının bazardakı payı 0.5 faiz nisbətinə düşüb.

Yola saldğımız həftə dünyanın ən bahalı şəhəri də bəlli oldu. Bu, İngiltərənin paytaxtı Londondur.

Savills Əmlak Bürosunun açıqladığı son hesabata əsasən, liderliyi Hong Kongun əlindən alan London Sidneydən 2, Rio da Janeyrodan isə 4 qat daha bahalıdır. Londonun ilk sırada qərarlaşmasında sterlinqin dollar qarşısında dəyər qazanması əhəmiyyətli rol oynayıb. Çünki bu yüksəliş ofis və büro kirayəyə götürənlərin sürətlə artmasına gətirib çıxarıb.

Şəhərdə bir işçinin ortalama illik xərcləməsi təxminən 94 min avro səviyyəsindədir. 5 il arda-arda ən bahalı şəhər olan Hong Kongda bu rəqəm 90 min avro civarındadır.

Dünya iqtisadiyyatının barmaqlarında fırladan, birjaların, ölkələrin taleyini bəlirləyən Rokfeller mədən sənayesindən imtina edir. ABŞ-ın neft zəngini “Rockefeller Brothers” Vəqfi mədən sahəsindəki sərmayələrini satmağı qərarı alıb. Birləşmiş Millətlər İqlim Dəyişikliyi Zirvəsinin başlamasından bir gün əvvəl açıqlanan qərarla neft nəhəngi yaşıl enerjiyə “yaşıl işıq” yandırıb.

Ailə varisləri bu satışdan əldə ediləcək pulun təmiz enerji sərmayəsində istifadə ediləcəyini açıqlayıblar.

Xeyriyyə təşkilatı Rockefeller Brothers Foundation 1940-cı ildə John D. Rockefellerin oğulları tərəfindən yaradılıb. 31 İyul 2014-cü ildən etibarən təşkilatın sərmayəsi 860 milyon dollar olub.

Gəldik çatdıq Azərbaycana. Hesablama Palatası “Azəristiliktəchizat” ASC-nin fəaliyyətində uyğunsuzluqlar aşkarladı, Azərbaycanda sudan pullu istifadə xidmətlərinin tariflərinin müəyyənləşdirilməsi təklif olundu, çoxmərtəbəli binaların istismara verilməsi ilə bağlı qaydalara dəyişiklik edildi, tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi halları müəyyənləşdi, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Gürcüstan hissəsindəki Marabda-Tetriskaro hissəsinin istismara hazır olduğu açıqlandı.

Rusiya ilə investisiyaların qarşılıqlı qorunması və təşviqi barədə saziş imzalanması qərara alındı, Yunanıstan TAP-a 50 illik lisenziya verdi, Bakıdan Nyu-Yorka birbaşa uçuşlar başladı, “Cənub Qaz Dəhlizi”nin 101 mln. dollar həcmində istiqrazların yerləşdirilməsinə başlanıldı, Nazirlər Kabinetində 2015-ci ilin dövlət büdcəsi müzakirə olundu.

Başlayaq Hesablama Palatasının sənaye, kommunal-məişət və digər məqsədlər üçün sudan pullu istifadə xidmətlərinin tariflərinin müəyyənləşdirilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciətindən. Tarif Şurası “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən göstərilən sudan pullu istifadə xidmətlərinin tarifləri barədə” qərarına əsasən, suvarma suyunun hər min kubmetri 0,50 manat, qış otlaq sahələrinə və örüşlərə verilən suyun 1 hektarı üzrə 0,40 manat təsdiq etdi. Lakin sənaye, kommunal-məişət və digər məqsədlər üçün Tarif Şurası tərəfindən müvafiq tarif təsdiqlənmədi.

Yunanıstanın energetika üzrə tənzimləyici orqanının (RAE) “Trans-Adriatik” boru kəmərinə (TAP) lisenziya verməsi də önəmli hadisələrdən biri oldu. TAP-ın yaydığı rəsmi məlumata görə, bu lisenziya TAP layihəsinin işlənməsi üzrə konsorsium boru kəmərinin Yunanıstan sahəsində tikinti işlərinin aparılmasına aiddir.

Lisenziya 50 il qüvvədə olacaq və bu boru kəmərinin çəkilməsi, kompressor və ölçü stansiyalarının, eləcə də digər avadanlıqların quraşdırılması kimi TAP boru kəmərinin tikintisi ilə bağlı işlərin aparılması üçün zəruri icazənin alınmasını nəzərdə tutur.

Qeyd edək ki, TAP Azərbaycanın "Şahdəniz" yatağının işlənməsi üzrə konsorsium tərəfindən təbii qazın Türkiyədən Avropa bazarlarına nəqli üçün marşrut qismində seçilib. TAP vasitəsi ilə Azərbaycan təbii qazı Bolqarıstan, Albaniya, Bosniya və Herseqovina, Çernoqoriya, Xorvatiya və başqaları daxil olmaqla bir neçə Şərqi Avropa ölkələrinə qaz təchizatı asanlaşdıra bilər. Layihə Xəzər regionundan qazı Yunanıstana, Albaniyaya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, daha sonra isə Qərbi Avropaya nəql etməyi nəzərdə tutur. Boru kəmərinin uzunluğu təqribən 870 kilometrdir. Boru kəmərinin tikintisinə 2016-cı ildə başlamaq planlaşdırılır.

Xatırladaq ki, TAP-ın səhmdarları BP (20%), ARDNŞ (20%), “Statoil” (20%), “Fluxys” (16%), “Total” (10%), E.ON (9%) və AXPO (5%) ibarətdir.

Bu qədər… Həftə sonu istirahətiniz uğurlu olsun.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm