“Azərbaycan büdcə xərclərini azalda bilər”
Bizi izləyin

Ekopublika.az

“Azərbaycan büdcə xərclərini azalda bilər”

Xəbər verildiyi kimi, dövlət başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

İclasda Prezident İlham Əliyevin ölkənin iqtisadi göstəriciləri ilə bağlı açıqladığı rəqəmlər diqqət çəkib.

Publika.az-ın bu mövzuda suallarını iqtisadçı-ekspert Vüqar Bayramov cavablandırır.

-Vüqar müəllim, doqquz ayın iqtisadi göstəriciləri çox müsbətdir. Xüsusilə dünyanın inkişaf etmiş ölkələrinin ümumi daxili məhsulunda 1-1,5 faiz ətrafında artım baş verdiyi halda, Azərbaycanda bu rəqəm 2,5 faiz səviyyəsində qeydə alınıb. Bunu hökümətimizin iqtsadi uğuru kimi qiymətləndirmək olar?

-Doqquz ayın yekunları göstərir ki, hökümətin 2014-cü ildə iqtisadiyyatın difersifikasiyası ilə bağlı hədəflərinə çatmaq mümkün olacaq. Doqquz ayda ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft sektoru 6 faiz artıb. Düzdür, neftin bazar qiyməti düşüb, eyni zamanda Azərbaycanın neft hasilatında azalmalar baş verib, bu da ölkənin neft satışından əldə etdiyi gəlirlərə təsir edir. Lakin buna baxmayaraq, qeyri-neft sektorundakı artım tempi birmənalı şəkildə ümumi daxili məhsuldakı artım tempini qoruyub saxlamağa imkan verir. Yəni 2013-cü ildə 2010-cu illə müqayisədə neft sektorunda 8 milyon ton az neft hasil edilsə də, qeyri-neft sektorundakı 10 faizlik artım tempi ümumi daxili məhsuldakı artımın qorunub saxlanmasına şərait yaradıb.

Ümumi daxili məhsuldakı artımın ən pozitiv tərəfi isə odur ki, bu artım qeyri-neft sektorunun hesabına formalaşıb. 2014-cü ildə büdcə gəlirlərində qeyri-neft sektorunun payının 25 faizdən 35 faizə qaldırılması, ümumi daxili məhsulda qeyri-neft sektorunun payının 56 faizdən 62 faizə yüksəldilməsi nəzərdə tutulub. Əslində, qeyri-neft sektorunda müşahidə edilən müsbət tendensiyalar ilin sonuna qədər bu sektorda proqnozlaşdırılan 9 faizlik artıma imkan verəcək. Eyni zamanda iqtisadiyyatın difersifikasiyası üçün ciddi baza formalaşdıracaq.

- Hazırda region ölkələrində, xüsusilə Rusiyada inflyasiya yüksəkdir. Növbəti il üçün də onların proqnozları 7 faiz təşkil edir. Azərbaycanda bu rəqəm 1,5 faizdir. Nəzərə alsaq ki, əhalinin pul gəlirləri 5.4 faizdir, gəlirlər inflyasiyanı dəfələrlə üstələyir. Bunun əhalinin yaşayış səviyyəsində rolu nə dərəcədir?

-Əhalinin gəlirləri inflyasiya səviyyəsini 3,6 dəfə üstələyir. Bu, əslində, əhalinin gəlirlərinin inflyasiya tərəfindən yeyilməməsi deməkdir. Ən qorxulu hal gəlirlərin artımı ilə paralel inflyasiyanın artımıdır. Sevindiricidir ki, Azərbaycanda belə tendensiya yoxdur. Gəlirlərin inflyasiyanı üstələməsi əhalinin gəlirlərini real xərcləməsinə imkan verir. Pul gəlirlərinin inflyasiyanı üstələməsi sosial vəziyyətin yaxşılaşması baxımından da əhəmiyyətlidir. Hərçənd, avqust ayında kənd təsərrüfatı məhsullarının bahalaşması baş verib. Amma iyul ayında əvvəlki aylara nisbətən qiymətlərin düşməsi 9 ayda inflyasiya səviyyəsinin aşağı qalmasına təsir edib.

- Müşavirədə məlum oldu ki, Azərbaycan iqtisadiyyatına 19 milyard dollar sərmayə qoyulub. Onlardan 11 milyardı daxili sərmayələrdir…

-Daxili sərmayələr investisiya qoyuluşlarının 58 faizini təşkil edir. Bu sərmayə cəlbində xarici asılılığın aradan qaldırılmasına işarədir. Yaxın gələcək üçün əsas hədəf daxili investisiya qoyuluşlarının strukturunda dəyişikliyə, özəl sektorun payının artmasına nail olmaqdır. Özəl sektorun daxili investisiya qoyuluşlarında payının artması dayanıqlığa imkan verəcək.

-Dövlət rezervlərinin artımı ilə bağlı rəqəm də diqqət çəkir. Müqayisələr göstərir ki, MDB-də bu mənada liderik…

-Dövlət rezervlərinin də artımı pozitiv məqamlardan biridir. Buna uyğun olaraq rezervlərin xarici dövlət borcunu 8 dəfə üstələməsidir. Dünyanın az sayda ölkəsində belə rəqəmə rast gəlmək mümkündür. Bu ölkə iqtisadiyyatı üçün sığorta yastığının formalaşdırılması deməkdir. Nəzərə salsaq ki, xarici dövlət borcu 4,987.9 milyon manatdır, bu da Ümumi Daxili Məhsulun (ÜDM) 8.5 faizinə bərabərdir. Dövlət rezervləri isə Ümumi Daxili Məhsulun 70 faizinə çatır. Azərbaycan xarici borcların və dövlət rezervlərinin ÜDM-dəki payına görə MDB-də ən yaxşı göstəriciyə malikdir. Xarici borcun ÜDM-dəki payına görə Azərbaycana ən yaxın ölkə Özbəkistandır -14 faiz. Rusiyada göstərici 30, Gürcüstan, Ukraynada , Belarusiyada 50 faiz, Ermənistanda 63 faizdən artıqdır. Dövlət rezervlərinin payına görə, Azərbaycan yenə də MDB ölkələri arasında birincidir. Azərbaycana ən yaxın ölkə Rusiyadır. Digər dövlətlər dövlət rezervlərinin ÜDM-dəki payına görə xeyli geri qalırlar. Bütün bunlar imkan verir ki, Azərbaycan qlobal, regional iqtisadi böhranlardan özünü sığortalaya bilsin.

- Qlobal, regional böhranlar dedikdə nəyi nəzərdə tutursunuz?

-Gələcəkdə neftin qiymətində azalmalar müşahidə edilərsə, Azərbaycan nəinki orta müddətdə, hətta uzun müddətli dövrdə öz rezervlərindən istifadə etməklə böhranın təsirlərini minimumlaşdıra biləcək.Bu olduqca əhəmiyyətlidir. Hazırda dünya bazarında neftin qiymətində dəyişikliklər gedir. Xüsusilə ABŞ, Avropa və Rusiya arasında qarşıdurma strateji məhsulların qiymətlərinə təsir göstərir. O baxımdan, Azərbaycan rezervlərini artırmaqla, xarici borcların ÜDM-dəki payını məhdudlaşdıraraq limiti qoruyub saxlamaqla yaxın illərdə istənilən böhranın təsirindən sığortalayır. Yəni Azərbaycanın hansısa böhranın təsirlərinə məruz qalacağı proqnozlaşdırılmır.

- 2015-ci ilin büdcəsi Nazirlər Kabinetinə təqdim edilib. Ən çox müzakirə edilən məqam dünya bazarlarında neftin qiymətinin düşəcəyi təqdirdə büdcədə neftin barelinin neçə dollardan götürüləcəyidir. Nəzərə alsaq ki, 2014-cü il üçün bu rəqəm 100 dollar olub. Neftin “fyuçe” qiymətləri ilə 100 dollara uyğun gəlmir. Prezidenti İlham Əliyev də Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında hökumətin büdcədə neftin qiymətini düzgün müəyyən etməli olduğunu deyib. Sizcə, qiymət neçə olmalıdır?

-Bizdə olan məlumata görə, 2015-ci ilin dövlət büdcəsi layihəsində neftin bareli 90 dollardan götürülüb. Prezident İlham Əliyevin dünya bazarında neftin qiymətinin dəyişməsinin nəzərə alınması ilə bağlı tapşırığı artıq büdcədə neftin qiymətinə yenidən baxılmasını gündəmə gəlib. Güman ki, prezidentin tapşırığından sonra büdcədə neftin barelinin qiymətinə yenidən baxılacaq, büdcə buna uyğun olaraq yenidən hesablanacaq. Dövlət büdcəsində neftin qiyməti önəmlidir. 2013-cü ilin yekunlarına əsasən, dövlət büdcəsinin 75 faizi neft sektorunun payına düşüb. Bu il həmin rəqəmin 65 faizə qədər azaldılması proqnozlaşdırılsa da, neft sektoru büdcədə dominant olaraq qalmaqdadır. Eyni zamanda Azərbaycanın ixracının 95 faizi neft sektorunun payına düşür. Bu o deməkdir ki, Azərbaycana daxil olan 100 dolların hər 95 dolları neft ixracından gəlir. Neftin dünya bazar qiyməti büdcənin gəlirlərinə uyğun olaraq xərclərinin proqnozlaşdırılması baxımından vacibdir.

Neftin qiymətinin azalmasının yalnız iqtisadi xarakter daşımır, bunun siyasi tərəfləri də var. Bu azalma ilə Amerika Rusiyanı sıxmağa çalışır. Siyasi faktorlar ondan xəbər verir ki neftin qiymətinin azalması davam edəcək. Əslində, Qərb bu azalmalara zəmin yaradır. Belə ki, neft hasil edən ölkələrin gündəlik hasilatına nəzər yetirsək, Rusiyada gündəlik hasilat 10,19 milyon barel, ABŞ-ın hasilat həcmi 8,5 milyon bareldir.ABŞ gündəlik neft idxalını 2007-ci illə müqayisədə 8,7 milyon barel azalda bilər. Praktiki olaraq, dünya bazarındakı struktur 2015-ci ildə neftin qiymətinin azalma tendensiyasının davam edəcəyindən xəbər verir. Bütün bunlar büdcədə öz əksini tapmalıdır. Məqsədə uyğundur ki, büdcə proqnozlaşdırılan zaman pessimist, orta və nibkin senaridən istifadə edilsin. Həmin ssenarilər əsasında orta qiymət müəyyən edilsin. Nibkin ssenari neftin dünya bazar qiymətinin 80 dollar, orta ssenari 80-60 dollar, pessimist ssenari 60 dollardan aşağı qiymət deməkdir. Mövcud prosesi nəzərə alaraq, büdcədə neftin dünya bazar qiymətinin 70 dollardan nəzərdə tutulmasını təklif edirik. 70 dollar neft sektorundan büdcəyə daxilolmaların azalmasına gətirib çıxaracaq. Lakin Azərbaycan büdcənin gəlirlər hissəsinin azaldılmasından çəkinməməlidir. Çünki əvvəlki illərdə investisiya məqsədilə büdcədən xeyli vəsait ayrılıb. İnfrastrukturun yeniləşməsi və yenidən qurulması həyata keçirilib. Artıq Azərbaycan bu xərcləri azalda bilər. Digər tərəfdən büdcənin sosial xərcləri qeyri-neft sektorundan daxilolmalarla eynidir. Yəni büdcə sosial xərclərin həyata keçirilməsi baxımından sığortalanıb. Bu imkan verir, büdcədə neftin qiyməti bazarın tendensiyasına uyğun müəyyən edilsin. 2015-ci ildə fərqli qiymət yaranarsa, qiymətin artırılması mümkündür.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm