• USD 1,7025 0,00% EUR 1,8495 0,00%
    • GBP 2,1978 0,00% RUB 0,0299 0,00%

Dövlət büdcəsində neftin qiyməti hansı səviyyədə müəyyən edilməlidir?

Dövlət büdcəsində neftin qiyməti hansı səviyyədə müəyyən edilməlidir?

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin ötən 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair oktyabrın 8-də keçirilən iclasında dünya bazarlarında neftin qiymətinin enməsi ilə əlaqədar hökumətin büdcədə qiyməti düzgün müəyyən etməli olduğu barədə söylədiyi fikir xüsusən diqqəti cəlb etdi.

Düzdür, dünya bazarlarında qiymətin enməkdə olması ixracının əsas hissəsini neft və ondan alınan məhsullar təşkil edən bir çox ölkələr kimi, Azərbaycanı da narahat etməyə bilməz. Təkcə xam neftin ölkəmizdən kənara ümumi ixracda payı 86 faiz təşkil edir. Ancaq iş onda idi ki, ucuzlaşma 3 aydır davam etsə də, ölkəmizdə mövcud olan makroiqtisadi sabitliyə və maliyyə dayanaqlığına əsasən, ciddi təlaş yaranmırdı.

Bununla belə, tendensiyanın dərinə doğru inkişafı, şübhəsiz ki, diqqətin istər-istəməz məhz bu məsələyə yönəlməsi ilə nəticələnməli idi. Onu da qeyd edək ki, cari ilin büdcəsində neftin 1 barelinin qiymətinin 100 ABŞ dolları səviyyəsində götürülməsi də hökumətin son günlərədək müşahidə olunan “biganəliyində” az rol oynamırdı. Sözümüz bunda deyil.

Lakin bu barədə əvvəlki şərhimizdə də yazmışdıq ki, ümumən 2014-cü ilin büdcəsinin icra vəziyyətinə nəzər saldıqda sözügedən məhsulun dünya bazarlarındakı real qiymət səviyyəsi ehtiyatlı olmağı tövsiyə edir və ilin sonuna vəziyyət ciddiləşə bilərdi. Məsələ ondadır ki, bu il büdcəyə yenidən baxılmadı. 2009-cu il istisna olmaqla hər il büdcəyə yenidən baxılsa da - qeyd olunan ili çıxmaq şərti ilə hər il Milli Məclisin yaz sessiyasının sonuna yaxın dövlətin əsas maliyyə sənədinin icra vəziyyətinə nəzər salınaraq gəlir və xərclər hissəsindəki rəqəmlər dəyişdirilsə də, keçən il olduğu kimi, bu il də buna əməl edilmədi.

Düzdür, əslində, bu, müsbət haldır. Ancaq narahatlıq doğuran o idi ki, dövlət büdcəmizdə neftin qiymətinin 100 dollar götürülməsi müəyyən problemlər yarada bilərdi. O baxımdan ki, 2014-cü ilə dair büdcəmiz əvvəlki illərin büdcələrindən fərqli olaraq heç də möhkəm sütunlar üzərində dayanmayıb. Üstəlik, qiymət 2-3 ay əvvəldən 100 dollardan aşağı düşsəydi, vəziyyət lap qəlizləşəcəkdi. Çünki bu ilin büdcəsində neftin qiyməti keçən ildəkindən aşağı səviyyədə götürülməli idi. 100 dollar risk sayılırdı. Və bu baxımdan, büdcədə neftin qiymətini hər halda aşağı salmaq tələb olunurdu.

Ancaq dünya bazarlarındakı qiymət nağd şəkildə 3 ay sonra ölkəyə daxil olduğundan və ucuzlaşmanın da qeyd etdiyimiz kimi, cəmi 3 ay əvvəldən - ilin ikinci yarısından etibarən başlaması artıq, bu il üçün bunu təxirə saldı. Düzdür, belə bir fikir də var ki, büdcədəki qiymət son illər ərzində Dövlət Neft Fondundan (ARDNF) transfertlə əlaqədar ciddi məna kəsb etmir. O baxımdan ki, onun büdcəyə verdiyi səmərə ilə zərəri hesablamaq olmur. Neftin dövlət büdcəsində müəyyən edilən qiyməti, əslində, proqnozdan başqa bir şey deyil. O mənada ki, ən pis halda bəzi investisiya layihələrinin maliyyələşdirilməsi dayandırıla bilər. Digər tərəfdən, ölkədə maaş və pensiyaların artırılması da sabitdir.

Demək istədiyimiz budur ki, hökumət bu istiqamətdə ehtiyatlı siyasət yürüdür.

Ancaq iş ondadır ki, ARDNF-dan transfert olmasa, büdcədən cari xərcləri ödəmək mümkün deyil. Bütün sosial xərclər bunun hesabına maliyyələşir. Başqa sözlə desək, neft və neft məhsulları satışından əldə olunan gəlirlər olmasa, qeyri-neftdən daxilolmalar cari xərcləri örtməyə imkan vermir. Ölkədə həyata keçirilən bütün növ sosial ödənişlər xam neft və neft məhsullarının satışından əldə olunan gəlirlər hesabına icra edildiyindən burada bir təhlükə var ki, o da xərclər nə qədər ehtiyatla və düşünülmüş şəkildə həyata keçirilsə də, “obyektiv dirəniş” səbəbindən bir gün sosial ödənişləri “qayçılamaq” zərurətinin ortaya çıxa bıləcəyi ehtimalıdır. Ona görə ki, dünya bazarlarında neftin qiymətinin enməsi ARDNF-ə daxilolmaları da azaldır.

Bəs növbəti ilin dövlət büdcəsində qiyməti hansı səviyyədə müəyyən etmək lazımdır?

Artıq məlumdur ki, Azərbaycanın 2015-ci il üçün dövlət büdcəsinin layihəsi hazırdır. Lakin həmin sənəddə qiymətin hansı həddə götürüldüyü isə bəlli deyil. Müqayisə üçün qeyd edək ki, Rusiyada 2015-ci ilin büdcəsində qeyd olunan rəqəm 100 dollara yaxın, Qazaxıstanda isə 95 civarında götürülüb. Amma Rusiya "diz yeri" də qoyub. Belə ki, büdcə xərclərini maksimum 95 dollardan hesablayıblar. Ancaq bu, "jonqlyorluq"dan başqa bir şey deyil. O mənada ki, neftin 1 barelinin qiymətinə dair proqnoz xərclər üçün deyil, gəlirlər baxımdan əhəmiyyətlidir.

Sözümüz bunda deyil.

Son illərin təcrübəsi isə göstərir ki, bizdə neftin dövlət büdcəsində qiymətini müəyyən edərkən, nədənsə, məhz şimal qonşumuz əsas götürülür. Sanki bu, xəstəliyə çevrilib. Halbuki, nə Rusiya, nə də onu “yamsılayan” ölkələrin heç birinin sosial-iqtisadi inkişafı məqbul sayıla bilər.

Deməli, Rusiya nümunə götürüləsi ölkə deyil.

Bizcə, sözügedən qiymət 80 dollar götürülsə yaxşıdır. Yeri gəlmişkən, cari ilin ötən 9 ayında dövlət büdcəsinin xərcləri 12,694 milyard manat və yaxud 86 faiz yerinə yetirilib. Göstərilən dövr ərzində dövlət büdcəsi xərclərinin 24,3 faizi və ya 3 milyard 82 milyon manatı sosial təyinatlı xərclərin payına düşür ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 252,0 milyon manat və ya 8,9 faiz çoxdur. Bu isə o deməkdir ki, dövlətimizin əsas maliyyə sənədində ümumi məsrəfin az qala 1/4 hissəsini məhz “qayçılanması” mümkün olmayan xərclər təşkil edir.

Ölkəmizdə genişmiqyaslı investisiya layihələrinin maliyyələşdirilməsi siyasəti üçün dünya bazarlarında qiymətin azı 100 dollar olması tələb edilir. Müşahidə və əksər ekspertlərin rəyisə deməyə əsas verir ki, yaxın perspektivdə qiymət 100-ü ötməyəcək.

Unutmaq lazım deyil ki, ölkəmizdə, üstəlik, bir neçə ildir hasilat da enir. ARDNF-ə daxilolmalar həm də bu üzdən enir. Yeri gəlmişkən, SOCAR-in satdığı neftdən də Neft Fonduna əvvəllər köçürmələr həyata keçirildiyi deyilirdi. Belə ki, büdcədə nəzərdə tutulan qiymətdən yuxarı məbləğ arasındakı fərq (vergi çıxıldıqdan sonra) Fonda gedirdi.

Son məlumata görə isə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,74 dollar ucuzlaşaraq 88,31 dollar olub...

Pərviz Heydərov

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR