Neftin qiyməti OPEC və Rusiya üçün nə vəd edir?
Bizi izləyin

Ekopublika.az

Neftin qiyməti OPEC və Rusiya üçün nə vəd edir?

Beynəlxalq bazarlarda Brent tipli növü xam neftin barelinin qiyməti 4 ilin ən aşağı səviyyəsinə düşərək 88.06 dollar təşkil edib.

Bu enerji idxalçıları üçün yaxşı xəbər sayılsa da, neft ixrac edən ölkələrin iqtisadiyyatları enişdən ciddi əziyyət çəkəcəklər. Xüsusilə Rusiyanın qiymət azalmasından sanksiyalardan belə daha çox təsirlənəcəyi proqnozlaşdırılır.

Publika.az xəbər verir ki, 2011-ci ildən bu yana neftin qiyməti davamlı yüksəliş nümayiş etdirib. Ancaq bu ilin iyunundan oktyabrınadək neft 20 faiz ucuzlaşıb. Neftin qiymətindəki enişin arxasında iki səbəb dayanır. Birincisi, ABŞ-ın getdikcə neft hasilatını artırması, ikincisi, geopolitik risklərə görə neft istehsalını azaldan ölkələrdə istehsalın yenidən artırılmasıdır. Digər tərəfdən, tələbin azalacağı ilə bağlı proqnozlar qiymətlərdəki enişə təkan verir. Bununla belə, analitiklər neftin 10 il əvvəlkinə nisbətən hələ də baha olduğunu bildirirlər. Hətta qiymətdəki son eniş meylinin keçici ola biləcəyini belə iddia edirlər.

2012-2013-cü illərdə də neft qiymətlərində azalma baş verdiyi zaman Orta Şərqdə yeni gərginliklərin ortaya çıxmasıyla “qara qızıl” təkrar dəyər qazanmağa başladı. Hazırkı ucuzlaşmanın davam edəcəyi halda, bunun dünya iqtisadiyyatına böyük təsirlərinin olacağı ehtimal edilir. Xüsusilə, Rusiya, Qazaxıstan, Azərbaycan kimi iqtisadiyyatı böyük həcmdə neft və neft məhsullarının satışına, ixracına söykənən ölkələr üçün qiymətlərin enməsi yaxşı nəsə vəd etmir.

Rusiyanın 2015-2017 büdcəsində neftin qiyməti 100 dollardan götürülüb. Ukrayna böhranı və neftin qiymətinin 90 dollardan aşağı düşməsi ölkənin valyuta ehtiyatlarını 10 faiz ətrafında azaldıb. Rezervlər 456 milyard dollara düşüb. Ekspertlərin rəyinə görə, neftin qiymətində azalma davam edərsə, Rusiya iqtisadiyyatı ciddi zərər görəcək: "Qiymətlər uzun müddət 80 dollardan aşağı qalsa, Rusiya iqtisadiyyatı üçün ciddi problemlər baş qaldıracaq. Ölkədə iqtisadi resessiya dərinləşə bilər. Rusiyada iqtisadi artım 2013-2014-cü illərin əvvəllərində 1 ətrafında olmuşdu. Xatırladaq ki,2000-ci ildə bu rəqəm 5-8 faiz ətrafında olub. 2010 cü ildən sonra 4 faiz ətrafında olub. Neftin qiyməti uzun müddət aşağı qalarsa, ölkənin iqtisadi göstəriciləri mənfiyə doğru dəyişəcək. Bir tərəfdən embarqo, digər tərəfdən də neftin qiymətinin aşağı olması Rusiya iqtisadiyyatına ciddi zərər vuracaq”.

OPEC-ə gəlincə, Səudiyyə Ərəbistanı, İran, İraq kimi üzvləri olan təşkilat hələ dünya neftinin 40 faizini tədarük edir. OPEC-in neftin qiymətindəki azalmaya necə reaksiya verəcəyi isə hələ bilinmir. Düzdür, üzv ölkələr neft istehsalını aşağı salıb qiymətlərin təkrar yüksəlməsinə şərait yarada bilərlər. Ancaq təşkilat daxilində bu istiqamətdə fikir ayrılıqlar var. Məsələn, İran kimi bəzi üzvlər üçün büdcələrində neftin barelini 130 dollar səviyyəsində, Səudiyyə Ərəbistanı üçün isə 90 dollar səviyyəsində götürmək məqbuldur. Hazırda gözlər OPEC-in noyabr ayında keçiriləcəyi toplantısına yönəlib. Bu müzakirələrin neftin gələcək qiyməti baxımından əhəmiyyətli olacağı irəli sürülür.

Xatırladaq ki, beynəlxalq bazarda "qara qızıl"ın qiymətinin hər gün artması bir sıra ölkələr qazanc gətirir. Bu sıyahının başında Səudiyyə Ərəbistanı dayanır. Ölkə iqtisadiyyatı neft üzərində qurulub. 1930-cu ildə ölkədə neft yataqları kəşf olunub və bu, dünya tələbatının 18%-ni təmin edir. İkinci yerdə Rusiya gəlir. Həm neft, həm təbii qaz, həm də kömür ehtiyatlarında dünya ikincisidir. Dünya neftinin 4.6 faizini təşkil edir. Üçüncü sırada ABŞ yer alır. Dünya istehsalının 10-%-dən çox neft ehtiyacını təkbaşına ödəyir. Siyahıda Çin də var. Dünyanın ən böyük neft qaynağı burada olsa da, əhalisinin çoxluğundan yalnız ehtiyaclarını qarşılayır. İran dünyanın ən vacib neft və təbii qaz ehtiyatlarına malikdir. Kanada gündə 3700 min barel neft çıxaran ölkə kimi dünya neft istehsalının 4%-ni ödəyir. Birləşmiş Ərəb Əmirlikləri əhalisi az olduğundan, ehtiyaclarını artıqlaması ilə ödəyir və ixracata üstünlük verir. Braziliya həm neft ehtiyacını qarşılayır, həm də başqa ölkələrə ixracat edir. Nigeriya gündə 1,02 milyon barel nefti ABŞ-a ixrac edir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm