• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Soyuq müharibəni isidən “qara qızıl”, yoxsa Rotşild və Rokfellerin davası

Soyuq müharibəni isidən “qara qızıl”, yoxsa Rotşild və Rokfellerin davası

Dünya bazarında neftin qiymətinin 88 dollara düşməsi neft istehsalçıları üçün həyəcan təbilini çaldı. Xüsusilə, bu vəziyyətin üçüncü ən böyük neft istehsalçısı sayılan Rusiyaya təsirlərinin daha çox olacağı diqqətləri Şimal qonşumuzun iqtisadiyyatına yönəldib.

Bəzi ekspertlər hətta neftin qiymətinin ABŞ-ın sanksiyalardan sonra Rusiyanı küncə sıxışdırmasının ikinci mərhələsi kimi dəyərləndirirlər.

Tarixin təkrarlandığını irəli sürənlər də var.

Belə ki, 1983-cü ildə ABŞ prezidenti Ronald Reyqan Səudiyyə şeyxi ilə dil taparaq embarqosuz-filansız neftin qiymətinin 3 dəfə aşağı salmaqla, neft və qaz gəlirləri büdcəsinin 55 faizinə bərabər olan SSRİ-ni iqtisadi cəhətdən çökdürdü.

Ekspertlər Obamanın da eyni sevdaya düşdüyünü deyirlər.

Bu, doğurdan da mümkündürmü?

Publika.az neftin qiymətinin düşməsinin Rusiya iqtisadiyyatında hansı nəticələrə gətirib çıxaracağı ilə bağlı araşdırmasını təqdim edir.

Neft və qan

Başlayaq bu gün bir çox ekspertlərin “ABŞ 80-ci illərdə SSRİ-ni çökdürdüyü kimi Rusiyanı çökdürmək istəyir” söyləyib situasiyanı o illərdə baş verənlərlə eyniləşdirməsindən. Doğurdan da, 70-ci illərin ortalarında Rusiya neft ixracında Amerika ilə yaxından əməkdaşlıq edib. Bununda da səbəbi 1973-cü ilin 17 oktyabrında Səudiyyə kralı Feysəl ibn Abd al-Aziz as-Saudun gözlənilmədən neftin istehsal həcmini azaltması olub. Nəticədə bazarda birdən-birə baş verən 25 faiz azalma, eləcə də digər ərəb ölkələrinin Feysəlin bu addımını dəstəkləməsi və embarqoya qoşulması neftin qiymətini bir ayda 4 dəfə bahalaşdıraraq 3 dollardan 12 dollara yüksəldib. Beləcə ərəb ölkələri gəlirlərini artırıb (1960-cı ildə heft gəlirləri 334 milyon dollar təşkil edən ərəblər artıq 1976-cı ildə 335 milyard dollar gəlir əldə edirlər), Amerika isə əvəzində işsizlər ordusu ilə üzləşib, ümumi daxili məhsulunun həcmi 6 faiz azalıb. Qərb çıxış yolunu qapalı iqtisadiyyata malik Sovet İttifaqı ilə neft idxracı sahəsində əməkdaşlıqda tapıb. Nəticədə 70-ci illərin ikinci yarısından SSRİ-də neft və qaz sənayesinə kapital qoyuluşunun artım tempi bütün iqtisadiyyat üzrə orta göstəricidən 3-5 dəfə yüksək təşkil edib. 1970-1983-cü illərdə neft məhsullarının ixracı 80 dəfə artıb. Rəsmi statistik rəqəmlərinə görə, bütün neft ixracı dövründə Sovet İttifaqının qazancı 200 milyard dollar təşkil edib. Bu da həmin illər üçün heç də kiçik rəqəm deyil. Lakin 1975-ci ildən Amerikanın planlarında dəyişikliklər baş verib. 1975-ci ildə kral Feysəl öz sarayında qəbul zamanı 28 yaşlı qohumu tərəfindən öldürülüb (cinayətin səbəbi sirr olaraq qalır). Və həmin dövrdən ərəblər mütəmadi olaraq neft hasilatını artırmağa başlayıblar. Buna adekvat olaraq da neftin qiyməti azalan xətt götürüb. 1985-ci ildə hasilatı gündəlik 2 milyon ton artırılaraq 6 milyon tona, ilin sonuna 9 milyon tona, 1986-ci ildə isə artıq 10 milyon tona çatdırılıb. Neftin qiyməti məhz həmin ərəfədə 3-5 dəfə düşüb. Artıq 1986-cı ildə bir barel neft 10 dollara satılmağa başlayıb. Hətta bəzi hasilatçı ölkələr, o cümlədən SSRİ neftini 6 dollardan satmaq məcburiyyətində qalıb. Halbuki bir neçə il əvvəl “qara qızıl”ı birjalarda 32 dollara satırdı.

SSRİ-nin çökdürülməsi

Bütün neft istehsalçılarının gəlirlərində sürətli eniş başlayıb. Konkret olaraq, 1980-86-cı illərdə Venesuellanın neft gəlirləri 64,5 faiz, İndoneziyanın 76,1 faiz azalıb. Ən böyük neft istehsalçısı, bazarın əsas “oyunçularından” olan Səaudiyyə Ərəbistanın özünün gəlirləri isə 1980-1989-cu illər arası illik 102 milyard dollardan 24 milyard dollara eniş yaşanıb. Bu da böyük həcmdə daxilolmalara öyrəşən iqtisadiyyat uçun çöküş demək olsa da, ərəblərin vəziyyətində heç bir dəyişiklik baş verməyib. Maraqlıdır, gəlirlərini ancaq neftdən formalaşdıran ölkə hansı maliyyə məbələri hesabına iqtisadiyyatını qoruyub saxla bilir? Daha da dəqiqləşdirsək Səudiyyə Ərəbistanı üçün dopinq rolunu kim oynayırdı?

Sualın bir cavabı var - Qərb. Fransız jurnalist Erik Loranın 2006-cı ildə yazdığı “Neft. Yalanlar, sirlər və fırıldaqlar” kitabında 1983-cü ildə Reyqanın stolunun üstünə “Milli Təhlükəsizlik Şurası" nın qalın hesabatının qoyulduğunu qeyd edilir.Hansı ki, o dövrdə prezidentin atdığı addımlarda, verdiyi qərarlar bu təşkilatın hesabatlarının rolu böyük idi. Kitabda bildirilir ki, həmin hesabatı vərəqlədikdən sonra Reyqan özünün vitse-prezidenti Corc Buşa “Corc sovetlərin sonu yaxındır. SSRİ-nin ixracının həcmi 24-26 milyard dollar təşkil edir. Bu da “General-Motors”un gəlirlərinin dörddə biri həcmində olsa da Moskva kiçik rəqəmdən belə asılıdır. Çünki həmin pula ərzaq, istehlak malları və avadanlıq alır. Onları bu puldan məhrum etsək çox getməyəcəklər” deyə bildirir.

Digər versiya Rusiyanın çökdürülməsi planının 1979-cu ildə Qətərdə baş tutan görüşdə hazırlanmasıdır. Məhz həmin görüşdə Reyqan ərəb şeyxi ilə hasilatın artırılmasına dair razılığa gəlmişdi. 10 il sonra Amerika istəyinə nail olur da.

Rusiya nə itirir, nə qazanır?

Hazırda sual yaradan məqam Amerikanın yenə neftin qiymətində manipulyasiya edərək Rusiya iqtisadiyyatının çökdürülməsinə nail ola bilib-bilməyəcəyidir. Doğurdanmı neft faktoru Rusiya iqtisadiyyatında SSRİ iqtisadiyyatında oynadığı rolu oynayır?

Əvvəla nəzərə çatdıraq ki, Rusiya dünya üzrə təsdiqlənmiş resursların 21 faizinə sahibdir.Təbii qaz istehsalında birinci, neft istehsalında isə ikinci yerdədir.Ölkə nə az nə çox 80 milyard barel neftə sahibdir. Bu da dünya neftinin 4.6 faizini təşkil edir. Rusiya həm də neft ehtiyatına görə dünyada 8-cidir.Neft istehsalında isə 2013-2014-cü illər üzrə 10 ölkənin siyahısında Səudiyyə Ərəbistanı və Amerikadan sonra üçüncü sırada dayanır.

Hesabat dövründə Rusiya gündəlik 10, 396,976 milyon barel, Səudiyyə 11,545,677 milyon barel, ABŞ 11,133,311 milyon barel neft istehsal edib. Əslində bu rəqəmlər bazarda “hava”nı kimin sifariş verdiyini göstərir.

O qaldı neft və neft məhsullarının iqtisadiyyatdakı payına, ümumi daxili məhsulunun həcminə görə, dünyada 8-ci yerdə olan (2013-cü ildə Rusiya ÜDM 2 , 097 trilyon dollar olub) Rusiyanın ÜDM-ində neftqaz sektorunun payı 21 faizdir. Kapital qoyuluşu - 24%, icmal büdcədə payı 50%-dən çoxdur. Ruslar özləri də 2004-cü ildən bu tərəfə büdcədə neftin payının artdığını etiraf edirlər. 2001-ci ildə federal büdcədə neft-qaz gəlirlərinin həcmi 8,9 faiz idisə, 2013-cü ildə bu rəqəm 48,1 faiz,2014-cü ildə 52,5 faizə (proqnoz) yüksəlib. Ekspertlərin rəyinə görə, son illər Rusiya iqtisadiyyatının neftdən asılılığı artırıb. Büdcənin yarısı neft gəlirlərindən formalaşdığından neftin qiymətində azacıq oynama gəlirlərə birbaşa təsir edir. Məsələn, neftin 1 dollar ucuzlaşmasından Rusiya illik 2,1 milyard dollar gəlir itirir. Son aylardakı 20 faiz düşüşdən isə Federasiyanın gəlirləri 30-40 milyard dollar azala bilər. Məsələnin digər tərəfi 2013-cü ildə büdcə kəsirinin ümumi daxili məhsulun 10,3 faizinə çatmasıdır. Bu da son üç ildə qeydə alınan ən yüksək rəqəm hesab edilir.

Bununla belə, qeyd olunur ki, neftin 80 dollara qədər düşməsi iqtisadi böhran riski yaratmır. Lakin büdcəni balanslaşdırmaq üçün qiymət 105 dollar ətrafında olmalıdır. Məlumat üçün bildirək ki, 2015-ci ildə Rusiya büdcəsində Ural neftinin bareli 96 dollardan götürülüb. Hədəf qiyməti isə 100 dollar nəzərdə tutulub. Növbəti il üçün federal büdcənin kəsiri 430,7 milyard rubl (ÜDM-in 0,6 faizi həcmində) gözlənilir.

Proqnoz qiymət, rublun zəifləməsi, yüksək inflyasiya büdcə kəsirinin rezerv fondundan maliyyələşdirilməsini zəruri edir. Amma fakt faktlığında qalır. Yaxın aylarda neftin qiyməti düşməkdə davam edərsə, iqtisadiyyatda vəziyyət gərginləşəcək.

Rusiya Mərkəzi Bankı pul-kredit siyasətinə neftin qiymətinin düşməsi fonunda böhran ssenarisini daxil edəcəyini istisna etmir. Həmçinin Mərkəzi Bank neftin qiymətinin 60 dollara enəcəyi halda əlavə tədbirlər həyata keçirmək məcburiyyətində qalacağını da irəli sürür .Çünki neftin qiymətinin düşməsi tendensiyası uzun müddət davam edərsə daxili iqtisadiyyatın yavaşlaması struktur xarakteri ala bilər.

Bu arada Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozları da nibkin deyil. Nazirlik ölkənin iqtisadiyyatının bu il 0,5% artacağını iddia edir. Düzdür, “Bloomberg”də bu rəqəm daha ürək sıxıcıdır. Agentlik iqtisadi artımı 2014-cü il ürzə 0,4 faiz, 2015-ci il üzrə 1 faiz proqnozlaşdırır. Eyni zamanda, Rusiyanı tənəzzül riskləri ilə xəbərdar edir. Amma ruslar rezervlərin köməyi ilə vəziyyəti stabilləşdirəcəklərinə hələ də ümidlidirlər. Artıq xərcləmələrə start verilib. Rusiya Mərkəzi Bankı rublun məzənnəsinin saxlanılmasına valyuta ehtiyatlarından 1,6 milyard dollar xərcləyib. 2014-cü ilin əvvəlindən bank valyuta ehtiyatlarından 51 milyard dolları bazara çıxarıb.

Məsələnin bir başqa tərəfi də var. Rusiya indiki vəziyyətdən təkcə itirmir. Neftin qiymətinin düşməsi nəticəsində rublun zəifləməsi federal büdcənin gəlirlərini həm də artırır. Ekspertlərin hesablamalarına görə, rus pul vahidinin kursunun hər 1 rubl zəifləməsi iqtisadi şərtlər çərçivəsində ixracdan daxilolmaları 180 milyard rubl artırır. Belə ki, ixracdan daxilolmalar xarici valyutada olsa büdcə rublla formalaşdırılır. Ona görə də rublun nisbi zəifliyi Rusiya iqtisadiyyatına həm də sərfəlidir.

Rusiya neftdən asılılığını azaldır

Unutmamalıyıq ki, Rusiya iqtisadiyyatı təkcə neft və qaz gəlirlərindən asılı deyil. İki sektorun ÜDM-dəki payı da bunu göstərir. Bununla bərabər, Rusiyanın özü də ixracda “qara qızıl”dan asılılığı azaltmağı hədəfləyib. Məsələn,2015-ci ilin büdcəsində neft qaz gəlirlərindən daxilolmalar 51 faiz, 2017-ci ildə 49,6 faiz nəzərdə tutulub. 2015-ci ilin federal büdcəsində neft-qaz gəlirləri 7,717 tirilyon rubl proqnozlaşdırılıb. Bu da 2014 – cü il büdcəsində neft və qaz gəlirlərinin proqnoz qiymətləndirilməsi ilə müqayisədə 5,8% çoxdur.2016-ci ildə isə büdcədə neft qaz gəlirləri 8,032 trilyon rubl, 2017-ci ildə 8,208 trilyon rubl nəzərdə tutulub.

Rusiyanın neft ixracı da əvvəlki səviyyədə deyil. Rusiyanın Federal Gömrük Xidmətinin məlumatına görə, yanvar-avqust aylarında ötən ilin analoji dövrü ilə müqayisədə neft ixracı 2,7%, 112,959 milyard dollara qarşı 109,835 milyard dollar azalıb

Hər kəs OPEK-i gözləyir

Vəziyyətin dəyişmə ehtimalı da var. Görünən odur ki, Rusiyanın taleyi ilə bağlı qərarı yenə də Orta Şərq verəcək. Belə ki, noyabrda OPEC-in toplantısının keçirilməsi gözlənilir.Təşkilata daxil olan ölkələr öz aralarında hasilatın azaldılması ilə bağlı razılığa gələ bilsələr bazarlada neftin qiymətinin dəyərsizləşməsinin qarşısını almaq mümkün olacaq.

Bütün hallarda OPEC dövlətlərinin heç birinə aşağı qiymət sərfəli deyil. Onların əksəriyyəti ixracdan gəlirlərin azalmasına sadəcə bir neçə ay dözə bilərlər. O ki qaldı OPEC-in Rusiyanın çökdürülməsi ilə bağlı Amerika ilə müttəfiq olacağına, burada bəzi nüanslar var.

Əvvəla OPEC-ə daxil olan İran Rusiya ilə ticari tərəfdaşlıq müqaviləsi imzalayıb. Bu tərəfdaşlıq Rusiyaya gündəlik 500 min barel xam neft idxalı müqabilində İrana əmtəə və avadanlıq verilməsini nəzərdə tutur.

Müqavilənin dəyəri ilkin olaraq 10 milyard dollar səviyyəsində qiymətləndirilir. Göründüyü kimi, bu məsələdə Vladimir Putin ABŞ-ın “b planını” (neftin qiymətini aşağı salmaqla Rusiyanı çökdürmək) qabaqlayıb.

OPEC-in digər üzvü Səudiyyə Ərəbistanına gəlincə, şeyxlər üçün də neftin qiymətinin 90 dollar səviyyəsində olması daha sərfəlidir, nəinki 60-50.

Rotşild və Rokfellerlərin izləri

Bazarlarda baş verən prosesin ən maraqlı tərəfi də budur. Dünya maliyyə mafiasının iki əsas aparıcı ailəsi - Rotşildlər və Rokfeller Rusiya-Qərb savaşının əsas sualtı daşlarıdır. Mübarizə əslində Obama ilə Putin deyil, bu iki klanın arasında gedir. 1970-1980-ci ildə SSRİ-yə qarşı planın da səbəbi Rusiyanın Rotşildlərə qarşı Rokfellerlə ittifaq qurmasının nəticəsi idi. Sonda Rotşildlərin qələbəsi ilə bitdi.Rokfellerlərin Rusiya ilə ikinci işbirliyi Vladimir Putinin hakimiyyətə gətirilməsi lə başladı. V.Putinin məhz dərin dövlətin yetişdirdiyi siyasətçi sayılması səbəbsiz deyil. Rotşildlərin buna adekvat cavabı isə 2008-ci ildə Obamanın prezident kürsüsünə əyləşdirilməsi oldu. Bununla da yeni “Böyük oyun”nun konturları dəqiqləşdirildi Rusiyanı iqtisadi cəhətdən çökdürmək.

L.Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR