• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Neftin yenidən 100 dollara qalxması ehtimalı yoxdu” – Açıqlama

“Neftin yenidən 100 dollara qalxması ehtimalı yoxdu” – Açıqlama

Nyu-York əmtəə birjasında (“New York Mercantile Exchange” - NYMEX) son hərracın yekunlarına əsasən, “Light Sweet” markalı neft birdən-birə 4 dollar ucuzlaşaraq noyabr ayı üçün bağlanan müqavilələrdə 81,84 dollar təşkil edib.

Avropa elektron əmtəə birjasında (İnterContinental Exchange Futures Europe) isə daha bahalı neft olan “Brent” markalı neft 3,85 dollar ucuzlaşaraq 85,04 dollara enib. London birjasında keçirilmiş son hərracın nəticələrinə əsasən, keyfiyyətcə Azərbaycan neftinə yaxın olan “Brent Crude Oil” markalı neft 2,33 faiz ucuzlaşaraq 88,16 dollara enib. Bu, 2010-cu ildən bu yana ən aşağı qiymətdir. Hazırda sual yaradan məqam neftin qiymətinin hansı həddə qədər enəcəyidir.

Bazardakı tendensiyanı Publika.az-a şərh edən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, iyulun 10-dan bu günə neftin qiyməti 30 dollar ucuzlaşıb: “Sentyabra qədər neftin qiymətindəki dəyişikliklər Ukrayna-Rusiya, Qərb-Rusiya qarşıdurmasının təsirləri ilə əlaqələndirilirdi. Lakin sentyabrdan sonra dünya bazarında neftin qiymətinin aşağı yuvarlanması bazarın tələbi kimi qiymətləndirilir. 90 gündə neftin 30 dollar ucuzlaşmasını təkcə siyasi proseslərin təsirləri ilə əlaqələndirmək olmaz. ABŞ-da bazarın son 40 ildə görünməmiş tempdə artmasnın prosesdə payı yüksəkdir. Amerika ən böyük neft istehsalçısından biri olmaqla bərabər həm də istehlakçısıdır. Başqa tərəfdən, Amerikaya yönələn neftin digər bazarlara çıxarılması öz təsiri göstərməli idi. Avropada iqtisadiyyatın tempinin düşməsi, Çin iqtisadiyyatının proqnozdan aşağı göstərici nümayiş etdirməsi neftə olan tələbatı azaldıb”.

İ.Şaban bildirir ki, Çin bu il alternativ enerjiyə yatırımlarına görə Avropa və Amerika ilə müqayisədə liderə çevrilib. Bu da bazara siqnal idi: “Bir gündə baş verən ucuzlaşmaya gəlincə, Beynəlxalq Energetika Agentliyi 2015-ci ildə dünyada neftə olan sutkalıq tələbatın 1,3 milyon bareldən 700 min barelə qədər düşəcəyini açıqladı. Bundan sonra neft ehtiyatı toplayan ölkələr məhsullarını indiki qiymətlə satmaq məqsədilə bazara artıq həcm çıxarmağa başladılar. Bunun nəticəsində bir gündə neft 4 dollar ucuzlaşdı”.

Məlum olur ki, Qərbi Texas nefti 81, Rusiya nefti 83 dollara satılır. O ki qaldı neftin qiymətinin 50-60 dollara qədər düşəcəyinə dair yaranan ajiotaja, ekspert bunları dedi: “90 gün ərzində neft 30 dollar ucuzlaşdı. Bunu kimsə proqnozlaşdırırdı? Yox. Ona görə də münəccimlik edib hansısa proqnoz vermək olmur. Amma fakt odur ki, yaxın perspektivdə neftin yenidən 100 dollara qalxması ehtimalı yoxdur. Yaxın perspektiv dedikdə 2017-ci ilə qədər olan müddət nəzərdə tutulur”.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR