• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Neft Fondundan transfer niyə artırılıb?

Neft Fondundan transfer niyə artırılıb?

2015-ci ilin dövlət büdcəsi layihəsində Dövlət Neft Fondundan (ARDNF) transferin cari ilin büdcəsinə proqnozlaşdırılandan 11,3 faiz çox nəzərdə tutulması təəccüb doğurur.

Ona görə ki, 2014-cü ilin dövlət büdcəsində ən mühüm cəhət bunun məhz 17,7 faiz az təşkil etməsi sayılırdı. Söhbət 2013,0 milyon manat neft puluna qənaət edilməsindən getmir. Ölkənin dövlət büdcəsinin 60 faizə yaxın hissəsinin ARDNF-dan asılı vəziyyətdə olması bunu çoxdan tələb edirdi.

Düzdür, cari ilin dövlət büdcəsinə ARDNF-dan transferin 2013,0 milyon manat azaldılmasına əsasən, ümumi gəlirlər səviyyəsi də 2013-cü ilin büdcəsinə nisbətən aşağı təşkil edir. Ancaq bu barədə ötən il yazdığımız şərhdə də qeyd etmişdik ki, ARDNF-dan transfertin 17,7 faiz azaldılması fonunda dövlət büdcəsinin ümumi gəlirlərinin cəmi 4 faiz enməsi ciddi rəqəm deyil. Gəlirlərin azalmasına rəğmən, xərclər keçən ildəkindən 1,1 faiz çox təşkil edir.

Sözümüz bunda deyil.

Ümumiyyətlə, 2015-ci ilin dövlət büdcəsi layihəsində təəccüb doğuran məqamlar çoxdur. Əvvəla, növbəti ilin büdcəsinin bu ilkindən, az qala, 6 faizə (5,7 faiz) qədər çox olacağı gözlənilmirdi. Belə ki, dövlət başçısının tələblərinə uyğun olaraq, dövlət büdcəsi gəlirlərinin neftdən asılılığının getdikcə azaldılmalı olduğu əsas götürülərdisə, 2014-cü ilin büdcəsində olduğu kimi, 2015-ci ilin də büdcəsi əslində, nisbətən az təşkil etməli, heç olmasa, cari ildəki həcmdə saxlanılmalı idi.

Ancaq xərclərin cəmi 5,2 faiz artırılmasına rəğmən, büdcə gəlirlərinin qeyd etdiyimiz kimi, az qala, 6 faiz yüksək götürülməsi diqqəti cəlb edir. Əgər bu, bilavasitə neftdən kənar sahələrin hesabına nəzərdə tutulsa, yaxşı idi. İş ondadır ki, sözügedən artım məhz Neft Fondundan köçürmənin genişləndirilməsi sayəsində planlaşdırılıb.

Neft Fondundan büdcəyə transfertin, ilk dəfə olsa da, 2014-cü ildə azaldılması ölkə iqtisadiyyatının səmərəli idarə edilməsi üçün fiskal siyasəti baxımından böyük hadisə sayılırdı. Ona görə ki, dövlət büdcəmizin neft pullarından asılı olduğu sirr deyil və bunun bilavasitə ARDNF-dan transfer hesabına güclənməsi ciddi narahatlıq doğururdu.

Büdcə gəlirlərinin formalaşmasında sözügedən qurumun payı 2009-cu ildən 50 faizdən yuxarı təşkil edir. 2013-cü ilin dövlət büdcəsində isə ARDNF-dan transfer 11 milyard 350 milyon manat nəzərdə tutulmuşdu ki, bu da gəlirlərin 59,2 faizii demək idi. Bu da ondan irəli gəlir ki, 2003-cü ildə ARDNF-dan dövlət büdcəsinə transfer 100 milyon manat təşkil edirdisə, 2004-cü ildə bu rəqəm 130 milyon, 2005-ci ildə 150 milyon, 2006-cı ildə 585 milyon, 2007-ci ildə 585 milyon, 2008-ci ildə 1,1 milyon, 2009-cu ildə 4,9 milyard, 2010-cu ildə isə yenə 4,9 milyard manat nəzərdə tutulsa da, ilin ortasında büdcəyə dəyişiklik edilməklə 5,9 milyard, 2011-də isə əvvəl 6 milyard 480 milyon olsa da, sonra 9 milyard 203,2 milyon manata qədər yüksəldildi.

Halbuki, dövlət büdcəsi isə son bir neçə ildir kəsirsiz icra edilir. Odur ki, gəlirlərin xərcləri üstələməsi fonunda neft pullarına qənaət etmək və büdcənin ondan asılılığını azaltmaq baxımından, transfer məhdudlaşdırılmalı idi.

Yeri gəlmişkən, 2011-ci ilin dövlət büdcəsinin 305,9 milyon manat profisitlə icra edilməsi fonunda ARDNF-dən həmin ildə nəzərdə tutulan transferin 203,2 milyon manat və yaxud 97,8 faiz kəsirlə həyata keçirilməsi tranferin növbəti ildən, nəhayət ki, azaldılmağa başlanacağına ümid yaratmışdı.

Ümumiyyətlə, xatırladaq ki, dövlət büdcəsinin kəsirsiz icrasına rəğmən, ARDNF-dan transfer buna qədər 100 faiz həyata keçirilirdi və növbəti ilə qalıq məbləği qalmasına baxmayaraq, o, heç bir ildə “qayçılanmırdı”.

Sadəcə olaraq, qeyd etdiyimiz kimi, 2011-ci ildə ARDNF-dan transferin kəsirlə icra olunmasının qeyri-neft sektorunda ciddi irəliləyiş əldə olunmasıyla üst-üstə düşməsi, əslində, olduqca əlverişli məqam yarandığını göstərdi.

Ümumən isə, son illər qeyri-neft sektorunun inkişafında və onun dövlət büdcəsindəki payında qeydə alınan artım ARDNF-dan transfert məbləğini azaltmağa zəmin yaratmışdı. 2012-ci ilin ortasında dövlət büdcəsinə yenidən baxılan zaman Fonddan transferin artırılmaması da bunu iddia etməyə əsas vermişdi.

Ancaq təkrar edirik ki, bu, cari ilə kimi edilmədi.

Bəs, Fonddan büdcəyə transfer gələn il nəyə görə yenidən artırılıb?

Düzdür, transfer olmasa, dövlət büdcəsindən cari xərcləri ödəmək mümkün deyil. Bir sıra sosial xərclər bunun hesabına maliyyələşdirilir. Dövlət başçısı da çıxışlarının birində Vergilər Nazirliyi ilə Gömrük Komitəsinin, o cümlədən, digər qurumların xəttiylə büdcəyə ödənişlər cari xərcləri örtməsə, ARDNF-dən transferi azaltmaq mümkün olmadığını vurğulamışdı.

Bununla belə, 2014-cü ilin təcrübəsi davam etdirilsə yaxşı idi. Qeyd oluna bilər ki, bu, xərclərin artırılması ilə bağlı edilib. Bu il büdcə xərcləri 20,063 milyard manat proqnozlaşdırıldığı halda, gələn il üçün proqnoz 21,1 milyard nəzərdə tutulub. Başqa sözlə desək, 1,037 milyard manat və ya 5,2 faiz çox...

Ancaq bayaq da qeyd etdik ki, gəlirlərin, az qala, 6 faiz (5,7 faiz) yüksəkdilməsi müqabilində xərclərin cəmi 5,2 faiz artımı ciddi rəqəm deyil. Yeri gəlmişkən, büdcə kəsiri də bu il üçün nəzərdə tutulduğundan az fərqlidir. Bu il 1,679 milyard manat gözlənilirsə, gələn il 1,662 milyard manat proqnozlaşdırılıb.

Bəs, ARDNF-dən transferti artırmamaq üçün nə etmək lazım idi?

Fikrimizcə, neftin büdcədə qiymətini 90 deyil, 75-80 ABŞ dolları səviyyəsində götürülməli idi. Belə ki, risklərdən indidən sığortalanmaqdansa, növbəti ildəki vəziyyətə uyğun hərəkət etmək daha yaxşı olardı.

Ötən şərhimizdə də yazdıq ki, 2014-cü ilin büdcəsində neftin qiyməti keçən ildəkindən aşağı səviyyədə götürülməli idi. 100 dollar özü risk sayılırdı. Və bu baxımdan, büdcədə neftin qiymətini, azı, 20 dollar aşağı salmaq tələb olunurdu.

Bundan əlavə, ARDNF-dan transferi azaltmağın bir yolu da, həmişə qeyd etdiyimiz kimi, büdcə xərclərinə nəzarəti gücləndirməkdən ibarətdir. Belə ki, dövlətin əsas maliyyə sənədinin icrasına cavabdeh olan və ondan müxtəlif investisiya layihələrini həyata keçirtmək üçün vəsait alan qurumların hər birinin işi yaxşılaşdırılmalıdır.

Pərviz Heydərov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR