Neftin bazardakı taleyi noyabrın 27-də təyin olunacaq
Bizi izləyin

Ekopublika.az

Neftin bazardakı taleyi noyabrın 27-də təyin olunacaq

Birjalarda Brent tipli neftin qiyməti 83 dollara düşüb.

“Fyuçe” müqavilələrində isə neftin bareli 82,91 dollardan götürülüb. Onu da bildirək ki, noyabr müqavilələrinin tədavül müddəti bu gün axşam başa çatır.

Publika.az xəbər verir ki, 3 ayda neftin qiyməti 108,77 dollardan 83 dollara düşüb. 24 faiz enmə baş verib. Ekspertlər neftin qiymətinin yenidən 100 dollara yüksələcəyini proqnozlaşdırmasalar da, hər şey noyabrın 27-də OPEC ölkələrinin xarici işlər nazirlərinin Vyanada keçiriləcək toplantısından asılıdır. Görüşdə neftin qiymətinin 100 dollara qalxması üçün hasilatın azaldılmasının müzakirə ediləcəyi bildirilir. “Barclays” ekspertlərinin rəyinə görə, neftin qiymətinin 100 dollar səviyyəsinə qalxması üçün gündəlik hasilat bir milyon barel azaldılmalıdır. Nəzərə çatdıraq ki, OPEK dünyanın neftə olan tələbatının 40 faizini ödəyir.

Artıq təşkilat üzvləri arasında hasilatla bağlı fikir ayrılıqları var. Məsələn, İran və Venesuela qiymətlərin saxlanması üçün hasilatın azaldılmasının tərəfdarıdır. Lakin Səudiyyə Ərəbistanı artıq oktyabrın 1-də Asiya ilə imzalanan müqavilələrdə neftin barelini 1,2 dollar aşağı salaraq 90,02 dollardan imzalayıb. Neft treyderləri Səudiyyənin də “fyuçe” qiymətləri 0,7-1 dollar aşağı salacağını proqnozlaşdırırlar.

Küveytə gəlincə, bu OPEK üzvü təşkilatdakı digər dövlətlərin neft hasilatını azaldacağını gözləmir və neftin qiymətinin daha 14 faiz ucuzlaşaraq 76 dollara düşəcəyini irəli sürür.

O ki qaldı OPEK dövlətlərinin neftin hasilatının azaldılmasında razılığa gəlməsinə, bu, 2008-ci ildən indiyə qədər hasilatın azaldılması sahəsində ilk addım ola bilər. Analitiklər deyir ki, OPEK aşağı qiymətləri uzun müddət saxlamaq istəyir. OPEK-in məqsədi neftin barelinin 80-85 dollar ətrafında olmasıdır. Hasilatın azaldılması ilə bağlı qərar qəbul ediləcəyi halda isə “qara qızıl”ın ancaq ilin sonuna 95 dollara yüksəlməsi mümkündür.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm