“Qara qızıl”ın qara günləri
Bizi izləyin

Ekopublika.az

“Qara qızıl”ın qara günləri

Yola saldığımız həftənin əsas müzakirə mövzusu neftin düşən qiyməti, rublun zəifləyən məzənnəsi və Rusiya iqtisadiyyatının bazarın bu təzyiqlərinə necə tab gətirəcəyi oldu. Belə ki, həftə ərzində neftin bareli 83 dollara qədər düşdü. “Fyuçe” müqavilələrində isə “qara qızıl”ın bareli 82,91 dollardan götürüldü. Rus rublu dollara nəzərən 0.44 nisbətində dəyər itirərək 41 səviyyəsinə düşdü. “Credit Suisse” dünyada qlobal sərvətin son 14 ildə iki dəfə artaraq, 263 trilyon dollara çatdığını açıqladı. İspaniyada bank sektoru ilə bağlı qalmaqal hörük kimi uzanaraq Beynəlxalq Valyuta Fondunun (IMF) sabiq rəhbəri Rodrigo Ratoya qədər gedib çıxdı. Azərbaycanda Maliyyə Nazirliyi 2015-ci ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatını etdi. “Statoil” “Şahdəniz” layihəsindəki payını satdı.

Başlayaq neftin qiymətindən. Orta Şərqdə yaşanan vətəndaş müharibələri, eləcə də dünya daxilində davam edən siyasi gərginlik nəticəsində neft qiymətləri düşməkdə davam edir. Brent tipi xam neftin bareli 83 dollara qədər ucuzlaşaraq son dörd ilin ən aşağı səviyyəsini nümayiş etdirib. Qiymətlərdəki geriləməyə və tələbin aşağı olmasına rəğmən, Neft İxrac Edən Ölkələr Təşkilati (OPEK) hələ də hasiları azaldacağına dair hər hansı siqnal verməyib. Hər kəs noyabr ayının 27-də Vyanada keçiriləcək OPEK ölkələrinin xarici işlər nazirlərinin toplantısının nəticələrini gözləyir. Görüşdə neftin qiymətinin 100 dollara qalxması üçün hasilatın azaldılmasının müzakirə olunacağı barədə versiyalar var. “Barclays” ekspertlərinin rəyinə görə, neftin qiymətinin 100 dollar səviyyəsinə qalxması üçün gündəlik hasilat bir milyon barel azaldılmalıdır.

Bu arada OPEK-in hasilatı azaltmaqla bağlı qərar verəcəyi kənardan asan görünə bilər. Təşkilat üzvləri arasında bu yöndə fikir ayrılıqları var. Məsələn, İran və Venesuela qiymətlərin saxlanması üçün hasilatın azaldılmasının tərəfdarıdır. Lakin Səudiyyə Ərəbistanı artıq oktyabrın 1-də Asiya ilə müqavilələrdə neftin barelini 1,2 dollar aşağı salaraq 90,02 dollardan imzalayıb. Neft treyderləri Səudiyyənin də “fyuçe” qiymətləri 0,7-1 dollar aşağı salacağını proqnozlaşdırırlar.

Küveytə gəlincə, bu OPEK üzvü təşkilatdakı digər dövlətlərin neft hasilatını azaldacağını gözləmir və neftin qiymətinin daha 14 faiz ucuzlaşaraq, 76 dollara düşəcəyini iddia edir.

Ümumilikdə OPEK-in aşağı qiymətləri uzun müddət saxlamaq istədiyi deyilir. Təşkilatın məqsədi neftin barelinin 80-85 dollar ətrafında olmasıdır. Hasilatın azaldılması ilə bağlı qərar qəbul ediləcəyi halda isə “qara qızıl”ın ancaq ilin sonuna 95 dollara yüksəlməsi mümkündür.

Amma Beynəlxalq Neft Agentliyinin neftlə bağlı proqnozlarının nəzərə alsaq, çətin ki, bu, mümkün ola. Agentlik neftə olan tələbatın düşəcəyini iddia edir. Bildirir ki, gündəlik neft tələbatı 200 min barel azalaraq 700 min barelə enəcək.

Onu da bildirək ki, sentyabr ayındakı xam neft təhcizatı 93,8 milyon barelə çatdırılaraq, keçən ilin eyni ayına nisbətdə təxminən 1 milyon barel artırılıb.

“Qara qızıl”ın ucuzlaşması büdcəsinin gəlirlərinin 51 faizini neft gəlirlərindən formalaşdıran, dünyanın ən böyük üç neft istehsalçısından biri olan Rusiyanın vəziyyətini gərginləşdirib. Belə ki, Rusiya büdcəsində Ural neftinin bareli 96 dollardan götürülüb. Hədəf qiyməti isə 100 dollar nəzərdə tutulub. Növbəti il üçün federal büdcənin kəsiri 430,7 milyard rubl (ÜDM-in 0,6 faizi həcmində) gözlənilir. Konkret neftin 1 dollar ucuzlaşmasından Rusiya illik 2,1 milyard dollar gəlir itirir.

Başqa tərəfdən, ölkənin milli valyutası da avro və dollara nisbətdə dəyərsizləşməkdə davam edir. Rusiya Mərkəz Bankı oktyabr ayının əvvəlindən indiyə qədər məzənnəsi düşən milli pul vahidini qorumaq üçün bazara 11 milyard dollar çıxarıb. Ancaq edilən müdaxilə belə dəyər itkisini azaltmayıb.

Mütəxəssislər gələcək risklərlə bağlı artıq SOS siqnalı verirlər: "Mərkəz Bankın nəzarət etdiyi bu siyasətin bir riski var. Kurs fərqinin yaranması insanlarda pula olan tələbi artıra bilər. Ruslar əmanətlərini çəkib, xarici pul vahidlərinə çevirib, yenidən banka yatıra bilərlər”.

İqtisadi böhran yaşayan Yunanıstanın, Avropa Birliyi (AB) və Beynəlxalq Valyuta Fondunun (IMF) qurtarma proqramından çıxma planı bazarları sarsıtdı. Afina birjasında itkilər gündəlik 9 faizə çatdı və bəzi bankların hissələrində sərt eniş yaşandı.

Qeyd edək ki, 240 milyard avroluq qurtarma paketi və kəmər sıxma tədbirləri ölkədə siyasi-ictimai reaksiyalara səbəb olub. Bazar analitikləri hətta 2010-cu ildəki çətin günlərin geri gələcəyini, yunan böhranının bütün Avropanın cənubuna yayılacağını deyirlər: “Avro Bölgəsi hələ kəmər sıxma proqramlarına və rekord işsizliyə səbəb olan borc böhranından çıxmayıb".

Yunanıstanın büdcədən dövlət borclarına ödənilən məbləğin həcmi 8.9 faiz artıb. Bu nisbət Portuqaliyada 3.7 faiz, İtaliyada 2.6 faiz, İspaniyada 2.2 faiz olaraq reallaşıb.

Söz Avropadan düşmüşkən, bölgədə illik inflyasiya sentyabr ayında 0.3 faiz qeydə alınıb. Bu rəqəm də 2009-cu ilin oktyabr ayından bu yana ən aşağı inflyasiya nisbəti hesab edilir. Avropa Birliyində (AB) isə bu nisbət 0.4 faiz reallaşıb. Avropa Statistika Ofisinin (Eurostat) məlumatlarına görə, 28 üzvü olan birliyin 17 ölkəsində illik inflyasiya sentyabrında keçən aya nisbətdə düşüb.

Avro Bölgəsində illik inflyasiyaya yuxarı istiqamətdə təsir edən faktorlar arasında restoranlar, kirayə qiymətləri və sair rol oynayır.

Resessiya təhlükəsiylə üzləşən alman iqtisadiyyatının sərmayə etibarlılığı aşağı düşüb. Avropa İqtisadi Araşdırmaları Mərkəzi (ZEW) tərəfindən aparılan araşdırmalar göstərir ki, güvən indeksi, son on ayın ən böyük enişini yaşayaraq mənfi 3,6-ya geriləyib. Sentyabrda güvən indeksi 6,9 səviyyəsində olmuşdu.

İlin ikinci rübündə daralan alman iqtisadiyyatında fabrik sifarişləri, sənaye istehsalı, eləcə də ixrac göstəriciləri də eniş yaşayır.

İş dünyası

Dünyada qlobal sərvət son 14 ildə iki dəfə artaraq, 263 trilyon dollara çatıb. Bu barədə “Credit Suisse”in hazırladığı “2014 Dünya Sərvəti Hesabatı”nda bildirilir. Qeyd olunur ki, sərvəti bir milyon dollardan çox olan zənginlərin qlobal gəlirdən götürdükləri pay yüksəlib. G7 ölkələrindən yalnız İngiltərədə sərvət bölgüsündə bərabərlik artıb. Qlobal sərvət bölgüsündə Şimal Amerika ölkələri birincidir. Hesabatda Şimal Amerika ölkələrinin qlobal sərvətin 34,7 faizinə sahib olduğu ifadə edilir. Avropanın qlobal sərvətin 32,4 faizinə, Asiya, Xəzəryanı ölkələr 18,9 faizinə, Çinin isə 8,1 faizinə sahib olduğu göstərilir. Amerika, İngiltərə və Fransada 1 milyon dollar üzərində sərvətə sahib olan iş adamlarının sayı artıb. Türkiyənin dollar milyonerlərinin sayı isə 8 faiz enişlə 79 minə geriləyib. Türkiyə həmçinin sərvət bölgüsündəki bərabərsizlikdə Rusiyadan sonra dünyada ikinci olub. Hesabatda Türkiyədə sərvətin 77.7 faizinin 10 faizin əlində cəmləşdiyi qeyd olunub.

Rusiyanın enerji nəhəngi “Qazprom” ilin ikinci rübündə gəlirlərinin 13 faiz artım nümayiş etdirdiyini açıqlayıb. Rublun dəyər itkisi sayəsində əldə edilən bu nisbət proqnozları yenə özünü doğrultmayıb.

Avropanın qaz ehtiyacının üçdə birini qarşılayan “Qazprom” Ukrayna böhranı ilə bağlı Avropa və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi maliyyə sanksiyalarının mərkəzindədir. Bu sanksiyaların şirkətə təsir etməyəcəyi irəli sürülsə də, maliyyə rəqəmləri fərqli situasiyanı ortaya qoyur.

“Toyota” müxtəlif istehsal problemləri səbəbindən 1,7 milyon avtomobilini geri çağırıb. Şirkət 2007-2012-ci illər arasında istehsal olunun avtomobillərində müxtəlif problemlərin təsbit edildiyini bildirir. 800 min avtomobilin əyləc sistemində, 900 min avtomobilin isə yanacaq paylama sistemində sızıntı olduğu irəli sürülərək, yenidən baxış keçiriləcək. Onu da bildirək ki, avtomobillərin çoxu Amerika Birləşmiş Ştatlarına satılıb.

“Apple” isə son məhsullarını – “ iPhone 6” və “iPhone 6 Plusu” Çin və Hindistanda bazarlarına təqdim edib.

Həftənin son iş günündə satışa çıxarılan texnologiya məhsulları Çində böyük marağa səbəb olub. Çin hökumətinə təhlükəsizlik zəmanəti verilməsindən sonra “Apple” məhsullarına təxminən 20 milyon sifariş gəlib. “Apple”nin yeni məhsulları ayın sonuna qədər Orta Şərq və Afrikada da bazarlarına təqdim ediləcək.

Azərbaycan

Gəldik çatdıq öz firavan, sabit iqtisadiyyata malik ölkəmizə. Girişdə qeyd etdiyimiz kimi, yola saldığımız həftə 2015-ci ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatı keçirildi. Məlum oldu ki, gələn il dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 35,5% həcmində olmaqla nominal ifadədə 19 milyard 438 milyon manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 35,3%-i təşkil etməklə 21 milyard 100 milyon manat olacağı proqnozlaşdırılır. Dövlət büdcəsinin gəlirləri 2014-cü ilin proqnozu ilə müqayisədə 1 milyard 54 milyon manat və ya 5,7% artıqdır. Büdcə xərcləri isə bu ilin proqnozları ilə müqayisədə 1 milyard 37 milyon manat və yaxud 5,2% çoxdur. 2015-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 10 milyard 388, milyon manat transfer nəzərdə tutulur ki, bu da cari ilin proqnozuna nisbətən 1 milyard 51 milyon manat və ya 11,3 faiz çoxdur. Bir sözlə, gələn il dövlət büdcəsinin gəlirlərində neft sektoru üzrə daxilolmalar 65,3 faiz, qeyri-neft sektoru üzrə daxilolmalar isə 34,7 faiz təşkil edəcək. Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7,112 mlrd. manat, Dövlət Gömrük Komitəsinin xətti ilə natural ifadədə 1,59 mlrd. manat daxilolma proqnozlaşdırılır. Layihədə dövlət büdcəsinin kəsiri 1,662 mlrd. manat nəzərdə tutulur. Ən nəhayət, büdcədə neftin qiyməti 2014-cü ildəki kimi, 100 dollar deyil, 90 dollar təşkil edəcək.

Həftənin daha bir maraqlı hadisəsi Norveçin “Statoil” neft şirkətinin “Şahdəniz”də qalan 15,5 faizlik səhmlərini Malayziyanın “Petronas” şirkətinə satmaqla layihəni tamamilə tərk etməsi oldu.

Qeyd edək ki, “Statoil”in “Petronas”la əldə etdiyi razılaşmanın dəyəri 2, 25 milyard dollardır. Sazişin 2015-ci ilin əvvəllərində bağlanacağı gözlənilir.

Məlumat üçün bildirək ki, “Statoil”in Şahdənizdəki payı 2014-cü ilin II rübünün nəticələrinə görə, sutkada 38 min barel neft ekvivalentidir. Bu arada şirkətin vitse-prezidenti Lars Kristian Başer açıqlamasında deyib ki, Azərbaycandakı səhmlərini satmaqla bağlı qərar portfelin optimallaşdırılması və şirkətin maliyyə çevikliyini artırmaqla bağlıdır. Ekspertlər isə “Statoil” kimi böyük neft və qaz şirkətinin “Şahdəniz”dən getməsini təkcə kommersiya maraqları ilə bağlı olmadığını iddia edirlər. Rəylərə görə, Norveçin dövlətə məxsus neft və qaz şirkətinin gec-tez belə bir qərar verəcəyi artıq bir il əvvəl özünü büruzə verməyə başlamışdı.

O ki qaldı “Statoil”in payını alan Malayziyanın “Petronas” şirkətinə, şirkətin Azərbaycan bazarına çıxışı təsadüfi xarekter daşımır. “Petronas”ın Xəzər regiounda geniş təcrübəsi var. Belə ki, “Petronas Chariqali” şirkəti Xəzərin türkmən sektorunda 1996-cı ildə hasilatın pay bölgüsü sazişi (HPBS) müqaviləsi bağlamağa müvəffəq olub.

Türkiyədə TANAP-ın tikintisi üçün boruların tədarükünə dair müqavilə imzalanmasını da önəmli hadisə hesab etmək olar. Trans Anadolu Təbii Qaz Boru Xətti Layihəsi üzrə boruların 80 faizi türk şirkətləri tərəfindən hazırlanacaq. Türk şirkətləri 420 mln. dollar həcmində polad boruları tədarük edilməsinə dair tenderin qalibi olublar.

Qeyd edək ki, TANAP layihəsi ilə bağlı keçirilən 1800 kilometrlik əsas boru xəttinin tikintisi ilə bağlı tenderdə 80 faiz payı “Tosçelik”, “Borusan Mannesmann”, “Erciyas Boru”, “Emek”, “Umran” və “Noksel” qazanıb. Boru xəttinin yerdə qalan qisim – 20 faizi isə xarici tədarükçü “Baosteel Europe” şirkəti tərəfindən tikiləcək.

TANAP-da 1 milyon 200 min tonluq işin təxminən üçdə birinə bərabər olan 400 min tonluq hissəsini tək başına “Tosçelik” icra edəcək. “Borusansa-Mannesmann”, “Erciyas Boru” və “Noksel ” nın meydana gətirdiyi konsorsium təxminən 300 min, “Ümran Boru” və “Emek Boru” 200 min tonluq qismini icra edəcək.

TANAP ana xətt boruları ilə bağlı tender 14 fevral 2014-cü ildə elan edilmişdi. Müsabiqədə yerli və xarici 18 şirkət iştirak edib.

“SOCAR Georgia Petroleum” şirkəti isə Gürcüstanda neft məhsullarının qiymətini yenidən azaldıb.

Oktyabrın 13-dən “Socar Georgia Petroleum”ə məxsus yanacaqdoldurma məntəqələrində neft məhsullarının bütün növlərində qiymətlər aşağı salınıb. Oktyabrın 17-dən qiymətlər yenidən 3-5 tetri, yəni 1-2 qəpik (2-3 sent) azaldılıb.

Beləliklə, “Socar Georgia Petroleum” şirkətinə məxsus şəbəkələrdə dizel yanacağının 1 litri 2,04 lari, (91 qəpik), Avropa ekoloji standartlarının tələblərinə cavab verən dizel yanacağının 1 litri isə 2,21 lariyə (99 qəpik) satılır. “Requlyar” benzininin 1 litrinin qiyməti 2,04 lari (91 qəpik), “Avrorequlyar” -2,08 lari (93 qəpik), “Premium”-2,16 lari (97 qəpik), “Super”-2,25 lari (1,01 manat) təşkil edir.

Xatırladaq ki, son iki ayda “Socar Georgia Petroleum”un yanacaq doldurma məntəqələrində neft məhsullarının qiyməti 6 dəfə aşağı salınıb. Nəticədə, neft məhsulları 8-10 tetri (3-4 qəpik) ucuzlaşıb.

Həftə ərzində Mərkəzi Bank da boş dayanmayıb. MB-nın hazırladığı “Məsuliyyətli kreditləşmə” sənədinə əsasən istehlak kreditlərinin verilməsi bir qədər də çətinləşib. Sənədin əsas məqsədi - bankların kredit verərkən daha məsuliyyətli olmasını təmin etməkdir. Mərkəzi Bankın banklardan əsas tələbi kredit verərkən müştərinin aylıq gəlir həcminin nəzərə alınmasıdır. Qurum konkret bir nisbət müəyyən edəcək ki, müştərinin aylıq gəlirinin aylıq kredit ödənişinə nisbəti bu rəqəmdən artıq olmasın.

Mərkəzi Bankın rəsmisi Nəbi Əliyev deyir ki, bu sənəd daxilində ümumilikdə borcun gəlirə nisbəti əmsalına hazırda Mərkəzi Bankda baxılır. Onun sözlərinə görə, əhalinin aylıq gəlirləri onların aylıq kredit ödənişinə nisbəti riyazi hesablanır:“Hazırda bu əmsalın tətbiqi perspektivləri, bu əmsalın göstəricinin müəyyən olunması istiqamətində beynəlxalq təcrübə araşdırılır. Müxtəlif ölkələr özlərinin iqtisadi və sosial şəraitindən asılı olaraq müxtəlif nisbətdən istifadə edir. Bu hesablamalar hər ölkədə əhalinin gəlirlərinin iqtisadi dövriliyinə baxaraq aparılır. Bəzi ölkələr hesablamaları 50%, bəzi ölkələr 40, bəziləri 60% götürə bilər. Hazırda araşdırmalar bu istiqamətdədir ki, bu göstərici olmalıdırmı və əgər olarsa hansı səviyyədə olmalıdır?”.

Bundan başqa, banklardan sosial məsuliyyətin artırılması, onların müştəriyə uyğun məhsul təqdim etməsi, müştərinin istəyindən daha çox onun imkanlarının nəzərə alınmasını tələb edilir. Müştərinin imkanlarının necə və hansı üsullarla qiymətləndirilməsi də konkret göstəriləcək. Hesab olunur ki, hökumətin bu addımlarının əsas məqsədi problemli kreditləri azaltmağa yönəlib. Çünki banklara qaytarılmayan kreditlərin həcmi artıq 1 milyard manata yaxınlaşır.

Məndən bu qədər. Hər birimizə uğurlu həftə sonu...

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm