Rublun çökməsi Azərbaycana nə vəd edir? – Açıqlama
Bizi izləyin

Ekopublika.az

Rublun çökməsi Azərbaycana nə vəd edir? – Açıqlama

Neftin qiyməti 80 dollara düşərək, son 4 ilin ən aşağı səviyyəsini nümayiş etdirib.

“Qara qızıl”ın ucuzlaşması ən çox büdcəsinin 51 faizi neft gəlirlərindən formalaşan Rusiya iqtisadiyyatına təsir göstərib. Ölkənin valyutası avro və dollar qarşısında dəyərsiz kağıza çevrilməkdədir. Rusiyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu nəzərə alsaq, rublun zəifləməsinin ölkəyə təsirləri sual doğurur.

Publika.az-a açıqlama verən iqtisadçı-ekspert Samir Əliyev bildirir ki, Rusiya hakimiyyəti nə qədər gizlətməyə çalışsa da, sanksiyalar ölkə iqtisadiyyatını tənəzzülə aparır: “Milyardlarla dollar həcmində kapital ölkədən çıxarılır. Kreditlər bahalaşır, vergi dərəcələri artırılır və hətta yenisi tətbiq edilir, səhmlər ucuzlaşır. Xarici kapital son 10 ildə ən aşağı həddə düşüb. Rusiyanın beynəlxalq ehtiyatları son 2 həftədə 3,6 milyard dollar azalaraq, 458,3 milyard dollardan 454,7 milyard dollara düşüb. “Fitch” ekspertlərinin proqnozlarına görə, sanksiya davam edəcəyi təqdirdə, ehtiyatlar ilin sonuna 450 milyard dollara, 2015-ci ilin sonuna isə 400 milyard dollara düşə bilər. Problemlər bununla bitmir. Maliyyə Nazirliyinin hesablamalarına görə, neftin qiymətinin 110 dollardan 93 dollara düşməsi ixracın ildə 55 milyard dollar azalmasına gətirib çıxarıb. Ölkədə inflyasiya təzyiqi artıb. İnflyasiya hətta İqtisadi İnkişaf Nazirliyinin son dəfə artıraraq proqnozlaşdırdığı 7,4%-lik səviyyəni ötərək 8%-ə çatıb. Bu azmış kimi, Rusiyanın Avropaya təsir vasitələrindən birinin - ildə 63 milyard kubmetr qaz ixrac etməyə imkan verən “Cənub axını” qaz kəmərinin dəyəri ümumilikdə təxminən 45% artaraq 28 milyard avrodan 40 milyard avroya yüksəlib”.

İqtisadçı deyir ki, iqtisadiyyatda müşahidə edilən neqativ tendensiyalar milli valyutanın dəyərində özünü göstərir: “Rublun ABŞ dollarına nisbətdə məzənnəsi təkcə 2014-cü ildə 20%-dən çox ucuzlaşaraq 40 rubla düşüb. Təkcə sentyabrda ucuzlaşma 7,5% olub. Mərkəzi Bank iyun ayından sonra bazara müdaxilə etməməyə üstünlük versə də, oktyabrın əvvəlində müdaxilə etmək məcburiyyətində qalıb. Mərkəzi Bank valyuta dəhlizinin sərhədlərini yenidən artırmaq məcburiyyətində qalıb. Hazırda bu hədlər 35,85-44,85 rubl təşkil edir. “Bloomberg”in hesablamalarına görə, Rusiya Bankı oktyabrın 2-dən sonra rublun dəstəklənməsi üçün bazarda 2 milyard dollar satmalı olub. Bu, mart ayından sonra ən böyük göstəricidir”.

Rublun ucuzlaşmasının Azərbaycana mənfi təsirlərinə gəlincə, iqtisadçı bunu istisna etmir: “Ticarət tərəfdaşı olan ölkənin milli valyutasının məzənnəsində dəyişiklik mütləq öz təsirini göstərir. Xüsusən də Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyada milli valyutanın ucuzlaşmasının ölkəmizə təsiri nəzərəçarpacaq dərəcədədir. Rusiyanın soydaşlarımız üçün “iş yeri” olduğunu nəzərə alsaq, bu halda təsirin əhatə dairəsinin nə qədər geniş olduğunu görmək olar. Ancaq qonşu olmasına rəğmən, ticarət əlaqələrimiz olmayan Ermənistanın milli valyutasının dəyişməsinin Azərbaycana təsirsiz ötüşdüyü fikrini söyləyə bilərik. Qalan ölkələr isə bu və ya digər formada təsir göstərir. Ona görə də, bir ölkədə baş verən iqtisadi hadisələrin bizə təsirinin olması labüddür. Bəs, bu zərər nədən ibarətdir? Əvvəla, rus rublunun dəyərsizləşməsi özünü Rusiyaya işləməyə getmiş 2 milyona qədər soydaşımızın gəlirlərinin azalmasında göstərir. Rublun il ərzindən 20%-dən çox ucuzlaşması onların qazanclarının azalmasına səbəb olub. Hər il soydaşlarımız tərəfindən ölkəyə rəsmi və qeyri-rəsmi şəkildə böyük həcmdə pul göndərilir. Təkcə 2013-cü ildə banklar vasitəsilə ölkəyə 1,2 milyard dollar həcmində pul keçirilib. Bankdankənar pul göndərişlərini də nəzərə alsaq, bu rəqəmin artdığını görə bilərik. Bu pullar, təbii ki, rublla qazanılır və Azərbaycana köçürüləndə ya xarici valyutaya (dollar və ya avro), ya da manata çevrilir. Bu zaman məzənnə fərqi itkiləri üzə çıxar. Əgər yanvar ayında hər 1000 rubl üçün 23 manat verilirdisə, hazırda bu rəqəm 19 manata düşüb. Deməli, ilin əvvəli ilə müqayisədə miqrantlarımız hər 1000 rubla 4 manat itirir. Sanksiyalar nəticəsində biznesin pisləşməsi də miqrantlarımızın qazancı üçün riskdir”.

Rublun ucuzlaşmasının Azərbaycanın ixrac potensialını zəiflətdiyini deyən S.Əliyev qeyd edir ki, milli valyutamız məzənnəsi dollara hədəflənib və dolların digər valyutalara qarşı mövqeyi manatın mövqeyini şərtləndirir: “Yəni dollar rubla nəzərən bahalaşdıqca, manat da həmin valyutaya qarşı bahalaşır. Nəticədə, Rusiya bazarlarına ixrac etdiyimiz məhsullar bahalaşır ki, bu, onların rəqabətqabiliyyətliliyini aşağı salır. Rusiya ilə ticarət dövriyyəmiz ötən il 2,6 milyard dollar olub ki, bunun da 1,5 milyardı idxalın payına düşür. 2014-cü ilin 8 ayında bu ölkə ilə ticarət dövriyyəsində geriləmə müşahidə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2014-cü ilin 8 ayında idxal 22% azaldığı halda, ixracın azalması 42%-ə çatıb. Hətta kənd təsərrüfatı məhsullarının Rusiyaya daşınmasına “yaşıl işıq” yandırılması ixracın kəskin azalmasına mane olmayıb. İdxaldakı azalma isə qonşularımızın ərzaq məhsullarını əsasən öz daxili tələbatına yönəltməsi ilə bağlıdır. Rubl ucuzlaşdıqca, bu ölkəyə ixracımızda problem yaranacaq. İstisna deyil ki, tezliklə Rusiya bazarları Türkiyə, İran və digər Asiya ölkələrinin meyvə və tərəvəz məhsulları ilə dolacaq və fermerlərimiz üçün həmin bazarda mövqelərini saxlamaq çətin olacaq. Ümid bizim məhsulların “sadiq” alıcılarına qalacaq. Manatın möhkəmlənməsi digər qonşu ölkələrlə də (məsələn, İran) ticarət dövriyyəsində mənfi saldonun həcmini artırır.

Nəhayət, rublun dəyərdən düşməsi Rusiyada həmçinin ərzaq inflyasiyasını gücləndirir. Məsələn, təkcə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayında ərzaq inflyasiyası 11.5% təşkil edib. Bunun nəticəsində isə manatın möhkəmlənməsinə rəğmən, Rusiyadan Azərbaycana ərzaq inflyasiyası idxal edilir. Nəzərə alaq ki, Azərbaycanın ərzaq idxalında Rusiya ciddi paya malikdir” .

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm