Neftin ucuzlaşması benzinin qiymətinə niyə təsir etmir?
Bizi izləyin

Ekopublika.az

Neftin ucuzlaşması benzinin qiymətinə niyə təsir etmir?

Dünya bazarlarında neftin qiymətinin ucuzlaşması fonunda Azərbaycanda Aİ-95 “Premium” markalı benzinin satış dəyərinin oktyabrın 1-dən 2 qəpik enməsi ciddi ucuzlaşma sayılmasa da, ölkəmizdə neft məhsullarının pərakəndə satış tariflərinin ilk dəfə məhz üzü aşağıya doğru dəyişməsi baxımından mühüm hadisə oldu.

Ona görə ki, bizdə indiyədək heç bir növ neft məhsulu 1 qəpik də olsa, ucuzlaşmamışdı. Sonuncu dəfə keçən ilin dekabrın 3-dən yanacaq məhsullarının qiymətlərinin Tarif Şurasının qərarı ilə 25-33 faiz yüksəldilməsindən 6 il öncə - 2007-ci ilin yanvarında belə bir addım atılmışdı ki, nə aradakı müddət ərzində, nə də sonra heç bir ucuzlaşma baş verib.

Əvvəla iş ondadır ki, bizdə bütün növ enerjidaşıyıcılarının qiymətlərinə Tarif Şurası nəzarət edir. İkincisi də, Aİ-95 ilə Aİ-98 markalı benzin növlərinin qiymətləri sərbəst olaraq məhz bu ilin əvvəlindən buraxıldığından, bu və ya digər istiqamətdə qiymət dəyişikliyindən, əslində, söhbət də gedə bilməzdi.

Düzdür, iki növ benzinin qiyməti sərbəst buraxılıbsa, dünya bazarlarında neftin qiymətinin ucuzlaşmasına əsasən, heç olmasa bunlarda eniş baş verməli idi. Ancaq Azərbaycan kimi ölkələrdə xam neftin dünya bazar qiymətləri ucuzlaşdıqda neft məhsullarının pərakəndə satış qiymətləri ucuzlaşmır, əksinə, adətən, bahalaşır.

Bunu Rusiyanın təcrübəsi də əyani göstərir.

Təsadüfi deyil ki, oktyabrın 15-dən adı çəkilən ölkədə benzinin hər bir növünə görə ödənilən qiymət təxminən 9-11 qəpik, başqa sözlə desək, 0,33 faiz artıb. Və bu ayın ortasına olan məlumata əsasən, benzinin orta qiyməti bu ölkədə hər litrə görə 33,21 rubl təşkil edirdi.

Sual olunur: niyə? Dünya bazarlarında xam neftin qiyməti ucuzlaşdığı təqdirdə görəsən, Rusiya kimi ölkələrdə neft məhsullarının – yanacağın qiyməti ucuzlaşmaq əvəzinə nədən bahalaşır? Bu, nəylə əlaqədardır?

İş ondadır ki, dünya ölkələrində neft məhsullarının pərakəndə satış qiymətləri 2 şəraitdən – dünya bazarlarında bu sahədəki real vəziyyətdən və bir də həmin ölkələrdə yürüdülən fiskal – vergi və büdcə siyasətindən asılıdır.

Məsələn, Rusiyada bilavasitə benzinin qiyməti təqribən 60 faiz müxtəlif növ vergi və rüsumlardan, 15 faiz bu sahədə nəqliyyat xərclərindən, cəmi 8 faizisə özəl hasilat və emal, 17 faizi isə neftçilər ilə avtomobil yanacaqdoldurma stansiyalarının mənfətindən asılı sayılır.

Ona görə də bu ölkədə benzinin qiyməti neftin dünya bazarlarında qiymətindən asılı olmayaraq təşəkkül tapır və inkişaf edir. Belə ki, adi rubl ABŞ dollarına görə dəyərdən düşdükdə qiymət dərhal artır. Təsadüfi deyil ki, sözügedən ölkədə son 4 ilin ərzində benzinin dəyəri nə az, nə çox 35 faiz yüksəlib.

Amma ABŞ-da əksinədir. Amerika bazarlarında neft məhsullarının pərakəndə satış qiymətləri bilavasitə dünya bazarlarında real vəziyyətə bağlıdır. Belə ki, xam neftin qiyməti düşdükdə yanacaq məhsulları ucuzlaşır, bahalaşdıqda isə yüksəlir. Dünya bazarlarında müşahidə olunan son vəziyyət də bunu əyani sübut edir.

Belə ki, ABŞ və onun kimi digər ölkələrdə benzin ucuzlaşıb.

Növbəti ilin yanvarından Rusiyada benzinin qiymətinin daha yüksək səviyyədə - 10 faiz də artıq bahalaşacağı gözlənilir. Belə ki, Aİ-95 markalı benzinin 2015-ci ildən litrə 40 rubla satılacağı proqnoz edilir ki, bunda bilavasitə dövlətin vergi siyasətinin mühüm rol oynayacağı bildirilir. Sözümüz bunda deyil.

Ümumiyyətlə, şimal qonşumuzda benzinin qiyməti ilə bağlı mütəxəssislər 3 əsas amili əsas gətirirlər. Bunlardan birincisi neft məhsullarına vergiqoyma siyasətinin və qiymətin formalaşması prosedurunun dünya bazarlarındakı tendensiyaya tərs mütənasib təşkil etməsidirsə, ikincisi, inhisarın mövcudluğu, digəri isə Rusiyanın ərazisi geniş olduğundan, daşınma xərclərinin yüksək olması amilidir.

Azərbaycanda da vəziyyət eynidir. Ölkəmizdə də neft məhsullarının pərakəndə satış qiymətləri hökumətin fiskal – vergi və büdcə siyasətindən asılıdır. Əvvəla, təkrar edirik: Azərbaycanda sözügedən məhsulların topdansatış və pərakəndə satış qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi və buna Tarif (qiymət) Şurasının baxması əhəmiyyətlidir. Nəzarət olmasa, benzin də daxil, bütün neft məhsulları indiyədək bir neçə dəfə bahalaşmışdı. Çünki bazarda tələb fasiləsiz olaraq dəyişir. Sözümüz bunda deyil.

Ölkədə yanacaq məhsullarının qiymətlərinin Tarif Şurası tərəfindən keçən ilin dekabrın 3-dən etibarən yüksəldilməsi məhz dövlət büdcəsinə əlavə gəlir əldə etmək məqsədi daşıyırdı.

Çünki yanacağın qiyməti yuxarıda da qeyd etdiyimiz kimi, bundan əvvəl 2007-ci ilin yanvarında artırılmışdı. Ona görə ki, ötən 10 ilə nəzər yetirsək, hökumətin ölkədə əhalinin sosial müdafiəsi, ümumi istehlak bazarında qiymətlərə nəzarət, makroiqtisadi sabitliyi qorumaq və inflyasiyanı idarə etmək baxımından həmişə ehtiyatlı mövqe tutduğunu müşahidə edərik.

Ancaq Dövlət Neft Fondundan bu ilin büdcəsinə transferin 17,7 faiz azaldılması, üstəlik, daxildə neft məhsulları istehsalının istehlakın durmadan artmasına rəğmən dalana dirənməsi 2014-cü ilin dövlət büdcəsinin mədaxilini havadan asılı vəziyyətdə qoyurdu. Odur ki, Nazirlər Kabinetinin (NK) verdiyi qərara əsasən, aksiz dərəcələri artırıldı.

Düzdür, NK-nin neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsini dəyişdirmək haqda 2013-cü il 2 dekabr tarixli 333 nömrəli qərarına dəyişiklik etmək barədə sonradan 6 fevral 2014-cü il tarixdə verdiyi 35 saylı qərar əksinə suallar yaratdı.

Ancaq bu, ölkəyə yanacaq məhsullarının idxalına başlanması üçün edildiyindən, bu dəfə Dövlət Gömrük Komitəsi xətti ilə aksiz vergisi yığımının genişləndirilməsini nəzərdə tuturdu.

Göründüyü kimi, neft məhsullarının pərakəndə satış qiymətlərini bu cür idarə etməkdə məqsəd məhz büdcəni doldurmaqdan ibarətdir. Yeri gəlmişkən, 2014-cü ilin dövlət büdcəsində Vergilər Nazirliyinin xətti ilə 7102,0 milyon manat məbləğində daxilolma proqnozlaşdırılıb ki, bunun da 874,5 milyon manatı aksiz üzrə vergi növündən əldə olunmalıdır.

Ona görə də, ölkəmizdə də benzinin qiyməti dünya bazarlarında xam neftin qiymətinə əsasən təşəkkül tapmır. Hələ, yaxşı ki, neft məhsullarının pərakəndə satış qiymətləri hökumətin fiskal siyasətinə sıx bağlı olan Rusiyaya oxşar ölkələrdəki kimi, Azərbaycanda da dünyada neft ucuzlaşdıqda neft məhsulları bahalaşmır. Bu da ondan irəli gəlir ki, ölkədə hökumət əhalinin sosial müdafiəsini təşkili baxımından, ümumi istehlak bazarında qiymətlərə nəzarət, habelə ümumiyyətlə makroiqtisadi sabitliyi qorumaq, inflyasiyanı idarə etmək sarıdan bu məsələdə ehtiyatlı mövqe tutur.

Aİ-95 “Premium” markalı benzinin satış dəyərinin oktyabrın 1-dən 2 qəpik ucuzlaşması da neftin qiyməti ilə əlaqədar baş verməyib. Xatırladaq ki, 2014-cü ilin aprelin 1-dən “Avro-4” ekoloji normasna keçiddən sonra Aİ-98 markalı benzin də 1,5 manatdan 1,03-ə enmişdi. Çünki Aİ-98 markalı benzinə tələbat azdır. Ötən il cəmi 179,8 ton Aİ-98 gətirilib ki, bu da ölkədə sözügedən benzin növünə olduqca cüzi ehtiyac olduğunu göstərir.

Aİ-95 benzininin daxildə istehlak payı isə 10 faiz təşkil edir.

Odur ki, dünya bazarlarındakı vəziyyətə qalsa, bunlar daha çox ucuzlaşmalıdır.

Pərviz Heydərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm