Bakıda Qəzvin-Rəşt-Astara dəmiryolu layihəsi müzakirə olunub
Bizi izləyin

Ekopublika.az

Bakıda Qəzvin-Rəşt-Astara dəmiryolu layihəsi müzakirə olunub

Bu gün iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Bakıda keçirilən MDB və Baltikyanı ölkələrin Dəmiryol Nəqliyyatı Şurasının iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İran İslam Respublikasının nəqliyyat və yükdaşıma nazirinin müavini, İran Dəmiryolları Birliyinin sədri Möhsün Purseyid Ağayi ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan-İran əlaqələrinin uğurla inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin və keçirilən görüşlərin xüsusi əhəmiyyətini vurğulayıb. 2014-cü ildə Azərbaycan və İran dövlət başçılarının Davos, Tehran və Həştərxanda keçirilmiş görüşləri, aparılan danışıqlar ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verib. Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olması iqtisadi əməkdaşlığın inkişafına əlverişli zəmin yaradıb.

Qeyd olunub ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının bu ilin avqustunda Bakıda keçirilmiş iclasında əldə olunmuş razılaşmaya uyğun olaraq, nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsi üçün tədbirlər görülür.

Görüşdə nəqliyyat sahəsində əməkdaşlığın inkişafı, Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Qəzvin-Rəşt-Astara layihəsinin sürətləndirilməsinə dair müzakirələr aparılıb. Ş.Mustafayev layihənin hər iki tərəf üçün xüsusi əhəmiyyətini qeyd edərək, layihənin tezliklə başa çatdırılması üçün lazımi dəstək göstəriləcəyini vurğulayıb.

İran Dəmiryolları Birliyinin sədri M.P.Ağayi səmimi qəbula görə təşəkkür edib, ölkələrimiz arasında digər sahələrlə yanaşı, nəqliyyat sahəsində də əlaqələrin uğuru inkişafını qeyd edib, Qəzvin-Rəşt-Astara dəmiryolu layihəsinin İranda həyata keçirilən prioritet nəqliyyat layihələrindən olduğunu diqqətə çatdırıb. Bakıda keçirilən konfrans çərçivəsində Qəzvin-Rəşt-Astara dəmiryolu layihəsi ilə bağlı müzakirələrin aparıldığını qeyd edən M.P.Ağayi layihənin İran, Azərbaycan və Rusiyanın dəmiryolları sistemini birləşdirəcəyini vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm