“Müharibə” başladı: kim kimi “QAZlayacaq"?
Bizi izləyin

Ekopublika.az

“Müharibə” başladı: kim kimi “QAZlayacaq"?

Yola saldığımız həftə bütün diqqətlər yenə birjalara yönəldi. Nefqin qiyməti 83-85 dollar arasında vargəl etdi. “Rostneft”in rəhbəri İqor Seçin dilə gəlib, neftin ucuzlaşmasının günahının dollarda olduğu bəyanatını verdi.Qeyd etdi ki, dolların məzənnəsi möhkəmləndikcə neftin qiyməti düşür. Ən maraqlısı isə odur ki, rusiyalı məmur bunu konkret Amerikanın siyasəti kimi dəyərləndirib. Onun sözlərinə görə, 2014-cü ilin ikinci yarısında Amerika Birləşmiş Ştatları Federal Ehtiyatı "kəmiyyət asanlaşma" həcmini azaltdı. Tarazlıq səviyyəsində olan pul kütləsinə dəstəyin dayandırılması digər valyutalara qarşı dolların güclənməsinə gətirib çıxardı.

Hesabatımıza neftlə başlamışkən, sən demə, dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı sentyabr ayı üzrə bazara xammal təchizatını azaldıb. Səudiyyənin təchizatı sutkada 328 min barel azalıb. Təchizat gündəlik 9,36 milyon barelə düşüb. Halbuki avqust ayında bu rəqəm 9,69 milyon barel idi. Bununla bərabər, Səudiyyə Ərəbistanının neft hasilatı sentyabrda 9,7 milyon barelə çatıb. Avqust ayında bu göstərici 9,6 milyon barel idi. Onu da qeyd edk ki, bu xəbərlərdən sonra Brent tipli neftin dekabr ayı üzrə müqavilə qiyməti 0,82 dollar (0,97 faiz) artaraq 85,53 dollara yüksəlib. Neft və təbii qaz müharibəsi artıq start götürüb.

Bu arada, Amerika, deyəsən, Rusiyanı təkcə neftin qiyməti ilə sıxışdırmaq niyyətində deyil. ABŞ ucuz təbii qaz ixracatıyla Avropanı Rusiya asılılığından xilas etməyi də planlaşdırır. Əslində, bu da 2014-cü ilin enerji bazarında yeni müharibənin başlaması ilə tarixə düşəcəyindən xəbər verir. Proqnozlara görə, təbii qaz və neft arasındakı “döyüş” 2015-ci ildə daha da şiddətlənəcək. Qaya qazı inqilabı edən ABŞ dünyanın yeni mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçısı kimi bazara daxil olacaq, üstəlik, Avstraliya və Qətərin verdiyi qiymətdən dörd dəfə aşağı qiymətə qaz satacaq. Təbii qazla bağlı bu inkişafın fonunda neftin qiymətinin 82 dollara düşməsi iki enerji növü arasında çəkişməni şiddətləndirəcək. Çünki LNG nefti əvəz edən enerji məhsulu kimi qəbul edilir.

Rusiyaya gəlincə, ölkənin milli valyutası artıq can vermək üzrədir. Rubl kapital bazarlarında mənfi proqnozların təsiri ilə düşür. Moskva birjasında avro öz tarixinin ən yüksək pilləsinə yüksəlib. 1 avro 53 rubl təşkil etməkdədir. Dollar 18,5 qəpik bahalaşaraq, 41.9 dollara yüksəlib. Ölkənin makroiqtisadi göstəriciləri də ürəkaçan səviyyədə deyil. 2014-cü il üzrə Rusiyada inflyasiya 8,3 faiz təşkil edəcək. Ölkənin İqtisadi İnkişaf Nazirliyinin açıqlamasına görə, oktyabrda inflyasiya 0,9 faiz arta bilər. Rusiyada inflyasiyanın həftəlik artım tempi 0,2 faizdir. “Rostat” da ilin əvvəlindən 6,5 faiz inflyasiya səviyyəsini açıqlayıb. Oktyabr ayı üçün bu rəqəm 8,3 faiz nəzərdə tutulub. Rusiya Mərkəzi Bankı isə ölkədə iqtisadi artım tempinin aşağı düşdüyünü açıqlayıb. İlin ilk 9 ayı ərzində Rusiyanın ÜDM artımı 0,8% təşkil edib.

Rusiyaya ilə bağlı daha bir maraqlı məqam “Qazprom” rəhbəri Aleksey Millerin Avropa İttifaqının (Aİ) Moskva ilə Kiyev arasında qaz sövdələşməsində borcun qaytarılması üçün qarşılıqlı ödənişdən istifadə və Avropa şirkətlərindən birinin vasitəçiliyi təklifini rədd etməsidir. Bununla belə, Miller “qış planı” üzrə Ukraynaya qaz satışına dair sazişin oktyabrın sonunadək imzalana biləcəyini bildirib: “Ukraynaya qaz təchizatının maliyyələşdirilməsi mənbəyi müəyyən edilərsə, qış planı gələn həftə imzalana bilər”.

Ötən gün Brüsseldə keçirilən və Aİ energetika komissarı Günter Ettingerin də iştirak etdiyi qaz danışıqlarında Moskva və Kiyev payız-qış mövsümü üçün Ukraynaya Rusiyadan qaz təchizatına dair razılığa gələ bilməyib. Danışıqların yekununda Ettinger oktyabrın 29-a təyin olunmuş növbəti görüşdə sövdələşmənin imzalana biləcəyinə ümidvar olduğunu bildirib. Onun sözlərinə görə, Aİ hesab edir ki, Kiyevin Moskvaya qaz borcu Rusiyanın Avropaya qazı Ukrayna ərazisindən ötürdüyünə görə ödəyəcəyi tranzit tarifləri hesabına qarşılıqlı surətdə ödənilə bilərdi. Lakin “Qazprom” başçısı Aİ komissarının Ukrayna ilə qaz haqq-hesabında Moskvaya qarşılıqlı ödəniş mexanizmindən istifadə təklifini rədd edib.

Aleksey Millerin təbirincə, Aİ-nın təklif etdiyi variant Kiyevin Moskvaya borcunu Rusiyanın Ukraynaya tranzit tarifi qismində verəcəyi pul hesabına ödəmək deməkdir. Miller bu təklifi “Qazprom” tərəfindən Ukraynaya borcun ödənməsi üçün kreditin verilməsi kimi qiymətləndirib.

Avropa Birliyinin iki böyük lokomotiv gücü - Almaniya və Fransa isə avro bölgəsindəki böhrandan çıxış üçün yeni yol xəritəsi mövzusunda razılaşıb. Almaniyanın paytaxtı Berlində bir araya gələn iki ölkənin maliyyə nazirləri sərmayələri artırmaq və islahatları sürətləndirmək üçün “düyməni basıblar”.

Fransanın maliyyə naziri Mişel Sapın iqtisadi artım və işsizlik mövzularının prioritetləri olduğunu söyləyib: "Avro bölgəsindəki iqtisadi vəziyyət gözləniləndən yaxşı deyil. Hərəkət edərkən iqtisadi artımın daha sürətli reallaşması üçün diqqətli olmaq məcburiyyətindəyik. Bu, hamımızı maraqlandırır. Xüsusilə də Fransanı”.

Almaniyanın iqtisadiyyat naziri Siqmar Qabriel böhrandan çıxış üçün öz təklifini irəli sürüb: “Avropada bir-birimizə özümüzü göstərməyə və pis davranmağa ehtiyac yoxdur. Hər kəs ortaq Avropa mənfəəti üçün çalışmalıdır. Qloballaşmış bir iqtisadiyyatda rəqabəti davam etdirməyə və onu artırmağa ehtiyacımız var. Beləcə, ictimai standartlar və ictimai təhlükəsizlik mövzularında siyasətlərimizi davam etdirə bilərik”.

Qeyd edək ki, Fransa Avropada iqtisadiyyatın canlanması üçün Almaniyanın 50 milyard avroluq sərmayə reallaşdırmasını təklif edir, özü isə növbəti üç il üçün cəmiyyət xərcləmələrindəki qənaətin 50 milyard avroya çatdırmağı planlaşdırır.

Çində də vəziyyət xoş deyil. Ölkənin iqtisadi artımı son 5 ilin ən aşağı səviyyəsinə düşüb. Dünyanın ikinci böyük iqtisadiyyatına sahib olan Çin ilin üçüncü rübündə son beş ilin ən aşağı böyümə nisbətini reallaşdırıb.

Ölkədə ümumi daxili məhsul 2014-cü ilin iyul-sentyabr ayları arasında keçən ilin eyni dövrü ilə müqayisədə 7.3 faiz artıb. Halbuki, Pekin hökuməti bu il üçün hədəflərini 7.5 faiz olaraq açıqlamışdı.

Məşğulluqda artıma prioritet verən ölkə rəhbərliyi bu ilin ilk 8 ayında 10 milyon yeni iş yeri yaradılacağını bildirmişdi. Bu da özünü doğrultmadı. İqtisadi böyümənin ikipilləli rəqəmlərə çatdığı Çin son 15 ildə ilk dəfə hədəfinə çatmamaq riskiylə qarşı-qarşıyadır.

İş dünyası

Yola saldığımız həftə iş dünyasının ən sarsıdıcı xəbəri qartəmizləyən maşınla yülgül motorlu “Falcon” təyyarəsinin toqquşması nəticəsində Fransanın “Total” neft konserninin rəhbəri Kristof de Marjerinin dünyasını dəyişməsi oldu. Moskvadakı “Vnukova” hava limanındakı qəzadan sonra açıqlama verən Rusiyanın istintaq komitəsi hadisəni pilotun içkili olması ilə bağladı. Onu da bildirək ki, sürücünün özü partlayışdan burnu belə qanamadan xilas olub.

63 yaşındakı Kristof de Marjeri və üç nəfər yanan təyyarədə həyatlarını itirblər. “Böyük Bığ” ləqəbi ilə tanınan 63 yaşlı “Total” rəhbəri bu posta şirkətdə 40 il işlədikdən sonar, 2010-cu ildə təyin edilib. Marjerinin Moskvada nə axtarmasına gəlincə, yazılanlara görə, “Total”ın mərhum rəhbəri rus hökuməti ilə xarici sərmayələr mövzusunda müzakirələr üçün Moskvaya səfər edibmiş…

Köhnə düşmənlər yenidən dost olur. Amerika və İran 35 ildən sonra ilk dəfə ticari əməkdaşlıq edəcək. ABŞ-ın “Boeing” təyyarə şirkəti 35 il fasilədən sonra İrana ilk dəfə təyyarə hissəsi satıb.1979-cu ildəki böhrandan sonra diplomatik münasibətləri kəsmiş iki dövlət nüvə müzakirələrində əldə edilən müvəqqəti razılaşma çərçivəsində ilk ticari əlaqəni quracaq.

İrana təyyarə satışına icazəsi olmayan “Boeing” “İran Air”ə yalnız onun hissələrini satacaq.

Xatırladaq ki, 2013-cü ilin noyabrında Cenevrədə əldə edilən razılaşmayla İrana qarşı bəzi iqtisadi sanksiyaların yüngülləşdirilməsi qərara alınıb.

Kiminin əvvəli, kimnin axırı… Bir zamanların məşhur markası “Nokia” tarixin arxivinə gedir. Belə ki, “Microsoft” “Nokia”nın adını “ağıllı telefon” siyahısından siləcəyini açıqlayıb. Şirkətin çıxardığı “Lumia” model telefonların markası “Microsoft Lumia'” kimi dəyişdiriləcək. Bu məqsədlə ilk olaraq “Nokia”nın “ağıllı telefonları” özünə aid ünvanlara istiqamətləndirilib.”Nokia” markasından isə “Microsoft”a satılmayan telefon məhsullarında istifadə ediləcək.

Yeri gəlmişkən, “Microsoft” aprel ayında finli şirkətin mobil hissəsini 7.2 milyard dollar qarşılığında öz tərkibinə qatmışdı. İki şirkət arasındakı razılaşma şərtlərdən birinə görə, “Microsoft” cib telefonlarında “Nokia” adını, ən azı, 10 il ərzində istifadə etməlidir…

Ruslar meyvə, tərəvəz, pendirdən sonra ətə də həsrət qalacaqlar. Ukrayna ilə yaşadığı böhran nəticəsində Avropa Birliyi (AB) və ABŞ-ın iqtisadi sanksiyaları ilə üzləşən Rusiya buna yeni embarqolarla cavab verib. Rəsmi Kreml heyvan yağı, ət və ət məhsullarının Avropa Birliyindən idxalını təxirə salıb.

Texnologiya nəhəngi “Apple” ilin üçüncü rübündə 42 milyard dollar gəlir əldə etdiyini açıqladı. Şirkət ayrıca eyni dövrdə 8.3 milyard dollar qazancının olduğu bildirdi. Rəqəmlərdə qısa müddət əvvəl bazara təqdim edilən “iPhone 6” modellərinin təsirinin böyük olduğu qeyd edildi. “İPhone”lərdən əldə edilən 23,7 milyard dollar ümumi gəlirin yarısından çoxunu təşkil edib…

Avropa Birliyi banklara qarşı “səlib yürüşünü” davam etdirir. Belə ki, AB antimonopoliya qanunlarına əməl eməyən maliyyə qurumlarına qarşı 94 milyon avro cəza tətbiq edib. Konkret olaraq, “JP Morgan”, “UBS” və “Credit Suisse” faiz nisbətlərini manipulyasiya etməkdə günahlandırılır. Bu banklarla ortaq hərəkət edən, lakin səhv addımlar barədə AB Komissiyasına xəbər verən “Royal Bank of Scotland” (RBS) cəzadan xilas olub. Ən böyük cəza 70 milyon avro ilə Amerikanın ən böyük bankı “JP Morgan”a qarşı tətbiq edilib. AB keçən il də libor və faiz dərəcələrində manipulyasiya etdiklərinə görə altı maliyyə təşkilatına qarşı 1.7 milyard avro cəza tətbiq etmişdi.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. 2015-ci ilin büdcə layihəsi parlamentə təqdim edildi, TANAP ƏDV-dən azad olundu, Rumıniya Azərbaycandan qaz alacağını açıqladı, ARDNŞ Rusiyada neft emalı zavodunun inşası ilə bağlı danışıqlara başladı, Maliyyə Nazirliyi cari ilin doqquz ayında dövlət büdcəsinin icrasını açıqladı, Dünya Bankı Azərbaycana 300 mln. dollar ayırdı.

Həftənin maraqlı açıqlaması Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldızdan gəldi.

O gələn ildən Türkiyənin Azərbaycandan “al və ya ödə” prinsipi ilə qaz tədarükündən imtina edəcəyini bildirdi. T.Yıldızın sözlərinə görə, keçən il Türkiyə Rusiya ilə “al və ya ödə” prinsipinə son qoyub: “Bu ilin sonunda Türkiyə İranla qaz tədarükündə bu prinsipdən imtina edəcək. Gələn ildən isə Türkiyə Azərbaycandan qaz tədarükündə də bu prinsipin tətbiqini dayandıracaq. Biz almadığımız təbii qaza görə pul veririk. Bunun avans ödəmələri vətəndaşımızın cibindən çıxan pullardır, bunu bilmək lazımdır. Bunun da yoluna qoyulacağı qənaətindəyəm”.

Türkiyə İran qazının 1 000 kubmetrini 490 dollara alır. Cənubi Qafqaz boru kəməri ilə tədarük olunan Azərbaycan qazının 1 000 kubmetrinə görə ölkə 335 dollar ödəyir. Rusiya qazının 1 000 kubmetri Türkiyəyə 425 dollara başa gəlir.

Yola saldığılmız həftə ölkədə fəaliyyət göstərən və Mərkəzi Bankın məcmu kapitalla bağlı qoyduğu tələbi yerinə yetirə bilməyən bankların taleyinin necə olacağı da müzakirə mövzusu oldu. Adı qara siyahıya düşən bəzi banklar hətta məcmu kapitallarını artırdıqlarına dair informasiyalar verməklə diqqətləri üzərlərindən çəkməyə çalışdı. Məcmu kapital problem yaşayan “Azəri-Türk-Bank” isə kapitalının yarısını dövlətə – Əmlak Məsələləri Dövlət Komitəsinə satdı. Bununla belə, ekspertlər ilin sonuna 5 bankın sektoru tərk edəcəyini istisna etmirlər. Məlumat üçün deyək ki, 2015-ci ilin yanvarın 1-də nizamnamə və məcmu kapitalını 5 dəfə artırıb, 50 milyon manata çatdırmayan bank bazarı ya tərk edəcək, ya da digər bir banka birləşdiriləcək. MB-nin maliyyə təşkilatlarının fəaliyyəti ilə bağlı hesabatlarına əsaslansaq, 5 bankın bazarı tərk edəcəyi istisnasızdır. Çünki ilin ikinci rübünün nəticələrinə görə, 5 bank ləğv etmə prosesində olub, 8 bank isə zərərlə işləyib. Bank sisteminin cəmi zərəri - zərərlə işləyən banklar üzrə - 42,44 milyon manat təşkil edir. Hazırda sual yaradan zərərlə işləyən və ləğvetmə prosesində olan bankların kimliyidir. Mərkəzi Bank həmin bankların işgüzar nüfuzunu nəzərə alaraq onların adlarını açıqlamır.

Hər birinizə uğurlu həftə sonu tətili diləyi ilə:

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm