Elman Rüstəmov hesabat verdi
Bizi izləyin

Ekopublika.az

Elman Rüstəmov hesabat verdi

Mərkəzi Bankın İdarə Heyətinin 2014-cü ilin 9 ayının yekunlarına həsr olunmuş iclası keçirilib.

Publika.az Mərkəzi Bankın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, E.Rüstəmov çıxışında cari ilin ötən dövründə ölkə iqtisadiyyatında dinamik inkişaf və əhalinin rifah səviyyəsinin yüksəlməsi proseslərinin davam etdiyini bildirib. O qeyd edib ki, Azərbaycan milli iqtisadiyyatın maliyyə dayanıqlığı və makroiqisadi sabitlik göstəricilərinə əsasən dünyada ön mövqelərini qoruyur. Belə ki, Dünya İqtisadi Forumu tərəfindən Azərbaycan rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görülüb. O cümlədən, makroiqtisadi sabitlik üzrə ilk onluqdakı yerini qoruyub.

E.Rüstəmov qeyd edib ki, cari ilin 9 ayında ölkədə iqtisadi artım 2,5% təşkil edib. Qeyri-neft iqtisadiyyatı 6% artıb. Ölkədə makroiqtisadi sabitlik qorunub, orta illik inflyasiya cəmi 1,5% təşkil edib. Bu da ötən ilin müvafiq dövründə olduğundan 0,4 faiz bəndi azdır. Əhalinin real pul gəlirləri 4% artıb. Ölkədə investisiya aktivliyi yüksək olaraq qalıb, strateji valyuta ehtiyatları 53 milyard dolları keçib.

Daha sonra E.Rüstəmov bildirib ki, Mərkəzi Bank, bütün illərdə olduğu kimi, cari ildə də öz mandatından irəli gələn vəzifələri uğurla yerinə yetirib. Onun fəaliyyəti iqtisadi artımın və şaxələnmə proseslərinin hərtərəfli dəstəklənməsinə yönəlib: “Başlıca məqsəd olan makroiqtisadi sabitlik etibarlı qorunur. Belə ki, manatın məzənnəsi sabitdir və bu, aşağı inflyasiyanın təmin olunmasında mühüm amildir. Aşağı inflyasiya şəraitində Mərkəzi Bank pul siyasətinin təşviqedici imkanlarından səmərəli istifadə edib. Bank sektorunda dayanıqlı sabitlik hökm sürür, sektorun maliyyə vasitəçiliyi genişlənir”.

İclasda aparılan müzakirələrdə həmçinin qeyd edilib ki, Mərkəzi Bankın digər vəzifə və funksiyaları da cari ildə uğurla yerinə yetirilib. Çıxışlarda ödəniş sistemləri sahəsində son proseslər, modernizasiya işləri və yeni təşəbbüslər, valyuta ehtiyatlarının idarə edilməsi üzrə strateji dəyişikliklər, nağd pul təsərrüfatında inkişaf meyilləri və digər mühüm layihə işləri və institusional dəyişikliklər barədə məlumat verilib.

Yekunda hesabat dövrünün nəticələrini müsbət qiymətləndirən E.Rüstəmov Mərkəzi Bankın qarşısında duran başlıca vəzifələrə diqqəti çəkərək bildirib ki, ölkədə iqtisadi inkişafın dayanıqlığının qorunmasında aktiv iştirak edən dövlət institutu kimi Mərkəzi Bank bundan sonra da cənab Prezidentin qarşıya qoyduğu sosial-iqtisadi inkişaf hədəflərinin realizasiyasında fəal iştirak edəcək, iqtisadiyyatın şaxələnməsi, o cümlədən, qeyri-neft iqtisadiyyatının sürətli inkişafı üçün zəruri monetar dəstəyini verəcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm