• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Biznesin qara kölgəsi – Ofşor zonalar

Biznesin qara kölgəsi – Ofşor zonalar

Vergi qaçaqçılığına qarşı mübarizəyə başlayan 80 ölkə Almaniyanın paytaxtı Berlində banklararası informasiya mübadiləsi barədə razılaşmaya imza atıblar.

Publika.az xəbər verir ki, 2017-ci ildən etibarən qüvvəyə minəcək razılaşmaya əsasən, hər ölkə özünün vergi odəyicilərinin xaricdəki maliyyə durumu haqqında məlumat əldə edə biləcək.

Razılaşmaya imza atan tərəflər arasında Avropa Birliyi üzvlərinin arasında “vergi cənnəti” kimi tanınan Kayman və Virgin adaları da var.

Təxminlərə görə, “vergi cənnətləri” (ofşor zonalar) 6 trilyon avroya sahibdir. Bu nəhəng miqdar dünyadakı vergi təşkilatlarının hər il cəmi 130 milyard avro az vergi toplamasına səbəb olur.

Nəzərə çatdıraq ki, hazırda dünyada 60-a yaxın aktiv ofşor zona fəaliyyət göstərir. Bu zonaların əsas hissəsi Karib dənizi hövzəsi, ABŞ, Avropa, Cənub-Şərqi Asiya, Hind və Sakit okeanı hövzəsində cəmləşib. Ofşor zonalarda milyonlarla şirkət, minlərlə bank, investisiya və sığorta şirkətləri, həmçinin ağır tonnajlı gəmilərin 50%-dən yuxarı hissəsi qeydiyyatdan keçib. Düzdür, bu zonalara yatırılan vəsaitlərin həcmi haqqında dəqiq məlumat yoxdur. Ekspertlərin kobud hesablamasına əsaslansaq, sözügedən zonalarda 8-21 trillyon dollar arasında vəsait yerləşdirildiyini söyləmək olar. Ofşor zonaların bir çoxu biznes sahələri üzrə ixtisaslaşıb. Məsələn, Kayman adaları (əhalisi 57.000 nəfər) hec-fondları, Bermud adaları (əhalisi 65.000 nəfər) isə təkrar sığorta üzrə liderlər sırasındadır. Şirkətlərin fəaliyyət istiqamətlərində gəlincə, bölgüyə görə 79 faiz daşınmaz əmlak , 61 faiz investisiyalar və maliyyə, 75 faiz bank xidmətləri, 49 faiz kommunal xidmətlər, 44 faiz telekommunikasiya, 43 faiz pərakəndə ticarət, 42 faiz proqram təminatı, 41 faiz neft və qaz, 38 faiz maşınqayırma, 36 faiz isə turizm sektorunda fəaliyyət göstərir. Ofşor zonalar təkcə inkişaf etmiç ölkələrin şirkətlərinə deyil, inkişaf etməkdə olan ölkələrə də cəlbedicidir. Son on ildə bu ölkələrdən 5.9 trilyon dollar həcmində maliyyə axını olub. Bir çox inkişaf etmiş dövlətlərdə tətbiq edilən xarici investorlar üçün vergi güzəştlərindən istifadə etmək məqsədi ilə yerli investorlar investisiyalarını ofşor zonalar vasitəsi ilə öz ölkələrində yerləşdirirlər. Məsələn, 2011-ci ildə Çinə ofşor zonalardan birbaşa daxil olan maliyyə investisiyalarının həcmi 16.5 trilyon dollardan artıq olub. Bunun da əhəmiyyətli hissəsi çinli investorların payına düşüb. Növbəti 15 il Sinqapur və Honq-Konqun (birlikdə) maliyyə sisteminin öz ölçülərinə görə İsveçrəni keçə biləcəyi fikri səsləndirilir.

Şirkət yaratmaq neçəyədir?

Ofşor zonada şirkəti qeydiyyat keçirmək tez, asan və ucuz başa gəlir. Adətən, bu 48 saat vaxt tələb edir, inzibati tələblər minimaldır, nizamnamə kapitalı isə tənzimlənmir. Məsələn, Seyşel adalarına getmədən orada 690 avro ödəyib şirkət yarada bilərsiniz. Bu vəsaitə sertifikatın əldə olunması, şirkətin yaradılması ilə bağlı idarə heyətinin iclası haqda sənədlər, ofis kirayəsi üçün qətnamə və direktorların qeydiyyatı daxildir. 390 avro əlavə ödəyib, şirkətə sahibliyin gizliliyinin qorunmasını da təmin etmək mümkündür. Əlavə 390 avro ödəyib ofşor şirkət üçün bank hesabı açmaq, cəmi 49 avro ödəyib şirkətin daha nüfuzlu və cəlbedici görünməsi üçün logo, möhür də əldə etmək olar.

Hansı ofşor zona daha yaxşıdır?

Bu zonalar şirkətlərin fəaliyyət istiqamətləri baxımından müxtəlifdir. Şərtlərinə görə, ofşor zonaları bir neçə qrupa bölmək olar. Birinci qrupa Karib adaları ölkələri (Nevis, Vircin adaları, Sent-Vinsent və Qredadin) aiddir. Həmin ölkələrdə ya vergilər ümumiyyətlə olmur, ya da vergilər ofşor şirkətlərə şamil edilmir. Bunun yerinə ildə 100-300 dollar vəsait ödəyirlər. Eləcə də heç bir maliyyə hesabatlığı, audit tələb olunmur. Qeydiyyat hökümətlərinə şirkətin direktorları şurası, səhmdarları haqqında məlumat verilmir. Bütün bunlar məxfiliyi təmin edir. İkinci qrupa Men adaları (Qernsi və Cersi - Şimali Avropa) aiddir. Ofşor şirkətlər vergi ödəmirlər. Bir neçə yüz funt il illik ödəniş edirlər. Audit, maliyyə hesabatlılığı tələb olunmur. Direktorlar və rəhbərlər haqqında məlumatlar açıq olur. Buna görə də, digər yurisdiksiyalarda olduğu kimi, nominal namizədlərin və direktorların məxfiliyinin qorunması üçün onların adlarına olan şirkətlər buraxılır. Bu yurisdiksiyalar Karib adalarındakılara nisbətən daha hörmətlidirlər. Lakin onlar da açıq şəkildə ofşor şirkətlər hesab olunurlar. Ofşor şirkətlərə ümumdünya nəzarəti çərçivəsində həmin şirkətin açılması üçün onun gələcək rəhbəri haqqında ətraflı məlumat tələb olunur.

Üçüncü qrup Aralıq dənizi ölkələridir (Cəbəllütariq, Kipr. Cəbəllütariqdə vergilər yoxdur, Kiprdə vergi - 4.25% təşkil edir). Şirkət sahibləri haqqında məlumatlar açıq olur. Audit yalnız Kiprdə tələb olunur. Yeri gəlmişkən, rus iş adamları əsasən Kiprin ofşor zonalarından istifadə edirlər. Kipr ilə Rusiya arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında çox əlverişli müqavilə fəaliyyət göstərir. Dördüncü qrupa nüfuzlu Avropa ölkələri İsveçrə, Lixtenşteyn, Lüksemburq aiddir. Bu zonalarda qeydiyyat bir qədər bahadır. Məsələn, İsveçrədə qeydiyyat üçün 100 min dollar frank ödənilməsi lazım gəlir. Lixtenşteyndə bu rəqəm 30-50 min İsveçrə frankı arasında dəyişir. 5-20 min frank il ərzində şirkətin saxlanmasına, yerli hakimiyyətin haqqının ödənilməsinə, auditə yönəldilir.

Lixtenşteyndə ofşor şirkətlər vergiyə pul ödəmirlər. Yeri gəlmişkən, Lixtenşteyn özəl və korporativ aktivlərin idarə olunması üçün dünyanın ən yaxşı bölgəsi hesab olunur. Lüksemburqda isə vergidən yalnız holdinqlər azaddırlar. Beşinci qrupa Cənub-Şərqi Asiya və Sakit okean ölkələri (Honkonq, Sinqapur, Malayziya, Labuan adasında ofşor zona) daxildir. Burada audit tələb edilir, sahiblər haqqında detallar qeydiyyatdan keçirilir. Honkonq və Sinqapurda vergi yoxdur. Malayziyada bu rəqəm 3 faiz təşkil edir. İkiqat vergitutmanın aradan qaldırılması haqqında saziş var. Bu sazişin şərtləri İsveçrədəkindən sərfəlidir. Kiprlə müqayisədə isə az əlverişlidir. Ümumi siyahıda ABŞ-da da yer tutur. Amerikanın Delaver ştatında gəlirlərdən vergi tutulmur, illik sabit ödənişlər məhduddur. Yəni konkret bir neçə dollar səviyyəsindədir. Amma Amerika şirkətləri federal vergi ödəmək məcburiyyətindədilər. Qanuni şəkildə bundan yayınmaq üçün isə onlar müəssisələrini şirkət kimi yox, məhdud məsuliyyətli cəmiyyət kimi qeydiyyatdan keçirirlər.

Ofşor bankçılıq

Ofşor zonalarda təkcə şirkət açılmır. Bank hesabları da yaradılır. Ofşor ərazilərdə bankların təsis edilməsi təcrübəsi XX əsrin ortalarından sonra geniş yayılıb. Ofşor bank mərkəzinə marağın artmasının səbəblərindən biri inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə valyuta məhdudiyyətlərinin həyata keçirilməsi, valyuta nəzarətinin tətbiqi, bank fəaliyyəti qaydalarının sərtləşdirilməsi, onların gəlirlərinə tətbiq edilən vergilərin yüksək dərəcələridir. Onu da bildirək ki, valyuta məhdudiyyətləri, valyuta nəzarəti bu və ya başqa formada bütün inkişaf etmiş ölkələrdə mövcuddur. Bu da yerli müştərilərə təklif edilən xidmət sahələrinin genişləndirilməsi və beynəlxalq bankların beynəlxalq maliyyə əməliyyatlarında iştirakı imkanlarını məhdudlaşdırır. Nəticədə, müştərilər valyuta əməliyyatlarını ölkədən kənarda həyata keçirirlər.

Ofşor bölgələrdə yerləşən banklar vergi ödəmir, bu da onlara maksimal faiz dərəcəsi ilə depozit cəlb etmək imkanı verir. Ofşor bank depozitorun rezidenti olduğu ölkədən kənarda yerləşməklə bir sıra vergi və hüquqi üstünlüklərə malik olur. Buraya etibarlı bank sirri, aşağı səviyyəli və ya ümumiyyətlə olmayan vergiqoyma, depozitlərin çox asan qəbulu, yerli siyasi və maliyyə dayanıqsızlığına qarşı müdafiə daxildir. Vergidən yayınma və çirkli pulların yuyulması ilə əlaqədar ofşor bankçılıq bəzən “kölgə iqtisadiyyatı” və mütəşəkkil cinayətkarlıqla əlaqələndirilir. Halbuki, əsl ofşor bankçılıq heç vaxt gəlirdən vergi və verginin digər növlərinin qarşısını almır. Digər tərəfdən, əgər bank ofşor ərazidə fəaliyyət göstərirsə, bu hələ o demək deyil ki, onu reputasiyası qaranlıqdır.

Yeri gəlmişkən, ofşor bankda istənilən adi vətəndaş hesab açdıra bilər. Bunun üçün ofşor əraziyə getmək heç də mütləq deyil. Müxtəlif vasitəçilərə müraciət etmək kifayət edir. Hesab açılması prosesi 2 gündən 7 günə qədər çəkir. Tələb olunan sənədlər sırasına pasport və daimi yaşayış yerini təsdiq edən sənəd daxildir. Bu arada hesabı internet, elektron poçt və ya telefon vasitəsi ilə idarə etmək mümkündür.

Onu da qeyd edək ki, 2012-ci ildə açıqlanan “The Price of Offshore Revisited” adlı məruzəyə əsasən, keçmiş sovet məkanından ofşor zonalarda rusiyalıların 798 mlrd., ukraynalıların 167 mlrd. dolları pulu var. Enerji resursları ilə zəngin olan Türkmənistanın ofşor hesabında cəmi 3,4 mlrd. dollar, Tacikistanın hesabında 2,4 mlrd. dollar, Qırğızıstanın 1 mlrd.-dan az, gürcüstanlıların 4,1 mlrd dollar, ermənilərin 2,2 mlrd dolları var. Özbəkistan vətəndaşlarının ofşor vəsaitləri 23 mlrd. dollardır.

İqtisadçı-ekspert Qubad İbadoğlu deyir ki, “ofşor” sözü daim neqativ mənada işlənir. Ancaq biznesin pozitiv formalarından biridir: “Ofşor sözü sahildən kənar deməkdir. Bu baxımdan da ofşor zonalar ada ərazilərində yaradılır. Bir çox ölkələr nəzarət etdikləri adalarda valyuta, vergi, gömrük, ticarət rejimi müəyyənləşdirirlər. Bu qaydalar ancaq həmin ərazi daxilində qüvvədə olur. Ona görə ayrı ayrı ölkələrin şirkətləri belə zonalarda bank, sığorta şirkəti formalaşdırmaq istəyir. Sərfəli təkliflərlə ofşor zonalar dünya biznesində cəlbedici sahəyə çevrilib. Adətən Britaniya, ABŞ Atlantik okeanda yerləşən adalarda ofşor zonalar daha geniş yayılıb. Bu, yalnız Qərbə xas deyil. Ərəb dövlətlərinin də özlərinin nəzarətində olan ofşor zonaları var. Ərəb ölkələrinin ofşor zonaları ilə qərb dövlətlərinin ofşor zonası arasında fərq ondan ibarətdir ki, Qərb dövlətlərində ofşor zonalarda ticarət, biznes, iqtisadi əməliyyatlarla bağlı məlumatlara çıxış daha asandır. Ərəb dövlətlərinin ofşor zonasında oraya qoyulan kapital, kapitalın kimə məxsus olması, həcmi, dövriyyəsi ilə bağlı məlumatlar bir növ kommersiya sirri sayılır”.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR