Pensiyaların dövlət büdcəsi hesabına artırılması dayandırıla bilərmi?
Bizi izləyin

Ekopublika.az

Pensiyaların dövlət büdcəsi hesabına artırılması dayandırıla bilərmi?

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev ölkəmizdə pensiyaların dövlət tərəfindən artırılmasına son qoyulacağı ilə bağlı açıqlama verib. Söhbət, dövlət büdcəsi hesabına artımlardan gedir. Hazırda Azərbaycanda pensiya məbləğlərinin baza hissəsi dövlət büdcəsindən hər il DSMF-ə edilən transfer hesabına maliyyələşir ki, onun vaxtaşırı artırılması da bunun sayəsində həyata keçirilir.

E. Mehdiyevin sözlərinə görə, ölkədə pensiyalarla bağlı dövlət büdcəsindən ayırmalara tədricən son qoyulacaq. O, pensiya sisteminin yalnız sığorta ödənişləri hesabına təşkil olunması istiqamətində aparılan islahatlar nəticəsində dövlət büdcəsindən asılılığın ləğv olunacağını və pensiya ödənişlərinin məhz bu mexanizm çərçivəsində həyata keçiriləcəyini vurğulayıb. Çünki pensiya sahəsində büdcədən asılılıq SSRİ-dən qalma mexanizm sayılır.

Sual olunur: bu, mümkündürmü? Başqa sözlə desək, pensiyaların yalnız sosial sığorta ayırmaları hesabına maliyyələşdirilməsinə keçmək və mövcud pensiya məbləğlərinin məhz bu mexanizm çərçivəsində artırılması bizdə real ola bilərmi?

Təbii ki, bu, gec-tez baş tutacaq. Çünki inkişaf etmiş ölkələrin, demək olar, heç birində vətəndaşların pensiya təminatı onların dövlət büdcələrindən 1 faiz də olsa asılı vəziyyətdə deyil. Ancaq bu dövlətlərdə əmək haqqı yüksəkdir, hər bir işləyən şəxs özünün gələcəkdə pensiya təminatı məsələsini qabaqcadan könüllü şəkildə ödəniş etmək vasitəsilə müəyyən edir.

Bizdə belə imkan varmı? Hələlik yoxdur.

Əvvəla, Azərbaycanda əhalinin real pul gəlirləri müntəzəm olaraq artsa da, onlara gələcəkdə öz pensiyalarını təmin etmək imkanları kifayət səviyyədə deyil. Əksinə, bir sıra sahələrdə maaşlar elə həddədir ki, adi fiziki şəxslər gəlir vergisi və sosial ayırmalardan yayınmaq üçün bəhanə axtarırlar və nəticədə bunlar gizlədilir. E. Mehdiyevin söylədiklərinə əsasən isə pensiyalar işləyən vətəndaşların hər ay maaşından ayrılan sosial sığorta yığımları (pensiya kapitalı) hesabına verilməli və artırılmalıdır. Yəni, bu sahədə dövlət büdcəsinin üzərinə düşən yük aradan qalxmalıdır.

İkincisi, bizdə fiziki şəxslərdən gəlir vergisi və sosial ayırmaların yükü “ağırlıq” təşkil edir. Belə ki, işəgötürənin əməkhaqqı fondundan 22, işçilərin isә maaşlarוndan 3 faiz sosial ayוrma tutulması böyük “yük” sayılır. Ortaya sual çıxır: rüsumun bu cür normativ şəraitdə yığılmasına baxmayaraq, ölkə üzrə pensiyaları ödəmək mümkün deyilsə, dövlət büdcəsindən ayırmadan asılılığa necə son qoyula bilər?

E. Mehdiyev qeyd edib ki, əsas diqqət iş yerlərində əmək haqlarının rəsmiləşdirilməsinə yönəldilib. O əlavə edib ki, pensiya artımlarına nail olmaq üçün ilk növbədə ödənilən əmək haqlarının leqallaşdırılması və bu əsasda daha yüksək sosial sığorta haqlarının fərdi hesablarda qeydə alınmasına nail olmaq lazımdır.

Ancaq yenidən xatırlatmaq məcburiyyətindəyik: maaşlar aşağıdır. Hər il bütün növ əmək pensiyalarının sığorta hissəsinin yanvarın 1-indən etibarən, əvvəlki il ərzində ölkədə qeydə alınmış inflyasiya səviyyəsinə uyğun olaraq indeksləşdirilərək artırılması, əhalinin pensiya gəlirlərinin bilavasitə adı çəkilən ödənişdən asılı olan hissəsinin sosial müdafiəsini gücləndirmək baxımından böyük əhəmiyyət kәѕb edir. Əvvəla, ona görə ki, başa çatmış il ərzində ölkə üzrə istehlak qiymətlərinin artımı nəticəsində pensiyaların itirilən dəyəri bu yolla bərpa edilir, ikincisi də, ölkədə pensiya məbləğləri bir də bu yolla artırılır.

Qeyd edək ki, Azərbaycan prezidentinin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə Sərəncamlarına əsasən, əmək pensiyalarının sığorta hissəsinə ölkədə gedən inflyasiyaya uyğun olaraq 2007-ci ilin yanvarın 1-dən 8,3 faiz, 2008-ci ilin yanvarın 1-dən 16,7, 2009-cu ilin yanvarın 1-dən 20,8, 2010-cu il yanvarın 1-dən 1,5, 2011-ci il yanvarın 1-dən 5,7, 2012-ci il yanvarın 1-dən 7,9, 2013-cü il yanvarın 1-dən 1,1, 2014-cü il yanvarın 1-dən isə 2,4 faiz artım tətbiq edilib.

Bəs pensiyaların baza hissəsi - minimal məbləği necə artırılmalıdır?

Ölkədə ciddi sosial-iqtisadi islahatların aparılmasının məntiqi nəticəsi olaraq yaşa görə əmək pensiyasının baza hissəsi isə 2006-cı il aprelin 1-dən 30 manat, oktyabrın 1-dən 35, 2007-ci il yanvarın 1-dən 40, fevralın 1-dən 50, 2008-ci il yanvarın 1-dən 60, sentyabrın 1-dən 75, 2010-cu ilin sentyabrın 1-dən 85, 2013-cü ilin sentyabrın 1-dən isə 100 manat məbləğində müəyyən edilib.

Bunun nəticəsi olaraq pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika üzrə artır. Belə ki, ölkə üzrə pensiyaların orta aylıq məbləği 1 yanvar 2006-cı il tarixə 29,8 manat olduğu halda, 1 yanvar 2007-ci il tarixə 41,1 manat, 1 yanvar 2008-ci il tarixə 62,9, 1 yanvar 2009-cu il tarixə 95,8, 1 yanvar 2010-cu il tarixə 100,4, 1 yanvar 2011-ci il tarixə 112,9, 1 yanvar 2012-ci il tarixə 145,1, 1 yanvar 2013-cü il tarixə isə 152 manat təşkil edib. Hazırda isə məbləğ 172,2 manata çatıb. Nəticədə, yeni sistem fəaliyyətə başladığı dövrdən bəri əmək pensiyalarının minimum məbləği 4, orta aylıq məbləği isə 5,8 dəfə qaldırılıb.

Ümumiyyətlə, yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərməyə başladığı 2006-cı ildən indiyədək dövlət başçımız tərəfindən əmək pensiyalarının baza hissəsinin artırılması ilə bağlı 8 sərəncam verilib. Bu müddət ərzində sığorta hissənin indeksləşdirilməsi ilə də bağlı eyni sayda müvafiq sənəd imzalanıb. Bununla yanaşı, əvvəlki sistemlə əhatə olunmuş şəxslərin yeni şəraitə inteqrasiyasının tamamlanması üçün də ardıcıl qərarlar qəbul edilib.

Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi ölkədə pensiya məbləğlərinin yüksəldilməsinin həmişə sosial sığorta daxilolmalarından asılı olduğunu deyir. Düzdür, əmək haqlarının leqallaşdırılması və işçilərin qeydiyyatının düzgün aparılmasından da çox şey asılı olduğu bildirilir.

Şübhәѕiz, əmək pensiyalarının sabit və dayanıqlı maliyyələsdirilməsi üçün bütün bunlar vacibdir. DSMF-in gəlirləri sabit və artan tendensiya üzrə inkişaf etməlidir ki, həm mövcud pensiya məbləğləri vaxtında ödənilə bilsin, həm də bu sahədə artımı istənilən səviyyədə həyata keçirtmək mümkün olsun.

Ancaq fondun büdcəsinə diqqət yetirsək, onun gəlirlərinin məcburi dövlət sosial sığorta haqları, dövlət büdcəsindən transfert və sair hesablardan olmaqla, cəmi 3 hissədən ibarət olduğunu görərik və xərclər 7 istiqamətdə nəzərdə tutulur. Büdcə vəsaitinin əsas hissəsi - 1,78 milyard manatı - məcburi dövlət sosial sığorta haqları hesabına formalaşır.

Belə şəraitdə pensiyaları istənilən vaxtda və səviyyədə artırmaq mümkündürmü? Sözsüz k, qeyri-mümkündür. Odur ki, vəziyyətdən çıxış yolu sosial sığorta haqlarını həm üfüqü, həm də şaquli istiqamətdə genişləndirilməsi, yaxud dövlət büdcəsindən transferi artırılması ola bilər. DSMF-in 2014-cü il büdcəsində dövlət büdcəsindən transferin məbləği 1,142 milyard manatdır. Ötən il bu məbləğ 1,077 milyard təşkil edib.

Transfer hər il artır. Növbəti ilin – 2015-ci ilin büdcəsinə əmək pensiyalarının maliyyələşdirilməsi üçün 1,100 milyard manat ayrılması nəzərdə tutulub. Halbuki, bu, düzgün deyil. Çünki əhalidən gəlir vergisi tutulmasından əlavə sosial sığorta haqları da toplanırsa, ölkənin əsas maliyyə sənədinə transfer tədricən azaldılmalıdır.

“2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda sosial sığorta daxilolmalarını yüksəltməyin, əmək haqlarını leqallaşdırmaqla işçilərin qeydiyyatı sahəsində aparılan işləri səmərəli etməyin mühüm bir vәzifә olaraq qarşιya qoyulması da bunu ehtiva edir. Xatırladaq ki, hәmin sənədə əsasən məcburi sosial sığorta ödəmələri üzrə real pay səviyyəsini işəgötürənlə işçi arasında hazırki 22+3 faiz nisbətindən 20+5 faizlə əvəz etmək nəzәrdә tutulur. Ümumiyyətlə, 22+3 faiz nisbəti birincini ardıcıl azaltmaqla ikincini 12,5 faizə çatdıraraq, hər ikisini bərabərləşdirmək planlaşdirılır. Amma yenə də təkrar edirik: ölkədə əhalinin əksər hissəsinin aldığı əmək haqlarının səviyyəsinə görə fiziki şəxslərdən gəlir vergisi ilə sosial ayırmaların mövcud səviyyəsi yüksəkdir.

E. Mehdiyev onu da qeyd edib ki, sosial sığorta haqqı normativinin strukturunun təkmilləşdirilməsi pensiya sistemində növbəti mərhələ üçün aparılacaq pensiya islahatlarının əsas istiqamətini təşkil etməklə, işəgötürənlər üzrə əmək haqlarını daha yüksək məbləğdə rəsmiləşdirmələrinə maraq yaratmalıdır.

Ancaq bizcə, pensiyaları istənilən səviyyədə artırmağın mümkün olması üçün ölkədə ya maaşlar kəskin artırılmalı, ya da məcburi sosial sığorta haqlarının yığım səviyyəsini qaldırmaqdan ötrü digər növ vergi dərəcələri aşağı salınmalıdır. Üstəlik, ölkədə icbari tibbi sığorta sistemi də işə düşərsə, işəgötürənlərə əlavə tibbi sığorta üzrə rüsumların da tətbiqi əmək haqlarının leqalaşdırılması və müqavilələrin bağlanması tədbirlərinə mənfi təsir edəcək.

Bu sahədə bəzi detallar isə artıq məlumdur. Belə ki, hökumət nümayəndələrinin bəzi açıqlamalarına görə, işəgötürənlər üzrə icbari tibbi sığortaya əməkhaqqı fonduna təqribən 2-2,5 faiz ödəniş tətbiq ediləcək. Bu da icbari tibbi sığorta sisteminin maliyyələşdirilməsinin üçüncü mənbəyi hesab olunacaq, işçilərə isə maaşlarının təxminən 1-2 faizi qədər rüsum tətbiq olunacaq.

Pərviz Heydərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm