Rus "kapriz"inə "ağlayan" Ukraynanın,"Like"ları azalan Avropanın və Azərbaycanın həftəlik iqtisadi mənzərəsi
Bizi izləyin

Ekopublika.az

Rus "kapriz"inə "ağlayan" Ukraynanın,"Like"ları azalan Avropanın və Azərbaycanın həftəlik iqtisadi mənzərəsi

Həftənin iqtisadi hesabatı

Daha bir gərgin həftəni yola saldıq. Düzdür, Ukrayna kimi borclu ölkələr üçün çətinliklər bu gündən başlayır. Belə ki, “Qazprom”un borcunu ödəmək üçün “Naftoqaz”a verdiyi vaxt fevralın 7 -də bitir. Ukraynanın 3,35 milyard dolları ödəyə bilib-bilməyəcəyini söyləmək çətindir.

Amma o dəqiq bəllidir ki, ödəniş gecikərsə, Rusiya ukraynalıları qışın oğlan çağında soyuqda donduracaq. Ona görə də, çörəyin qiyməti 5-10 qəpik qalxacaq deyib özünüzü üzməyin. Əsas odur ki, qaz, elektrik enerjisi təchizatı ilə bağlı asılı ölkələr sırasına aid deyilik. Bizi “Azəriqaz” və “Azərenerji”dən başqa heç kəs qazsız, işıqsız qoya bilməz.

Başlayaq, Avropa Mərkəz Bankından. Yola saldığımız həftə bankın maraqla gözlənilən aylıq toplantısı reallaşdı. Qurum faiz nisbətlərində dəyişiklik etmədi. Marjinal borc vermə faizi 0,75 faiz olaraq qaldı.

Yeri gəlmişkən, Avropa Mərkəz Bankının rəhbəri Mario Draghi qərara səbəb kimi böhrandan təsirlənən dörd ölkədən gələn inflyasiya rəqəmlərini göstərib: “İnflyasiyadakı enişi ilə bağlı xəbərlərin çoxu, əslində maliyyə proqramı tətbiq olunan dörd ölkə - İspaniya, İrlandiya, Portuqaliya və Yunanıstandan gəlir. Bu da ortada dönən deflasyon fenomenindən çox, qiymət nizamlamasına işarə edir”.

Avropada 2008-ci ildə başlayan böhranın ağır zərbə vurduğu sözügedən dörd ölkədə istehlakçı xərcləmələri hələ aşağı səviyyədədir. Dekabr ayında İspaniyada inflyasiya 0,3 faiz artıb. Portuqaliya və İrlandiyada inflyasiya nisbəti 0,2 faiz yüksəldiyi halda Yunanıstanda 1,8 faiz azalıb.

Ukraynada isə hökumət əleyhinə etirazlar və Rusiyanın kredit dəstəyini təxirə salması Mərkəz Bankın bazara müdaxilə etməsinə gətirib çıxarıb. Ukrayna Mərkəz Bankı milli pul vahidi grivnanın dəyərini endirib. Daxili və xarici siyasətin təsiri səbəbiylə dəyər itkisini önləməkdə çətinlik çəkən Mərkəz Bank həmçinin kurs alış-verişini ölkə daxilində məhdudlaşdırıb. Mərkəz Bank ölkədən kurs çıxışına da müəyyən məhdudlaşdırmalar qoyub. Pulla bağlı kəskin siyasətin bir müddət davam edəcəyi bildirilir. Onu da bildirək ki, kredit dərəcələndirmə təşkilatı “Ftich” də Ukraynanın kredit reytinqini aşağı salıb.

Söz Ukraynadan düşmüşkən girişdə qeyd etdyimiz ölkənin mavi qaza olan borcu ilə bağlı Rusiya ilə problemləri yenidən başlayıb. İkincinin 2013-cü ilin sonlarında qazın qiymətini endirməsinə baxmayaraq Ukrayna işlətdiyi qazın pulunu verə bilmir. Konkret yanvar ayında, Ukaynanın təbii qaza olan borcu artaraq, 3,35 milyard dollar olub. İlkin məlumatlara görə, Ukrayna “Qazprom”-dan 2,4 milyard kubmetr qazı, 650 milyona dollara alır. 2013-cü ildə isə, Rusiya “Naftoqaz”-a, 13 milyard kubmetr qazın hər min kubmetrini 400 dollara satıb. 2013-cü ildə Ukraynanın qaza olan borcu 2,7 milyard dollar olub. Dekabr ayında Ukrayna Rusiya tərəfindən endirim əldə edib. 2014-cü ilin 1-ci rübündə isə, 268,5 dollar sabit qiymət təyin olunub.

Həftə ərzində italiyanlar da boş dayanmayıb. İtaliyanın hesablama palatası beynəlxalq reytinq agentliklərinə - “Standard & Poor's”, “Moody’s” və “Fitch”ə qarşı iddia qaldırıb. Palata dəyən ziyana görə 234 milyard avro təzminat ödənilməsini tələb edir. İddia edir ki, agentliklər İtaliyanın 2011-ci ildəki maliyyə vəziyyətini səhv qiymətləndiriblər. Xatırladaq ki, bir müddət əvvəl ölkənin prokurorluq orqanları da araşdırmaya başlamışdılar. Bildirilirdi ki, qiymətləndirmədəki spekulyasiyalar iqtisadiyyata zərər vurmaqla bərabər, respublikanın imicini də zədələyib. Hətta 2012-ci ildə prokurorluq “böyük üçlüyü” məhkəməyə verməyi tələb edirdi.

Dünyanın işini bilmək olmaz buna deyiblər. İrana tətbiq olunan sanksiyaların yüngülləşdirilməsindən sonra avropalı iş adamları Tehrana axışmağa başlayıblar. Xüsusilə, İranın enerji sektorunu qızıl mədəni olaraq görən şirkətlər, sərmayə və ticarət üçün ziyarətlərini artırıblar. İranla iş əlaqələri olan 100 alman şirkəti yeni imkanlar üçün görüşlərə başlayıblar. Qonşudan geri qalma prinsipi ilə fransız iş adamları da Tehrana üz tuturlar. 140 biznesmen və idarəçidən ibarət fransalı heyət İranla iş imkanlarının artırılması yönündə görüşlər keçiriblər. Onu da bildirək ki, Yaponiya da İrana aid dondurulan 500 milyon dolları sərbəst buraxıb.

İş dünyası

Yola saldığımız həftə dünyanın böyük sosial şəbəkələrindən olan “Facebook “ 10 yaşını qeyd etdi.

Bir milyarddan çox istifadəçisi olan sosial şəbəkə Harvard Universitetində təhsil alarkən Mark Zukerberq tərəfindən qurulub. İllər ərzində böyük şirkətə çevrilib. Konkret ötən il “Facebook”un xalis qazancı 1,5 milyard dollar təşkil edib. Lakin xüsusilə gənc və orta yaş qrupu arasında məşhur olan “Facebook”un gələcəkdə istifadəçi itkisi ilə üzləşib-üzləşməyəcəyi sual işarəsi yaradır. Bəzi araşdırmaçılar 2017-ci ildə istifadəçi sayının 80 faiz azalacağını deyirlər.

Sosial paylaşma saytı olan “Twitter” birjada böyük itkilər yaşamaqdadır. Ötən ilin noyabr ayında NyuYork Birjasına daxil olan “Twitter”in zərəri ilin son rübündə iki dəfə artıb. Belə ki, 253 milyon dollar zərər gözlənilsə də, 511 milyon dollar zərər qeydə alınıb. Qurulduğu gündən qazanc əldə edə bilməyən “Twitter”in aktiv istifadəçilərinin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 30 faiz (241 milyona nəfər) artıb. Lakin 249 milyonluq gözləməyə çata bilməyib. Bununla belə texnologiya analitikləri böyümə rəqəminin təkrar sürətlənəcəyini və “Twitter”in səhmlərinin yüksələcəyini proqnozlaşdırırlar.

Axtarış proqramı olan “Google" ilə Avropa Birliyi arasında 4 ildir davam edən haqsız rəqabət istintaqı ilə bağlı tərəflər arasında razılaşma ümidləri artıb. Amerikanın texnologiya nəhəngi ilə Avropa Birliyi səlahiyyətliləri ilkin mətn üzərində razılığa gəliblər.

İlkin razılaşmaya görə, “Google” önümüzdəki beş il ərzində avropalı rəqiblərinin axtarış nəticələrini daha çox prioritet edəcəklər. “Google” öz axtarış nəticəsi ilə birgə 3 rəqibinin nəticələrini də hər dəfə vermək məcburiyyətində qalacaq. Avropalı axtarış proqramları isə hər göstərilən nəticə üçün “Google”yə ödəniş edəcəklər.

Gəldik , çatdıq ölkəmizə

Dərdimiz bir deyil, iki deyil. Kommunal xidmətlərin qiymətinin qalxacağı ilə bağlı proqnozlardan sonra, çorəyin qiymətinin bahalaşacığına dair SOS siqnalları başlayıb. Buna səbəb kimi də Azərbaycanın ən böyük buğa təminatçısından biri olan Qazaxıstanda xarici ölkələrə satılan taxılın qiymətinin artırılması gətirilir. Bildirilir ki, Qazaxıstan buğdanın bir tonunu keyfiyyətindən asılı olaraq 180-250 dollara satır. Düzdür, Azəbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin rəsmiləri ümumi qiymətdəki 5 - 6 dollar artımın çörəyin qiymətinə təsir etməyəcəyini deyirlər. Lakin inflyasiyanın qiymətdə deyil, yenə də çəkidə gedəcəyini kimsə təkzib etmir.

Həftənin digər xəbəri vergi amnistisiyasıdır. Belə ki, vergilər naziri Fazil Məmmədov gəlirlərin ümumi bəyannaməsinə keçid məqsədilə Azərbaycanda vergi amnistiyası keçiriləcəyini bildirib. "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" III Vergi Forumunda çıxışı edən nazir deyib ki, Azərbaycan ümumi vergi bəyannamələrinin tətbiqinə hazırlaşır: “Bu, çox böyük layihədir və çoxlu sayda prosedurların hazırlanmasını tələb edir. Eyni zamanda, gəlirlərin rəsmən bəyan edilməsinə amnistiya sistemi olmadan keçmək olmaz. Biz postsovet ölkəsiyik və gəlirlərin tam leqallaşdırılması üçün amnistiyanın keçirilməsi lazım gələcək. Başqa işlər də yerinə yetiriləcək. Nə vaxtsa qərar qəbul ediləcək. Buna hazırlıq gedir".

Yanvardan “depressiyada” olan bankların da üzü güldü bu həftə. Dövlət başçısının qərarı ilə banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətlərin üzrə ödənilən faizlər gəlir vergisindən azad olundu. Yeri gəlmişkən, qiymətləndirmələrə görə, bu güzəşt əmanətçilərə təxminən 60 - 70 milyon civarında ümumi qazanc verir.

Dünya Bankı isə Azərbaycanın varlanıb varlanmamasını araşdırıb. Bank “Şaxəli İnkişaf: Avrasiyada Təbii Ehtiyatlardan Səmərəli İstifadə” adlı hesabatında qənaətə gəlib ki, neft Azərbaycan üçün çox faydalı olub. Ölkənin adambaşına düşən ümumi milli gəliri 2002-ci ildəki 720 dollardan 2011-ci ildə 5290 dollara çatıb. Beləliklə, Azərbaycan orta gəlirli ölkəyə çevrilib.

Qeyd olunub ki, bununla yanaşı yoxsulluq 2002-ci ildəki 47 faizdən, 2012-ci ildə 6 faizə enib. Dövlət borcu 2002-ci ildə 23 faizdən 2012-ci ildə 12 faizə enib. Hazırda Azərbaycan üç əsas kredit reytinqi agentliyi tərəfindən investisiya dərəcəli ölkə sayılır. Bununla belə, Dünya Bankı ölkə ilə bağlı ciddi narahatlıqların qaldığını vurğulayıb. Bildirib ki, Azərbaycanda işsizlik 2002-ci ildəki 10 faizdən 2012-ci ildə 5,2 faizə ensə də, bu, ümumilikdə işçi qüvvəsinin azalması hesabına baş verib.

Gözümüz aydın, benzinin qiymətinin qalxmasının istehlak bazarında yaratdığı təsirlərin bəd xəbərləri artıq gəlməyə başlayıb. Bu ilin yanvar ayında ərzaq məhsullarının qiymətləri 0,2 faiz bahalaşıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla eyni səviyyədə qalıb.

Ay ərzində unun, toyuq ətinin, portağalın, bananın, kökün, kartofun, qurudulmuş üzümün qiymətlərində ucuzlaşma, uzun və yumru düyünün, balıq məhsullarının, kolbasa məmulatlarının, süd və süd məhsullarının, yumurtanın, kərə yağının, qarğıdalı yağının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, şabalıdın, kələmin, göyərtinin, soğanın, sarımsağın, şəkərin, duzun qiymətlərində isə bahalaşma müşahidə olunub.

Belə…Hər birinizə yaxşı həftə sonu tətili. Sizi yordumsa, hesabatdan sonra karaokeyə və kinoya gedin. Şəxsən özüm belə edəcəm…

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm