Büdcədə gəlirlərin xərcləri üstələməsi nə tələb edir?
Bizi izləyin

Ekopublika.az

Büdcədə gəlirlərin xərcləri üstələməsi nə tələb edir?

Cari ilin dövlət büdcəsinin yanvar-sentyabr ayları ərzində icrası nəticəsində 1377,1 milyon manat məbləğində profisitin (büdcədə artıqlığının) yaranması ilk növbədə Dövlət Neft Fondundan (ARDNF) transferi azaltmağı, ikincisi, gəlir və xərclərə dair proqnozların tərtibi mexanizmini dəyişdirməyi, üçüncüsü isə, gəlirlərin təminində qeyri-neft sektorundan daxilolmaların artmasına səy göstərməyi vacib sayır.

Keçən il də eyni vəziyyət qeydə alınmışdı. Belə ki, yanvar-sentyabr aylarında bu ildəkindən bir qədər çox - 1 milyard 610,3 milyon manat qalıq əldə olunmuşdu.

2013-cü ilin dövlət büdcəsinin həcmi cari ildəkindən 4, ARDNF-dan transfer isə 17,7 faiz yüksək təşkil edirdi. Və bütün bunların müqabilində xərclər isə 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulandan 1,1 faiz aşağı idi.

Odur ki, sual yaranır: cari ilin büdcəsində gəlirlər azaldılıb, xərclər çox olduğu halda, 9 ayda yenə profisit əldə olunubsa və bu, keçən ilin analoji dövründəkindən az fərqlənirsə, Neft Fondundan transferi azaltmaq mümkün deyilmi?

Heç olmasa, bunu “qayçılamaq” olmazmı?

Biz eyni məsələyə dair keçən şərhimizdə də yazmışdıq ki, belə böyük məbləğdə profisitin əldə olunmasında gəlirlərin nəzərdə tutulduğundan yüksək səviyyədə icra olunmasının böyük rolu var. Düzdür, dövlət büdcəmizdə bu il neftin qiymətinin 100 ABŞ dolları götürülməsi müəyyən problemlər yarada bilərdi. O baxımdan ki, dünya bazarlarında qiymət 2-3 ay əvvəl bundan aşağı düşsəydi, vəziyyət çətin olacaqdı. Çünki bu ilin büdcəsində neftin qiyməti keçən ildəkindən aşağı həddə götürülməli idi: 100 dollar risk sayılırdı.

Ancaq məsələ bundadır ki, 2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan neftinin orta qiyməti 109 dollar təşkil edib. Bu isə o deməkdir ki, sözügedən müddətdə xərclər nə qədər kəsirlə icra edilsə də, 9 ayda 1 milyarddan çox məbləğdə profisit təsadüfən əldə olunmayıb.

Keçən il də səbəb eyni idi.

Odur ki, 1,377 milyard manat profisit ilin yekununda xərclər nə qədər artırılsa belə, yenə kəsirə çevrilə bilməz. Yeri gəlmişkən, bu il kəsir 1,679 milyard manat proqnozlaşdırılmışdır. Bu da keçən il nəzərdə tutulduğundan 988 milyon manat çoxdur.

Beləliklə də, keçən il olduğu kimi cari il də büdcənin icrası qalıqla yekunlaşacaq.

Bəs büdcənin bu cür proqnozlaşdırılması nə məqsəd daşıyır?

İş ondadır ki, dövlət büdcəsinin icrasında bu cür böyük məbləğdə profisit heç bir halda səmərəli deyil. Belə ki, bu amil qeyd etdiyimizə əsasən ya xərclərin düzgün proqnozlaşdırılmadığı, yaxud da ARDNF-dən transferin məhz nəzərdə tutulduğu kimi həyata keçirilməsinə lüzum olmadığını göstərir.

Məsələn, götürək, göstərilən müddət ərzində ARDNF-dən transferi... 9 ayda ARDNF-dən büdcəyə 7,399 milyard manat köçürülüb ki, 1,377 milyard manat profisitin əldə olunması müqabilində bunu 1 milyarda yaxın da həyata keçirtmək olardı. Sual edilə bilər ki, bu zaman sosialyönümlü xərclərin ödənişində problem yarana bilərdimi?

Bizcə, yox...

Odur ki, bu vəziyyət hər il təkrarlandığı üçün büdcənin proqnozlaşdırılmasına yenidən baxmaq lazımdır. Yeri gəlmişkən, maraqlıdır ki, növbəti ildə transfert yenə artıq həyata keçiriləcək. Belə ki, 2015-ci il dövlət büdcəsi layihəsində ARDNF-dən transfert cari il üçün proqnozlaşdırılandan 11,3 faiz çox nəzərdə tutulub. Bu da 2014-cü ilin büdcəsində onun keçən ilə nəzərən 17,7 faiz azaldılması müqabilində təəccüb və təəsüf doğurur.

Sözümüz bunda deyil.

Ümumiyyətlə, dövlət büdcəsi son bir neçə ildir kəsirsiz icra edilir. Odur ki, gəlirlərin xərcləri üstələməsi fonunda neft pullarına qənaət etmək, büdcənin ondan asılılığını azaltmaq məqsədilə transfer məhdudlaşdırmaq israrla tələb olunur. Hansı ki bunu təmin etməyin bir yolu da neftin büdcədə qiymətini mümkün dərəcədə aşağı müəyyən etməkdən keçir.

Məsələn, 2015-ci ilin dövlət büdcəsində neftin büdcədə qiyməti 90 deyil, 75-80 dollar götürülsə yaxşı idi. Ona görə ki, risklərdən indidən sığorta olunmaqdansa, növbəti ildəki vəziyyətə uyğun hərəkət etmək məsləhətdir.

Onu da qeyd edək ki, 2014-cü ilin dövlət büdcəsi xərcləri 20,063 milyard manat proqnozlaşdırıldığı halda, gələn il üçün 21,1 milyard nəzərdə tutulub.

Bu da 1,037 milyard manat və ya 5,2 faiz çox deməkdir.

Büdcə kəsiri isə bu il üçün nəzərdə tutulandan az fərqlidir: 1,662 milyard manat.

Keçən il və bu il ərzində müşahidə olunan tendensiyaya əsasən qeyd edə bilərik ki, böyük ehtimalla 2015-ci ildə də büdcənin icrası profisitlə yekunlaşacaq.

Odur ki, büdcə xərclərində dövlət tərəfindən əsaslı vəsait qoyuluşuna qənaət etməklə profisiti azaltmaq mütləq sayılır. Bu, gələcəkdə büdcə xərclərinə nəzarətə, onun səmərəliliyini yüksəltməyə, neft pullarına qənaətə, həmçinin sosial xərclərin artım dinamikasının sırf qeyri-neft sektorun inkişafına bağlanmasına şərait yarada bilər.

Sonuncu barədə qeyd edək ki, 2014-cü ilin dövlət büdcəsi haqqında qanununun tədbiqinə dair Prezident Fərmanına əsasən məlum olduğu kimi dövlət büdcəsinə daxilolmaların 12 milyard 139 milyon manatı neft, yalnız 4,300 milyardı qeyri-neft sektoru üzrə vergilər və vergi olmayan ödənişlər hesabına təmin ediləcək.

Növbəti ildə isə gəlirlərdə qeyri-neft sektoru üzrə pay 2014-cü ilin proqnozu ilə müqayisədə 8,1 faiz yüksək təşkil etməlidir.

Pərviz Heydərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm