Ekspertdən bədbin proqnoz:"Rusiyanın iri şirkətləri çökəcək"
Bizi izləyin

Ekopublika.az

Ekspertdən bədbin proqnoz:"Rusiyanın iri şirkətləri çökəcək"

Rus rublu hər gün dəyərini bir az da itirməkdədir.

Artıq Moskva birjasında dolların kursu 1,13 rubl qalxaraq 48 rubla, avronun kursu isə 59,47 rubla yüksəlib. Bu isə ölkənin iqtisadiyyatı üçün SOS siqnalı deməkdir.

Rublun məzənnə itkisinə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov Publika.az-a açıqlamasına görə, rublun məzənnəsinin dollara nisbətən kəskin aşağı düşməsi Rusiyada yaxın zamanlarda “qara günlərin” yaşanacağına mesajdır: “Kremlin sərgilənən nikbinliyinə baxmayaraq, Rusiya iqtisadiyyatında vəziyyət heç də əminlikdən xəbər vermir. Sanksiyalardan sonra 200 milyard dollar investisiyadan mərhum olan şimal qonşumuz neftin dünya bazar qiymətinin azalması fonunda yeni reallıqla üz-üzədir: dünya iqtisadiyyatının yarısına nəzarət edən alyansla qarşıdurma nəinki asan deyil, hətta onun ciddi “iqtisadi və siyasi xərcləri” var. Rusiyanın dünya iqtisadiyyatnda payı 2.5 faizdir. ABŞ-ın payı isə 22 faizdən çoxdur. Avropa Birliyinin payı da bir o qədərdir. Bu o deməkdir ki, dünya iqtisadiyyatının 45 faizi Rusiyanın bu gün qarşıdurmaya getdiyi ABŞ və Avropa Birliyinin payına düşür. ABŞ və Avropanın müttəfiqlərini də nəzərə alsaq, Rusiya qarşıdurmaya getməklə dünyanın böyük əksəriyyəti ilə üz-üzə qalır. Ona görə də, dünya iqtisadiyyatında birrəqəmli payla digər qütblə mübarizə aparmaq və qalib gəlmək mümkün deyil. Bu, Rusiyanı çıxılmaz vəziyyətə sala bilər”.

İqtisadçı qeyd edir ki, yaxın zamanda Rusiyanın bir neçə iri şirkətinin müflis olacağını müşahidə edəcəyik: “Rusiyanın böyük şirkətlərinin investisiyalarının azalması proqnozlaşdırılır. Yaxın zamanda rublun məzənnəsinin və neftin qiymətinin azalması fonunda Rusiyanın bir neçə iri şirkətinin müflis olacağı və ciddi şəkildə zərərlə işləyəcəyini müşahidə edəcəyik”.

V.Bayramov bütövlükdə Rusiya iqtisadiyyatında baş verən son makroiqtisadi dəyişikliklərin gələn ilin yazında Rusiyanın defolt təhlükəsi ilə üz-üzə qalması ehtimalını gücləndirdiyini vurğulayır: “Neftin dünya bazar qiymətindəki azalma tendensiyası davam edərsə, o zaman şimal qonşumuz yeni ilə ciddi başağrısı ilə daxil ola bilər”.

O ki qaldı rublun məzənnə itkisinin Azərbaycana təsirlərinə, iqtisadçı deyir ki, həm makro, həm də mikro yanaşma səviyyədə təsirlər ola bilər: “Makro səviyyədə təsir ondan ibarətdir ki, Dövlət Neft Fondu ehtiyatlarının bir qismini rublla saxlayır. Yəni, rublun aşağı düşməsi həmin ehtiyatlara mənfi təsir göstərəcək, bu, onların dəyərinin azalmasına da gətirib çıxara bilər. Digər neqativ tərəf ondan ibarətdir ki, Rusiyada rublun dollara nisbətən məzənnədən düşməsi rublun manata nisbətən məzənnəsinin də azalmasına gətirib çıxarır. Yəni, manat da rubla nisbətən möhkəmlənir. Bu, Rusiyaya məhsul ixrac edən azərbaycanlı yerli iş adamlarının ixrac qabiliyyətini müəyyən qədər məhdudlaşdırlır və faktiki olaraq Azərbaycan məhsullarının Rusiyada bahalaşmasına gətirib çıxarır”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm