DESFA ilə bağlı yaranmış problem Rövnəq Abdullayevi Yunanıstana apardı
Bizi izləyin

Ekopublika.az

DESFA ilə bağlı yaranmış problem Rövnəq Abdullayevi Yunanıstana apardı

ARDNŞ-nin Prezidenti Rövnəq Abdullayev Yunanıstana səfər edib. Səfər çərçivəsində bu ölkənin baş naziri Antonis Samarasla görüşub.

Dövlət Neft Şirkətindən verilən məlumata əsasən, görüş zamanı TAP layihəsinin həyata keçirilməsi və Yunanıstan Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkətinə məxsus səhmlərin 66%-nin ARDNŞ tərəfindən alınması prosesinin tamamlanması ilə bağlı məsələlər müzakirə olunub. Tərəflər qeyd olunan layihələrin həyata keçirilməsi haqqında fikirlərini bölüşüblər.

Qeyd edək ki, R.Abdullayevin Yunanıstana qəfil səfərinin əslində məqsədi TAP deyil, DESFA-nın səhmlərinin alqı-satqısı ilə bağlı yaranan problemdir. Belə ki, Avropa Komissiyası bu alqı-satqının əleyhinə çıxıb. Komissiya gözlənilmədən elan edib ki, ARDNŞ Yunanıstanın qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin alınmasına dair sövdələşməsini təsdiqləməyə bilər.

AK-nın rəyinə görə, bu sövdələşmə Yunanıstana təbii qazın topdan satışında rəqabəti poza bilər. Çünki birləşmiş şirkət SOCAR-ın rəqiblərinə Yunanıstanın qaz kəmərləri şəbəkəsinə çıxışına mane olmağa imkan verəcək. Avropa Komissiyası Yunanıstan hökumətinin ölkənin energetika bazarının liberallaşdırılması və modernləşdirilməsinə yönələn özəlləşdirmə proqramı çərçivəsində DESFA-nı satışa çıxarmasının rəqabət mühitinə zərbə vurmamasına, nəticədə Yunanıstan istehlakçılarının qaza görə daha yüksək qiymət ödəməsinə gətirib çıxarmamasına çalışır.

Avropa Komissiyasının bu sövdələşməyə dair qərar çıxarmaq üçün 90 iş günü, yəni 2015-ci il, martın 23-dək vaxtı var.

Xatırladaq ki, ötən ilin sonunda ARDNŞ Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund - HRADF) və "Petroleum" şirkəti ilə DESFA şirkətinin (Yunanıstanın milli qazpaylayıcı şəbəkəsinin operatoru) səhmlərinin 66 faizinin alınmasına dair saziş imzalayıb.

Bundan əvvəl HRADF-nin elan etdiyi beynəlxalq tenderin yekunlarına görə, tərəflər səhmlərin alqı-satqısı və səhmdarlar haqqında sazişlər imzalayıblar.

İmzalanmış sənədlər onların Avropa Komissiyasının Energetika və Antiinhisar siyasəti məsələləri üzrə baş müdiriyyətləri tərəfindən imzalanmasından sonra qüvvəyə minəcəyi deyilirdi.

Onu da bildirək ki, ARDNŞ-dan başqa “DESFA”ya Rusiyanın “Sintez” şirkətlər qrupu və “PPF-Terna” müştərək yunan-çex şirkəti iddia edib. Lakin 2013-cü ilin iyununda qeyd olunan iki şirkət “DESFA”nın satışı üzrə müsabiqədə iştirak etməyib geri çəkilib. Nəticədə ARDNŞ meydanda tək qalıb. “Hellenic Petroleum” şirkətinin İdarəetmə Şurası isə ARDNŞ-in “DESFA” nın səhmlərinin 66%-nə görə 400 milyon avro məbləğində vəsait təklifini daha faydalı sayaraq onu qəbul edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm