Benzin ixracına dair ziddiyyətli məqamlar...
Bizi izləyin

Ekopublika.az

Benzin ixracına dair ziddiyyətli məqamlar...

Ölkədə daxili bazarın neft məhsulları, xüsusən də avtomobil benzini ilə təminatı məsələsində ilin əvvəlində deyilənlər real vəziyyətə uyğun gəlmir. Belə ki, ölkədə daxili tələbatın son 10 il ərzində ardıcıl genişlənməsinə rəğmən, Dövlət Neft Şirkəti (SOCAR) ixracı dayandıracağını bildirsə də, bu gün 5-10 min ton benzin üçün yaxşı qiymət təklif olunarsa, ixracın problem olmadığını bəyan edir.

SOCAR prezidenti Rövnəq Abdullayev deyir ki, ölkəmizdən benzin ixrac olunmasa da, istehsal sırf daxili tələbat üçün hesablansa da, yaxşı qiymət təklif edilərsə, bunu həyata keçirmək mümkündür.

Şirkətin öz saytından əldə etdiyimiz məlumata görə, 2014-cü ilin yanvar-oktyabr ayları ərzində 9 min 332 ton avtomobil benzini ixrac edilib. Ümumiyyətlə isə, cari ilin, demək olar, hər bir ayı ərzində keçən il söylənilənlərin əksinə olaraq, benzin ixracı dayandırılmayıb.

Odur ki, sual yaranır: ötən 10 ay ərzində xaricə 9 min 332 ton benzin satıldığı halda, əlavə olaraq Qazaxıstana da qısa müddətə 5-10 min ton, görəsən, hardan və necə tapılır? Sözümüz bunda deyil.

Eyni mövzuda sentyabrda yazmışdıq ki, daxili bazarı təmin etməkdə çətinlik olsa da, narahatçılığa əsas yoxdur. O mənada ki, daxili bazarı yanacaq məhsullarıyla təmin etməkdə mövcud emal infrastrukturu yetərli gücdədir. Və SOCAR-ın həm çıxardığı neft həcmi, həm də emal zavodlarının potensialı buna kifayət edir.

Sadəcə, daxildə istehlaka nəzarəti gücləndirmək tələb olunurdu ki, ölkədə neft məhsullarına, xüsusən də benzinə tələbatın nizamsız artmasının qarşısı alınmalı və yanacaq tutumlu sahələrə nəzarət gücləndirilməli, enerji istehsalı, nəqliyyat sektorunda fəailiyyət və daşımalarda benzindən və dizeldən istifadə maksimum səmərəli təşkil edilməlidir.

Bu şəraitdə ixrac üçün hər zaman benzin tapmaq mümkündür.

Ancaq bir cəhət var. O da bundan ibarətdir ki, Qazaxıstanda 42 sayda kiçik həcmli neftayırma zavodu (NEZ) vardır ki, deyilənə görə, bunun 20-sindən çoxu işləmir. Bunlarda təqribən, 1 milyon tona yaxın neft emal edilir və keyfiyyəti olduqca aşağı səviyyədə sayılır. Keçən ilin yekununa görə, sözügedən ölkədə 81,8 milyon ton neft çıxarılmışdır ki, bunun da 15,3 milyon tonu emal edilib. Bu ölkədə 3 nəhəng NEZ də fəaliyyət göstərir ki, Astana özünü nə benzinlə, nə də dizel yanacağı ilə təmin edə bilmir. Odur ki, hər il bunları xaricdən idxal etmək məqsədilə 2,5 milyard ABŞ dolları məbləğində vəsait xərclənir.

Çünki Qazaxıstanın dövlət büdcəsi xam neft ixracından çox asılı vəziyyətdədir.

Azərbaycanda da vəziyyət, demək olar, eynidir. Belə ki, yanacaq məhsullarının qiymətləri keçən il dekabrın 3-dən 25-33 faiz artırıldıqdan sonra ölkədə cari ilin ilk 2 ayı ərzində yanacaq istehlakı 6,7 faiz azaldı. Keçən ilin yanvar-fevral aylarında 2012-ci ilin eyni dövrünə nisbətdə 28 faizdən çox artım əldə olunmuşdusa, bu ilin əvvəlindən daxili bazarda avtomobil yanacağının istehlakı az təşkil etdi.

Ancaq qiymətləri yüksəltmək çıxış yolu deyil axı...

Bazarda tələb fasiləsiz olaraq artır. Odur ki, Aİ-98 markalı benzinlə yanaşı, Aİ-95 də bu ildən kənardan gətirilməyə başlandı ki, bu mənada, Aİ-95 markalı benzinin qiymətini də Aİ-98 kimi sərbəst buraxmaq qaçılmaz oldu.

Yəni, məhz istehsala diqqət yetirmək və bunu artırmaq lazımdır. Bəllidir ki, ölkədə neft emalı SOCAR-ın tərkibində fəaliyyət göstərən 2 neftayırma zavodu tərəfindən həyata keçirilir ki, bunların ikisinin birgə emal gücü təxminən ildə 16 milyon ton təşkil edir. Bu zavodlarda şirkətin özünün sudan və qurudan çıxardığı neft emal olunur.

Bu il benzin ixracını davam etdirmək həm də ona görə mümkün oldu ki, Heydər Əliyev adına Bakı neft emalı zavodunda əsaslı təmir işləri həyata keçirilib başa çatdırıldıqdan sonra zavodun emal gücünün 2 milyondan 3 milyon tonadək, benzin istehsalının isə 450 min ton artacağı deyilmişdi.

D. Məmmədov demişdi ki, 2014-cü ildə neft emalının keçən illə müqayisədə 5,5 faiz, yəni təxminən 300 min ton artacağı və 100 min ton əlavə benzin istehsal olunacağı, o cümlədən istehsal həcminin 1,5 milyon tona çatması idxalı aradan qaldırmayacaq.

Aİ-98 və Aİ-95 markalı benzin növləri ölkəyə yenə idxal olunacaq.

Ancaq məsələ bundadır ki, ölkəmizdən bu il neft ixracı dayandırılmadı. Hətta, deyilir ki, Aİ-95-in də istehsalı bərpa oluna bilər. Belə ki, Bakı neft emalı zavodunda rekonstruksiya və modernləşdirmə işlərindən sonra bu da mümkündür. Deməli, Aİ-92-yə olan tələbat artıq tam ödənilir. Əgər, ötən 10 ay ərzində 9 min tondan çox ixrac etmişiksə və üstəlik, Qazaxıstan üçün də 5-10 min ton “heç” sayılırsa demək, Aİ-95-in də istehsalını bərpa etmək realdır.

Bu haqda biz yazmışıq ki, SOCAR-ın hasil etdiyi nefti emala yönəltməmək üçün bəzi yanacaq növlərinin, xüsusən də benzinin ölkəyə idxalı məqsəuyğundur. Və azərbaycan nefti keyfiyyətli olduğundan onu daxildə istehlak etmək bizcə, düzgün deyil. Bundan əlavə, Aİ-98 və Aİ-95 markalı benzinə ölkəmizdə tələb azdır.

Odur ki, əsas, Aİ-92 markalı benzini artırmaqdır. Sözümüz bunda da deyil.

İstənilən halda, yeni neft-qaz emalı kimya kompleksinin işə düşməsinə ehtiyac var. Maraqlıdır ki, bunun da vaxtı hər dəfə bir az uzağa çəkilir. Biz, sual etmişdik ki, Səngəçal terminalının şimalında, Qaradağ-Abşeron ərazisində tikilib istifadəyə veriləcək bu kompleks niyə əvvəl nəzərdə tutulduğu kimi 2017-ci ildə deyil, 2023-2025-ci illərdə fəaliyyətə başlayacaq?

Son məlumata əsasən isə, SOCAR-ın bu mühüm strateji layihəsi 2030-cu ildən tez başa gəlməyəcək. Bakı neft emalı zavodusa həyata keçirilən rekonstruksiya və modernləşdirmə işləri 2018 və 2019-cu illərdə başa çatmaqla hələ, 15 il fəaliyyət göstərəcək.

SOCAR-ın 2020-2021-ci illərədək daxili bazarda avtomobil benzininə tələbatı maksimum ödəmək üçün ölkədə neft emalı prosesini yeniləşdirmək barədə qərarı həmin vaxtadək idxalsız keçinməyə imkan verəcəkmi?

Digər tərəfdən, bu sahədə dünya standartlarına cavab verən yüksək oktanlı benzin növlərinin istehsalına nail olmaq və konkret olaraq bir növ üzrə də varsa istehsalı istənilən səviyyədə saxlamaqdan söhbət gedərsə, Bakı zavodunda aparılan işlərlə yanaşı, yeni kompleksin tikilib tez fəaliyyətə başlamasına yenə zərurət var.

Ən azı ona görə ki, dünya standartları da “yerində donub qalmayıb”.

Pərviz Heydərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm