• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Viktor Orban: Azərbaycan qazı Cənubi Avropaya nəql ediləcək

Viktor Orban: Azərbaycan qazı Cənubi Avropaya nəql ediləcək

"Biz Azərbaycanı çox dəyərli bir tərəfdaş kimi qiymətləndiririk. Çünki Azərbaycan Avropa və Asiya arasında böyük bir körpüdür. Azərbaycan enerji resurslarından səmərəli istifadə yolu ilə iqtisadiyyatının digər sahələrini də uğurla inkişaf etdirərək dünya liderinə çevrilmiş bir ölkədir".

Publika.az xəbər verir ki, bu barədə bu barədə noyabrın 11-də Budapeştdə Azərbaycan-Macarıstan sənədlərinin imzalanması mərasimindən sonra mətbuata bəyanatında Macarıstanın baş naziri Viktor Orban deyib.

Baş nazir qeyd edib ki, bu il Macarıstanda iqtisadi artımı üç faiz təşkil edir. "Təbii ki, Azərbaycan dövlətinin başçısının yanında bu rəqəmlərlə öyünmək bir az çətindir. Biz belə bir razılığa gəldik ki, hər iki ölkə dinamik şəkildə inkişaf edir və qarşılıqlı tələbatı nəzərə alaraq müxtəlif sahələri daha da inkişaf etdirə biləcəyik. Ticarət dövriyyəsi artmaqdadır. Amma qeyd etmək istərdim ki, potensialımız daha böyükdür. Bu gün imzaladığımız sənəd bizdə böyük ümid doğurur ki, gələcək illərdə də əməkdaşlığımıza çox güclü bir təkan veriləcəkdir".

Viktor Orban ökəsinin əhəmiyyət verdiyi sahələrdən birinin enerji sahəsi olduğunu bildirib: "Bu, hazırda dünya siyasətinin prioritet məsələlərindən biridir. Bu sahədə bir çox müzakirələr aparılır, amma zənnimcə, konkret işlər görən ölkələr azdır. Bu sahədə Azərbaycan nümunə ola bilər. Mən cənab Prezidentə bir daha dedim ki, ölkə üçün bizim prioritetimiz enerjinin qiymətini ABŞ səviyyəsinə çatdırmaqdan ibarətdir. Bunun üçün isə bizim tərəfdaşlara ehtiyacımız var və burada Azərbaycan müstəsna rol oynaya bilər. Bu, bizim strateji maraqlarımıza uyğundur. Bu, təkcə Macarıstan üçün deyil, Avropa İttifaqı üçün çox vacibdir ki, Azərbaycan qazı Avropaya nəql edilsin. Hazırda imzalanan sazişlər nəticəsində Azərbaycan qazı Cənubi Avropaya nəql ediləcəkdir. Növbəti illərdə isə müvafiq infrastruktur yaradılmalıdır ki, Azərbaycan qazı Mərkəzi Avropaya yol tapsın. Bunun üçün qonşu dövlətlər öz aralarında əlaqələndirici kəmərlər inşa etməlidirlər. Bu sahədə Avropa İttifaqı olduqca az iş görüb. Amma biz nümunəvi ölkə olmalıyıq və qonşu ölkələrdən qaz ala biləcəyimizi nümayiş etdirməliyik. Bunun üçün isə biz bütün imkanlardan və fürsətlərdən istifadə edəcəyik".

Baş nazir bildirib ki, Macarıstan insan amilinə də üstünlük verir: "Bizim əməkdaşlığımızın tərkib hissələrindən biri də təhsil sahəsidir. Biz müvafiq sənəd imzaladıq və bunun sayəsində 200 azərbaycanlı tələbə Macarıstanda təhsil alacaqdır. Biz paytaxtlar arasında da əməkdaşlığı təşviq etmək əzmindəyik. Bu gün bizim çox ümidverici müzakirələrimiz oldu. Əminəm ki, vahid məqsədləri vurğulamış olduq. Bizim məqsədlərimizin biri isə Macarıstan universitetlərindən birinin fakültəsinin Azərbaycanda açılmasıdır. Bizim ali təhsil ocaqlarımız bu işdə azərbaycanlı həmkarları ilə çalışmağa hazırdır. Bir sıra digər sahələr də müəyyən etmişik. Hər iki hökumətin üzvlərinə müraciət edərək onları bu işdə əllərindən gələni əsirgəməməyə dəvət edirəm. Çünki biz iqtisadi və təhsil sahələrində bütün imkanlardan bəhrələnə bilsək, bir çox işləri görmüş olarıq".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR