İran Azərbaycandan nə alır, nə satır?
Bizi izləyin

Ekopublika.az

İran Azərbaycandan nə alır, nə satır?

İran Prezidenti Həsən Ruhani bu gün ölkəmizə rəsmi səfərə gəlir. Publika.az xəbər verir ki, səfər çərçivəsində 10 sənədin imzalanması gözlənilir.

Düzdür, bu sənədlərin məğzi açıqlanmır. Lakin İran prezidentinin gəlişinin ən mühüm səbəblərindən biri kimi enerji amili irəli sürülür. Eyni zamanda, ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində addımlar da istisna edilmir.

Çünki nə qədər qəribə olsa da, Azərbaycanla İran arasında iqtisadi əməkdaşlıqlara dair onlarla sənədin imzalanmasına baxmayaraq, ticarət dövriyyəsinin həcmi çox aşağıdır. Gəlin rəsmi rəqəmlərə nəzər yetirək.

Əvvəla, nəzərə çatdıraq ki, iki ölkə arasında iqtisadi sahədə 30-a yaxın sənəd imzalanıb. Bunlardan mühümləri investisiyaların qarşılıqlı təşviqi və qorunması, ticarət, enerji, nəqliyyat, turizm, gömrük məsələlərində əməkdaşlıq, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması, iqtisadiyyat və ticarət üzrə əhatəli əməkdaşlıq üzrə sazişlərdir.

Sənədlər əsasən investisiya qoyuluşu və maliyyələşdirmə sahələrində həyata keçiriləcək layihələr üzrə əməkdaşlığı, elmi və texniki sahələrdə əldə edilən nailiyyətlərdən istifadə, digər ticarət sahələrində bir-birinə yardım göstərilməsi, iki ölkənin şirkətlərinin və iqtisadi qurumlarının filial və nümayəndəliklərinin açılışı və fəaliyyətinin dəstəklənməsi, iki ölkə arasında ticarət və tranzit sahələrinin inkişafına lazım olan infrastrukturun yaradılması məqsədi ilə avtomobil və dəmir yollarının inkişaf etdirilməsi üzrə birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi və s. kimi məsələləri əhatə edir.

1992-ci ildən etibarən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiya fəaliyyət göstərir. Komissiyaya hər iki ölkənin xarici işlər nazirləri rəhbərlik edir.

2012-ci ildə Azərbaycan Respublikasının İran İslam Respublikası ilə ümumi ticarət dövriyyəsinin həcmi 263 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 176 milyon ABŞ dolları, ixracın həcmi 87 milyon ABŞ dolları təşkil edib. Cari ildə bu rəqəm 500 milyon dollar olub. Azərbaycanın xarici ticarət dövriyyəsində İranın payı 0,84 faiz (24-cü yer), o cümlədən idxalda 1,65 % (15-ci yer), ixracda isə 0,55% (25-ci yer) təşkil edir.

Azərbaycandan İrana əsas ixrac malları polad yarımfabrikatlar, təbii qaz, yeyinti sənayesinin qalıqları, elektrik enerjisi, texniki məqsədlər üçün bitkilər, qara metallardan digər məmulatlar, ipək, plastik kütlələr və onlardan hazırlanan məmulatlar, İrandan Azərbaycan Respublikasına əsas idxal malları sement klinkerləri, plastik kütlələr, sement, maşın və mexanizmlər, elektrotexniki avadanlıqlar, aparatura, şüşə və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, dənli bitkilər, keramika məmulatları, meyvə-tərəvəz gətirilir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm