• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Həsən Ruhani: "İki millətin mənafeləri naminə bütün şəraiti yaradacağıq"

Həsən Ruhani: "İki millətin mənafeləri naminə bütün şəraiti yaradacağıq"

"Biz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycanın yüksək rütbəli şəxsləri ilə danışıqlar aparmışıq. Bu forum o mənanı daşıyır ki, iki ölkənin məsul şəxsləri ölkənin inkişaf yollarını və ölkələrimiz arasındakı əlaqələrin genişlənməsi ilə bağlı fikir mübadiləsi aparır, özəl sektorun nümayəndələri və sahibkarlar bu istiqamətdə fəaliyyət göstərirlər".

Publika.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani noyabrın 13-də Bakıda keçirilən Azərbaycan-İran Biznes Forumunda çıxışı zamanı deyib.

Həsən Ruhani deyib:

Bu forum ona görə təşkil olunub ki, sərmayəçilər, sahibkarlar və biznesmenlər iki ölkənin imkanlarını və potensiallarını dəqiq araşdıra bilsinlər. Əlbəttə, sərmayədarlarımızın hansı sahədə daha fəal iştirak etmələri bəzi xüsusiyyətlərlə bağlıdır ki, onlar sərmayə qoyduğu sahələri yaxşı tanısınlar və bilsinlər ki, bu sərmayə sabit, dayanıqlı, faydalı olmaqla bərabər, sərmayədarın şəxsi həyatına, onun biznes işlərinə və iki ölkənin mənafeyinin təmin edilməsinə öz təsirini göstərmiş olsun. Elə bir ölkə yoxdur ki, onun üçün nisbi üstünlük olmasın. Elə bir ölkə də yoxdur ki, bütün nisbi xüsusiyyətlər məhz ona məxsus olsun. Hər ölkənin özünəməxsus üstünlükləri vardır və gərək hər iki ölkənin sərmayədarları bu üstünlükləri nəzərə alaraq kapital qoyuluşunu təşviq etsinlər.

Siyasət dünyasında bəzən cəmin hasili sabit nəticəyə səbəb olur. Müasir dünyada hazırkı İran dövlətinin mövcudluğu baxımından biz gərək qalib gəlmək düşüncəsinə və müsbət nəticənin əldə edilməsinə nail olaq. İqtisadiyyat sahəsində və sərmayə qoyuluşu məsələsində də mütləq belə olmalıdır. Hər bir ölkənin və ölkələrimizin sərmayədarları gərək elə hərəkət etsinlər ki, ölkələrimizin mənafeyi yaxşı sığortalansın.

Bizim nöqteyi-nəzərdən qalib gəlmək və məğlub olmaq heç vaxt davam edə bilməz. Əlbəttə, qısa müddət ərzində mövcud ola bilər, amma sonda uğursuzluğa düçar olacaqdır. Həmişə bütün planlaşdırma işləri qalib gəlmək prinsipinə əsaslanmalı, o cümlədən uzunmüddətli, dayanıqlı və qarşılıqlı mənafelərin təmin edilməsi diqqət mərkəzində olmalıdır. Son zamanlar sanksiyalarla və təzyiqlərlə üzləşdiyimiz dövrdə çoxsaylı dərslər öyrənə bildik. Bizim ilk dərsimiz o oldu ki, əgər bir millət iradə göstərə bilsə, sanksiyaların təsirini o qədər azalda, hətta sıfır dərəcəsinə yaxınlaşdıra, sanksiyalar şəraitində özünün iqtisadi proqramlarını həyata keçirə bilər. Bir il üç ay öncə fəaliyyətə başlayan bu hökumət qısa müddət ərzində alıcılıq qabiliyyətinin güclənməsi istiqamətində işləmiş, istehsalın artırılması üçün çalışmış, sərmayə qoyuluşunda təşviqə dəstək vermiş və iş şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərmişdir. Uzunmüddətli gələcək üçün dayanıqlı və hərtərəfli iqtisadiyyatın inkişafına maraq göstərmişdir. Biz 15 ay ərzində inflyasiyanın qarşısını ala bilmiş, bir il ərzində inflyasiyanın səviyyəsini 22 faiz aşağı salmış və inflyasiyanı 40 faizdən 19 faizə endirmişik. Mənfi inkişafı müsbət inkişafla əvəzləmişik.

Bu il indiki hökumətin ikinci fəaliyyət ilidir və biz iqtisadi inkişafa nail olacağıq. Buna görə də bir millətin iradəsi dünənki və bugünkü köhnənin üsullarından üstündür. Bir millətin vəhdəti və birliyi hətta güclü dövlətlərin qarşısında duruş gətirə bilər, müqavimət göstərər və qələbə qazanar. Amma bununla yanaşı, sanksiyalar dövründə biz başqa bir dərs də aldıq. Bu, ondan ibarətdir ki, Qərb, Avropa ölkələri, uzaq ölkələr ən ağır, böhranlı, təhlükəli gündə ölkəni və insanı kiçik bəhanələrlə tək-tənha qoyur və ona yardımçı olmur. Adi günlərdə açıq üzlə münasibət göstərir, kapital qoyuluşuna marağını ifadə edir, amma bir çətinlik yarananda yolun ortasında insanı tək qoyur. Həm xalqının mənafeyini, həm də öz mənafeyini zərbə altına qoyur. Amma qonşular belə deyillər. Ən ağır günlərdə mövcud olan əlaqələr, problemin həlli üçün imkan yarandıqda qonşular arasında səmimi və mehriban əlaqələrdən qaynaqlanır. Biz sanksiyalar dövründə onun şahidi olduq ki, qonşular bizi tək qoymadılar. Biz sanksiyalar dövründə bu dərsi öyrəndik ki, prioritet qonşularla münasibətdədir. Ticarətdə prioritet qonşularladır. Kapital qoyuluşu qonşularladır. Qarşılıqlı iqtisadi əlaqələr qonşularladır və bu gün biz bu məsələdə dünənkindən daha çox qərarlıyıq.

Biz bu yolda addımlar atırıq ki, qonşularımızla münasibətlərimiz genişlənsin və möhkəmlənsin. Xüsusilə vahid mədəniyyətimiz, dinimiz, məzhəbimiz, adət-ənənələrimiz, müştərək tariximiz olan ölkə ilə. Bu məsələdə tarix və ticarət bir-birini tamamlamalıdır. Müştərək tarix olan yerdə müştərək ticarət əlaqələri də yaranır. Bu məsələdə qonşuluq və coğrafi mövqe bizim köməyimizə çatmalıdır. Biz gərək ticarətin inkişafı və sərmayə qoyuluşu üçün ən qısa yoldan yararlana bilək. Biz həm Xəzərdə həmsərhədik, eyni zamanda, quru sərhədlərimiz vardır, həm də qarşılıqlı əlaqələrimizdə bir-birimizə yardımçı olmuş və olacağıq. Biz qonşu dövlət kimi beynəlxalq arenada Azərbaycana dəstək olacağıq və inanırıq ki, Azərbaycan dünya birliyində qonşu, dost, qardaş kimi İranın yanında olacaq.

Biz Azərbaycanı və İranı kökü bir olan ağacın qolları hesab edirik. Biz əsrlər boyu bir yerdə olmuşuq, bir yerdə yaşamışıq, bir-birimizin süfrəsinin başında əyləşmişik. Arazın bu tərəfi də, o tərəfi də qohum-qaralıdır. Ailəliklə bir-birilərinə bağlıdırlar. Keçmişi olan dostluqları vardır. Bu keçmiş böyük sərvətə malikdir və biz bu gün onunla üz-üzəyik.

Bizim qarşılıqlı mənafelərimiz var. Biz qarşılıqlı mənafeyimizi həm bölgədə, həm də dünyada təmin etməkdə qərarlıyıq. Bizim ölkələrimiz terrorizmin, radikalizmin, ixtilaf və təfriqələrin, dağıdıcı müharibələrin bölgəmiz üçün necə böyük bəla olduğunu yaxşı bilir. Nə üçün uzun illər ixtilafda olmuş, müharibə etmiş, qan tökmüş bəzi ölkələr Avropa İttifaqı adlanan qurumda toplaşır, hətta müştərək qanunlar qəbul edir, vahid pul və qarşılıqlı ticari proqramlar, sərhədlərin açılması istiqamətində fəaliyyət göstərir, amma Azərbaycan və İran, biz müsəlmanlar, qonşular, dostlar, qədim və müştərək mədəniyyətə malik olanlar günbəgün bir-birimizə yaxınlaşmayaq?

Azərbaycan haqqında mənim hisslərim ondan ibarətdir ki, bu dövlət əlaqələrin genişlənməsində qərarlıdır. İran İslam Respublikasının da əlaqələrin, o cümlədən iqtisadi, mədəni, siyasi əlaqələrin genişlənməsi, regional və beynəlxalq təhlükəsizlik məsələlərində əməkdaşlıq üçün ciddi iradəsi vardır. Biz də Azərbaycan ilə əlaqələrin genişlənməsində maraqlıyıq. Biz Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdənik. Biz ölkənizin müstəqilliyinin ilk günlərində var gücümüzlə sizin köməyinizə yetişdik və sizin yanınızda idik. Siz o xalqsınız ki, Arazın o tayında sizin istiqlalınızı sevinclə qarşılayanların şahidisiniz. Onun da şahidisiniz ki, Arazın o tayındakılar bu istiqlalı gülər üzlə qarşılayırdılar. Biz o ölkəyik ki, ağır günlərdə, müharibədə, mübariz Azərbaycan xalqının apardığı savaşda onun köməyinə çatdıq. Allah göstərməsin ki, Azərbaycan çətinliklərlə üzləşsin, əgər Allah eləməmiş, çətin bir gün yetişərsə, Azərbaycan xalqı arxayın olmalıdır ki, İran Azərbaycanın yanında olacaq.

Bu gün bizim üçün sevincli gündür. Bu günün şahidiyik ki, iki ölkənin ali rütbəli rəsmiləri, özəl sektorun nümayəndələri, sərmayədarlar, sahibkarlar bir tavanın altında - Azərbaycanın müstəqilliyinin banisi, mərhum Heydər Əliyevin adını daşıyan əzəmətli binada yığışıblar. Heydər Əliyev Azərbaycan-İran dostluğunun əsasını qoyub ki, bu gün onun imzasını bu möhtəşəm binada görürük.

Biz əməkdaşlığın genişlənməsi və əlaqələrimizin dərinləşməsi üçün böyük imkanlara malikik. Mən dünən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bildirdim ki, sərhədlərimiz, yollarımız, tranzitimiz, gediş-gəlişimiz, vizaların verilməsi, bank sektoru gərək bizim köməyimizə yetişsin. Gərək bank sektoru pul mübadiləsini asanlaşdırsın, ölkələrimizin Xarici İşlər nazirlikləri vizaların verilməsi, biznesmenlərin və vətəndaşların səfərləri üçün qaydaların sadələşdirilməsi istiqamətində fəaliyyət göstərsin. Eyni zamanda, gömrük rüsumlarının, həmçinin yük maşınlarına aid olan rüsumların azaldılması və hətta getdikcə bu rüsumların sıfıra endirilməsi, səfərlərin asanlaşdırılması kimi işlərin nəticəsində həm malların göndərilməsi, həm də sərmayələrin işlədilməsi ilə bağlı əlverişli şərait yaradılsın.

Biz enerji mənbələrinə malik olan ölkələrik. Bu gün Azərbaycan neft və qaz ixrac edən ölkə kimi tanınır. Biz də onilliklərdir ki, böyük neft və qaz ixracatçısı kimi tanınırıq. Biz gərək bir-birimizin təcrübəsindən bəhrələnək. Bizim neft və qaz sənayesi sahəsində böyük təcrübəmiz vardır və bu təcrübəni sizinlə bölüşə bilərik. Bizim qarşılıqlı kapital qoyuluşu sahəsində təcrübəmiz vardır. Biz gərək enerji sahəsində qarşılıqlı investisiya qoyuluşunda iştirak edək. Biz gərək icazə verməyək ki, zəngin neft mənbələri Xəzərin dibində qalsın. Biz gərək neft mənbələrini hərəkətə gətirək və birlikdə onun hasilatına, istehlakına, satışına nail olaq, əldə olunan mənfəəti xalqlarımıza ərməğan edək. Əgər bizim aramızda kiçik problemlər yaranarsa, onu birlikdə həll edək.

Bizim bəndlərin tikintisində, elektrik stansiyalarının inşasında, infrastrukturun yaradılmasında, yolların və dəmir yollarının çəkilməsində böyük təcrübəmiz vardır və bu sahələrdə əməkdaşlıq edə bilərik. Siz bizim ölkəmizdə, biz də sizin ölkənizdə qarşılıqlı fəaliyyətlər göstərə bilərik. Biz qarşılıqlı sərmayə qoyuluşu ilə sərhədlərin yaxınlığında kiçik şəhərlər yarada bilərik. Biz sərhəd boyu azad iqtisadi zonalar təşkil edə bilərik. Sərhədyanı bölgələr arasında əlaqələri genişləndirə bilərik. İnsan potensialı nöqteyi-nəzərindən bizim savadlı kadrlarımız vardır. Biz bir-birimizin insan resurslarından istifadə edə bilərik. Arzulayardıq ki, təhsil görmüş iranlı Azərbaycanda çalışsın, ölkələrimiz inkişaf etsin və mütəxəssislərimiz ölkələrimizin rifah halının yaxşılaşmasına töhfə versinlər. Biz gərək Azərbaycan ilə İran arasındakı yolun gedişli-gəlişli olmasına çalışaq, həm malların daşınması, həm də insanların səfərləri üçün.

Biz müxtəlif sahələrdə əməkdaşlıq üçün hazırıq. İran əlaqələrin genişlənməsində qərarlıdır və qonşularla, xüsusilə də Azərbaycan ilə münasibətlərin dərinləşməsində maraqlıdır. Əlavə etmək istəyirəm ki, Azərbaycan Avropa ilə əlaqələrin yaradılmasında körpü rolunu oynayır. Biz istərdik ki, Azərbaycan İranı Qara dənizlə, Poti və Batumi limanları ilə birləşdirsin. İran da öz növbəsində Azərbaycanı Bəndər-Abbas, Abadan və Xorrəmşəhrlə birləşdirsin. Biz iki qitə arasında birləşdirici böyük körpü ola bilərik. Biz regional məsələlərin həlli üçün üçtərəfli, dördtərəfli, beştərəfli formatlar təşkil edə bilərik. Azərbaycan-İran-Rusiya, İran-Azərbaycan-Gürcüstan, İran-Azərbaycan-Türkiyə, İran-Azərbaycan-Türkmənistan, İran-Azərbaycan-Qazaxıstan formatlarında geniş əməkdaşlıq əlaqələri yarada bilərik.

Bir neçə həftədən sonra İncəburunda İran-Türkmənistan-Qazaxıstan dəmir yolu xəttinin birləşdirilməsinin şahidi olacağıq və bu mərasimdə hər üç ölkənin prezidentləri iştirak edəcəklər. Ehtimal olunur ki, başqa ölkələrin nümayəndələri də bu tədbirdə iştirak etsinlər. Biz o günün arzusundayıq ki, Astarada Azərbaycan-İran dəmir yolunun açılışında iştirak edək.

Biz gözəl Xəzər dənizinin sahilindəyik. Dədə-babalarımızdan, əcdadlarımızdan bizə miras qalan Xəzərin sularını pak və şəffaf saxlamaq, ekoloji tələbləri nəzərə alaraq gələcək nəsillərə ötürmək bizim öhdəmizə düşən vəzifədir. Azərbaycan və İran xalqları bu dənizin sahilində uzun illərdir birlikdə yaşamışlar və bu gün daha yaxşı həyata sahib olmalıdırlar. Biz Xəzər dənizindən faydalanmaq üçün bütün mövcud imkanlardan, dəniz turizmindən tutmuş bioloji mühit, enerji, gəmiçilik və digər sahələrdən maksimum istifadə etməliyik. Biz inkişaf etmiş elmlər, nanotexnologiyalar və biotexnologiya, əczaçılıq sahələrində nailiyyətlər qazanmışıq. Biz bu sahələrdə əməkdaşlıq edə bilərik. Biz dərman preparatlarının hazırlanması məqsədilə birgə mərkəz yarada bilərik. Siz bilirsiniz ki, İranın dərman preparatları Avropanın ən inkişaf etmiş ölkələrinin standartlarına cavab verir. Biz bütün sahələrdə Azərbaycan xalqının yanında dayana bilərik. Mən çox şadam ki, noyabr ayında burada İranın ixtisaslaşdırılmış sərgisi keçiriləcəkdir və bugünkü toplantıdan da çox məmnunam. Gərək istedadları, potensialları və imkanları birgə bölüşək. İnanıram ki, Azərbaycan dövləti və şəxsən Azərbaycan Respublikasının Prezidenti, möhtərəm cənab İlham Əliyev və İran dövləti və şəxsən İran Prezidenti sizin fəaliyyətlərinizi, ticari əlaqələrinizi, qarşılıqlı sərmayə qoyuluşunuzu dəstəkləyəcək. Hər hansı bir maneə yarandığı təqdirdə onu aradan qaldıracağıq və iki millətin mənafeləri naminə iş adamları və sahibkarlar üçün bütün şəraiti yaradacağıq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR