• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Neft məhsullarının ixracı potensialı artacaq...

Neft məhsullarının ixracı potensialı artacaq...

Azərbaycan iqtisadiyyatının inkişafında 1994-cü ilin sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”nin baza rolu oynadığı məlumdur. "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının işlənməsinə dair imzalanan həmin müqavilə çərçivəsində 1997-ci ilin noyabr ayından 2014-cü il oktyabrın 1-nədək 347 milyon ton neft hasil edilib.

AÇG-də ümumən 923 milyon ton ehtiyat olduğu proqnoz edilir ki, əlavə olaraq, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) da neft hasil edir. Ümumiyyətlə, ölkədə il ərzində 43 milyon tondan çox (2013-ci ildə) neft hasil olunur. Ölkədən ixracın 86 faizini xam neft təşkil edir.

Ancaq Azərbaycan eyni zamanda, neft məhsulları da ixrac edir. Ölkədə müvafiq emal infrastrukturu vardır ki, hazırda demək olar, tam gücü ilə fəaliyyət göstərir. SOCAR-ın tərkibində 2 neftayırma – “Azərneftyağ” və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodları fəaliyyət göstərir ki, bunlar birlikdə ildə 7 milyon tondan artıq xammal emal etmək gücünə malikdirlər. Bu zavodlarda Neft Şirkətinin sudan və qurudan çıxardığı xammal emal olunur, digər hasilata aid neft isə xaricə satılır.

Çünki müvafiq müqavilə şərtlərinə əsasən, həmin neft emal edilə bilməz.

Son illər ölkədə iqtisadiyyatın inkişafı, əhalinin gəlirlərinin artması və keyfiyyətin yüksəldilməsinə tələbatla əlaqədar olaraq neft məhsullarına, xüsusən də yanacağa tələb genişlənib. Belə ki, 2013-cü ildə daxili tələbatın son 10 il ərzində ardıcıl genişlənməsi və bunun hər il 10-11 faiz təşkil etməsinə əsasən, benzin ixracında problem yaranması səbəbindən SOCAR-ın 2014-cü ildə hətta, xam neft ixracını da dayandıracağı bildirilmişdi.

Ancaq 2014-cü ilin yanvar-oktyabr ayları ərzində 9 min 332 ton benzin ixrac edilib. Ümumiyyətlə isə ötən hər bir ay ərzində əvvəlki ildə söylənilənlərin əksinə olaraq, o dayandırılmayıb.

Lakin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda ildə cəmi 5,5 milyon, “Azərneftyağ”da isə 1,5 milyon ton xammal emal olunduğundan istehsalı istənilən səviyyədə artırmaq mümkün deyil. Deməli, ya sözügedən zavodların emal gücü artırılmalı, ya da yeni neft emalı kompleksi tikmək lazımdır. Azərbaycan hökuməti isə real olaraq, hər iki vəzifə üzərində ciddi iş aparır.

2014-cü ilin noyabr ayının 5-i və 6-da SOCAR-ın neft-qaz emalı və neft-kimya kompleksi (OGPC) layihəsinə həsr olunmuş 2-ci SOCAR OGPC Forumunun keçirilməsi də bununla əlaqədar idi. Forumun keçirilməsində məqsəd məhz, qaz emalı və neft-kimya zavodlarının inşasında birbaşa iştirak edəcək və digər xidmətlər göstərəcək şirkətlər arasında ünsiyyət və əməkdaşlıq qurulması üçün vahid platforma yaratmaq sayılırdı.

Forumda qeyd edildi ki, neft-qaz emalı və neft kimya kompleksi - OGPC SOCAR-ın qarşıdakı illərdə həyata keçirəcəyi ən iri investisiya layihələrindən olmaqla yanacağa olan tələbatın artması, mövcud zavodların standartlara cavab verməməsi baxımından zəruri sayılır.

Yeri gəlmişkən, SOCAR-ın prezidenti qeyd edib ki, 2012-ci ildə I forumun keçirildiyi vaxtdan bəri böyük işlər görülüb. Belə ki, ölkədə artan tələbin ödənilməsi üçün ilk növbədə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunu modernləşdirmək qarşıya vəzifə olaraq qoyulub. Buna dövlət tərəfindən 1 milyard manat investisiya sərf ediləcək. Modernləşdirmədən sonra 2030-cu ilədək Avro-5 standartına uyğun yanacaq istehsal oluna biləcək. Çünki zavodda yeni qurğular quraşdırılacaq, krekinq modernizasiya həyata keçiriləcək ki, nəticədə ölkənin bitum, yağ tələbatının ödənilməsinə, avro standartlarına uyğun benzin istehsalı həyata keçirməyə imkan yaranacaq. Və sözügedən qurumun gücü ildə 8 milyon tona yaxın (benzin istehsalı isə 3 milyon tona) çatdırılmaqla 2030-cu ilədək tələbatı ödəməyə tam imkan yaranacaq.

H. Əliyev adına Bakı Neft Emalı Zavodunun genişləndirilməsi ilə əlaqədar “Azərneftyağ” isə söküləcək. Bu proses 2017-ci ildə başlayacaq. Çünki adı ilk çəkilən zavodda 2018-ci ildə 7-8 yeni qurğu istismara veriləcək ki, digər emal müəssisəsinə ehtiyac qalmayacaq. Ümumiyyətlə, Bakı Neft Emalı Zavodu həyata keçirilən rekonstruksiya və modernləşdirmə işləri 2018 və 2019-cu illərdə başa çatmaqla hələ, 15 il fəaliyyət göstərəcək.

“Azərneftyağ” 19-cu əsrin 80-ci illərindən fəaliyyət göstərdiyindən o vaxtdan dəfələrlə modernləşdirilib. Son illər burada ildə 1 mln ton neft emal edilir. H.Əliyev adına zavodun isə gücü bundan 5 dəfə çoxdur. Zavod modernləşdikdən sonra isə təkrar edirik ki, 8 milyon tona yaxın emal gücü olacaq.

Hələliksə görülən işlər barədə qeyd edək ki, 2014-cü ilin aprel ayından Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda əsaslı təmir işləri aparılmağa başlanmaqla Aİ-95 markalı benzinin istehsalı dayandırılıb. SOCAR-ın emal üzrə vitse-prezidenti söyləyir ki, 2014-cü ildə neft emalının əvvəlki illə müqayisədə 5,5 faiz, yəni təxminən 300 min ton artacağı və 100 min ton əlavə benzin istehsal olunacağı idxalı aradan qaldırmayacaq.

Aİ-98 kimi Aİ-95 markalı benzin də ölkəyə idxal olunacaq.

Ancaq Aİ-98 və Aİ-95 markalı benzin növlərinə Azərbaycanda tələbat onsuz da az təşkil edir. Əsas, Aİ-92 markalı benzinin istehsalını artırmaqdır.

Odur ki, strateji baxımdan istənilən halda, yeni neft-qaz emalı kimya kompleksinin – OGPC-nin işə düşməsinə ehtiyac var. SOCAR da bütün gücü məhz buna - real olaraq dünyanın aparıcı şirkətləri ilə birlikdə layihələndirilən yeni neft-qaz emalı və kimya kompleksinin inşasına yönəldib. Yeri gəlmişkən, gücü 8,6 milyon ton olacaq Bakının 60 kilometrliyində - Səngəçal terminalının şimalında, Qaradağ-Abşeron ərazisində tikilib istifadəyə veriləcək 3 emaledici müəssisəyə və istilik eleltrik stansiyasına malik olacaq bu kompleks əvvəl 2017-ci ildə nəzərdə tutulsa da, sonra onun 2023-2025-ci illərdə fəaliyyətə başlayacağı deyilmişdi.

Ancaq təkrar edirik, son məlumata əsasən SOCAR-ın bu mühüm strateji layihəsi 2030-cu ildən tez başa gəlməyəcək. Düzdür, Bakı Neft Emalı Zavodunda aparılan yenidənqurma və modernləşdirmə işləri OGPC-nın tikintisinin gec başa çatmasını kompensasiya edəcək.

Kompleksin tam olaraq fəaliyyətə başlama tarixinin dəyişdirilməsi yaxın illərdə həyata keçiriləcək “Şahdəniz 2”, TANAP, TAP layihələrinə investisiyanın tələb olunması ilə əlaqədardır.

Hazırda işlər layihələndirmə, təchizat və tikinti mərhələsindədir. Layihənin ilk fazası 7 milyard, kreditlər üzrə faizlər də nəzərə alınmaqla isə 8,45 milyard ABŞ dolları dəyərindədir. Ümumiyyətlə, layihə 30 faiz 5 il ərzində ayrılacaq dövlətin, 70 faizsə cəlb olunacaq vəsaitlərin hesabına həyata keçiriləcək.

Bununla belə, OGPC-nin I fazasında tikilməsi nəzərdə tutulan qazemalı zavodu ilə neftkimya məhsulları istehsalı müəssisəsi daha tez – 2020-ci ildə yekunlaşacaq ki, birincinin illik gücü 12 milyard kubmetr, kimya istehsalının isə ildə 860 min ton polimer məhsulları təşkil edəcək.

Ümumiyyətlə, hökumətin proqnozlarına əsasən, Azərbaycanda 2015-ci ildə 2014-cü ildəki 6,17 milyon tona rəğmən, 6,22 milyon ton neft məhsulları istehsal olunacaq ki, 2016 və 2018-ci illərdə isə bu rəqəm 6,31 milyon təşkil edəcək.

OGPC fəaliyyətə başladıqdan sonra ölkənin eksport potensialı artacaq.

Pərviz Heydərov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR