Prezident İlham Əliyev: "Sahibkarlığın inkişafı diqqət mərkəzindədir"
Bizi izləyin

Ekopublika.az

Prezident İlham Əliyev: "Sahibkarlığın inkişafı diqqət mərkəzindədir"

“Bu infrastruktur obyektinin fəaliyyəti nəticəsində ölkə iqtisadiyyatına, kənd təsərrüfatına, sahibkarlığın inkişafına çox böyük dəstək veriləcək. Bu su anbarının fəaliyyəti nəticəsində 54 min hektar torpaqda suvarma yaxşılaşdırılacaq, 17 min hektar torpaq isə yenidən suvarılacaq. Yəni, bu, kənd təsərrüfatının inkişafı üçün çox böyük əhəmiyyət daşıyan obyektdir. Fermerlər bundan səmərəli şəkildə istifadə etməlidirlər".

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkirçay su anbarının açılış mərasimində çıxış edərkən deyib.

Dövlət başçısı deyib ki, yeni suvarılacaq sahələrdə bəri başdan düzgün planlaşdırma işləri aparılmalıdır . "Orada hansı məhsullar yetişdiriləcək, o məhsullar hansı bazarlara ixrac olunacaq. Yəni, hesab edirəm ki, biz bu məsələlərə indidən kompleks şəkildə yanaşmalıyıq və əslində artıq müəyyən işlər görülmüşdür. Bu gün Şəmkir rayonunda böyük aqroparkın təməli də qoyulacaq və əgər bu su anbarı tikilməsə idi, əlbəttə ki, o aqropark da tikilməzdi. Çünki oraya da çox böyük həcmdə investisiya qoyulacaq və əsas şərt suvarılan ərazilərdir”.

Prezidentin sözlərinə görə, bu, çox böyük investisiyatutumlu layihədir: “700 milyon manatdan çox dövlət vəsaiti qoyulmuşdur və Taxtakörpü su anbarından sonra qeyri-neft sektoruna qoyulan ikinci böyük investisiyadır. Biz keçən ilin sonunda Taxtakörpü su anbarının və kanalların açılışını qeyd etmişdik. O, 1 milyard manat dəyərində olan layihədir. Bu gün isə biz Şəmkirçay su anbarının açılışını qeyd edirik. Bu iki mühüm layihə əlbəttə ki, bugünkü Azərbaycanın gücünü və bizim siyasətimizin istiqamətini göstərir. Çünki bu gün kənd təsərrüfatını, sahibkarlığı inkişaf etdirmək üçün dövlət tərəfindən böyük vəsait qoyulur, böyük işlər görülür. Dövlət qeyri-neft sektorunun inkişafına böyük investisiyalar qoyur. Sahibkarlığın inkişafı üçün hər il güzəştli şərtlərlə kreditlər verilir. Son illərdə iqtisadiyyatın real sektoruna kredit şəklində 200 milyon manatdan çox vəsait qoyulub”.

İlham Əliyevin sözlərinə görə, sahibkarlığı inkişaf etdirmək üçün hər il geniş müşavirə keçirilir, həm siyasi dəstək verilir, həm iqtisadi məsələlər öz həllini tapır: “İnfrastruktur layihələri, - elektrik stansiyaları, kənd yolları, içməli su layihələri, - bütün bu layihələr ölkəmizin çoxşaxəli inkişafını təmin edir və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsidir. Bildiyiniz kimi, birinci proqram 2004-cü ildə qəbul edilmişdir. Hazırda üçüncü proqram icra edilir. 2018-ci ilə qədər ölkəmizdə üçüncü proqramın icrası nəticəsində əsas infrastruktur və sosial məsələlər həllini tapacaqdır”.

Dövlət başçısı deyib ki, kənd təsərrüfatının, sahibkarlığın inkişafı isə dövlətin üçün prioritet istiqamətlərdir: “Biz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin etməliyik. Bu istiqamətdə çox önəmli addımlar atılır. Özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz təmin etmək üçün biz artıq bu hədəfə yaxınlaşırıq. Ərzaq təhlükəsizliyimizin tam şəkildə təmin edilməsi, ixrac potensialımızın artırılması gələcəkdə həm iş yerlərinin yaradılmasına, eyni zamanda, insanların rifah halının yaxşılaşmasına xidmət edəcəkdir. Hazırda biz yeni ixrac bazarlarına çıxmaq üçün çalışırıq. Yeni imkanlar var və biz bu imkanlardan səmərəli şəkildə istifadə etməliyik. Əlbəttə ki, kənd təsərrüfatı məhsullarımızı ixrac bazarlarının mümkün olan və gələcəkdə mümkün olacaq potensialına da uyğunlaşdırmalıyıq. Bütün işlər planlı şəkildə aparılır. İlk növbədə, daxili tələbat 100 faiz daxili istehsal hesabına təmin edilməlidir. Bununla paralel olaraq biz yeni bazarlara və ənənəvi bazarlara daha böyük həcmdə məhsulla çıxmalıyıq. Beləliklə, növbəti illərdə kənd təsərrüfatının inkişafı dinamik olacaq, bölgələrdə iş yerləri açılacaq, işsizlik daim çox aşağı səviyyədə olacaq. Görülən tədbirlər və xüsusilə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bu gün Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir. Son 10 il ərzində 1 milyon 300 min yeni iş yeri açılmışdır ki, bu da özlüyündə ölkəmiz üçün böyük imkanlar yaradır. Sahibkarlığın inkişafı diqqət mərkəzindədir. Hesab edirəm ki, sahibkarlar da bu gözəl imkanlardan istifadə edəcəklər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm