• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Prezident İlham Əliyev: "Bizim taleyimiz öz əlimizdədir”

Prezident İlham Əliyev: "Bizim taleyimiz öz əlimizdədir”

Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin edib və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkirçay su anbarının açılış mərasimində çıxış edərkən deyib.

Prezident deyib ki, bu rol getdikcə artacaq. "Eyni zamanda, biz çalışmalıyıq ki, öz enerji güclərimizi bərpa olunan enerji növləri hesabına artıraq. Bu istiqamətdə də böyük işlər görülür. Su elektrik stansiyaları tikilir. Artıq kiçik olsalar da, günəş elektrik stansiyaları tikilməkdədir. Ancaq bərpa olunan enerji növləri arasında əlbəttə ki, hidroenergetika prioritet təşkil edir. Son illərdə bir neçə gözəl layihə icra edilmişdir. Taxtakörpü su anbarında 25 meqavat gücündə elektrik stansiyası fəaliyyətə başlamışdır. Füzuli rayonunda 25 meqavat gücündə stansiya tikilmişdir. Naxçıvanda, Ordubad rayonunda böyük stansiya tikilmişdir. Naxçıvan Muxtar Respublikasını demək olar ki, 100 faiz bərpa olunan enerji növləri ilə təmin etmək üçün böyük işlər görülmüşdür. Biz artıq bu məqsədə də çox yaxınıq. Bu gün burada, Şəmkirdə 25 meqavat gücündə su elektrik stansiyası fəaliyyətə başlayır. Yeni stansiyaların tikintisi də mümkündür və biz bu məsələlərə də baxacağıq. Biz burada bu obyektin enerji potensialını bəlkə də 45 meqavata çatdıra bilərik. Bu, əlbəttə ki, ekoloji cəhətdən ən təmiz, eyni zamanda, ən ucuz enerji növüdür. Bu, bizə imkan verəcək ki, neft-qaz resurslarımızı xarici bazarlara daha da böyük həcmdə ixrac edək”.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan dövləti enerji, nəqliyyat təhlükəsizliyini təmin edib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan üzərindən keçir.

"Böyük infrastruktur layihələrini icra etmişik. Yeni dəniz ticarət limanı. Onun birinci hissəsi artıq fəaliyyətə başlamışdır. Yeni gəmilər alınır. Dəmir yoluna, hava nəqliyyatına böyük investisiyalar qoyulur. Yeni aeroportlar tikilir, ən müasir təyyarələr alınır, yeni marşrutlar açılır. Bakı-Tbilisi-Qars dəmir yolu. Bu da tarixi layihədir, artıq reallaşır, onun başa çatmasına az qalıb".

İlham Əliyev bildirib ki, Azərbaycan coğrafi vəziyyətinə görə, nəinki regionda, dünya miqyasında nəqliyyat mərkəzi olmalıdır. "Bu yaxınlarda Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması və Şərq-Qərb qədim ipək yolunun bərpası üçün önəmli qərarlar verilmişdir. Bununla yanaşı, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyi bizim əsas məsələlərimizdir.Bu məsələlərin həlli, həmçinin regional əməkdaşlığa da böyük təkan verəcək”.

Dövlət başçısı bildirib ki, Azərbaycan regional əməkdaşlıq məsələlərində lider rolunu oynayır: “Burada nəqliyyat, energetika, təbii qaz layihələri əlbəttə ki, üstünlük təşkil edir və bütün bu məsələlər nəticədə regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət göstərir".

İlham Əliyev deyib ki, Azərbaycan dövlətinin güclü iradəsi, düşünülmüş siyasəti, planlı şəkildə apardığı siyasət nəticəsində bu layihələrin icrası mümkün olub. "Dünyada maliyyə və iqtisadi böhran davam edir. İnvestisiya qoyuluşu böyük dərəcədə aşağı düşüb. Bəzi ölkələrdə maliyyə böhranı kəskinləşir. Neft-qaz ilə zəngin olan ölkələr də yəqin ki, neftin qiymətinin kəskin şəkildə düşməsindən narahatdırlar, bu da təbiidir. Ancaq buna baxmayaraq, Azərbaycan böyük infrastruktur, investisiya layihələrini icra edir. Nə üçün? Çünki bizim xalqımıza, dövlətimizə lazımdır. Dövlətimiz daha da güclü olmalıdır. İqtisadiyyat daha da çoxşaxəli olmalıdır. Neft-qaz amilindən asılılıq daha da azalmalıdır. Biz bu layihələrin icrası ilə bir daha göstəririk ki, ancaq müstəqillik dövründə Azərbaycan sürətlə inkişaf edə bilər. İki yüz ilə yaxındır ki, Azərbaycan nefti dünyada tanınır. Hasilatın əvvəlində dünya üzrə neftin bəlkə də 70 faizi Azərbaycanın payına düşürdü. İkinci Dünya müharibəsi zamanı Azərbaycan nefti sovet enerji potensialının 70-80 faizini təşkil edirdi. Ancaq Azərbaycan müstəqilliyə qovuşanda bizim vəziyyətimiz necə idi?! Neft sənayesi dağılmış vəziyyətdə idi. Köhnə yataqlarda iş getmirdi. Hər tərəf ekoloji fəlakətə bənzəyirdi. Bakının ətrafını yada salaq. Bibiheybət mədənləri bir ekoloji fəlakət idi. Qaraşəhər, Böyükşor gölü, digər Balaxanı mədənləri nə gündə idi?! Yəni, bizə, müstəqil dövlətə bu qaldı. Neftin hasilatı kəskin şəkildə aşağı düşmüşdü. Biz özümüzü təbii qazla təmin edə bilmirdik. Baxmayaraq ki, sovet vaxtında Azərbaycandan təbii qaz həm Ermənistana, həm Gürcüstana ötürülürdü, biz isə təbii qazı xaricdən almağa başlamışdıq. Bu idi müstəqilliyimizin əvvəlində müşahidə olunan mənzərə. Ona görə bir daha demək istəyirəm ki, biz buna ancaq müstəqillik dövründə nail ola bilmişik. Çünki bizim taleyimiz öz əlimizdədir”.

Prezident deyib ki, Azərbaycan xalqı söz sahibidir: “Azərbaycan xalqın iradəsi ilə idarə olunur. Azərbaycan dövləti lazım olan belə nəhəng layihələri xalqımız, dövlətimiz üçün icra edir və bundan sonra da edəcək. Çünki biz güclü dövlətik. Biz son illərdə iqtisadi və siyasi islahatlar nəticəsində dünya miqyasında böyük hörmət qazanmışıq. Davos İqtisadi Forumunun hesablamalarına görə biz rəqabətqabiliyyətlilik üzrə dünya miqyasında 38-ci yerdəyik. Biz beynəlxalq nüfuz qazanmışıq və iki il dünyanın ən mötəbər qurumu – BMT Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyət göstərmişik və prinsipial ədalətə, beynəlxalq hüquqa söykənən mövqeyimizi orada ifadə etmişik. Budur müstəqilliyin nəticələri və Azərbaycan xalqı bunu görür, bilir, qiymətləndirir.

Biz xalq üçün, dövlətimizin möhkəmləndirilməsi üçün çalışırıq və bundan sonra da çalışacağıq. Əminəm ki, gələcəkdə belə böyük layihələrin sayı artacaq. Bizim böyük planlarımız var. Gələcəyə baxışlarımız çox nikbindir. Azərbaycanın inamlı, sürətli inkişafı davam edəcək və biz bütün məqsədlərə çatacağıq”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR