Azərbaycanla Ərəb Əmirlikləri arasında saziş imzalanıb
Bizi izləyin

Ekopublika.az

Azərbaycanla Ərəb Əmirlikləri arasında saziş imzalanıb

Bu gün iqtisadiyyat və sənaye naziri, iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) birgə hökumətlərarası komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Əmirliklərin iqtisadiyyat naziri, hökumətlərarası komissiyanın həmsədri Sultan Bin Səid Əl Mansuri ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və BƏƏ arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını, qarşılıqlı səfərlərin əməkdaşlığın genişlənməsində xüsusi əhəmiyyətini vurğulayıb: "Kənd təsərrüfatı, yüksək texnologiyalar, enerji, təhsil, investisiya qoyuluşu və s. sahələrdə əlaqələr uğurla davam edir. Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk nümayəndəliyinin məhz Bakıda açılması ölkələrimiz arasında əməkdaşlığa verilən böyük önəmin göstəricisidir".

Nazir mövcud imkanlardan səmərəli istifadə etməklə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb, müxtəlif sahələr üzrə əlaqələrin genişlənməsi məsələlərinin hökumətlərarası komissiyanın bu gün keçiriləcək iclasında əsas müzakirə mövzusu olacağını vurğulayıb.

Görüşdə “Ağ şəhər” layihəsi barədə məlumat verilib, bu sahəyə investisiya qoyuluşu imkanları diqqətə çatdırılıb. Həmçinin görüşdə Azərbaycanın kənd təsərrüfatı sahəsində geniş potensiala malik olduğu, fermerlər üçün müxtəlif güzəştlərin tətbiq edildiyi, bu yaxınlarda Şəmkirdə aqroparkın təməlinin qoyulması barədə məlumat verilib, kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı perspektivləri vurğulanıb. Tərəflər arasında turizm, İKT, maliyyə, hava nəqliyyatı və s. sahələrdə əməkdaşlıq imkanları barədə də fikir mübadiləsi aparılıb.

BƏƏ-nin iqtisadiyyat naziri, hökumətlərarası komissiyanın həmsədri Sultan Bin Səid Əl Mansuri səmimi qəbula görə təşəkkür edib, ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini, bir sıra sahələrdə əməkdaşlığın inkişafının xüsusilə diqqəti cəlb etdiyini bildirib. Azərbaycana geniş tərkibli nümayəndə heyəti ilə səfər etdiyini vurğulayan nazir BƏƏ-nin ölkəmizlə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, müxtəlif sahələrdə əməkdaşlıq imkanlarına dair fikirlərini bildirib.

Sonra iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclası keçirilib.

Azərbaycan tərəfindən iqtisadiyyat və sənaye naziri Ş.Mustafayevin rəhbərlik etdiyi hökumətlərarası komissiyaya müvafiq dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri daxildir. Birləşmiş Ərəb Əmirlikləri isə iclasda bu ölkənin iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansurinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

İclasda çıxış edən Ş.Mustafayev ölkələrimiz arasında yüksək səviyyəli siyasi əlaqələrin iqtisadi əməkdaşlığın inkişafına geniş imkanlar açdığını, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Ölkələrimiz arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin, keçirilən görüşlərin, hökumətlərarası komissiyanın fəaliyyətinin əhəmiyyəti vurğulanıb, zəruri müqavilə-hüquq bazasının yaradıldığı qeyd edilib. Nazir BƏƏ nümayəndə heyəti ilə keçirilmiş görüşdə Bakı-Dubay və gələcəkdə Bakı-Əbu Dabi əməkdaşlıq qruplarının yaradılmasına və Azərbaycan-BƏƏ Birgə Biznes Şurasına dair müzakirələrin aparıldığını qeyd edib, bunun əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacağını bildirib.

Azərbaycan-BƏƏ hökumətlərarası komissiyasının 4-cü iclasından ötən müddət ərzində görülmüş işlər barədə məlumat verən Ş.Mustafayev enerji, maliyyə, hava nəqliyyatı, kənd təsərrüfatı, rabitə və yüksək texnologiyalar, turizm, təhsil, mədəniyyət və s. sahələrdə əməkdaşlığın uğurla davam etdirildiyini, bununla belə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. İqtisadiyyat və sənaye naziri İKT, alternativ enerji, kənd təsərrüfatı, təhsil və s. sahələrdə əlaqələrin genişləndirilməsinin iki ölkə arasında əməkdaşlığın inkişafı baxımından səmərəli olacağını bildirib.

İclasda çıxış edən Əl Mansuri səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edib, əlaqələrimizin ikitərəfli və beynəlxalq təşkilatlar səviyyəsində uğurla davam etdiyini vurğulayıb. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edildiklərini xüsusi qeyd edən Sultan Bin Səid Əl Mansuri bu görüşün onlarda böyük təəssürat yaratdığını, paytaxt Bakıda həyata keçirilən quruculuq və abadlıq işlərindən məmnunluğunu bildirib.

Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat verən Əl Mansuri BƏƏ-nin Azərbaycana müxtəlif malların ixracında marağını ifadə edib. Bildirilib ki, BƏƏ Azərbaycanın alternativ enerji və kənd təsərrüfatı sahəsində malik olduğu böyük təcrübədən istifadə etməkdə, eləcə də müxtəlif sahələrdə əlaqələri daha da inkişaf etdirməkdə maraqlıdır.

Sonra Azərbaycanın biznes və investisiya mühitinə, Sumqayıt Kimya Sənaye və Yüksək Texnologiyalar parklarına və göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair təqdimatlar keçirilib.

Hökumətlərarası komissiyanın iclasında Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri geniş müzakirə olunub.

Sonda iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Azərbaycan-BƏƏ birgə hökumətlərarası komissiyasının 5-ci iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi hökumətlərarası komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev və Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansuri imzalayıblar.

Sənəddə sənaye, energetika, kənd təsərrüfatı, rabitə və yüksək texnologiyalar, nəqliyyat, ticarət, investisiyalar, turizm, əqli mülkiyyət hüququ, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm