Bakıda keçiriləcək Sənaye Konfransında İran da iştirak edəcək
Bizi izləyin

Ekopublika.az

Bakıda keçiriləcək Sənaye Konfransında İran da iştirak edəcək

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev noyabrın 18-də ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Ticarət, Sənaye və Mədən nazirinin müavini Cəfər Sərqini qəbul edib.

Naziliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Şahin Mustafayev Azərbaycan-İran əlaqələrinin uğurla inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin və keçirilən görüşlərin xüsusi önəmini vurğulayıb. İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhaninin bu yaxınlarda ölkəmizə səfəri çərçivəsində bir sıra görüşlərin keçirildiyini, Azərbaycan-İran biznes forumunun təşkil olunduğunu, müxtəlif sənədlərin imzalandığını qeyd edən Şahin Mustafayev səfərin ölkələrimiz arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Görüşdə nazir Şahin Mustafayev ölkə sənayesinə, bu sahənin inkişaf perspektivlərinə, eləcə də noyabrın 26-27-də Bakıda keçiriləcək Sənaye Konfransına dair məlumat verib.

İran İslam Respublikasının Ticarət, Sənaye və Mədən nazirinin müavini Cəfər Sərqi Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, Azərbaycan-İran əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini qeyd edib. Cəfər Sərqi təmsil etdiyi Nazirliyin fəaliyyətinə, İranın mədən, sənaye sahəsində gördüyü işlərə dair məlumat verib, Bakıda keçiriləcək Sənaye Konfransında İran tərəfinin də iştirak edəcəyini diqqətə çatdırıb.

Azərbaycan və İranın sənaye potensialına, bu sahədə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsinin aparıldığı görüşdə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin də iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm