Neft Şirkətinin binası neçəyə başa gələcək?
Bizi izləyin

Ekopublika.az

Neft Şirkətinin binası neçəyə başa gələcək?

Artıq bir neçə gündür sosial şəbəkələrdə Azərbaycan Dövlət neft Şirkətinin (SOCAR) Heydər Əliyev prospektində tikilən yeni binasının qiyməti müzakirə mövzusudur. Binanın 1,5 milyard dollara başa gələcəyi yönündə mübahisələr səngimir.

Publika.az-ın xəbərinə Dövlət Neft Şirkəti bu barədə Caspian Barrel-in sorğusuna cavab verib. SOCAR-ın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nizaməddin Quliyev bildirib ki, “sözügedən qiymət reallıqdan ən azı 5 dəfə şişirdilib”. Şirkətin yeni binası Türkiyənin “Tekfen Construction and Installation Co.” tərəfindən həyata keçirilir: “Biz həmin şirkətlə müqaviləni 2010-cu ildə 235 milyon 400 min dollara bağlamışıq”.

Nizaməddin Quliyevin sözlərinə görə, hazırda bu qiymət bir qədər artıb: “Çünki binanın ətrafında əlavə işlərin görülməsi zərurəti yaranıb. Buna görə də binanın təhvil verilməsi də hazırda 2015-ci ilin birinci yarısına planlaşdırılır”.

Qeyd edək ki, Neft Şirkətinin binası 42 mərtəbəlidir. Onun 2 mərtəbəsi yerin altındadır. 3 mərtəbəsi təsərrüfat xarakteri daşıyır. Binanın ümumi sahəsi 100 min kvadrat metrə yaxındır ki, bundan da zirzəmi və təsərrüfat sahəsi təxminən 52 min kvadrat metr, ofis hissəsinin sahəsi isə 40,5 min kvadrat metrdir.

Bu bina 2200 nəfərin eyni zamanda çalışması üçün nəzərdə tutulub. Layihəyə görə binaya 220 nəfərdən ibarət texniki heyət xidmət göstərəcək.

“Tekfen” şirkətinin saytında bildirilir ki, SOCAR-ın yeni ofisinin tikinti işlərinə 2010-cu ilin iyununda başlanılıb. Qrafikə uyğun olaraq tkinti işləri 30 sentyabr 2014-cü ildə başa çatıb. Hazırda tamamlama işləri gedir.

“Tekfen” şirkəti saytında bu işlərin qiymətini hazırda 328 mln dollar (vergilər daxil) göstərilib.

Məlumat üçün onu da əlavə edək ki, SOCAR-ın müasir ofis binasının layihələndirilməsi ilə əlaqədar işlərə 2007-ci ildən başlanıb, bununla bağlı müsabiqə elan olunub, dünyanın, eləcə də Azərbaycanın bir sıra nüfuzlu şirkətlərinin təkliflərinə baxılıb.

Müasirlik, funksional xüsusiyyətlərinin əlverişliliyi, paytaxtın arxitekturasına, habelə SOCAR-ın qoyduğu texniki şərtlərə uyğunluğu baxımından Cənubi Koreyanın “Heerim Architects & Planners Co. Ltd” şirkəti tərəfindən təqdim olunan “külək-alov” konsepsiyası daha cəlbedici hesab edilib. 2007-ci ilin sentyabrında SOCAR ilə layihələndirmə müsabiqəsinin qalibi olan “Heerim Architects & Planners Co. Ltd” şirkəti arasında müvafiq müqavilə imzalanıb.

2010-cu ilin martında tikinti üzrə xidmətlərin göstərilməsi üçün açıq müsabiqə elan edilib və dünyanın səkkiz nüfuzlu tikinti şirkəti arasında “Tekfen İnşaat və Təchizat” şirkəti qalib gəlib və həmin şirkətlə SOCAR arasında müqavilə imzalanıb. Binanın inşasına müəllif nəzarətini və tikintinin idarəetmə işlərini “Heerim” şirkəti həyata keçirir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm