Qiymətdən düşən neft, işsiz italyanlar, zərərçəkən ruslar, siqareti artıran azərbaycanlılar
Bizi izləyin

Ekopublika.az

Qiymətdən düşən neft, işsiz italyanlar, zərərçəkən ruslar, siqareti artıran azərbaycanlılar

Yola saldığımız həftəyə Neft İxrac edən Ölkələr Birliyi (OPEK) nazirlərinin gözlənilən illik toplantısı damğasını vurdu.

Müzakirələrdən əvvəl birjalarda valyutaların məzənnələri, neftin qiyməti yerindən oynadı, OPEK qərarını bəyan etdikdən sonra isə “qara qızıl” 69 dollara düşdü. Bununla da, amerikalı analitiklərin cari ilin sonuna neftin 70 dollara qədər ucuzlaşacağı ilə bağlı proqnozları özünü doğrultdu. Lakin bu, işin hamısı deyil. Çünki həmin o başbilənlər deyirlər ki, 2015-ci ilin ilk rübündə neftin orta qiyməti 65 dollara, ilin ortasına isə 60 dolara enəcək. Deməli, neft hasil edib satan ölkələrin vəziyyəti heç də xoş olmayacaq. Artıq, rus rublu Moskva birjasında yenidən dəyərini itirməyə başlayıb. Düzdür, Vladimir Putin OPEK-in hasilatın saxlanması yönündə qərarının onları qane etdiyini bildirir, amma ölkənin energetika naziri artıq gələn ilin büdcəsində neftin proqnozlaşdırılan qiymətinə düzəliş olunacağını deyir.

Avropaya gəlincə, İtaliyada işsizlik artıb, Almaniyada, əksinə, azalıb. İspaniyada istehlak qiymətlərinin ucuzlaşması nəticəsində, inflyasiya azalıb. İş dünyasında da vəziyyət sabit deyil. İlin-günün bu vaxtında “Coca cola“ süd sektoruna daxil olduğunu, “Sberbank”,”VTB Bank” gəlirlərinin azaldığını, “Peugeot Citroen” avtomobil şirkəti isə dörd minə yaxın işçisini ixtisar edəcəyini açıqlayıb.

Başlayaq OPEK-in iclasından. OPEK ilin ən kritik yığıncağını keçirdi. Toplantıdan əvvəl neftin qiymətində iyundan bəri yaşanan 30 faizlik dəyər itkisinə son qoyulacağı bazarları ümidləndirsə də, ən böyük hasilatçı Səudiyyə Ərəbistanı hasilatın azaldılmasına razılıq vermədi. Hərçənd, İran, İraq və Liviya hasilatın azaldılmasının tərəfdarı idilər. Səudiyyənin neft naziri açıq şəkildə dedi ki, xam neft bazarı özbaşına tarazlanacaq. Qərar, gözlənildiyi kimi, İranı məmnun etmədi. İran neft naziri Bijan Namdar-Zanganeh bildirdi ki, OPEK-in bazardakı payı ən əhəmiyyətli və tarixi narahatlıqlarından biridir: “Son illərdə qlobal bazarda OPEK-in payı davamlı şəkildə düşür. Həqiqətən də, istehsal müəyyən bir səviyyənin altına düşsə, OPEK-in təsiri azalar. OPEK-in məntiqli qiymət təyin etməsi əhəmiyyətli faktordur. Bu şəkildə ölkələr bir tərəfdən bazardakı paylarını qoruyarlar, digər tərəfdən istehsallarını artırar, sərmayələr yatırmaq üçün kafi gəlirə sahib ola bilərlər".

Yeri gəlmişkən, İran Səudiyyə Ərəbistanını təkbaşına qərar verməkdə günahlandırır: “İstehsalın azaldılması mövzusunda Səudiyyə Ərəbistanının təbii çox əhəmiyyətli rolu var. Amma belə bir vəziyyət yaşansa, yenə itirən Səudiyyə Ərəbistanı olacaq".

Onu da qeyd edək ki, neft qiymətinin düşməsi böhran yaşayan İran iqtisadiyyatına mənfi təsir edəcək. Bu vəziyyət İranın yeni prezidenti Həsən Ruhaninin də işini çətinləşdirir. Çünki o, seçki vədlərini ölkə iqtisadiyyatının yaxşılaşdırılması üzərinə qurmuşdu. Deyən, lazım idi, sənə bu lazımdı?!

OPEK-in qərarı Moskva birjasında yeni canlanan rublu da vurdu. Rus valyutası dollar qarşısında yenidən 2 faiz ucuzlaşdı. Halbuki, həftənin əvvəlində dollar 45 rubldan, avro isə 55 rubldan aşağı düşmüşdü. Hətta ekspertlər rublun kursunun həftənin sonuna qədər möhkəmlənəcəyini proqnozlaşdırırdılar. O da qeyd olunur ki, rublun dəyər qazanmasına Avropa və Çin mərkəzi banklarının son qərarları təsir edib.

Maraqlıdır ki, OPEK-in müzakirələri rublu vursa da, Vladimir Putin hasilatın saxlanmasının onları qane etdiyini bildirir. Amma reallıq odur ki, gəlirinin təxminən yarısını neft və təbii qazdan qarşılayan Rusiya öz büdcəsini yenidən nəzərdən keçirməyə hazırlaşır. Energetika naziri Aleksandr Novakın açıqlamasına görə, 2015-ci ilin büdcəsində neftin qiymətinə (100 dollardan götürülüb) düzəliş ediləcək. Bununla belə, o, 2015-ci ildə hasilatın 2014-cü ildəki səviyyədə saxlanacağını söyləyib. Söhbət 525-526 milyon tondan gedir.

Məlumat üçün deyək ki, OPEK üzv olmayan Rusiya gündəlik təxminən 10.5 milyon barel neft istehsal edir. 11 faiz payla dünyanın ən böyük neft istehsalçısı mövqeyindədir. Ukrayna böhranından sonra Qərbin sanksiyalarına məruz qalan Rusiya neftin qiymətinin düşməsindən ciddi gəlir itkisi yaşayır. Ölkənin pul vahidi rubl dollar qarşısında ilin əvvəlindən 28 faiz nisbətində dəyərdən düşüb.

Ümumilikdə isə Rusiyanın Ukraynaya görə zərərinin illik 140 milyard dollar olduğu iddia olunur. Ən pisi odur ki, bu zərər hər ötən gün daha da artır. Ölkənin maliyyə naziri Anton Siluanovun sözlərinə görə, yaşanan böhranla əlaqədar illik itki təxminən 100 milyard dollardır: “Sanksiyalar qərb ölkələrindən gələn sərmayə axınına təsir edib. Hazırda Rusiyaya sərmayə girişi azalıb. İlk olaraq biz kreditlərdən və sərmayələrdən bəhs edirik. Avropa Birliyi və Amerika Birləşmiş Ştatları sərmayə axışına maneə törətmək üçün bütün vasitələrə əl atıb. Bunun bizə xərci illik təxminən 40 milyard dollardır. Çox böyük rəqəmdir. Lakin daha əvvəl sahib olduğumuz sərmayə çıxışını da hesaba qatdığımızda bu rəqəm 100 milyard dollar ətrafında edir. Bu rəqəm 130 -140 milyardı keçə bilər”.

Bir az da böhran içində çabalayan Avropadan söz açaq. Avropa Birliyinin ən böyük üçüncü iqtisadiyyatı İtaliyada işsizlik nisbəti rekorddan rekorda düşür. Oktyabr ayının hesabatlarına əsasən, işsizlik nisbəti 13,2 faizə yüksəlib. Xatırladaq ki, bu rəqəm sentyabr ayında 12,9 faiz olmuşdu. Maliyyə böhrandan xilas ola bilməyən İtaliyada 15-24 yaş arası gənc işsizlərin nisbəti 43,3 faizə yüksəlib. Sentyabr ayında həmin nisbət gənclərin 42,7 faizini əhatə edirdi. Ümumiyyətlə göstərilən yaş arasındakı gənclərdəki işsizlik nisbəti qlobal maliyyə böhranın başladığı 2008-ci ildən bəri iki qat artıb.

Almaniyada isə əksinə, işsizlik 6.6 faizə düşüb. Ölkədə işsizlərin sayı 14 min azalaraq noyabrda 2.87 milyon nəfər olub. Ölkə iqtisadiyyatı ikinci rübdə daraldıqdan sonra üçüncü rübdə təkrar artım nümayiş etdirməyə başlayıb. Mütəxəssislər avro bölgəsindəki durğunluq və Rusiya ilə yaşanan böhran səbəbindən Almaniyadakı işsizliklə əlaqədar daha mənfi tablo çəkirdilər.

İspaniyaya gəlincə, inflyasiya ötən ilin eyni dövrünə nisbətdə 0.4 faiz düşüb. İspan Milli Statistik İnstitutunun (INE) aylıq istehlakçı qiymət indeksi hesabatına görə bu, avqust ayından bəri yaşanan ən böyük eniş olub. İnflyasiyanın azalmasına səbəb kimi qlobal bazarlarda neft qiymətinin düşməsi göstərilir.

İş dünyası

ABŞ həftə ərzində Avropada ənənəvi hala gələn endirimli alış-veriş günü “Qara Cümə” gününə hazırlaşdı. Milad alver mövsümünün başlanğıcı olaraq təşkil olunan bu kampaniyada şirkətlər 90 faiz endirim edirlər. Alış-verişə çıxanlar da bir-birləriylə yarışır.

Amerikalıların bu il Milad alverində 600 milyard dollarlıq xərcləmə reallaşdıracaqları gözlənilir. Keçən il Milad mövsümündə mağazalardan və internet saytlarında alver edənlərin sayı 140 milyona çatıb.

Dünyanın ən böyük içki şirkəti “Coca-Cola” su, soda, meyvə şirəsi və enerji içkisindən sonra süd bazarına daxil olur. “Fairlife” markasıyla satılacaq məhsulun qiyməti normal süddən iki qat baha olacaq.

Südün tərkibinə gəldikdə, burada 50 faiz daha çox zülal və 30 faiz daha az şəkər olacaq. Məhsul dekabrda ABŞ bazara təqdim ediləcək.

Onu da qeyd edək ku, yetkinlərin yarısının süd içmədiyi ABŞ-da ötən 10 ildə süd satışı 8 faiz nisbətində azalıb.

Rusiyaya Qərb tərəfindən tətbiq olunan sanksiyalar ölkənin ən böyük bankını vurub. ”Sberbank”ın gəliri ilin üçüncü rübündə 24 faiz azalaraq, 1.53 milyard dollar (70.9 milyard rubl) olub. Ölkənin ikinci böyük bankı “VTB”nin gəlirləri isə üçüncü rübdə illik əsasda 98 faiz nisbətində düşüb. Bank buna görə dövlətdən 5.4 milyard dollar məbləğində yardım alıb.

Fransanın avtomobil şirkəti “Peugeot Citroen” iqtisadi böhranla mübarizə çərçivəsində gələn il 3 min 450 nəfəri işdən çıxaracağını açıqlayıb. Bu əhatədə erkən təqaüdçülük və iç transfer yollarına müraciət ediləcək.

Gəlirləri azalan şirkət bu ilin əvvəlində Çinin “Dongfeng” şirkətinə və Fransa hökumətinə hissə satışı reallaşdırmaqla 3 milyard avro sərmayə əldə etmişdi.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Yola saldığımız həftə Milli Məclis 2015-ci ilin büdcəsini təsdiqlədi. Elm xərcləri, siyasi partiyalara, QHT-lərə ayrılan vəsait artırılmaqla gələn ilin büdcəsinin xərcləri 23 milyard 807 milyon manata çatdırıldı. Sənəddə neftin qiymətinə isə toxunulmadı. 2015-ci ilin büdcəsində neftin qiyməti 90 dollardan hesablanacaq. Baxmayaraq, müstəqil ekspertləri bunun ciddi problemlər yaradacağını deyir, hökümət “qara qızıl”ın 60 dollara düşəcəyi halda belə büdcəyə təsir etməyəcəyini qeyd edir. Onu da bildirək ki, artıq son 3 ayda Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 160 mln. dollar azalıb.

Başlayaq banklardan. 2013-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2014-cü ilin eyni dövründə cəmi borcalanların sayı 20,3%, başqa sözlə, 382 016 nəfər artaraq bu ilin noyabr ayının 1-nə 2 mln. 261 min 973 nəfər təşkil edib. Bunun 10 min 679 nəfəri hüquqi, 2 mln. 231 min 569-u fiziki şəxs, 19 min 725 nəfəri sahibkarlıq subyektidir. Statistik məlumatların təhlili göstərir ki, fiziki şəxslər arasında borcalanların sayı kəskin artır. Belə ki, 2013-cü ilin oktyabr ayından indiyədək daha 377 833 fiziki şəxs borcalanların siyahısına daxil olub. Hesabat dövründə borcalan hüquqi şəxslərin sayında 826 nəfər, sahibkarlıq subyektlərinin sayında isə 3357 nəfərlik artım olub.

Pul kreditlərinin artmasının fonunda İpoteka Fondunun vəsaitləri hesabına verilən yanvar-oktyabr aylarında 82 milyon manat kredit verilib. Fondun statistik göstəricilərinə görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faizdən artıq azalma deməkdir. Təkcə oktyabr ayında banklar 34 milyon manat ipoteka krediti maliyyələşdiriblər. İlin əvvəlindən AİF 102 milyon manat yenidənmaliyyələşdirməyə sərf edib. 40 milyon manat isə sosial ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilib.

Maraqlıdır ki, ölkəyə qida idxalı da azalıb. Bu ilin 10 ayında ölkəyə 842,810.81 min dollar həcmində yeyinti məhsulu idxal edilib. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə yeyinti məhsullarının idxalı azalıb. Belə ki, 2013-cü ildə 953,752.52 min manatlıq yeyinti məhsulu idxal edilmişdi. Dövlət Gömrük Komitəsinin rəqəmləri göstərir ki, əsasən meyvə-tərəvəz, buğda, süd, bitki və heyvan mənşəli piylər və yağlarının idxalı keçən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Əvəzində tütün, mebel idxalı artıb. Maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrinin də idxalı azalıb. Belə ki, keçən ilin göstərilən dövründə bu struktur üzrə idxalın həcmi 2,232,528.99 min dollar idisə, cari ildə bu rəqəm 2,057,575.11 min dollar olub. Bundan əlavə, ötən il 1,235,135.85 min dollarlıq nəqliyyat vasitələri və onların hissələri idxal edilmişdisə, 2014-cü ildə bu rəqəm 637,150.04 min dollar təşkil edib.

Məndən bu qədər. Hər birinizə uğurlu həftə sonu tətili

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm