• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Putin Ərdoğanın ayağına getdi – Qaz başa çıxdı – HƏFTƏNİN İQTİSADİ HESABATI

Putin Ərdoğanın ayağına getdi – Qaz başa çıxdı – HƏFTƏNİN İQTİSADİ HESABATI

Yola saldığımız həftə ərzində neftin qiyməti son beş ilin ən aşağı səviyyəsinə düşərək, istehsalçı ölkələrin iqtisadiyyatlarına şok terapiya yaşatdı. Ölkəsinin gəlirlərinin yarısı neft-qaz gəlirlərindən formalaşan Rusiyada isə resessiya başladı. Rubl dollar, avro qarşısında elə zəiflədi ki, noyabrda bazara müdaxiləni dayandırmaq qərarı verən Rusiya Mərkəzi Bankı dekabrın ilk 4 günündə ümumilikdə 2,6 milyard dollar həcmində intervensiya həyata keçirdi.

Maraqlıdır ki, neftin ucuzlaşmasından təkcə Ruisya deyil, Amerikanın da itirdiyi ortaya çıxdı. Belə ki, “qara qızıl”ın ucuzlaşması böyük neft istehlakçısı kimi ABŞ iqtisadiyyatı üçün müsbət qiymətləndirilsə də, ölkənin qaya neft istehsalının itkilər yaşada biləcəyi deyilir. Neftin barelinin qiymətində hər bir dollarlıq eniş qaya neft hasilatının gəlirliyini azaldır. Hələlik yaranmış vəziyyətdə bir qalib var. O da Səudiyyə Ərəbistanıdır. Səudiyyə qiymətlərin düşməsinə baxmayaraq, neft istehsalından qazanc əldə edir.

Başlayaq xammal birjasının yaratdığı təlatümdən. Neft ixrac edən ölkələr təşkilatının (OPEK) istehsalı azaltmaması qərarı dünya iqtisadiyyatında yeni proseslərə yol açıb. Belə ki, bəzi ölkələrin bundan qazanclı çıxması, bəzilərinin isə itkilər yaşaması artıq qaçılmaz fakta çevrilib. Xüsusilə son 3 gündə neft qiymətindəki sürətli eniş gəliri bu ticarətə söykənən iqtisadiyyatları çalxalamaqdadır. Bu sırada birinci Rusiya gəlir. Onun milli valyutası defolta doğru gedir, ölkə iqtisadiyyatının resessiya ilə üzləşdiyi rəsmən təsdiqlənir. Misal üçün, ölkənin Maliyyə Nazirliyi 2015-ci il üçün nəzərdə tutulan iqtisadi artımı 1,2 faizdən 0,8 faizə azaldıb. Bu rəsmi açıqlama Rusiyanın pul vahidi rublun 24 saat ərzində avro və dollar qarşısında rekord səviyyədə dəyərdən düşməsinə gətirib çıxardı. Bütün bunların fonunda hökumət 2014-cü il üzrə iqtisadi artım göstəricilərini artırdı. Maliyyə Nazirliyi ilin son rübündə artımın 0,5 faizdən 0,6 faizə yüksələcəyini bildirdi.

Rubla gəlincə, təkcə noyabr ayında rublun real effektiv kursunun xarici valyutalara nəzərən 8,3 faiz ucuzlaşdığı aydın oldu. Bildirildi ki, yanvar-noyabr ayı üzrə bu rəqəm 16,1 faiz təşkil edib. On bir ayda rublun real effektiv kursu dollara nisbətən 23,4 faiz, avroya nisbətən isə 15,1 faiz ucuzlaşıb. Noyabrda rubl dollara qarşı 9,8, avroya qarşı 8,4 faiz zəifləyib. Onu da qeyd edək ki, rublun sürətlə dəyərsizləşməsi aylıq fasilədən sonra Rusiya Mərkəzi Bankının yenidən bazara müdaxilə etmək məcburiyyətində qoydu. Bank təkcə dekabrın ilk 4 günündə ümumilikdə 2,6 milyard dollar həcmində intervensiya reallaşdırdı. Dekabrın 2-si 700 milyon dollar, dekabrın 4-ü isə 1,9 milyard dollar buraxıldı. Beləliklə, 2014-cü ildə Mərkəzi Bankın rublun müdafiəsi üçün bazarda satdığı dolların həcmi 74 milyard 378 milyona çatdı. Ən dəhşətlisi də odur ki, bu qədər vəsaitin bazara atılmasına rəğmən, rubl ucuzlaşmaqda davam edir.Vəziyyət o həddədir ki, 2015-2017-ci ilin büdcə xərclərinin 5 faiz azaldılması, gələn il iyulun 15-dək “ofşor amnistiya” haqqında qanunun hazırlanması qərarları gündəmə gəlib. Söhbət ofşor hesablarda rusların 500 milyard dollar pulunun Rusiyaya gətirilməsindən gedir.

Həftənin daha bir önəmli hadisəsi Rusiya və Türkiyə prezidentləri arasında görüşün nəticələri oldu. Uzun müzakirələrdən sonra Rusiya Türkiyəyə satdığı qazı 6 faiz ucuzlaşdırdı. Vladimir Putin qaza endirimin 2015-ci ilin yanvarın 1-dən tətbiq olunacağını dedi. Bundan əlavə, Rusiya Türkiyəyə idxalı 2015-ci ildə daha 3 milyard kubmetr artıracağını açıqladı. Bildirək ki, Türkiyəyə 16 milyard kubmetr “Mavi Axın”ı və 10 milyard kubmetr də “Qərb Xətti” vasitəsiylə Rusiyadan 26 milyard kubmetr təbii qaz idxal edir. 3 milyard kubmetr artım edilsə, Rusiyadan Türkiyəyə qaz idxalı 29-30 milyard kubmetrə çatdırılacaq.

O ki qaldı mavi qazın təchizat qiymətinin endirilməsinə, Türkiyə tərəfinin bəyanatlarına görə, onlar Rusiyadan daha yüksək endirim istəyiblərmiş. O baxımdan növbəti endirimlərlə bağlı danışıqları davam etdirəcəklərini deyirlər. Çünki 6 faiz endirim 2 milyard lirəlik zərərin bir hissəsini də qarşılamır.

Prezidentlərin görüşü “Cənub axını"ı layihəsi üçün pessimist notlarla bitdi. Rusiya rəsmən layihəni dondurduğunu açıqladı. Bundan özünün zərəri 5 milyard dollar, Avropa şirkətlərinin zərəri isə 2,5 milyard avro oldu.

Almaniya Mərkəz Bankı ölkənin 2015-ci il üzrə iqtisadi artım proqnozunu təxmini yarıbayarı azaltdı.

“Bundesbank” bundan əvvəl 2014-cü il üçün 1.9 faiz açıqladığı artım proqnozunu 1.4 faizə, 2015-cü il ürzrə isə 2 faizdən 1 faizə endirmişdi. Avropanın ən böyük iqtisadiyyatının 2016-cı il üzrə artım proqnozu 1.8 faizdən 1.6 faizə salınıb.

Fransızların da vəziyyəti yaxşı deyil. Ölkədə işsizlik nisbəti ilin üçüncü rübündə proqnozlaşdırılandan çox qeydə alınıb. Fransanın Statistik Bürosu işsizliyin 10.4 faiz olduğunu bildirib. Əvvəlki dövrdə 10.2 faiz olan işsizlik nisbətinin 10.3 faizə ə yüksələcəyi gözlənilirdi. Gənc əhalidə işsizlik nisbəti isə 22.7 faizdən 23.7 faizə yüksəlib.

İngiltərə isə Birinci Dünya müharibəsindən qalan borcunu ödəməyə başlayır. Söhbət 2 milyard sterlinq borcun hamısının gələn ilin mart ayına qədər ödənməsindən gedir. Xatırladaq ki, ölkə döyüş əsnasında maliyyəsini təmin etmək və xərcini qarşılamaq üçün Milli Döyüş Təhvilləri çıxararaq xalqın sərmayə qoymasını istəmişdi. London hökuməti oktyabr ayında borcun 218 milyon sterlinqini 2015-ci ilin fevral ayında ödəyəcəyini açıqlamışdı.

İngiltərə ilə bağlı daha bir xəbər büdcə rəqəmlərini təhlil edərək vergi və xərcləmələr mövzusunda planlarını açıqlamasıdır. Qısa dövr büdcə kəsirini qapatmaqla bağlı hədəflərinə çata bilməyəcəklərini deyən maliyyə Naziri Corc Osborne gələn ilin may ayında keçiriləcək seçkidən əvvəli “kəmər sıxma” tədbirlərinin yüngülləşdiriləcəyini deyib. O həmçinin bu il büdcə kəsirinin nəzərdə tutulandan aşağı reallaşacağını deyib: “Mart ayında 4.9 faiz olaraq təxmin edilən büdcə kəsiri ümumi daxili məhsulun 5 faiz nisbətinə düşməsi nəzərdə tutur. Bundan aşağı faiz nisbətlərinin borclanma xərclərində yaratdığı qənaət, vergi gəlirlərində yaşanan itkinlərini kompensasiya edilməsi təsirli olub”.

Vatikanın İqtisadiyyat Katibliyinin rəhbəri Kardinal Corc Pellin “balans xaricində buraxılmış” milyonlarla avronun tapıldığını söyləməsi də yola saldığımız həftənin gündəminə oturdu.

Yeri gəlmişkən, Pell bunun Vatikanın maliyyə sisteminin gözləniləndən daha yaxşı olduğu mənasını verdiyini qeyd edib. Kardinal Pell vəzifəsinə Papa Fransisin kilsədə islahat və daha çox şəffaflıq siyasəti daxilində təyin olunub. Son illərdə silsilə qalmaqallara səhnə olan Vatikan Bankının çirkli pulların yuyulmasında iştirakı iddia olunur.

İş dünyası

Həftə ərzində iş dünyasında təzadlı proseslər müşahidə olundu. Almaniyada 52 ildir fəaliyyət göstərən “Opel” avtomobil fabrikinin qapısına kilid vuruldu. Bochum şəhərindəki zavodunda son avtomobili “Zafira”nın istehsalından sonra müəssisənin fəaliyyətinə son verildi. Nə az, nə çox – 3 min adam işsiz qaldı.

1962-ci ildə açılan fabrikdə günümüzə qədər “Opel Kadet”, “Manta”, “Ascona” kimi modellər daxil olmaqla 14 milyon maşın istehsal edilmişdi. Zavodun bundan sonra bir şirkət tərəfindən Almaniyanın ən böyük anbarı kimi istifadə ediləcəyi deyilir.

Rusiyanın “Lukoil” şirkəti isə 2014-cü ilin 3-cü rübündə təmiz mənfəətinin US GAAP standartı üzrə 48 faiz azalaraq 1,62 milyard dollar təşkil etdiyini diqqətə çatdırdı. Halbuki analitiklər şirkətin xalis mənfəətini 2 milyard dollar səviyyəsində gözləyirdilər.“Lukoil” dan bildirilir ki, mənfəətin azalmasına səbəb neft qiymətlərinin və rublun məzənnəsinin azalmasıdır.

BP şirkəti yaxın vaxtlarda TransAnadolu qaz kəməri (TANAP) layihəsinə qoşulacaq”. Bunu da jurnalistlərə “BP-Azerbaijan”-nın prezidenti Qordon Birrel bildirdib. O, qeyd edib ki, ARDNŞ ilə alqı-satqı ilin sonunadək başa çatacaq. Yekunda BP-nin layihədəki payı 12% təşkil edəcək.

Xatırladaq ki, TANAP “Şahdəniz” qazının Türkiyə ərzasisindən Avropa sərhədinə nəqlini nəzərdə tutur. Kəmərin ilkin buraxılış qabiliyyəti ildə 16 mlrd m3, genişlənmə imkanı 31 mlrd m3-dir. TANAP kəmərini 2018-ci ildə istismara vermək planlaşdırılır. Layihənin qiyməti $11,8 mlrd.-dır. TANAP-ın operatoru ARDNŞ-dir (70%). Tikinti işlərinə 2015-ci ildə başlanılacaq.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Həftəyə bombanı Vergilər Nazirliyi atdı. Nazirlik rəsmi saytında vergi borcunu ödəməyən 219 vergi ödəyicisinin adını dərc etdi. Məlum oldu ki, iri istehsal şirkətləri qazandıqlarının müqabilində büdcə qarşısında öhdəliklərini icra etmirlər. Dövlət Statistika Komitəsi də boş dayanmadı.

Komitə on ayda idxal-ixrac əməliyyatları çərçivəsində xariclə 35 milyard dollarlıq ticarət aparıldığını, MDB ölkələrinə sərnişindaşımanın 5 faizə yaxın ucuzlaşdığını bildirdi. Qiymətlərə gəlincə, noyabr ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin əvvəlki ayla müqayisədə 3,7 faiz, o cümlədən birillik bitkilərin və diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətlərinin isə uyğun olaraq 6 və 2,6 faiz bahalaşdığı, ərzaq məhsullarının istehlakçı qiymətlərinin 0,2 faiz qalxdığı, qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qaldığı bəlli oldu. “Statkom”un sayğacları ay ərzində mal, qoyun və toyuq ətlərinin, balıq məhsullarının, limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, kələmin, göyərtinin, baş soğanın, kökün, çuğundurun qiymətlərində ucuzlaşma, buğda ununun, əla növ buğda çörəyinin, düyünün, qarabaşaq yarmasının, kolbasa məmulatlarının, süd və süd məhsullarının, yumurtanın, kərə və zeytun yağlarının, üzümün, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun, kartofun, sarımsağın, duzun, şəkər tozunun qiymətlərində isə bahalaşma müşahidə olunduğunu üzə çıxardı.

İlin-günün bu vaxtında Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının həcminin azalması da diqqət çəkdi. Belə ki, noyabr ayında Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının həcmi 14 996.3 milyon dollar olub. Oktyabr ayı ilə müqayisədə MB-nın rəsmi valyuta ehtiyatlarının həcmi 37,3 milyon dollar azalıb. Bu da 0,25 faiz azalma deməkdir. Ooktyabrda sentyabr ayı ilə müqayisədə azalma 8,8 milyon dollar, yəni 1,1 faiz olmuşdu.

Banklardakı 3,14 milyard manatın batma təhlükəsi də sıradan xəbər olmadı. Əmanətlərin Sığortalanması Fondunun 2014-cü ilin 9 ayının yekunlarına əsasən, fiziki şəxslərin cəmi əmanətləri (6 556 milyon manat) ümumi əmanətlərin (maliyyə sektoru istisna olmaqla) 66%-ni təşkil edib. Fiziki şəxslərin cəmi əmanətləri 6,6 milyard manat, qorunmayan əmanətlər 3,14 milyard manat, qorunan əmanətlər 3,42 milyard manat, sığortalanan əmanətlər isə 1799 milyon manat olub. Qorunan əmanətlərin 63%-i manatın, 33%-i ABŞ dollarının və 4%-i avronun payına düşür. Üzv banklar tərəfindən 6 347 min əmanətçiyə xidmət göstərilir ki, onların da 5 745 min (90,5%) nəfəri qorunan əmanətçidir. Qorunan əmanətçilərin 99,68 faizinin (5 726 min nəfər) əmanəti 30 min manata qədərdir və 100 faiz sığortalanır. Qorunan əmanətçilərin 0,32 fazinin əmanəti qismən sığortalanır.

Məndən bu qədər. Hər birinizə soyuq qış günündə uğurlu həftəsonu tətili…

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR