Karolina Val(R)iant və ya bizə “geyindirilən” şubalar
Bizi izləyin

Ekopublika.az

Karolina Val(R)iant və ya bizə “geyindirilən” şubalar

Bu gün müştərilərə təqdim olunan geyimlərin böyük əksəriyyətinin keyfiyyəti, hazırlanma üsulu və şəraiti hər kəs üçün qaranlıq qalır. Xüsusilə, söhbət dəri və xəzdən gedirsə, vəziyyət daha kritikdir. Orta statistik azərbaycanlının illik gəlirinə bərabər dəyər “biçilən” xəzlərin keyfiyyətinə, təbiiliyinə kimsə təminat vermir.

Publika.az xəz-dəri bazarı ilə bağlı araşdırmasını təqdim edir.

Statistikaya görə, vitrinlər ya boşdur, ya da süni xəzlərlə doludur

Statistikada idxalın həcminə nəzər yetirsək, xəz məhsulları təklif edən dükanların piştaxtaları indi boş olmalıdır. Ya da gətirilən dərilər, xəzlər o qədər ucuzdur ki, tonunun məbləği vitrində bir kürkün qiymətinə bərabərdir. Məsələn, bu ilin 5 ayı ərzində Azərbaycana rəsmən 7,30 min dollarlıq təbii və süni xəz malları idxal edilib. 2013-cü ilin müvafiq dövründə bu həcm 5,6 min dollar təşkil edib. 2014-cü ilin 5 ayında ötən ilin eyni dövrünə nisbətən 130 faiz artım olub. Maraqlıdır ki, statistikada cari ilin 3 ayı üçün də eyni rəqəm göstərilib. İlin 7 ayında isə eyni seqment üzrə idxalın həcmi 26,36 min dollar olub. Düzdür, 2013-cü ilin eyni dövründə bu rəqəm 7 min dollar təşkil edib, amma 26,36 min dollara Bakının prestijli dükanlarından cəmi 3-4 kürk almaq olar.

Maraqlıdır ki, 2011-ci ildə xəz məhsullarının idxalçıları daha çox qanuna riayət ediblər. Statistikaya əsasən, göstərilən dövrdə 318.55 min dollarlıq təbii və süni xəz, ondan hazırlanan məmulatların idxalı həyata keçirilib. 2012-ci ildə bu rəqəm 309.77 min dollar, 2013-cü ildə isə 9.41 min dollar olub. Statistikadan belə görünür ki, 2013-cü ildən bu tərəfə ölkəyə ya xəz gətirilmir, ya da bildirdiyimiz kimi, həddən artıq ucuz xammal gətirilir. İdxalın strukturunda təbii və süni xəz idxalı eyni götürüldüyündən, ölkəyə ümumiyyətlə, təbii xəz gətirilməsinin dayandırıldığını da müəyyənləşdirmək olmur. Məsələnin bir başqa tərəfi idxalın strukturunda İtaliyanın, Almaniyanın, eləcə də Yunanıstanın payının az olması, Çinin üstünlük təşkil etməsidir.

Çin xəzləri “Black Nafa “,“Blackglama” adı altında satılır

Son zamanlar bazarda peyda olan “Karolina Valiant”, “Femina”, “Simpatiya”, “Snejnaya Koroleva”, “Alessandro Bosso” vətəndaşlara İtaliya, Amerika, Yunanıstandan xəz dəri geyimləri təklif edir. Hər birinin də qiymət siyasəti o qədər radikaldır ki, hətta alıcı qiyməti eşidəndə belə bu qədər baha aldadılacağına inanmır…

Başlayaq “Karolina Valiant”dan. Azərbaycanda, həmçinin Rusiyanın Xarkov və Pyatiqorsk şəhərlərində iki salonu olan bu mağazalar şəbəkəsi hazırda bazarın lideri sayılır. İstər satış həcminə, istər müştərilərinin sayına, istərsə də bazarda reallaşdırdığı fırıldaqların miqyasına görə. Necə? Oxuyaq, öyrənək.

Mağazalar şəbəkəsində həm “Karolina Valiant”ın özünün hazırladığı, həm də Avropada istehsal olunduğu iddia edilən tanınmış xəz-dəri brendlərinin məhsulları təklif edilir. Alıcı kimi maraqlandıqda məlum olur ki, xəz-dəri çeşidləri İtaliya, İspaniya, Almaniya, Yunanıstan, Amerika, Kanada, Rusiya, Finlandiyanın təbii xəz və dəri fabriklərində hazırlanıb. Bəzi eksklüziv modellər isə yerli iqlimə, xüsusiyyətlərə uyğunlaşdırılıb. Düzdür, bu uyğunlaşdırmanın nədən ibarət olduğu açıqlanmır. Amma deyilir ki, kolleksiyalar üzərində italyan, fransız stilistləri rus, türk modelyerləri ilə birgə çalışıblar. “Karolina Valiant”ın özünün məhsullarına gəlincə, istehsalda İtaliyanın, İspaniyanın böyük şirkətlərinin xammallarından istifadə edildiyi qeyd olunur. Göründüyü kimi, ilk baxışdan bir məhsulun satışı üçün əla təqdimatdır.

Bəs reallıqda da vəziyyət belədirmi? Təbii ki, yox. İlk öncə bildirək ki, İtaliya və İspaniyanın özündə xəz-dəri fabrikləri xammalı başqa ölkələrdən idxal edirlər. Bu halda “Karolina Valiant"ın xammalı adıçəkilən ölkələrdən alması mümkünsüzdür. İkincisi də, tutaq ki xəz İtaliya və İspaniyadan gətirilib, bəs kürkün hazırlanmasında istifadə edilən digər komponent və aksessuarlar? Onların idxal ediliyi dövlətlərin adları niyə çəkilmir?!

Digər tərəfdən, mağazalar şəbəkəsində əsasən “kürklərimiz Kanadanın “Black Nafa” və Amerikanın “Blackglama” xəzlərindən hazırlanıb” deyə bildirilir. Hər iki xəz növü öz parlaqlığı, keyfiyyəti ilə bütün dünyaya meydan oxuduğu halda, “Karolina Valiant”da “Black Nafa”, “Blackglama” kimi təqdim olunan kürklərin parlaqlığı və keyfiyyəti barədə eyni fikirləri söyləmək çətindir. Həmin kürklər süni xəzdən hazırlanmış kürklərdən heç nə ilə fərqlənmir. Məsələ bundadır ki, artıq xeyli zamandır müəyyən texnologiyalara yiyələnmiş Çin istehsalçıları yüksək keyfiyyətli Avropa mallarını imitasiya edə bilirlər. Hətta “copy-paste” elə peşəkar səviyyədə reallaşdırılır ki, bəzən mütəxəssislər özləri də saxta malı orijinaldan ayıra bilmirlər. Çarə qalır laborator müayinəyə. O da harda görünüb ki, dükan alıcı ilə razılaşıb malını müayinəyə göndərib, sonra satsın? Məhz bütün bunlar “Karolina Valiant ”ı o qədər arxayınlaşdırıb ki, şirkət “İtaliya, İspaniya xəzləri” adı altında Çin məhsullarını od qiymətinə satmaqdan çəkinmir.

Xatırladaq ki, “Karolina Valiant”ın xəzləri Çindən gətirməsi faktı ilk hal deyil. Təxminən 3 il əvvəl bu şirkətə qarşı irəli sürülən ittihamları yada salaq. Qeyd edilirdi ki, İtaliya, Yunanıstan və Skandinaviya ölkələrinin istehsalı kimi təqdim edilən xəz-dəri geyimləri əslində Çində istehsal edilib. Hətta şirkətin bütün strukturlarında hüquq mühafizə orqanları tərəfindən ciddi araşdırmaların aparıldığı, kürkləri reklam edən müğənnilərə qədər hər kəsin araşdırmalara cəlb ediliyi belə yazılırdı. Lakin ya zəlzələdən, ya vəlvələdən, istehlakçıları kütləvi şəkildə aldadan “Karolina Valiant” bazardan tamamilə kənarlaşdırılmadı. Şirkət müxtəlif reklam kampaniyaları ilə dəridən-qabıqdan çıxıb işgüzar nüfuz üçün mənfi hal sayılan bütün bu ittihamları unutdurmağı bacardı. Amma keyfiyyət dəyişdimi? Araşdırmalar göstərir ki, vəziyyət eynidir…

“Braschi”, “Alessandro Bosso”, “Manzari”, “Mala Mati Marconi”, “Tsoukas Bros” la etiketlənmiş Çin xəzləri

“Karolina Valiant”la bağlı daha bir nüans onun “Braschi”, “Alessandro Bosso”, “Manzari”, “Mala Mati Marconi”, “Tsoukas Bros”, “Avanti Furs”, “Vito Ponti”, “Rindi”, “Unifur” kimi məşhur brendlərlə əməkdaşlıq etməsi, hətta onların məhsullarını satmasıdır. Adı çəkilən brendlərin bir neçəsinə “Karolina Valiant”ın Üzeyir Hacıbəyov küçəsindəki mağazasında rast gəldik. Diqqətimizi çəkən xəzlərin qiymətlərindəki fərq oldu.

Konkret deyək. Kifayət qədər bahalı brend sayılan “Manzari”nin satış qiyməti “Karolina Valiant"da ucuzdur. Dünyanın əksər yerində ən ucuz “Manzari” kürkünün satışı manat ekvalenti ilə 3000 AZN-dən başlayır. Bizdə isə “Karolina Valiant" “Manzari”dən xəzi hətta 1000 manata da satır. Nəzərə alsaq ki, brendin geyimlərinin hazırlanmasında istifadə edilən yüksək keyfiyyətli xammalın alınması Amerika hərracları vasitəsilə həyata keçirilir, “Karolina Valiant”ın təqdim etdiyi qiymətə gerçək “Manzari” kürkünin yalnız bir hissəsini almaq mümkündür. İddialara görə, “Karolina Valiant” “bacarıqlı” dərzilər vasitəsilə “tərəfdaşlıq edirəm” dediyi brendlərin kolleksiyalarının sürətini çıxarır. Daha sonra eyniadlı etiketi yapışdıraraq onları “Braschi”, “Alessandro Bosso”, “Manzari”, “Mala Mati Marconi”, “Tsoukas Bros”, “Avanti Furs”, “Vito Ponti”, “Rindi”, “Unifur” xəzləri adı ilə satır…

"Karolina Valiant" hər məqamda alıcını aldadır. Buna daha bir misal gerçək “Vito Ponti” xəzlərinin 2014-2015 kolleksiyasının hazırda 50 faiz endirimdə olmasıdır. Bizim xəz-dəri mağazalar şəbəkəmizdə isə eyni adla markalanmış xəzlərin qiyməti ceyran belindədir.

Xəzlər keyfiyyətini tez itirir

Təbii xəzi süni, keyfiyyətsiz xəzdən fərqləndirən xüsusiyyəti onun istifadə olunduqca əvvəlki görkəmini saxlamasıdır. “Karolina Valiant”dan alınan məhsullar öz ilkin görkəmini və xüsusiyyətlərini tez bir zamanda itirir. Bunun üçün qışda iki dəfə güclü qarın və yağışların yağması kifayətdir. Yəni, əslində "Karolina Valiant"ın möhtəşəm fırıldağının əsas “sığortaçısı” Azərbaycanın iqlim şəraitidir. Uzun illərdir Qərbi Avropa ölkələri və Rusiya ilə müqayisədə ölkəmizdə qış kifayət qədər mülayim keçdiyindən, Çin istehsalı olan xəz-dəri məmulatları öz keyfiyyətlərini nisbətən qoruya bilirdi. Bu da bazarın işbazlarını arxayınlaşdırırdı. Son iki ildə soyuq hava şəraiti Avropa brendləri kimi təqdim olunan kürklər və gödəkçələr üçün əsl imtahana çevrilib.

Endirim kampaniyası, yoxsa real qiymət?

Məhsulun qayiməsindəki qiymət həm də onun keyfiyyətini özündə əks etdirir. “Karolina Valiant” xəzlərinin əsl qiymətləri endirim kampaniyaları zamanı ortaya çıxır. İstehlakçının bir zamanlar qiymətinə görə qarşısından belə keçə bilmədiyi dəyərli xəz kürklər 50 faiz endirimlə, yəni yarı qiymətə təklif olunur. Sizcə, hansı sahibkar öz cibinə bu qədər ziyan edər? Hər kəs bilir ki, bizim ölkədə endirim kampaniyaları sahibkarın aldığı malı 10-20 faiz bahasına (adi halda bu rəqəm 60-70 faiz təşkil edir ) satmasına xidmət edir. Xəz-dəri kimi bahalı geymlərdə isə qazanc hədəfləri daha yüksək olur.

Daha bir bir məqam “Karolina Valiant”ın kredit kampaniyası ilə bağlıdır. Müştəriyə xəzin dəyərini anutet ödəmək imkanı yaratmaqla bərabər, 20% endirim də tətbiq olunur. Nəzərə alsaq ki, “Karolina Valiant”ın kredit şərtləri kommersiya banklarının kredit şərtlərindən fərqlənmir, deməli, kredit kampaniyası zamanı hansısa endirimdən söhbət belə gedə bilməz.

Yunan ilahəsi “Femina”nın kürk yalanı

Əslində bu bazarda o qədər hərcmərclik yaranıb ki, “Femina”, “Simpatiya”, “Snejnaya Koroleva”, “Alessandro Bosso” və digər xəz-dəri satış mərkəzlərinin biznes strategiyaları bir-birindən fərqlənmir. El dilində desək, bir-iki təmiz malın arasına Çinin ucuz mallarını qatıb satırlar. Götürək “Femina”nı. Bu xəz-dəri qalereyası da “Karolina Valiant” kimi, “Manzari”, “Braschi”, “Imperia”, “Dimitris Papanikolaou” kimi tanınmış brendlərlə əməkdaşlıq etdiyini iddia edir. Konkret, “Dimitris Papanikolaou”n kürklərinin hazırlanmasında tülkü, samur, fin yenotunun dərisindən istifadə edilir. “Femina”da isə belə xəzlər yoxdur. Eyni zamanda, kolleksiyalar brendlərin veb səhifələrində yerləşdirilənlərə bənzəmir. Nə 2013-2014, nə də 2014-2015 kolleksiyalarında uyğunluq var.

Daha bir məqamsa qiymət fərqidir. Belə ki, “Femina” “Manzari” brendinə məxsus kürkləri daha baha qiymətə satır, nəinki “Karolina Valiant”. O halda sual yaranır: hansı mal “təmizdir”?

Əldə etdiyimiz məlumatlara görə, “Femina”nın əsas idxal bazarı Çindir. Sadəcə, qalereyanın sahibləri Çinin ucuz xəzini 50 min manata müştəriyə sırımaq üçün işlərini əvvəldən möhkəm tuturlar. Məhsullara çürümə əleyhinə xüsusi kimyəvi maddələr qatılır. Bu da xəzi, həmçinin dərini bir il müddətində ilk vəziyyətindəki kimi şux saxlayır. Bir il tamam olandan sonra isə kürklərin tükü tökülməyə və məhsulun daxili hissəsində fəsadlar yaranmağa başlayır.

Mövzunu davam etdirəcəyik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm