Qeyri-neft sektorunda bu il sürətli artıma nə mane oldu?
Bizi izləyin

Ekopublika.az

Qeyri-neft sektorunda bu il sürətli artıma nə mane oldu?

Cari il ölkədə ümumi daxili məhsul istehsalı (ÜDM) hökumətin proqnozlaşdırdığı kimi 5,2 faiz deyil, 3 faizlə yekunlaşacaq. Çünki 2014-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 49,225 milyard manatlıq ÜDM istehsal edilib. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artıq olub. 2013-cü ilin yanvar-oktyabr ayları ərzində isə 47,758 milyard manat əlavə dəyər istehsal edilib. Odur ki, bu ilin yerdə qalan 2 ayı da daxıl olmaqla ÜDM istehsalının artım tempi 3 faiz civarında olacaq. Xatırladaq ki, 2013-cü ildə isə 5,8 faiz artım əldə edilmişdi.

Göründüyü kimi, hökumət 2014-cü ildə ÜDM istehsalını keçən ildəkindən az artacağını proqnozlaşdırmışdı. Bu da neft sektorunda müvafiq geriləmə ilə əlaqədar söylənilmişdi ki, proses artıq, neçə ildir davam edir.

Əslində, 3 faiz də pis nəticə deyil. Nəzərə alsaq ki, bu il neftin dünya bazarında qiymətləri ilin ortasından bəri düşür və üstəlik, Azərbaycanın sıx iqtisadi və ticarət əlaqələrində olduğu şimal qonşusu Rusiyada da Qərbin sanksiyaları səbəbindən vəziyyət yaxşı deyil, ölkəmizdə iqtisadi artımın davam etməsi müsbət hadisədir.

Yeri gəlmişkən, Beynəlxalq Valyuta Fondu (BFV) məhz qeyd etdiyimiz səbəblər üzündən Mərkəzi Asiya, o cümlədən Qafqaz ölkələrində artımın ən azı 1 faiz də varsa düşəcəyini bəyan etmişdi. Ümumiyyətlə, bundan əvvəl Dünya Bankı (DB) da Azərbaycan üzrə iqtisadi artım proqnozunu azaltmışdı. Belə ki, DB ilin əvvəlində ölkəmizdə ÜDM istehsalının 5,3 faiz artacağını bildirsə də, sonrakı hesabatlarında bunu Azərbaycan hökumətinin nəzərdə tutduğu kimi 5,2 faizə qədər aşağı saldı. Bu yaxında isə bu rəqəmin daha da aşağı olacağını bildirdi. Sözümüz bunda deyil.

Məlumdur ki, ölkədə iqtisadi artımı saxlayan qeyri-neft sektoru sayılır.Əgər, iqtisadiyyatın neftdən kənar sahələrində istehsalda artım qeydə alınmırsa neft sektorunda dinamika da üzü aşağıya doğru inkişaf edir.

Elə cari ilin özündə ÜDM istehsalının artım tempində “lənglik” bir ara qeyri-neft sektorunda yaranan durğunluqla əlaqədar izah olunmalıdır. Ümumiyyətlə, 2014-cü ildə hökumətin ÜDM istehsalının artımına dair proqnozunun özünü doğrultmaması qeyri-neft sektorunda artımın gözlənilən və yaxud nəzərdə tutulandan aşağı olması ilə əlaqədar baş vermişdir ki, bu isə ciddi siqnal hesab olunmalıdır.

Düzdür, hökumətin gözləntisinə əsasən, bu il qeyri-neftdə 8,1 faiz artım olacaq. Lakin iş ondadır ki, bu da özünü doğrultmayacaq. Belə ki, sözügedən artım 6 faiz civarında olarsa, böyük nəticə sayılacaq. Çünki neftdən kənar sahələrdə artım dinamikasının nəzərdə tutulduğu kimi inkişaf etmədiyi göz qabağındadır. Bu sahədə növbəti illər üçün nəzərdə tutulan proqnozlara isə toxunmuruq. 2015-ci ildə qeyri-neft sektorunun təqribən 7,6, sonrakı illərdə isə 8 faiz civarında artacağı gözlənilir. Cari ildə müşahidə olunan tendensiyaya əsasən isə bu, şübhə doğurur.

Odur ki, sual olunur: bəs nə etməli?

Fikrimizcə, başa çatmaqda olan 2014-cü ildə bütövlükdə ÜDM istehsalı üzrə deyil, məhz onun qeyri-neft sektorunda əldə olunan hissəsinin artım dinamikası təhlil olunmalı və bu sahədə proqnozun özünü doğrultmaması ətraflı nəzərdən keçirilməlidir. Bunun isə bir neçə səbəbi vardır.

Əvvəla, bayaq da qeyd etdik ki, BVF də bu il dünya bazarlarında neftin qiymətinin düşməsinin, habelə Rusiyada Qərbin sanksiyaları səbəbindən vəziyyətin qeyri-qənaətbəxş olmasının istər-istəməz ətraf ölkələrə təsir edəcəyini söyləmiş və Azərbaycan kimi ölkələrdə iqtisadi artımın əsas etibarı ilə məhz buna görə zəifləyəcəyini bildirmişdi.

Bizcə, bu, inkar edilməməlidir. Birincisi, ona görə ki, ölkəmizdə neft hasilatının enməsinə onun dünya bazarında qiymətlərinin də aşağı düşməsinin əlavə olunması “ikiqat” zərbə oldu. Çünki Azərbaycan üçün istehsal azalmaqda olduğundan neft dollarlarının daha qənaətbəxş həcmdə olması vacib sayılırdı. İkincisi də, Rusiyada rublun ABŞ dollarına görə kəskin enməsi ölkəmizə neftdən kənar istiqamətlərdən də maliyyə axınlarının həcmini azaltdı ki, bu isə neftdən kənar sahələrin inkişafı üçün əsas katalizator rolunu oynamaqda idi.

Düzdür, belə fikir də vardır ki, Azərbaycanda istehsalçılar üçün Rusiya bazarları guya, hazırda daha əlverişli xarakter daşıyır. Lakin bazarda reallaşdırılan məhsullardan istənilən vəsaiti əldə etmək mümkün deyilsə, onun istehsalına stimul yarana bilməz. Və odur ki, bu zaman iqtisadiyyatın heç bir sahəsində canlanma da qeydə alınmayacaq.

Digər bir məqam isə DB-nın Azərbaycanda bu il ərzində ÜDM istehsalı artımına dair proqnozu yuxarıda qeyd etdiyimiz kimi aşağıya doğru saldığına dair "Global iqtisadi perspektivlər" adlı hesabatında qeyd etdikləri ilə bağlıdır. DB-nın həmin proqnozuna əsasən, ölkəmizdə ÜDM istehsalı getdikcə daha çox enəcək ki, hökumətin gözlədiyi rəqəmlərdən də aşağı düşəcək.

Yəni, 2015-ci ildə onun artımı 4,1, 2016-cı ildə isə 3,6 faiz təşkil edəcək.

Azərbaycanda qeyri-neft sektorunda artımın zəifləyəcəyinin adı çəkilən qurum tərəfindən bilavasitə vergi-büdcə siyasətinin sərtləşdirilməsiylə əlaqədar ortaya çıxacağı bəyan edilmişdi ki, bu da Azərbaycan Mərkəzi Bankının (AMB) bu ilin əvvəlində banklara istehlak kreditlərini məhdudlaşdırmaq barədə tövsiyəsi ilə əlaqədar söylənilmişdi. Çünki AMB-in bu qərarı bütövlükdə pul-kredit siyasətinin sərtləşdirilməsi kimi xarakterizə olundu. Çünki vergi-büdcə siyasətində sərtlik məhz pul-kredit siyasətində müşahidə edilir.

Düzdür, ölkədə sahibkarlığın inkişafına dəstək var.

Ancaq istehlak kreditlərinin məhdudlaşdırılması dolayı yolla da varsa qeyri-neftdə ÜDM istehsalını buxova alan vasitələrdən biri kimi çıxış etməkdədir ki, bunu hər halda, cari ilin təcrübəsi belə deməyə əsas verir.

Pərviz Heydərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm