Yanacaq məhsullarının kütləvi idxalına başlanacaq...
Bizi izləyin

Ekopublika.az

Yanacaq məhsullarının kütləvi idxalına başlanacaq...

R. Abdullayev əlavə etmişdi ki, bizim bu təklifimiz təəssüf ki, keçmədi. Lakin ARDNŞ prezidentinin bu fikiri Aİ-95 barədə buna bənzər addımın gec-tez atılacığını deməyə əsas verirdi.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin Aİ-95 markalı benzinlə əlaqədar verdiyi açıqlama bəzi "ekspertlərə" "od püskürmək" üçün əlavə bəhanə verib. Əslində isə ARDNŞ prezidenti ölkədə yanacaq məhsullarının qiymətlərinin Tarif Şurasının qərarı ilə hələ keçən ilin dekabr ayının 3-dən etibarən yüksəldilməsinə münasibətdə söylədi ki, Aİ-95 markalı benzinin qiymətini də Aİ-98 kimi sərbəst buraxmaq lazımdır.

R. Abdullayev əlavə etmişdi ki, bizim bu təklifimiz təəssüf ki, keçmədi. Lakin ARDNŞ prezidentinin bu fikiri Aİ-95 barədə buna bənzər addımın gec-tez atılacığını deməyə əsas verirdi.

Ümumiyyətlə, Nazirlər Kabinetinin (NK) Aİ-92 və Aİ-95 markalı benzin markalarının idxalı üzrə gömrük rüsumları və aksiz dərəcələrinin yumşaldılmasına dair bu ilin 21 yanvar tarixində verdiyi 16 və 15 nömrəli qərarlarının cari ilin iyun ayına kimi qüvvədə olacağına bahəm də yazmışdıq ki, bu, ölkəyə benzin idxalının müvəqqəti xarakter daşıyacağını ehtiva etmir.

Məsələ bundadır ki, Azərbaycanda onsuz da təmiz - “Avro-4” standartına uyğun Aİ-95 markalı benzin istehsal olunmurdu. Belə ki, Aİ-92 markalı benzin belə demək mümkündürsə, əlavə emal olunmaqla Aİ-95-ə çatdırılırdı. Aprel ayında “Avro-4”-ə keçiddən sonra isə bu əməliyyat artıq işə yaramayacaq. Çünki sözügedən norma benzinin keyfiyyətini qaldırmağı tələb edir. Bizdə isə təkrar edirik ki, hətta “Avro-3”-ə uyğun keyfiyyətdə də olsa belə, Aİ-95 istehsal olunmur.

Neçə ildir ki, Aİ-98 markalı benzini ölkəmiz kənardan alır. 2014-cü ilin aprelin 1-dən “Avro-4” ekoloji normasna keçiddən sonra isə yerdə qalan markalı benzinləri hardan və nə cür əldə edəcəyimizi əvvəlki şərhlərimizdə də sual etmişdik. Təkrar edirik ki, Azərbaycan bu gün nə qədər çox təmiz neftə və emaledici infrastruktura sahib olsa da, istehsal etdiyi yanacağın keyfiyyəti hazırda Avropada ən yüksək standart sayılan “Avro-5” və “Avro-6”-dan 3 dəfə geri qalır. Və bizim, həmin standartlara çatmağımıza 2023-cü ilə kimi - Səngəçal terminalının şimalında, Qaradağ-Abşeron ərazisində tikilib istifadəyə veriləcək yeni neft-qaz emalı kimya kompleksi fəaliyyətə başlayana qədər vaxt tələb olunur.

Bəs, nə etməli ?! Təbii ki, idxala başlanmalıdır. Onu da qeyd edək ki, yeni neft emalı zavodu tikilənə kimi “Avro-5” və “Avro-6”-ya keçməli olsaq, Aİ-92 markalı benzini də, hətta ola bilsin, dizeli də kənardan gətirməli olacağıq.Ancaq burada bir cəhət var. O da bundan ibarətdir ki, Heydər Əliyev adına Bakı neft emalı zavodunun 2 nömrəli istehsalat sahəsinin 21 saylı qurğusunda bəzi cari işlər aparılsa da, aprel ayında onun əsaslı təmirə saxlanılması ilə əlaqədar Aİ-92 və Aİ-95 markalı benzinlərin ölkəyə idxalıyla bilavasitə ARDNŞ-in özünün məşğul olacağı deyilir. Yeri gəlmişkən, həmin işlərlə bağlı olaraq müvafiq texniki layihə tapşırığı verilmiş və hazırlıq işlərinə də başlanmışdır. Sözümüz bunda deyil.

NK-nın yuxarıda qeyd etdiyimiz qərarları da Neft Şirkətinin bu sahədə əlavə xərclərinin qarşısını almaq məqsədi daşıdığı bəlli idi. Sual yaranır ki, Aİ-95 markalı benzinin istehsalı əgər birdəfəlik dayaydırılırsa, onun idxalıyla sonadək məgər ARDNŞ məşğul olacaqmı?Çünki ötən şərhimizdə də yazmışdıq ki, NK-nın Aİ-92 və Aİ-95 markalı benzin markalarının idxalı üzrə gömrük rüsumları və aksiz dərəcələrinin yumşaldılmasına dair bu ilin 21 yanvar tarixində verdiyi 16 və 15 nömrəli qərarların hazırda yanacaq doldurma məntəqələrinə ayrı-arı operatorlar tərəfindən xaricdən gətirilən Aİ-98 markalı benzinə dəxli yoxdur. Ona görə də onun daxili bazarda satış qiyməti 1 manat 50 qəpikdir. Aİ-92 və Aİ-95 markalı benzinlərin də idxalını Neft Şirkətindən kənar strukturlar həyata keçirdərlərsə və həmin markaların da qiymətləri sərbəst buraxılarsa azı 1 manatdan yuxarı olacaq.

Çünki gömrük rüsumları və aksiz dərəcələrinin ləğvi hər şeyə görə və uzunmüddətə tətbiq edilə bilməz.

Doğrudur, "Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə" Nazirlər Kabinetinin 2013-cü il 2 dekabr tarixli 333 nömrəli qərarında dəyişiklik edilməsi haqqında Nazirlər Kabineti 6 fevral 2014-cü il tarixli, 35 saylı Qərarı ilə aksiz vergilərinin dərəcələri azaldılıb. Aİ-95-in aksiz vergisi üzrə dəcədə bu azalma 2,5 dəfə, Aİ-92 və Aİ--80 markalarında 2 dəfə, dizel yanacağında isə 3,2 dəfə təşkil edib.

NK-nin bu qərarı ölkəyə yanacaq məhsullarının idxalının başlanmasına hesablanılıb. Yanacaq məhsullarının Tarif Şurası tərəfindən ötən ilin dekabrın 3-dəki qərarına bunun heç bir aidiyyəti yoxdur. Ölkəyə benzin idxalı ilə hələlik ARDNŞ özü məşğul olacaq. NK-nın bu qərarı da onun məhz itkilərini kompensasiya etməyə hesablanıb və buna hazırlıq məqsədi daşıyır. Çünki aksiz vergisi məhsulun harda istehsal olunmasından asılı olmayaraq satış qiymətində oturur. NK-nin bu qərarı ilə ARDNŞ-in prezidenti R. Abdullayevin son məlumatı bir məqsədi ehtiva edir ki, ölkəyə yanacaq məhsullarının kütləvi idxalına başlanılır.

Bu işlə isə ilkin mərhələdə ARDNŞ məşğul olsa da, sonradan prosesə özəl qurumların qoşulacağı nəyinki istisna deyil, bizcə, qaçılmaz olacaq.Çünki 2020-2021-ci illərə qədər daxili bazarda avtomobil benzininə olan tələbatı maksimum dərəcədə ödəmək üçün benzin və dizel yanacağı istehsalını, ümumiyyətlə, ölkədə neft emalı sahələrində mövcud qurğuların gücünü artırmaq məqsədilə həyata keçiriləcək tədbirlər həmin vaxtadək idxalsız keçinməyə əsla imkan yaratmayacaq.

Pərviz Heydərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm