• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Ekspertdən “mənzil fırıldağının” qarşısının alınması üçün təklif

Ekspertdən  “mənzil fırıldağının” qarşısının alınması üçün təklif

Yeni inşa edilən binada eyni mənzilin bir neçə şəxsə satılması ilə bağlı daha bir cinayət işi. Düz bir il öncə, belə problemlərin yaşanmaması və “mənzil fırıldağının” qarşısının alınması üçün təkliflər hazırlayıb bu işə məsul olan qurumlara göndərdik. Amma o təkliflər qəbul olunmayınca “mənzil fırıldağının” miqyası da genişlənməkdədir. İnşa etdiyi mənzilləri kifayət qədər yüksək qiymətə satan və əslində bununla da gəlirlərini təmin edən tikinti şirkətləri, hətta bu pul ilə kifayətlənməyərək, vətəndaşları aldadıb onların qənaət edərək illərlə yığdığı pulları əllərindən alırlar. Aydındır ki, vətəndaşları aldatmış tikinti şirkətlərinin sahiblərinin həbs olunması mənzil üçün pul ödəyənlər üçün ciddi heç nəyi dəyişmir. Onlar onsuz da mənzilə sahib olmurlar. Çünki nə bina inşa edilib, nə də onların pullarını geri qaytaracaq kimsə var.

Bu barədə iqtisadçı ekspert Vüqar Bayramov öz "Facebook" profilində yazıb:

"Təkilflərimizi bir daha xatırlayırıq. Və manatları deyil, hətta bəzi hallarda qənaət edərək qəpik-qəpik pul yığan vətədandaşlarımızı aldadan işbazlara dayan deməyin zamani deyilmi?

Birincisi, Ukraynada olduğu kimi, Azərbaycanda da tikinti şirkətlərinin internet səhifəsinin olması icbari xarakter daşımalıdır. Öz internet səhifələrində tikinti şirkətləri inşa edilən və ya inşa ediləcək binada satılan mənzillərlə bağlı məlumat yerləşdirir. Bu da imkan verir ki, alıcı hər hansı bir şirkətin inşa etdiyi binada mənzil almaq istəyərkən həmin şirkətin veb səhifəsinə daxil olmaqla müəyyən edə bilsin ki, hansı mənzillər satılıb, hansılar satılmayıb. Eyni zamanda, tikinti şirkəti öz saytında hər bir müştəriyə xüsusi kabinet açır və o da mütəmadi olaraq ora daxil olaraq ödəniş, tikinti prosesi və digər məlumatları əldə edə bilir. Bu, eyni zamanda, şirkətlərin şəffaf işləməsinə imkan yaradır.

İkincisi, bir sıra Cənubi-Şərqi Asiya ölkələrində olduğu kimi, mənzillərin bölgüsü ilə bağlı xüsusi komissiyanın yaradılması mümkündür. Belə komissiyalar əksər hallarda dövlət qurumlarının və ya yerli icra hakimiyyəti orqanlarının nəzdində yaradılır. Bu zaman həmin komissiya mənzillərin qiyməti və ya kimə satılması ilə bağlı məsələlərə müdaxilə etmir. Sadəcə, satılan mənzillərin qeydiyyatını aparır. Bu qeydiyyatını hətta sonrakı mərhələdə elektronlaşdırıla bilər. Yəni, məsələn, yeni inşa edilən binada 3-cü blok 10 saylı mənzil satılıbsa, artıq onun məlumatlarını sistemə yenidən daxil etmək olmur, elektron sistem qəbul etmir və bununla da alıcı həmin mənzilin artıq satıldığını bilir.

Üçüncüsü, mənzillərin satılması zamanı nağd ödənişlər qadağan edilməlidir. Ödənişlər yalnız banklar vasitəsi ilə həyata keçirilməlidir və həyata keçirilən bank əməliyyatı ilə bağlı isə bütün məlumatlar şirkətin saytında yerləşdirilməlidir. Qanunvericilikdə dələduzluqla məşğul olan tikinti şirkətlərinə qarşı cərimələrin və cəzanın daha ağırlaşdırılmasına ehtiyac var. Çünki bu məsələdə inzibati metodlar da az təsirə malik deyil.

Dördüncüsü, bundan başqa, Məhdud Məsuliyyətli Cəmiyyətlərin (MMC) tikinti ilə məşğul olması birmənalı şəkildə qadağan edilməlidir. Doğrudur, hal-hazırda mənzil sənədləri verilən zaman şirkətin statusunun MTK olması tələb edilir. Bununla belə, praktika göstərir ki, vətəndaşları aldadanlar da məhz MMC kimi fəaliyyət göstərən cəmiyyətlərdir. Məsuliyyəti məhdud olduğuna görə vətəndaşlar aldadılanda, onların qarşısında öhdəliklər yerinə yetirilməyəndə həmin quruma qanunvericiliklə təsir imkanı xeyli məhduddur. Onların qanuna əsasən məsuliyyəti məhdud olduğuna görə öhdəlikləri də məhdud olur. Bəzi hallarda aşkarlananda ki, MMC-lər vətəndaşları aldadırlar, o halda belə vətəndaşlara dəymiş ziyanı bərpa etmək mümkün olmur və ya vətəndaşların hüquqlarının qorunmasında problem yaranır.

Nəhayət, yeni tikilən və istifadəyə qəbul edilməyə mənzillərin alqı-satqısı üçün “Asan Xidmət"in nəzdində xüsusi elektron baza yaradıla bilər. Bütün alqı-satqı əməliyyatları ilə bağlı məlumatın həmin bazaya daxil edilməsi məcburi xarakter almaqla yanaşı, MTK-ların birbaşa alıcıya mənzil satması qadağan edilməlidir".

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR