• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rublun qara taleyi – Moskva boğulur – Açıqlama

Rublun qara taleyi – Moskva boğulur – Açıqlama

Rus valyutası ötən gün “qara bazar ertəsi”ni yaşadı. Rubl dollar qarşısında bir gündə 10 faiz ucuzlaşaraq 1 dollar 67 rubla yüksəlib. Eləcə də avro 83 rubla yüksəlib. Sual doğuran Rusiya valyutasının hansı həddə qədər ucuzlaşacağıdır?

Publika.az-ın sualını şərh edən iqtisadçı-ekspert Samir Əliyev bildirir ki, neft ucuzlaşdıqca ölkəyə dollar axını azalır: “Sanksiyalara qədər şirkətlər maliyyə ehtiyaclarını ödəmək üçün xaricdən vəsait cəlb edə bilirdilər. Bir tərəfdən ölkəyə dollar axınının qarşısı alınıb, digər tərəfdən də şirkətlərə borc götürməyə imkan verilmir. Bütün bunların nəticəsində rubl dəyərsizləşməyə başlayıb. Rublun məzənnəsi 1 dollar 32-33 rubldan 67 rubla qədər yüksəlib. Rubl iki dəfəyə qədər dəyərdən düşüb. Xüsusilə də Rusiya mətbuatı dünəni “qara bazar ertəsi” kimi xarakterizə edib. Dünən gün ərzində rubl sürətlə ucuzlaşdı. Rus valyutasının əvvəlki günlərdən fərqli olaraq daha kəskin ucuzlaşmasının kökündə isə “Rostneft” amili dayanırdı”.

S.Əliyev bildirir ki, “Rostneft” öz istiqrazlarını bazara çıxardı: “625 milyard rubl həcmində bazardan borc cəlb etdi. Şirkətin xarici ölkələrə böyük həcmdə borcları var. Hansı ki bunu qaytarmalıdır. 625 milyard rublun qaytarılması üçün bazardan dollar cəlb olundu. “Rostneft” tərəfindən bazardan dolların yığılması öldürücü təsirə malik oldu. Rubl bir gündə 10 faizdən çox dəyərini itirdi. Mərkəzi Bank isə 24 saatda 2,3 milyard dollar həcmində intervensiya həyata keçirsə də, bu belə rublun məzənnəsinin ölməsinə təsir etmədi. Nəticədə bank məcbur olub uçot dərəcəsini 6,5 faiz artıraraq 17 faizə çatdırdı”.

Məlum olur ki, Mərkəzi Bank dekabrda ümumilikdə 8,3 milyard dollarlıq intervensiya reallaşdırıb. Ümumilikdə Mərkəzi Bank 2014-cü ildə rublun müdafiəsi üçün bazarda satdığı dolların həcmi 80 milyardı ötüb.

İqtisadçı hesab edir ki, Rusiyanın indi düşdüyü vəziyyətdən çıxması üçün sadalanan iki amildən biri öz həllini tapmalıdır: “Ya neftin qiyməti qalxmalıdır, ya da sanksiyalar ləğv edilməlidir. İkinci uzun proses olduğundan əsas ümid neftdədir. Amma yaxın dövr üçün “qara qızıl”ın qiymətinin qalxması real görünmür. Hazırda bir barel neft 60 dollar səviyyəsindədir. Bu psixoloji hədd sayılır. Fikrimcə, yaxın dövr ərzində neftin qiyməti 55-65 dollar arasında dəyişəcək. Yəni neftin indiki həddi Rusiyaya vacib deyil. Yalnız bahalaşma rublu xilas edə bilər. Bu da indiki halda real görünmür”.

S.Əliyev deyir ki, uçot stavkasının qaldırılması ölkədə kredit faizlərinin bahalaşmasına yol açacaq: “Əhalinin banklardakı əmanətlərini geri çəkməsi, ya rublla yerləşdirilmiş vəsaitlərin dollara çevirmələri müşahidə ediləcək. Hesab edirəm ki, 2015-ci il ölkə iqtisadiyyatı üçün ağır olacaq. Rusiya iqtisadiyyatında resessiya istisna deyil. İqtisadi artım baş verməyəcək, hətta azalma mümkündür. Rublun dollara münasibətdə hansı həddə qədər düşəcəyinə gəlincə, Rusiyanın iri şirkətləri, hansılar ki iri borcları var və onu qaytarmalıdırlar bu, rublu təzyiq altında saxlayacaq. Rublun ucuzlaşması davam edəcək. Rublu ancaq neftin bahalaşması xilas edə bilər. Bu isə hələ ki mümkün deyil. Əvəzində sanksiyaların daha da sərtləşdirilməsi ehtimalı və bankların və iri şirkətlərin böyük həcmli borc öhdəlikləri rublu təyziq altında saxlayır”.

Ekspertin sözlərinə görə, neftin qiymətindən asılı olaraq məzənnə dəyişəcək. Neft 40-50 dollara düşərsə, 1 dollar 100 rubl həddinə qalxacaq.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR