• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Rusiyaya görə Qazaxıstan-Azərbaycan arasında əmtəə dövriyyəsi azalıb

Rusiyaya görə Qazaxıstan-Azərbaycan arasında əmtəə dövriyyəsi azalıb

Qazaxıstan Xəzər dənizi vasitəsilə Azərbaycan istiqamətində müxtəlif yüklərin daşınmasını artırmaq niyyətindədir.

Publika.az Trend-ə istinadən xəbər verir ki, bunu çərşənbə axşamı mətbuat konfransında Qazaxıstanın Azərbaycandakı səfiri Amangeldi Jumabayev deyib.

Qazaxıstanın Kurık limanında 3 yeni terminalın tikilməsi planlaşdırılır. Onlar vasitəsilə Bakı ilə əlaqə təmin ediləcək.

Bundan başqa, Qazaxıstan Azərbaycan ərazisi ilə neftin nəqlini artırmağı planlaşdırır. Qazaxıstan ötən il ərzində Azrbaycan vasitəsilə təqribən 3,5 milyon ton neft nəql edib. "Kaşağan" yatağının işlənməsinə start verilməsi ilə Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqli artırılacaq.

Səfir qeyd edib ki, Batumi limanında Qazaxıstanın öz terminalı var və Qazaxıstan onun yüklənməsi üçün nefti Azərbaycan ərazisi ilə nəql etməlidir.

A.Jumabayev xatırladıb ki, Azərbaycanın tranzit ölkə olmaq planları da var. Hazırda Bakı-Tbilisi-Qars dəmiryolu, eləcə də yeni iri Ələt limanı tikilir.

Diplomat əlavə edib ki, Qazaxıstanın Avrasiya İqtisadi İttifaqına daxil olması Astananın bu təşkilata üzv olmayan dövlətlərlə, o cümlədən Azərbaycanla ticarət əlaqələrinə heç cür təsir etməyəcək: "Bizə böyük iqtisadi mənfəətlər verən Avrasiya İqtisadi İttifaqı digər dövlətlərlə əlaqələr üçün yeni perspektivlər açır".

Onun sözlərinə görə, bu il Qazaxıstan və Azərbaycan arasında əmtəə dövriyyəsi bir qədər azalıb: "2013-cü ildə əmtəə dövriyyəsi 400 milyon dollar təşkil edib, cari il isə bu həcm artmayacaq, lakin bunun izahı var. Azərbaycanın Qazaxıstana ixracının əsas hissəsini meyvə-tərəvəz təşkil edir. Hazırda Rusiya Avropadan malların idxalını məhdudlaşdırdığına görə daha çox meyvə-tərəvəz Azərbaycandan Qazaxıstana deyil, Rusiya istiqamətinə göndərilir. Bundan başqa, Azərbaycandan Rusiya ərazisi ilə Qazaxıstana tədarük edilən nəzərə alınmamış mallar mövcuddur".

A.Jumabayev vurğulayıb ki, son illər Qazaxıstan və Azərbaycan arasında bir çox birgə müəssisə işləyir və bir çox Azərbaycan şirkəti Qazaxıstanda aktiv fəaliyyət göstərir: "İki ölkə arasında müntəzəm olaraq müxtəlif səviyyədə danışıqlar və görüşlər keçirilir. Hər il dövlət başçıları qarşılıqlı səfərlər edirlər və növbəti səfəri ardıcıllığa görə Qazaxıstan Prezidenti etməlidir. Lakin səfərin tarixi hələ razılaşdırılmayıb".

Səfir bildirib ki, Azərbaycan və Qazaxıstan beynəlxalq səviyyədə həmişə bir-birini dəstəkləyir: "Xüsusilə Qazaxıstan Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir".

O, Qazaxıstanın EXPO sərgisini keçirmək üçün namizədliyini, eləcə də BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv olmaq niyyətini dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib. Diplomat əmin olduğunu bildirib ki, Qazaxıstan 2015-ci ildə Avropa Oyunlarının keçirilməsində Azərbaycanı dəstəkləyəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR