• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

İran rəsmisi: “Ermənistan İrandan neft məhsulları idxal etməyə başlayıb”

İran rəsmisi: “Ermənistan İrandan neft məhsulları idxal etməyə başlayıb”

Ermənistan İrandan neft məhsulları almağa maraq göstərir. Publika.Az Ermənistanın “Armenia Today” saytının istinadla xəbər verir ki, bu barədə İran Milli Neft Şirkətinin satış üzrə icraçı direktoru Cəlil Salari bildirib.

Cəlil Salarinin sözlərinə görə, neft məhsullarını Gürcüstan vasitəsilə almaq iqtisadi baxımdan Ermənistana sərf eləmir: “Ona görə də Ermənistan İrandan neft məhsulları idxal etməyə başlayıb”. İcraçı direktor qeyd edib ki, ilkin mərhələdə İranın özəl sektoru neft məhsullarını avtomobil yolları vasitəsilə ixrac edəcək, sonra isə bu iş boru kəmərləri ilə davam etdiriləcək”.

Bu ilin fevral ayında İran və Ermənistanın energetika nazirləri arasında imzalanmış sazişə əsasən, İran Ermənistana benzin, dizel yanacağı və aviasiya yanacağı ixrac edəcək. Onu da qeyd edək ki, İran Ermənistana qaz kəməri çəkməklə gələcəkdə bu ölkənin üzərindən Gürcüstana, Ukraynaya və hətta Avropaya “mavi yanacaq” çıxarmaq istəyirdi.

İqtisadçı Vüsal Qasımlı deyir ki, İran vəziyyəti düzgün qiymətləndirməyib: “Xüsusən, Ermənistanın faktiki olaraq Rusiya üçün forpost olmasının nəzərdən qaçırması İran rejiminin bu niyyətini tam fiaskoya uğratdı. Məsələ ondadır ki, Rusiya İranın niyyətini başa düşüb, vaxtında rəsmi Tehran üçün enerji istehsal edəcək Razdan İstilik-Elektrik Stansiyası (İES) və Ermənistanın qaz şəbəkəsinə nəzarət edən “ArmRosqazprom”u (səhmlərinin 80%-i Rusiyanın “Qazprom” şirkətinə, 20%-i isə Ermənistan hökumətinə aiddir) dərhal ələ keçirdi.

Bunun üçün rəsmi Moskvanın İrəvana sadəcə diktəsi kifayət etdi. Beləliklə, İranın Ermənistan üzərindən Avropaya qaz çıxarmaq istəyi Rusiyanın vaxtında müdaxiləsi ilə rəsmi Moskvanın nəzarəti altına keçdi.

Avropa, Gürcüstan, Ermənistan və Ukraynanın qaz bazarında başqa rəqib (özü də İran kimi 29 trilyon kubmetrlik qaz ehtiyatı olan) görmək istəməyən Rusiyanın sərt təpkisi qarşısında İranın Ermənistana istiqamətlənmiş iqtisadi diplomatiyası uğursuzluğa düçar oldu. Hətta bu gün İran Ermənistanda “Qazprom səddi”ni aşsa belə, Gürcüstanda Qərbin yaratdığı “Çin səddi”ni aşa bilməyəcək. İran rejimi çoxdan Ermənistanla qaz sövdələşməsinin nə regional iqtisadi, nə də ki, uzaqhədəfli geosiyasi məqsədlərinə çatmadığının, yalnız Ermənistanda Rusiyanın “dəyirmanına su tökmək” anlamına gəldiyinin fərqindədir”.

Ekspertə görə, əgər rəsmi Tehran qaz sahəsində Azərbaycanla əməkdaşlığı gücləndirsə, Ermənistanda puça çıxan ümidlərini doğrulda bilər: “Bunun üçün isə İran Ermənistanda Rusiya tərəfindən qurulmuş qaz labirintindən çıxmalıdır. Ermənistandan imtina edəcəyi təqdirdə Azərbaycanla İranın qaz sahəsində əməkdaşlıq potensialı genişdir. 2011-ci ilin yanvarında ARDNŞ və İranın Milli Qaz İxracı Şirkəti arasında Azərbaycan təbii qazının alqı-satqısına dair sazişin əsas şərtləri imzalanmışdı. Bu əsas şərtlərdə müqavilənin 5 illik müddətə bağlanacağı və 2011-ci ildə qaz ixracının 1 milyard kubmetr həcmində olmaqla gələcək hər il üçün yenidən razılaşdırılması öz əksini tapmışdı. Məsələ ondadır ki, İranın əsas qaz ehtiyatları ölkənin cənubunda cəmləşsə də, şimal bölgəsi sənayecə daha çox inkişaf edib. Bu səbəbdən mavi yanacağa daha çox tələbatı var.

Belə olan halda İran məhdud səviyyədə hasil olunmuş təbii qazı Ermənistana ötürüb “Qazprom”a işləməkdənsə, gələcəkdə heç bir əlavə sərmayə qoymadan Azərbaycandan “mavi yanacaq” almaqla şimal rayonlarının qazlaşdırılmasını təmin edə bilər.

İqtisadçı-ekspert bildirir ki, İranla Ermənistan arasındakı səmərəsiz iqtisadi əlaqələri tədqiq edərkən bu münasibətlərdə az da olsa səmərəlilik axtarışı nəticəsiz qalır və bir çox suallar yaranır:

“Xüsusilə, İranın neft naziri Məsud Mirkazıminin “İranın Təbriz şəhərindən Ermənistan sərhədinə qədər yeni neft kəməri çəkiləcək” açıqlaması bu suallardan biridir. Məsələ ondadır ki, İran şimal regionlarında neftayırma zavodlarının istehsal gücünü artırmaq və infrastrukturu yaxşılaşdırmaq hesabına bu bölgənin tələbatını güclə ödəyir. Nəticədə Qazaxıstan və Türkmənistanla svop əməliyyatlarına gedərək, onlardan şimaldakı neftayırma zavodları (Rey, Təbriz və Neka) üçün aldığı nefti cənubda Fars körfəzində geri qaytarır. Çünki İranın elə infrastrukturu yoxdur ki, cənubda hasil etdiyi nefti şimalda sənayecə inkişaf etmiş bölgələrə çatdırsın.

Belə olan halda İran türkmən və qazax nefti hesabına şimaldakı neftayırma zavodlarının tələbatını ödəyir. İranın şimalında neft çatışmazlığı hiss olunduğu halda Ermənistana yeni neft kəmərinin çəkilişi hansı iqtisadi məntiqə sığır? Yaxşı olmazdımı ki, İran özünün şimal rayonlarının tələbatını ödəsin, ondan sonra Ermənistan barədə fikirləşsin?”.

Bəkir Nərimanoğlu

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR