“Moskvada kimsə asqıranda...” - Rubl böhranı və qonşulara təsiri
Bizi izləyin

Ekopublika.az

“Moskvada kimsə asqıranda...” - Rubl böhranı və qonşulara təsiri

Rusiya rublunun düşdüyü vəziyyət Ukraynadan tutmuş Qırğızıstanadək - bir sıra ölkələrin iqtisadiyyatında dalğa effekti yaradıb.

Publika.az BBC-yə istinadən xəbər verir ki, bu ölkələr miqrant əməkçilərin pul köçürmələrinin qiymətdən düşməsi, bir sıra yerli valyutaların ucuzlaşması və ticarətin tənəzzülü kimi hallarla üzləşməyə başlayıb.

Rublun yaratdığı böhran

Rublun dollara nisbətdə əvvəlki dəyərini bərpa etmək çarpışmalarının fövqündə Rusiya ilə yaxın iqtisadi bağları olan ölkələr də çətinliklərlə üzləşirlər. Bu mənada ən böyük zərbə Qırğızıstana dəyib. Vesti.kg analitik-informasiya saytı dekabrın 4-də qırğız miqrantların hüquqlarını müdafiə edən QHT-lərdən biri – “Zamandaş” Asssosiasiyasının sədri Mayrambek Japanova istinadən bildirib ki, hazırda ölkə ÜDM-nin 33 faizi Rusiyada çalışan miqrant qırğızların pul köçürmələrinə əsaslanır və rublun qiymətdən düşməsi bu miqrantların qazanclarını 30-40 faiz azaldıb.

KyrTAg xəbər saytının 17 dekabr tarixli məlumatına əsasən, Rusiya rublunun iflası Rusiyaya araçı ixracatla məşğul olan sənayeyə də zərbə vurub.

Barakelde.org saytının 4 dekabr tarixli məlumatına görə, ölkənin qızıl və qiymətli kağlız fondlarında 8,69 faiz azalma baş verib, belə ki, Milli Bank milli valyutanı ayaqda saxlamaq üçün pul bazarına müdaxilə etməli olub.

Ermənistanda mağazalar mal gizlədir

Yerli media xəbər verir ki, Ermənistanın milli valyutası - dram da Rusiya rublu ilə yanaşı ucuzlaşaraq, dekabrın 17-dək öz dəyərinin 30 faizini itirib. Qiymətlər 30-40 faiz bahalaşıb və bəzi məlumatlara görə, mağazalar valyutanın qeyri-sabitliyi ucbatından bəzi malların satışını dayandırıblar.

Ukraynanın milli valyutası - qrivnya 15-16 dekabr tarixlərində Rusiya rublu ilə yanaşı dollara nisbətdə dəyərinin 20 faizini itirib.

Ukraynalılar dekabrın 16-da Milli Bankın qarşısında etiraz aksiyası keçirərək dollarla götürdükləri krerditlərin ödənişlərinin ilkin faizlərlə (yəni 1 dollar üçün 5, 05 və ya 7, 99 hrivnya) qəbul edilməsini tələb edirdilər.

Bu aksiyanın ardınca bankın sədri istefaya gedib. “Den” gündəlik analitik qəzeti həmin etiraz nümayişini “maliyyə Maydanı” adlandırıb.

Ukrayna həmçinin Rusiya ilə sıx ticarət əlaqələrinə görə əziyyət çəkir. Ukrayna iqtisadçısı Vitali Şapran deyir ki, Rusiyaya ixracat bütün ixracın 20-30 faizini təşkil edir.

Moskvada kimsə asqıranda…

Moldova da milli valyutanın qiymətdən düşməsini dayandırmağa çalıışır. Rubl məzənnədən düşməyə başlayandan bəri leu da öz çəkisini 18 faiz itirib.

Moldova Milli Bankının prezidenti Dorin Draqutanu dekabrın 15-də deyib : “Moskvada kimsə asqıranda, burda bizə soyuq dəyir”.

Burada həmçinin rublun iflasının iqtisadiyyata təsirindən də narahatlıqlar artıb. 2014-cü ilin birinci iki rübündə 1, 4 milyard dollarlıq pul köçürmələrinin 60 faizi Rusiyada işləyən 300 min miqrant tərəfindən edilib.

Bununla yanaşı, bəzi iqtisadçıların fikrincə, Rusiya ilə ticarət hazırda minimaldır, çünki Moskva Moldovadan meyvə, tərəvəz, çaxır və ət idxalına qadağan qoyub.

Yırğalansa da, yıxılmayan

Rusiya ilə bağları olan bəzi başqa iqtisadiyyatlarda Rusiya rublunun enməsi valyuta bazarına və ticarətə məhdud təsir göstərib.

Bununla yanaşı, Gürcüstan və Azərbaycanda, rublun iflası ilə bağlı problemlərin buralarda da yayılacağından ehtiyatlanmalar var. Rəsmilərin dediyinə görə, enerji ilə zəngin Azərbaycana rubl böhranı o qədər də təsir etməyib.

Azərbaycanın Mərkəzi Bankı bildirib ki, manat sabit qalacaq və prezident İlham Əliyev neft qiymətlərinin düşməsinin Azərbaycanı təsirləndirməyəcəyini bəyan edib. Publika.az prezidentə istinadən dekabrın 16-da yazıb ki, “Azərbaycan güclü iqtisadi sütunlara malikdir”.

Gürcüstan şərabçısı narahatdır

Gürcüstanda da rəsmilər ölkənin rubl böhranına tab gətirə biləcəyinə əmindirlər, çünki bu ölkənin Rusiyaya ixracatı cəmi 10 faiz təşkil edir.

Lakin müxalifət yönlü “Rustavi 2” telekanalı dekabrın 17-də bildirib ki, Gürcüstan şərabının 60-70 faizi Rusiyaya ixrac olunur və bəzi şərabçılar öz mallarını rublun çökəcəyi varianta uyğun şəkildə təkrar qiymətləndirməyə başlayıblar.

Bununla birlikdə, pul köçürmələrində də problemlər yaşana bilər. Dekabrın 16-da “İmedi” telekanalı bildirib ki, Rusiyadan pul köçürmələri “nəzərəçarpacaq dərəcədə” azalıb.

Rusiyadakı qazancların azalması Tacikistana da təsir edə bilər. Tacikistan Milli Bankının başçısı Abdujabbor Şirinov dekabrın 4-də bəyan edib ki, Rusiyadan pul köçürmələri artıq 6 faiz azalıb.

Ucuz rubl və Avrasiya ittifaqı

Özbəkistan özünün ən böyük ticarət partnyoru Rusiya ilə bu ilin yanvar-sentyabr aylarında ticarətin 11 faiz azaldığını bildirib.

Rusiyanın “Kommersant” qəzetinin 12 dekabr nömrəsində edilmiş rəsmi təxminlərə görə, Rusiyada çalışan 2, 4 milyon özbək əməkçi miqrantının pul köçürmələri ötən ilin oktyabr ayından 35 faiz azalıb.

Qazaxıstanda ehtiyat edirlər ki, artıq bu ilin əvvəllərindən onsuz da çəkisinin 19 faizini itirmiş milli valyuta – tenge, ölkə Rusiya və Belarusla birlikdə Avrasiya Gömrük İttifaqına inteqrasiya edəndə yeni problemlərlə üzləşə bilər.

Yerli medianın xəbərlərinə görə bu, yanvar ayında baş verməlidir.

Astana Rusiya rublunun ucuzlaşması ilə bağlı mənfəətin azalmasına görə Rusiyaya elektrik təchizatını ötən noyabrdan dayandırıb.

Belarus rublunun “dovşanı”

Lakin rublun enməsi Belarusda gəlhagələ səbəb olub. Belarusun “Belapan” xəbər agentliyi dekabrın 16-da bildirib ki, Qomel şəhərindəki belaruslar sonradan Rusiyada bazarlıq etmək üçün ucuz Rusiya rublunun kütləvi alışına başlayıblar.

Öz milli valyutalarının Rusiya rubluna nisbətdə gücləndiyini görən belaruslar Twitter-də şən əhval ruhiyyəli postlar edirlər.

“İlin əvvəlində 1 Rusiya rublu 290 Belarus rubluna bərabər idi. İndi bir rubl 163 Belarus rubludur. Beləliklə, dovşan (Belarus rublunun üstündəki şəkil) “taxta rubl”dan 40 faiz güclənib.

Təlatümün toxunmadıqları

Ekspertlər bildirirlər ki, yanvarın 1-dən avrozonaya daxil olacaq Estoniya, Latviya və Litvanın iqtisadiyyatları Rusiyadakı böhrandan çox da təsirlənməyib.

Onlar artıq ilkin zərbə dalğasını Ukraynaya görə qoyulan sanksiyaların ardınca ötən avqustda, Rusiyanın Avropa İttifaqından ət, balıq, süd məhsulları, meyvə və tərəvəzin idxalına qadağan qoyduğu vaxt yaşayıblar.

Lakin Baltikyanı ölkələr Rusiyadan gələn turistlərin və mülkiyyət alıcılarının azalmasından ziyan çəkə bilər.

Dekabrın 15-də Azadlıq Radiosunun Qazax Xidmətinin internet saytında xəbər verilir ki, Türkmənistan Rusiyanın iqtisadi problemlərindən təsirlənməyən ölkələrdən biridir.

Enerji ixracatçısı olan Türkmənistan təkcə Rusiya bazarına əsaslanmır və Rusiyada türkmən miqrantların sayı o qədər də çox deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm