Bayram gəldi, heç bilmirəm nə alım – Süfrəmizin qiyməti
Bizi izləyin

Ekopublika.az

Bayram gəldi, heç bilmirəm nə alım – Süfrəmizin qiyməti

Altı gündən sonra bayramdır və əksəriyyət bayram tədarükünə başlayıb.

Buna adekvat olaraq marketlər, bazarlar da bayram “hazırlıqlarını” bitiriblər. Söhbət ilin 11 ayı gözlədikləri fürsəti dəyərləndirib, qiymətlərə əl gəzdirilməsindən gedir. Belə ki, bayram süfrəsinin komponentinə daxil olan təamların hazırlanmasında istifadə edilən əksər xammal məhsullarının qiyməti bir həftə əvvəllə müqayisədə bahalaşdırılıb. Lakin sözümüz bunda deyil. Azərbaycanda yaşayış minimumunun (2014-cü il üçün) 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat məbləğində müəyyən edildiyi ölkədə nə qədər paradoksal olsa da, bayram süfrəsi ən ucuz halda 125 manatdan baha başa gəlir. Necə? Hesablayaq.

Həmişə olduğu kimi, Yeni ili ev şəraitində keçirənlər də olacaq, restoranda qarşılayanlar da. Əvvəlcə restoranları götürək. Xidmət sektorunun bu seqmentində qiymətlər ötən illə müqayisədə bahalaşıb. Ortabab restoranda bayram günü 1 nəfərin xərci 150 manat təşkil edir. Bu, restoranın müəyyən standart menyunun qiymətidir. Əyləncə zamanı müştərinin əlavə arzu-istəklərinin dəyəri də əlavə hesablanır.

Ev şəraitində bayram keçirənlərə gəlincə, əhalinin təbəqələrə bölündüyünü nəzərə alaraq, bayram süfrəsini 3 qrupa ayırmaq olar - varlı, orta, kasıb bayram süfrələri. Düzdür, bizin ölkədə orta təbəqə, demək olar ki, yoxdur. Amma bayramda bu istisnanı nəzərə almayaq. Aylıq gəlirləri 1000-1500 manat arası olanlar üçün bayram süfrəsini 3 qrupa ayıraq.

İlk əvvəl başlayaq gəlirləri yüksək olanların, sadə dildə desək, varlıların bayram süfrəsindən. Maddi cəhətdən imkanlı təbəqənin təşkil etdiyi bu cür süfrələrdə, demək olar ki, quş südündən tutmuş can dərmanına kimi nə desən tapmaq olar. Hətta bir çoxumuzun adını belə bilmədiyimiz bahalı ərzaq məhsulları, balıqlar, qaban, ceyran əti, kürü, xüsusi hazırlanmış şirniyyatlar, çoxillik bahalı şərablar, növbənöv delikates yeməklər də bura daxildir. Belə bahalı bayram süfrəsi ən aşağısı 1500-2000 manat xərc tələb edir.

Orta təbəqənin bayram süfrəsinə gəldikdə, bu süfrələrdə bayram günü ən azı 3 növdə yemək, 2 növ salat, 3-4 növ şirniyyat və tort, meyvə, müxtəlif çeşidli çərəzlər, 2-3 növ içki olur. Belə süfrə ailəyə 350-400 manata başa gəlir.

4 nəfərlik az büdcəyə malik Azərbaycan ailəsinin bayram süfrəsinə gəlincə, buraya plov, dolma, salat, desert kimi tort və meyvə daxildir. Adi hesablamalara görə, bu süfrə Azərbaycan alıcısına 150-160 manata başa gəlir. Təamların hazırlanmasında istifadə edilən məhsulların bazar qiymətlərinə nəzər yetirək:

Plov

Yüksək keyfiyyətli düyü – 1 kq - 2,2 manat

Kərə yağı – 7,7 manat

Qaysı – 8-10 manat

Kişmiş – 4-10 manat

Şabalıd – 7 manat

Gavalı – 6 manat

Soğan – 1 manat

Quzu əti – 9 manat

Təkcə 4 nəfərlik posiya üçün bayram plovu 26-27 manata başa gəlir.

Salat

Vətəndaşlarımızın mütləq əksəriyyəti “paytaxt” salatına üstünlük verdiyindən, onun maya dəyərini hesablayaq:

5 ədəd yumurta – hər biri 12 qəpikdən

Kartof – 1 manat/kq

Kök – 1,6 manat/kq

Yaşıl noxud- 1 manat

Mayonez – 700 qr 2,7 manat

Yenə də ən bəsit hesablamalarla 4 porsiya “paytaxt ” salatı 7 manata başa gəlir.

Dolma

1 kq qoyun əti – 8 manat

Yarpaq – 2 manat

Yeməyin hazırlanmasında lazım olan digər komponentləri də əlavə etsək 4 nəfərə çatacaq dolmanı 16 manata hazırlamaq olaq.

Tort

Götürək “ballı tortu”. Ev şəraitində bu şirniyyatı 15 manata hazırlamaq mümkündür. Əgər şirniyyat mağazalarından alınarsa, 4 nəfərlik porsiya üçün ən azı 20 manat ödəyəcəksiniz.

Meyvə

Alma – 1 manatdan başlayaraq 3 manata qədər

Naringi –1,5 manat

Heyva – 1 manat

Üzüm – 2-3 manat

Xurma – 1 manat

Portağal – 1,5 manat

Armud – 2-3 manat

Nar - 2- 6 manat arasında dəyişir

Banan – 2,2 manat

Kivi – 1 ədəd 0,3 manat

Çiyələk – 6 manat

Ananas - 4 manat

Tərəvəzlər:

Xiyar – 1-2 manat

Pomidor – 1,6 – 3 manat

Göyərti dəstəsi – 0,2 manat

Çərəzlər:

Qoz – 10-12 manat

Fındıq – 10 manat

Badam –12 manat

Qaysı – 8-10 manat

Kişmiş – 4-10 manat

Qısası, ölkədə 1 günlük bayram süfrəsinin dəyəri aylıq minimum istehlak səbətinin rəsmi dəyərindən yuxarıdır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm