Neftin ucuzlaşması Azərbaycana nə vəd edir? - AÇIQLAMA
Bizi izləyin

Ekopublika.az

Neftin ucuzlaşması Azərbaycana nə vəd edir? - AÇIQLAMA

Neftin dünya bazar qiyməti 2009-cu ildən bu yana ən aşağı səviyyəyə düşüb. Qeyd edək ki, “qara qızıl”ın dəyərində ucuzlaşma iyun ayının üçüncü ongünlüyündən başlayıb. Artıq “Brent” markalı neft London birjasında 49 dollardan satılır. Bu, 6 il əvvəl neftin satış qiymətlərinə bərabər bir dəyərdir. Son 6 ayda neft 56% ucuzlaşıb.

Neftin ucuzlaşmasını Publika.az-a şərh edən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, neft bundan sonra da ucuzlaşmaqda davam edə bilər: “Neft çəlləyinin “qaranlıq dibi” görünmür ki, görünmür”.

Neftin belə ucuzlaşması fonunda Azərbaycanda hasil edilən “qara qızılın” maya dəyərinin onun rentabelli istehsalına imkan verib-verməməsi sual doğurur.

İqtisadçı deyir ki, Azərbaycanda 2 böyük hasilatçı var - BP-Azərbaycan və SOCAR: “Azərbaycanın ixracatının 86%-ni neft təşkil edir. Ancaq onun təqribən 82%-i “BP-Azərbaycan” şirkətinin payına düşür. Bu baxımdan da geniş auditoriyanı hədəf kimi “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilən neftin dünya bazarlarına çıxarılması maraqlandırır”.

Onun sözlərinə görə, ACG-dən hasil edilən neftin Ceyhan limanına gətirilmə xərcləri ümumilikdə hər barel üçün 12-12,5 dollar təşkil edir. Əgər alıcıya çatdırılma müqavilələri üzrə yerinə yetirilirsə, onda xərclər məsafədən asılı olaraq 15 dollar və bir qədər artıq olur: “Ona görə də bu baxımdan neftin qiymətinin hətta 20 dollara düşməsi belə Azərbaycanın əsas neft ixracatçısının ziyanla işləməsinə gətirib çıxara bilməz, ancaq bir məsələ də var ki, bu zaman ortada mənfəət də olmur: qazanılan vəsait demək olar ki, xərclərin ödənilməsinə və bir sıra zəruri kapital qoyuluşlarına sərf edilir”.

O ki qaldı Azərbaycan Dövlət Neft Şirkətinin hasil etdiyi neftin maya dəyərinə, İlham Şaban bildirir ki, SOCAR-ın sonuncu hesabatında 1 ton neftin maya dəyərinin 98 manat olduğu göstərilib. 2013-cü ilin yekunlarına görə, 1 ton neftin istehsal maya dәyәri 98,31 manat tәşkil edib. 2012-ci ilin müvafiq dövrü ilә müqayisәdә 10,84 manat vә ya 12,4% artım baş verib. Faktiki olaraq son 3 ildə SOCAR-da neftin maya dəyəri hər il orta hesabla 11-12% ətrafında artıb: “SOCAR-ın neftinin maya dəyərinin artmasının obyektiv səbəbləri var. Əvvəla şirkətin yataqlarının böyük əksəriyyəti “qoca” yataqlardır, onlardan hasil edilən neft ildən-ilə daha çox vəsait tələb edir. İkincisi, son 2 ildə SOCAR hasilatın stabilləşdirilməsi yönündə proqram tərtib edib və dənizdəki iri yataqlarında 200-dək quyunun qazılması yönümündə işlərə başlayıb. Bu, artıq bəhrəsini ötən ilin göstəricilərində əksini tapıb: ““Azneft” hasilatın yüksəlməsi yönümündə real nəticələrə nail oldu. Quyuların qazılması isə dəniz şəraitində əlavə xərcdir ki, neftin maya dəyərinə təsir edir. Hərçənd, şirkət 2 ildir ştat cədvəlində xeyli azalmaya nail olub. Bu hesabla, 2014-cü ildə də həmin rəqəmi götürsək, onda 2015-ci ilin əvvəlinə Dövlət Neft Şirkətinin çıxardığı 1 ton neftin maya dəyəri 110,10 manat və ya 1 bareli üçün təqribən 19,5 dollardır”.

İqtisadçı bildirir ki, SOCAR öz neftini dünya bazarlarına Bakı-Novorossiysk kəməri ilə çıxarır: “Bakıdan Novorossiyskə qədər tranzit xərci və tankerlərə doldurma əməliyyat xərclərini də nəzərə alsaq – bir faktı da qeyd edək ki, SOCAR artıq uzun müddətdir ki, limanlarda neft satmır, özü istifadəçilərə tankerlərlə xammalı çatdırır – onda təqribən bütün xərclər 1 barel üçün 25 dollara başa gəlir. Burada bir faktı nəzərdən qaçırmaq lazım deyil ki, Novorossiyskdən satılan neft (Urals), adətən, Brent markalı neftdən bəzən 1 dollardan da uçuz olur”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm