2 qəpik bahalaşan benzin və 66 milyon gəlir
Bizi izləyin

Ekopublika.az

2 qəpik bahalaşan benzin və 66 milyon gəlir

Tarif (qiymət) Şurası “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli Qanununa uyğun olaraq, neft məhsullarının tariflərinə baxıb və müvafiq tarif tənzimlənməsi aparıb.

Məlum olduğu kimi, 2015-ci ilədək illik yol vergisini fiziki şəxslər avtonəqliyyat vasitələrinin mühərrikinin həcminə görə texniki baxışdan keçən zaman hüquqi şəxslər isə balanslarında olan avtonəqliyyat vasitələrinə görə vergi orqanlarına müvafiq bəyannamə təqdim etməklə dövlət büdcəsinə ödəyirdilər. Bu zaman hüquqi və fiziki şəxslər tərəfindən istismara yararsız avtonəqliyyat vasitələrinə görə də onların avtomobil yollarından istifadə edib-etməmələrindən asılı olmayaraq yol vergisi ödənilirdi.

Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən və idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinin topdansatış qiymətinə 2 qəpik əlavə edilməklə yol vergisinin tətbiqi nəzərdə tutulub.

Yol vergisinin yanacağın qiymətinə daxil edilməsi nəticəsində verginin ödənilməsi prosesi və verginin yığılması üzrə inzibatçılıq sadələşir, avtonəqliyyat vasitəsindən daha az istifadə edən şəxslər daha az vergi ödəyir, illik vergi birdəfəyə deyil, hər dəfə yanacaq alınan zaman hissə-hissə ödənilir, hüquqi şəxslər tərəfindən vergi orqanlarına yol vergisi bəyannamələrinin təqdim olunması ləğv edilir, verginin tam yığılması təmin olunur.
Göstərilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının iclasında müvafiq qərar qəbul edilmiş və yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib.

TŞ-nın qərarına münasibət bildirən iqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, ölkədə illik avtomobil benzini istehlakı 1296,8 min ton və yaxud 1 milyard 800 milyon litrdir: “Bu gün benzinin qiymətini 2 qəpik qaldırmaqla əldə edilən gəlir SOCAR üçün təxminən 35 milyon 300 min manat olacaq.
İl ərzində istehlak edilən dizel yanacağı isə illik 1292.3 min ton və yaxud 1 milyard 600 milyon litrdir. Bu yolla əldə ediləcək gəlir isə təxminən 31 milyon manat təşkil edəcək”.

İqtisadçının sözlərinə görə, bir il ərzində ARDNŞ-nin vətəndaşlardan yığıb büdcəyə ötürəcəyi əlavə vəsaitin həcmi təxminən 66-70 milyon manata çatacaq: “Beləliklə, neftin ucuzlaşmasından ölkənin 2015-ci ildə itirəcəyi 6-9 milyardın təxminən 0.7-1.1% bu yolla doldurulacaq”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm