Mərkəzi Bankın açıqlaması “ciddi siqnaldır”
Bizi izləyin

Ekopublika.az

Mərkəzi Bankın açıqlaması “ciddi siqnaldır”

Neftin qiymətinin ucuzlaşmasıyla bağlı ABŞ dollarının dəyərinin möhkəmlənməsi müqabilində qonşu və eləcə də dünyanın əksər ölkələrində milli valyutaların alıcılıq qabiliyyətinin düşməsi və Azərbaycan manatının isə sabit qalması haqda ötən ayda yazdığımız şərhdə Mərkəzi Bankın (AMB) bundan ötrü bazara son aylarda hansı məbləğdə intervensiya – dollarla müdaxilə edərək manat aldığının bəlli olmadığı faktını qeyd etmişdik.


AMB-in rəsmi valyuta ehtiyatlarının isə azaldığını yazmışdıq. Belə ki, keçən ilin avqust ayından başlanan prosesə əsasən iyulun sonuna ehtiyat 15193.4 min ABŞ dolları təşkil edirdisə, avqustun sonuna bu rəqəmin 15190.9, sentyabrda 15042.4, oktyabrda 15033.6, noyabrda isə 14996.3 min dollara bərabər olmaqla, dekabrın sonuna 13758.3 min təşkil etdiyini qeyd etmişdik. Bunun isə bilavasitə manatın dəyəri ilə bağlı olduğu fikrini irəli sürmüşdük.


Lakin bu günlərdə AMB-dən verilən açıqlamaya əsasən, 2014-cü ilin yanvar -noyabr ayları ərzində manatın məzənnəsinin ABŞ dollarına nəzərən bahalaşmasının qarşısını almaqdan ötrü 1 milyard 270 milyon dolları məbləğində alış həyata keçirildiyi bildirildi.


Yəni, valyuta bazarında təklif tələbi məhz dollar baxımından üstələdiyindən 1 milyard 270 milyon dolları məbləğində alış həyata keçirilmişdir ki, bazara manatla intervensiya edilərək dollar alınıb. Və yalnız, keçən ay – dekabr ayı ərzində dolların bahalaşması təhlükəsi ortaya çıxdığından AMB tərəfindən qeyri-nağd və nağd şəkildə bazara 1 milyard 127 milyon ABŞ dolları məbləğində intervensiya olunuraq manat alışı həyata keçirilib.


AMB-in rəsmi valyuta ehtiyatlarının keçən ilin avqustundan azalmasına gəldikdə isə açıqlamada bu, həmin ehtiyatların idarə edilməsi strategiyasına uyğun olaraq valyuta diversifikasiyasından irəli gələn amillərlə bağlı olduğu bildirilmişdir. Belə ki, valyuta ehtiyatları AMB-in investisiya strategiyasına uyğun olaraq, ehtiyatların qorunması və gəlirliliyin təmin edilməsi məqsədilə ABŞ dolları ilə yanaşı, avro və ingilis funt sterlinqi başda olmaqla digər sərbəst dönərli valyutalara şaxələndirilərək saxlanb idarə edildiyindən, “səbəbkar” ABŞ dollarının bu valyutalara nəzərən möhkəmlənməsi olmuşdur. Belə ki, o biri valyutaların ucuzlaşması dollarla yenidənqiymətləndirmə nəticəsində ehtiyat məbləğini aşağı salıb.


Sözümüz bunda deyil.


Əvvəla, AMB-in sözügedən açıqlaması yerinə düşdü. Düzdür, bir qədər gecikmiş oldu, amma bununla çox məsələyə aydınlıq gəldi. İkincisi, manatın dəyərinin qorunmasında Mərkəzi Bankın necə böyük rol oynadığı bir daha üzə çıxdı. Üçüncüsü isə, açıqlamada manatın məzənnəsinin sabitliyinin qorunub saxlanılacağı sözügedən qurumun 2015-ci il üçün də pul və maliyyə sabitliyi siyasətində mühüm vəzifə təşkil edəcəyi təkrar olundu.


Ancaq burada bəzi məqamlar vardır. Açıqlamaya əsasən, keçən il ərzində AMB-in rəsmi ehtiyatının azalması fonunda ölkənin valyuta bazarına intervensiya - 1 milyard 270 milyon ABŞ dolları məbləğində alış və 1 milyard 127 milyon dolları həcmində isə satış həyata keçirilmişdir ki, nəticədə 143 milyon qazanc əldə edilib.


Bu da çox müsbət nəticədir.


Amma 1 milyard 270 milyon dollar alış ilin 11 ayı ərzində həyata keçirilmişdirsə, 1 milyard 127 milyon dollar bir ayda – dekabr ayı ərzində “xərclənmişdir”. Düzdür, bu Rusiyada rublun kəskin, o cümlədən digər qonşu ölkələrdə milli valyutaların məzənnəsinin əhəmiyyətli dərəcədə ucuzlaşması ilə izah edilir. Lakin diqqəti çəkən məqam odur ki, neftin dünya bazarlarında qiyməti keçən ilin iyun ayından və bir çox ölkələrdə milli valyutalar artıq ilin ikinci yarısından etibarən dəyərdən düşməyə başlasa da bizdə, yanvar-noyabr ayları ərzində manat möhkəmlənməkdə olub. Və bir ay ərzində dəyərdən düşməmək üçün birdən-birə 1 milyard 127 milyon dollar məbləğində müdaxilə edilib.


Bu isə heç də yaxşı göstərici deyil.


Düzdür, məsələn, Rusiyada yanvar ərzində hələlik bu ölkənin valyuta bazarına bir gündə 1 milyard 323 milyon dollar intervensiya edilib. Ümumiyyətlə, cari ilin yanvarın 9-na olan məlumata əsasən Rusiya Federasiyasının beynəlxalq valyuta ehtiyatları 386,2 milyard dollar təşkil edib ki, 2014-cü il dekabrın 26-da bu rəqəm 388,5 milyard dollara bərabər olub.


Ancaq əsas, bu deyil. Xatırlayaq ki, Rusiya Mərkəzi Bankı ötən ilin noyabrın 10-da yaranmış vəziyyətdən çıxmaq məqsədilə rublun dəyərini sərbəst buraxdığını – üzən məzənnə siyasətinə keçdiyini bəyan etsə də heç bir ay keçməmiş - dekabrın 1-də bazara yenidən intervensiya edildi. Çünki anoloji vəziyyətdə milli valyutanın dəyərini sərbəst buraxmaq mümkün deyil.


Üstəlik, Rusiyada təcrübə göstərir ki, valyuta müdaxilələrinə baxmayaraq, rublun dəyərini də qoruyub saxlamaq müəssər olmur. Ümumiyyətlə, əvvəldə də qeyd etdiyimiz kimi qonşu ölkələrin hər birində bir sıra milli valyutalar ABŞ dollarına nəzərən ciddi devalvasiyaya uğrayıb ki, rus rublu 80, qazax təngəsi 19, türkmən manatı 22, belarus rublu 17, Ukrayna qrivnası 90, turk lirəsi 8 faiz ucuzlaşmışdır. Gürcüstanda da dollar almaq üçün getdikcə, daha artıq lari ödəmək tələb olunur.

Ölkəmizə gəldikdə isə manatın dəyərinin qorunması məqsədilə AMB tərəfindən dekabr ayı ərzində 1 milyard 127 milyon dollar həcmində müdaxilə “ciddi siqnal” sayılmalıdır. O mənada ki, manatın dollara nəzərən məzənnəsinin sabitliyi ölkədə mövcud makroiqtisadi sabitlik baxımından vacib sayılır. Ancaq buna o zaman uzunmüddətli nailolma mümkündür ki, ölkədə güclü rəqabətə qabiliyyətlilik olsun və milli pul vahidimiz neftdən kənar sahələri də təcəssüm etdirə bilsin.


Neftin dünya bazarlarında qiymətinin ucuzlaşmaqda olması isə ölkəyə dollar axınını getdikcə azaltmaqdadır. Çünki ixrac edə biləcəyimiz başqa heç nə yoxdur. Kənara ixracın 86 faizini xam neft təşkil edir. Tədiyyə balansımızda profisiti yaradan da məhz neft və neft məhsulları sayılır. Bunların qiymətləri isə enir və üstəlik, satış da azalır.

Odur ki, AMB əlində olan bütün vasitələrdən sonadək istifadə edəcək.


Ancaq ümid qeyri-neft sahələrinədir.


Pərviz Heydərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm