Ziya Məmmədov Gürcüstana gedib
Bizi izləyin

Ekopublika.az

Ziya Məmmədov Gürcüstana gedib

Gürcüstanda səfərdə olan Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov yanvarın 28-də Baş nazir İrakli Qaribaşvili ilə görüşüb.

Gürcüstan Baş nazirinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında nəqliyyat və daşınmalar sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi ilə bağlı məsələlər müzakirə olunub.

Söhbət zamanı Bakı-Tbilisi-Qars layihəsinin əhəmiyyəti xüsusi qeyd olunub. Bildirilib ki, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək bu layihə Avropa ilə Asiya arasında sərnişin daşınması ilə yanaşı, ticarət əlaqələrinin inkişafına da böyük təkan verəcək.

Z.Məmmədov bu gün Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili ilə birlikdə dəmir yolu xəttində tikintinin vəziyyəti ilə tanış olacaq, sınaq qatarını xəttə buraxacaqlar.

Qeyd edək ki, tikintisinə 2007-ci ildə başlanılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Gürcüstan ərazisindəki hissəsinin inşası başa çatdırılıb. Yolun yardımçı hissələr də daxil olmaqla Gürcüstan ərazisindəki ümumi uzunluğu 245 kilometrdən çoxdur. Bunun yalnız 185 kilometri birbaşa istifadə üçündür və baş yol hesab olunur.

Hazırda yolun Türkiyə ərazisindəki hissəsində işlər plan üzrə davam edir. Burada yolun uzunluğu 74 kilometrdir.

BTQ-nin 2015-ci ilin sonunda tam istifadəyə verilməsi nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm