• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycan və İran arasında işçi qrupu yaradılır

Azərbaycan və İran arasında işçi qrupu yaradılır

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının iqtisadi məsələlər və maliyyə naziri Əli Tayebnia ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və İran arasında siyasi, iqtisadi və humanitar əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində dövlət başçılarının səfərlərinin xüsusi əhəmiyyətini vurğulayıb. Ötən il Azərbaycan və İran prezidentlərinin qarşılıqlı rəsmi səfərləri, keçirilən görüşlər, müxtəlif sahələrdə imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfə verib. Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyəsi iqtisadi münasibətlərin inkişafına böyük imkanlar yaradır. İndiyədək iki ölkə arasında 108 sənəd, o cümlədən iqtisadi sahədə 30-dan çox sənəd imzalanıb. Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyanın fəaliyyəti ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verir.

Hazırda Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 447 İran investisiyalı şirkət fəaliyyət göstərir. Ş.Mustafayev Azərbaycan və İran arasında iqtisadi əlaqələrin genişlənməsi, yeni əməkdaşlığın qurulması baxımdan biznes-forum, işgüzar görüş və sərgilərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Ə.Tayebnia ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb, İran nümayəndə heyətinin Azərbaycan Prezidenti tərəfindən qəbul edildiyini və qəbulun nümayəndə heyətində böyük təəssürat yaratdığını bildirib. O, qarşılıqlı dostluq və etimada əsaslanan Azərbaycan-İran iqtisadi əlaqələrinin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb və əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.

Görüşdə Azərbaycan və İran arasında iqtisadi əlaqələrin genişləndirilməsinə, sənaye, kənd təsərrüfatı, energetika, alternativ enerji, nəqliyyat və s. sahələrdə əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.

Həmçinin, görüş çərçivəsində “Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və İranın İnvestisiya, İqtisadiyyat və Texniki Yardım Təşkilatı (OİETAİ) arasında investisiya sahəsində əməkdaşlığa dair İşçi Qrupunun yaradılması haqqında” Anlaşma Memorandumu imzalanıb. İşçi qrupu Azərbaycan və İranın biznes dairələri arasında investisiya əlaqələrinin genişləndirilməsinə dəstək göstərəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR