Millət vəkili: “Subsidiyaların paylanmasında kimin günahı varsa…”
Bizi izləyin

Ekopublika.az

Millət vəkili: “Subsidiyaların paylanmasında kimin günahı varsa…”

“Subsidiyaların ayrılması kənd təsərrüfatı üçün çox vacibdir. Lakin bu vəsaitin bəzi şəxslər tərəfindən mənimsənilməsi faktları var. Bu isə kənd təsərrüfatının inkişafına mane olan haldır”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib. Millət vəkili 2015-ci ilin kənd təsərrüfatı ili elan edilməsi də bu sahənin inkişafı üçün mühüm qərar olduğunu deyib:

“İnsanlar üçün yeni iş yerlərinin yaradılması, maddi vəziyyətinin yaxşılaşdırılması, insanların kəndə marağının artması üçün kənd təsərrüfatının inkişafı vacibdir. Düzdür, Azərbaycan regionları da artıq sənaye mərkəzinə çevrilir. Bu mənada sahibkarlığa kömək xeyli genişlənib. Bunu ən çox ayrılan subsidiyalar fonunda demək mümkündür.

Mənim təmsil olunduğum Ağcəbədi rayonunda ayrılan subsidiyalar hesabına taxılçılıq inkişaf edib. 3 min hektardan artıq sahədə buğda, qarğıdalı, günəbaxan əkilir. Lakin bu işlərin həyata keçirilməsində müəyyən neqativ hallar var. Sözsüz ki, bu hala yol verənlər cəzalandırılır. Bir müddət əvvəl Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan “Aqrolizinq” ASC-də yeyinti halları olmuşdu və buna yol verənlər cəzalarını aldılar. Eləcə də, subsidiyaların ayrılması və paylanmasında kimin günahı varsa, onlar cəzalarını almalıdırlar. Həmin faktlarla yaxından tanış olmadığıma görə, konkret ad çəkə bilmərəm. Lakin müəyyən neqativ hallar müşahidə olunur. Çünki kənd təsərrüfatının inkişafını istəyiriksə, ayrılan vəsait hamısı istiqaməti üzrə xərclənməlidir. Bu sahəyə ayrılan diqqət yoxsulluğu aradan qaldırır, kəndlərimizin inkişafına xidmət edir”.

Millət vəkilinin sözlərinə görə, əvvəl sahibkarlar enerji təsisatı, yol, su və qaz olmamasından şikayətlənirdilər. Lakin indi regionlarda bu imkan yaradılıb və sahibkarlar təsərrüfatlarını inkişaf etdirə bilərlər.

“Ölkədə tikinti, təmir və digər sahələrə diqqətin ayrılması aqrar sahəni kənara qoymuşdu. İndi isə digər sahələr kimi bu sahəyə də diqqət artıb. Lakin israfçılığa yol verilməməlidir. Bəzən bir sahənin inkişafı üçün lazım olandan çox vəsait ayrılır. İzafi xərclərə yol verilməsi ölkə büdcəsinə ziyan vurur. İşlər konkret istiqamətdə görülməlidir”.

Qeyd edək ki, ötən gün prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda subsidiyaların aidiyyatı üzrə xərclənməməsinə toxunmuşdu.

“Kənd təsərrüfatı məhsullarının bəzilərinin istehsalının aşağı düşməsi təkcə quraqlıqla bağlı deyil. İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Ona görə indi statistik göstəricilər daha da realdır”- deyə prezident çıxışında qeyd edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm