• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Mərkəzi Bank Prezidentin tapşırıqlarının icrasına başladı

Mərkəzi Bank Prezidentin tapşırıqlarının icrasına başladı

2015-ci ildə Mərkəzi Bankın əsas vəzifəsi makroiqtisadi sabitliyin qorunmasına aktiv dəstək verməkdir.

Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirak etdiyi iclasda sədr Elman Rüstəmov çıxışında deyib.

Rüstəmov deyib ki, makroiqtisadi sabitliyin qorunması bütövlükdə iqtisadi inkişafın davam etdirilməsinin, əhalinin sosial müdafiəsinin təmin olunmasının əsas amilidir. Bununla bağlı Mərkəzi Bank iqtisadi inkişafa dəstək məqsədilə pul siyasətinin imkanlarından, xüsusilə monetar yumşaltma alətlərindən istifadə edəcək.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin ölkənin makroiqtisadi sabitliyi və sosial-iqtisadi inkişafının dayanıqlığına dair qeyd etdiyi məsələləri önə çəkən E.Rüstəmov vurğulayıb ki, hesabat ilində qlobal iqtisadiyyatda gedən mürəkkəb proseslərin fonunda milli iqtisadiyyatımız inkişaf edib, sabitlik və dayanıqlıq nümayiş olunub. Həyata keçirilən iqtisadi islahatlar, yaradılan potensial xarici mühitdən gələn risklərə və çağırışlara adekvat cavab verməyə imkan yaranıb. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkənin beynəlxalq reytinqləri və nüfuzu daha da möhkəmlənib, sosial-iqtisadi tərəqqi davam edib.

Qeyd edilib ki, möhkəm makroiqtisadi stabillik ölkəmizin yüksək rəqabət reytinqinin formalaşmasında həlledici rol oynayır. Belə ki, dünyanın ən mötəbər iqtisadi qurumu olan Davos Dünya İqtisadi Forumu rəqabət qabiliyyətinə görə Azərbaycanı 38-ci yerə layiq görüb və ölkəmiz bu reytinqdə bir pillə irəliləyib. Artıq bir neçə ildir ki, Azərbaycan makroiqtisadi stabillik səviyyəsinə görə 144 ölkə arasında bu reytinqdə birinci onluqdadır. O cümlədən, Azərbaycan dünyada inflyasiyanın ən aşağı olduğu ölkələrdən biridir.

Son 10 ildə milli iqtisadiyyatımızın qlobal iqtisadiyyata inteqrasiyası əhəmiyyətli dərinləşib. Hazırda ÜDM-in təxminən 76 faizini təşkil edən, həcmi 54 milyard dollara çatan mal və xidmətlər üzrə xarici ticarət dövriyyəsi 7 dəfə artıb. 2014-cü ildə tədiyyə balansının cari hesabında 11 milyard dollardan çox profisit gözlənilir.

Ölkənin strateji valyuta ehtiyatları ÜDM-in 70 faizinə çatır. Bu göstərici üzrə ölkə dünyada ilk iyirmilikdəki yerini qoruyur. Strateji ehtiyatlar xarici dövlət borcunu 8 dəfədən çox üstələyir və 3 illik əmtəə və xidmət idxalını örtür. Azərbaycanın beynəlxalq kreditor mövqeyi daha da güclənib. Qiymətləndirmələrə görə ölkənin məcmu xarici aktivləri öhdəliklərini 2,7 dəfə üstələyir.

İclasda vurğulanıb ki, 2014-cü ildə ölkədə ümumi iqtisadi artım 2,2 faiz təşkil edib, iqtisadi artımın başlıca drayverinə çevrilən qeyri-neft sektoru 7 faiz artıb. Ötən ildə son 10 ilin ən aşağı inflyasiyası müşahidə olunub. Əhalinin pul gəlirlərinin artımı inflyasiya tempini üstələyib. İnflyasiya cəmi 1,5 faiz təşkil edib ki, bu da ticarət tərəfdaşı ölkələrindəki orta inflyasiyadan əhəmiyyətli səviyyədə aşağıdır.

Mərkəzi Bank da ölkədə gedən möhtəşəm quruculuq və inkişaf strategiyasının reallaşmasında fəal iştirak etmək məqsədilə iqtisadi tsiklə adekvat olaraq pul siyasətinin stabilləşdirici və təşviqedici imkanlarından istifadə edərək öz siyasətini tarazlı inkişafın vacib şərtləri olan makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına yönəltməklə ötən ildə aşağı inflyasiya, bank-maliyyə sektorunda dayanıqlıq kimi mühüm hədəflərə nail olub. Aşağı inflyasiya şəraitində Mərkəzi Bank pul siyasətinin təşviqedici imkanlarından istifadə edib, monetar göstəricilərin yaxşılaşması davamlı olub. Qeyri-neft sektorunda investisiya fəallığının artmasına və faiz dərəcələrinin enməsinə şərait yaratmaq məqsədilə Mərkəzi Bank tərəfindən faiz dəhlizinin parametrləri və məcburi ehtiyat normaları endirilib.

2014-cü ildə bank sektorunun sabitliyi və dayanıqlığı təmin olunub, sektor aktiv olaraq iqtisadi artım və şaxələnmə proseslərini dəstəkləyib. Bankların kapitalizasiyası davam etdirilib. Kapitalizasiya qərarının qəbulundan ötən dövr ərzində bankların məcmu kapitalı təxminən 2 dəfə artıb. Hazırda kapital adekvatlığı 8 faizlik beynəlxalq normaya qarşı 19 faiz təşkil edir.

Bank aktivlərinin keyfiyyət göstəriciləri qənaətbəxş səviyyədədir. 2014-cü ildə bank sektorunun aktivləri 21 faiz artıb. Bank kreditləri 18 faiz, o cümlədən uzunmüddətli kreditlər 19 faiz artıb. Ötən ildə biznes kreditləşməsinin genişlənməsi davam edib. Biznes kreditlərinin cəmi kredit portfelində xüsusi çəkisi 73 faiz olub. Biznes kreditləri 18 faiz, o cümlədən, sənayeyə 36 faiz artıb. Regionlara kredit qoyuluşlarında isə 39 faiz artım olub.

Bildirilib ki, 2014-cü ildə yüksək maliyyə risklərinin qarşısını almaq üçün istehlak kreditləşməsinin artımı Mərkəzi Bank tərəfindən tənzimlənib. Nəticədə, istehlak kreditlərinin artım tempi ötən illə müqayisədə 1,9 dəfə azalaraq 19 faizə, ipoteka kreditləri istisna olmaqla isə 13 faizə enib. Avtomobil kreditlərinin mütləq həcmi 31 faiz azalıb. Faiz dərəcələrinin azalması prosesi davam edib. Son illərdə kreditlər üzrə orta faiz dərəcələri 18 faizdən hazırda 14 faizə, o cümlədən biznes kreditləri üzrə 10 faizə düşüb.

2014-cü ildə də ölkədə ödəniş infrastrukturunun inkişafı davam edib. Son 10 ildə elektron hesablaşmaların həcmi 15 dəfə artaraq ÜDM-in 2 mislini təşkil edir. Plastik kartların sayı artıq 5,9 milyon ədədə çatır. Son 7 ildə kartlarla əməliyyatların həcmi 2,5 dəfə artıb. POS-terminalların sayı təkcə ötən il ərzində 2 dəfədən çox artıb. Elektron bankçılıq xidmətləri də sürətlə inkişaf edir.

İclas zamanı Mərkəzi Bankın ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə məruzələr dinlənilib, geniş müzakirələr aparılıb. Əldə olunan uğurlar qeyd olunmaqla bərabər qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Aparılan müzakirələrdə qeyd edilib ki, Mərkəzi Bankın valyuta ehtiyatları hesabat ilinin sonunda 13,8 milyard ABŞ dolları təşkil edib. Dəyişkən xarici mühit nəzərə alınmaqla valyuta ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi daim bankın diqqət mərkəzində olub. Dünyada aşağı gəlirlilik şəraitində ehtiyatların valyuta və coğrafi diversifikasiyasının genişləndirilməsi Mərkəzi Bankın valyuta ehtiyatlarının idarə edilməsində başlıca istiqamət seçilib. Bu məqsədlə ilk dəfə olaraq Asiya investisiya portfelinin yaradılması istiqamətində tədbirlərin görülməsinə başlanıb.

Mərkəzi Bankda strateji plan çərçivəsində institusional inkişafın sürətlənməsinə yönəlmiş layihələrin icrası yekunlaşır. Bankın fəaliyyətinin bütün istiqamətlərinin modernləşdirilməsi üzrə intensiv iş aparılıb. Bankın institusional inkişaf prosesi sürətlənib, insan resurslarının inkişafına diqqət artırılıb, funksional və biznes proseslərinin səmərəli yerinə yetirilməsi üçün layihələr həyata keçirilib.

İclasda, həmçinin Azərbaycan İpoteka Fondunun, Maliyyə Monitorinqi Xidmətinin, eləcə də Mərkəzi Bankın ərazi idarələri və regional mərkəzlərinin fəaliyyəti ilə bağlı da müzakirələr aparılıb, qarşıya qoyulan vəzifələr bir daha dəqiqləşdirilib.

Ümumilikdə iclasa yekun vuraraq 2014-cü ilin nəticələrini müsbət qiymətləndirən E.Rüstəmov 2015-ci il üçün Mərkəzi Bankın qarşısında duran başlıca vəzifələrə diqqət çəkib. O bildirib ki, ölkədə iqtisadi inkişafın dayanıqlığının qorunmasında aktiv iştirak edən dövlət institutu kimi Mərkəzi Bank 2015-ci ildə də qarşıya qoyulan vəzifələrin, xüsusilə də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezidentin qeyd etdiyi sosial-iqtisadi inkişaf hədəflərinin reallaşmasında fəal iştirak edəcək, iqtisadiyyatın şaxələnməsi, o cümlədən qeyri-neft iqtisadiyyatının sürətli inkişafı üçün zəruri monetar dəstəyini verəcək.

2015-ci ildə bank sektorunda maliyyə sabitliyinin qorunması da qarşıda duran strateji vəzifələrdən biridir. Bunun üçün bank sektorunda immunizasiya tədbirləri davam etdiriləcək, risklər çevik tənzimlənəcək. Biznesin uzunmüddətli kredit əldə etməsi imkanlarını artırılması təşviq olunacaq. Real sektorun maliyyə hesabatlığı, kreditorların hüquqlarının effektiv qorunması biznes kreditlərinin artmasında mühüm rol oynayacaq. Faiz dərəcələrinin aşağı salınması istiqamətində tədbirlər davam etdiriləcək. Bu baxımdan uzunmüddətli resursların bank sektoruna cəlb olunmasının stimullaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bank resurslarının dəyərinin azalması, korporativ müştərilərin effektivliyi, nağdsız hesablaşmaların genişlənməsi faiz dərəcələrinə əhəmiyyətli təsir edir. Mərkəzi Bank 2015-ci ildə də bu sahədə zəruri tədbirlər həyata keçirəcək, aidiyyəti qurumlarla birgə iş aparacaq.

Çıxışının sonunda E.Rüstəmov yeni strateji dövr üçün başlıca prioritetlərin tezliklə müəyyən olunacağını xüsusi qeyd edib. O, yeni strateji hədəflərin reallaşmasında Mərkəzi Bankda insan kapitalının, tədqiqat və analitik bazasının, idarəetmə proseslərinin daha da müasirləşməsi və inkişafının vacib rol oynayacağını bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR